Məhkəmə qərarları › İş №3(068)-41/2023

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-41/2023

02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-41/2023 02.10.2023 XIZI RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi – X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1978-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş X7i İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2023-cü il tarixdə Xızı Rayon Məhkəməsinə daxil olmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair DİN-nin Baş X7i İdarəsinin İ Tağım YPX inspektoru, polis baş serjantı X2 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 19 mart 2022-ci il tarixdə saat 14:00 radələrində Bakı- Quba yolunun 70-ci km-də sürücülük vəsiqəsi olmadan idarə etdiyi “BMW” markalı, **-GU- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Zərərçəkmiş şəxs Təvəkkül oğlunun idarə etdiyi “Mercedes Benz 250 minik” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə həmin avtomaşına maddi zərər vurmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə xx.xx.2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası DİN-nin Baş X7i İdarəsinin nümayəndəsi X3 öz izahatında protokolu müdafiə edərək, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün işin icraatına xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, qeyd etmişdir ki, 19 mart 2022-ci ildə sürücülük vəsiqəsi olmadan etibarnamə əsasında ona etibar edilmiş “BMW” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə Bakı-Quba yolunun 70-ci kmdə hərəkətdə olmuş, bu zaman qarşına çıxan çuxura görə sola manevr etmiş və solunda eyni istiqamətdə hərəkətdə olan Mercedes Benz markalı avtomobilin sağ qanadı ilə toqquşmuşdur. Hazırda baş vermiş yol nəqliyyat hadisəsinin üstündən 1 il 6 aydan çox vaxt keçdiyi üçün işə xitam verilməsini xahiş edir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tərkibi mövcuddur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmçinin qeyd olunur ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi həmin Məcəllənin XXİX fəslinə, yəni yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara daxil edilir və inzibati xətalar qanunvericiliyinə əsasən bu növ inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilən inzibati xəta hadisəsi 19 mart 2022ci il tarixdə törədilmişdir. Hazırki inzibati xəta haqqında material məhkəməyə 02 oktyabr 2023-cü il tarixdə təqdim olunub. Göründüyü kimi, inzibati xətanın törədildiyi gündən bir ildən çox vaxt keçib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.6-cı maddəsinə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə, işin faktik hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinməli, lakin həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 38, 40, 43, 48-51, 53, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar