Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-41/2021 18.09.2021 XIZI RAYON MƏHKƏMƏSİ Xızı Rayon Məhkəməsinin hakimi vəzifəsini icra edən Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxslər - Xızı RPŞ-nin DYPB-nin yol patrul xidməti baş inspektoru X1 və həmin RPŞ-nin İTB-nin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, “X9” X6 ortoped həkim vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Xızı rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 333.1, 510 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 16 sentyabr 2021-ci il tarixdə, saat 20:00 radələrində Xızı rayonu, Altıağac qəsəbəsində “Vaz-21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş, eləcə də, avtomobillə hərəkətdə olarkən ictimai qaydanı nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması kimi qərəzli hərəkətlər, yəni avtoxuliqanlıq etmişdir. Bundan başqa, Şəxs daxil olmuş məlumat əsasında araşdırma aparılması və izahatının alınması məqsədilə polis əməkdaşları tərəfindən 16 sentyabr 2021-ci il tarixdə, saat 20:45-də Xızı RPŞ-nin inzibati binasına gətirilmiş, DYPB-nin xidməti otağına aparılmış, orada olan zaman heç bir əsaslı səbəb olmadan səs-küy salmağa başlamış, oturduğu stuldan qalxaraq otaqda olan xidməti sənədlərin yığıldığı şkafın şüşə qapısını başı ilə vurub sındırmış, daha sonra səs-küy və qışqırıq salmağa davam edərək növbətçi hissənin və ümumilikdə Polis şöbəsinin iş fəaliyyətinin pozulmasına səbəb olan, özünün üstünlüyünü nümayiş etdirmək istəyən hərəkətlərini davam edərək ictimai qaydanı pozmuşdur. Bu barədə Xızı rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti baş inspektoru X4 tərəfindən 18 sentyabr 2021-ci il tarixli, İXP ******* saylı və həmin RPŞ-nin İTB-nin polis sahə rəisi X5 tərəfindən 18 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Xızı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Xızı Rayon Məhkəməsinin 18 sentyabr 2021-ci il tarixli, 3(068)-40/2021 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(068)-40/2021 saylı və 3(068)- 41/2021 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(068)-41/2021 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati protokolları tərtib edən şəxslər - Xızı RPŞnin DYPB-nin yol patrul xidməti baş inspektoru X4 və həmin RPŞ-nin İTB-nin polis sahə rəisi X5 tərtib etdikləri protokollara uyğun izahatlar verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 333.1, 510 və 511.1.3-cü maddələri ilə təqsirli bilərək izahatında bildirdi ki, Bakı şəhərində yaşayır, onun nəqliyyat vasitəsini idarə etmək üçün B kateqoriyalı sürücülük vəsiqəsi vardır və “VAZ-2107” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 2017-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin işçisidir, 2020-ci ilin dekabr ayının 2-dən isə “X9” X6 ortoped həkim vəzifəsində işləyir və hazırda məzuniyyətdədir. 16 sentyabr 2021-ci il tarixdə xalası oğlu Namiqlə birlikdə idarə etdiyi “VAZ-2107” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə valideynlərinin yaşadığı Xızı rayonu, Altıağac qəsəbəsinə gəlmişlər. Evin həyətində oturub yemək yemiş və birlikdə spirtli içki qəbul etmişlər. Bundan sonra, Namiqlə birlikdə idarə etdiyi “VAZ-2107” markalı avtomobillə qəsəbə ərazisinə çıxaraq, pivə içmiş, sonra atasıgilin yaşadığı ev istiqamətində hərəkət edərkən sərxoş olduğundan avtomobili yüksək sürətlə sürmüş, döngələrdə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxarmışdır. Bundan qısa müddət sonra, təxminən saat 20:15 radələrində evdə uzanıb dincələrkən atasıgilin yaşadığı ünvana Xızı RPŞ-nin əməkdaşları gəlmişlər. Belə ki, onlar ona sərxoş halda, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozmaqla avtomobil idarə etməsi ilə bağlı məlumat daxil olduğunu bildirirək, izahatının alınması üçün onu Polis şöbəsinə dəvət etmişlər. O da, heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə şöbəyə gəlmişdir. Bundan sonra, polis əməkdaşları onu xidməti otaqlardan birində əyləşdirərək, Sumqayıt şəhərinə, sərxoşluq müayinəsinə aparacaqlarını bildirmışlər. O, buna çox əsəbiləşmiş, həmçinin, həmin vaxt üşüdüyündən polis əməkdaşlarından ona geyim verilməsini tələb etmiş, lakin ona heç bir geyim verilməməsinə görə daha da əsəbiləşib oturduğu yerdən qalxaraq otaqda olan şkafın şüşə qapısını başı ilə vuraraq sındırmışdır. Daha sonra, polis əməkdaşları onu sakitləşdirmiş və xidməti avtomobilə əyləşdirib Sumqayıt şəhər Narkoloji Dispanserinə aparmışlar. Orada onun sərxoşluq dərəcəsi müəyyən olunduqdan sonra yenidən Polis şöbəsinə qayıtmışlar. O, Polis şöbəsində olan zaman alkoqollu içkinin təsirindən özündə olmamış və etdiyi hərəkətlərin mahiyyətini dərk etməmişdir. Buna görə də, ayıldıqdan sonra polis əməkdaşlarından üzr istəmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən şahid, Xızı RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini X3 izahatında göstərdi ki, 16 sentyabr 2021-ci il tarixdə, saat 20:00 radələrində Xızı rayonu, Altıağac qəsəbəsində şəxsiyyəti sonradan müəyyənləşdirilən Şəxs əlində spirtli içki şüşəsi tutmuş vəziyyətdə “Vaz-21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yüksək sürətlə sürməsini və qəsəbə daxili yolun döngələrində davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxarmasını görmüşdür. Bu səbəbdən də, həmin şəxsin qəsəbə ərazisində avtoxuliqanlıq hərəkətlərinə yol verməsi ilə əlaqədar RPŞ-nin Növbətçi Hissəsinə məlumat vermişdir. İşdə olan sənədlərdən, o cümlədən Xızı RPŞ-nin DYPB-nin yol patrul xidməti baş inspektoru Daşqın Xəlilov tərəfindən 16 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş raportun surətindən görünür ki, Şəxs 16 sentyabr 2021-ci il tarixdə, saat 20:00 radələrində Xızı rayonu, Altıağac qəsəbəsində “Vaz-21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş, eləcə də, avtomobillə hərəkətdə olarkən ictimai qaydanı nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması kimi qərəzli hərəkətlər, yəni avtoxuliqanlıq etmiş, bundan sonra, Şəxs daxil olmuş məlumat əsasında araşdırma aparılması və izahatının alınması məqsədilə polis əməkdaşları tərəfindən həmin gün, saat 20:45-də Xızı RPŞ-nin inzibati binasına gətirilmiş, DYPB-nin xidməti otağına aparılmış, orada olan zaman heç bir əsaslı səbəb olmadan səs-küy salmağa başlamış, oturduğu stuldan qalxaraq otaqda olan xidməti sənədlərin yığıldığı şkafın şüşə qapısını başı ilə vurub sındırmış, daha sonra səs-küy və qışqırıq salmağa davam edərək növbətçi hissənin və ümumilikdə Polis şöbəsinin iş fəaliyyətinin pozulmasına səbəb olan, özünün üstünlüyünü nümayiş etdirmək istəyən hərəkətlərini davam edərək ictimai qaydanı pozmuşdur. Daha sonra, Şəxs Sumqayıt şəhər Narkoloji Dispanserinə aparılmış və sərxoşluq dərəcəsi müəyyən olunduqdan sonra yenidən Polis şöbəsinə gətirilərək RPŞ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. İşdə olan 17 sentyabr 2021-ci il tarixli, A/836 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcədə sərxoş olmuşdur. İş materiallarında olan 17 sentyabr 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati icraat açılması üçün materiallar Xızı RPŞ-yə göndərilmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 333.1, 510 və 511.1.3-cü maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş bir ədəd CD disk məhkəmə iclasında tədqiq edilmiş və diskə baxış zamanı Şəxs Xızı RPŞ-nin xidməti otaqlarından birində əyləşdiyi və hər hansı bir səbəb olmadan səs-küy salmağa başlaması, oturduğu stuldan qalxaraq otaqda olan şkafın şüşə qapısını vurub sındırmaqla, ictimai qaydanı pozması, eləcə də həmin gün “Vaz-21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edərək, avtoxuliqanlıq hərəkətləri etməsini etiraf etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəli vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157 - 188, 190, 191.1, 195.1, 196, 197, 204 - 208, 221, 227, 227-1, 229, 249, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 296.2, 325.1, 326, 327.8, 332.4 - 332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2 - 339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 353.5, 361, 363, 368 - 379, 381 - 383, 387-388-1, 394.0.5 (açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1-1, 398, 399, 401 - 404, 406 - 409, 410.3, 411- 1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 441, 442, 443.1, 445-1, 448, 449, 450.1, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464 - 466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479 - 481, 482.1, 496.2, 499.2, 502 - 504, 506 - 508, 510, 511, 513, 515 - 517, 517-1, 520, 523, 525 - 535, 537.1, 538-1, 544.1, 547, 549, 551 - 554, 558 - 561, 562.1, 562.2, 563.2, 567 - 569, 571, 573, 574, 590 - 592, 592-1, 594 - 596, 598 (monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə), 599-602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-nin yuxarıda qeyd edilən maddələrinin tələblərindən də göründüyü kimi şəxs eyni və müxtəlif vaxtlarda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinə aiddir. Belə olan halda, İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, Şəxs İXM-nin 333.1, 510 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsini inzibati məsuliyyətə səbəb olan əməldir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Bu Məcəllənin 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması kimi qərəzli hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, eləcə də, əməllərini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məsuliyyəti ağırlaşdıran halların olmamasını, əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsi kimi yüngülləşdirən halın olmasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 333.1, 510 və 511.1.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla, daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddində cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Eyni zamanda qeyd edirəm ki, Şəxs 17 sentyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində inzibati qaydada tutulması və bundan sonra buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1, 510 və 511.1.3-cü maddələri ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətə məhdudlaşdırılmaqla, 30 (otuz) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 17 sentyabr 2021-ci il tarixdən, saat 18:00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xızı rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Xızı RPŞ-yə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №3(068)-41/2021
Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-41/2021
18.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver