Məhkəmə qərarları › İş №3(068)-41/2022

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-41/2022

22.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-41/2022 22.06.2022 XIZI RAYON MƏHKƏMƏSİ X4 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, inzibati protokolu tərtib edən şəxs- DİN-in BMCMİ-nin baş əməliyyat müvəkkili X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Abşeron rayonu, Şuraabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Xızı rayonu, Şorabad qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdərəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs 03 iyun 2022-ci il tarixdən 12 iyun 2022-ci il tarixədək olan müddət ərzində Bakı-Quba-Rusiya yolunun 52-73-cü km-də, Xızı rayonu ərazisində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus əyrixətli dəmir tirləri oğurlamaqla, zərərçəkmiş şəxsə ümumilikdə 450 manat məbləğində ziyan vurmuşdur. Bu barədə DİN-in BMCMİ-nin baş əməliyyat müvəkkili X3 tərəfindən 22 iyun 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Xızı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati protokolu tərtib edən şəxs - DİN-in BMCMİnin baş əməliyyat müvəkkili X3 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Xızı rayonu, Şorabad qəsəbəsində yaşayır və fərdi əməklə məşğul olmaqla gündəlik qazancını təmin edir. Bakı-Quba-Rusiya yolunda təmir getməsini müşahidə etmiş və yolda çalışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçilərinin iş saatları bitdikdən sonra 03 iyun 2022-ci il tarixdən 12 iyun 2022-ci il tarixədək olan müddət ərzində gecə saatlarında Xızı rayonu ərazisində dəmir məhəccərlərdən birinci dəfə 35 ədəd, növbəti dəfələrdə isə 30 ədəd, 45 ədəd və 56 ədəd sökərək yol kənarına yığıb toplamış, sonradan isə 1 kiloqramını 20 qəpikdən satmışdır. Hazırda tutduğu əməldən səmimi peşman olduğunu, maddi imkanı olmadığına görə vurulmuş ziyanı ödəmədiyini və bir daha belə hallara yol verməyəcəyini bildirərək, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçisi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin mövqeyini müdafiə edərək, Şəxs barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdərəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X2 20 iyun 2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün DİN-in BMCMİ-nə göndərilmişdir. Həmçinin, qərardan və ekspert rəyindən görünür ki, Şəxs 03 iyun 2022-ci il tarixdən 12 iyun 2022-ci il tarixədək olan müddət ərzində Bakı-Quba-Rusiya yolunun 52-73-cü kmdə, Xızı rayonu ərazisində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus əyrixətli dəmir tirləri oğurlamaqla, zərərçəkmiş şəxsə ümumilikdə 450 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (3). Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır (4). İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (9.1). İnzibati tənbeh tətbiq edərkən məhkəmə, İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını, eləcə də dəymiş zərərin zərərçəkmiş şəxsə ödənilməməsini nəzərə alaraq, onun İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunan Məcəllənin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Eyni zamanda məhkəmə qeyd edir ki, Şəxs 22 iyun 2022-ci il tarixdə, saat 10:15 radələrində inzibati qaydada tutulması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 02 (iki) ay müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 22 iyun 2022-ci il tarixdən saat 10:15-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma məntəqəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar