Məhkəmə qərarları › İş №3(068)-42/2020

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-42/2020

03.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-42/2020 03.09.2020 XIZI RAYON MƏHKƏMƏSİ Mən, Xızı Rayon Məhkəməsinin hakimi vəzifəsini icra edən X2, Cəfərov Cəfər Məmməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Xızı rayon icra və probasiya şöbəsinin rəisi X1 iştirakları ilə, xx xxx 1957-ci il tarixdə keçmiş Puşkin (hazırki Biləsuvar) rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Salyan rayonu, Boranıkənd kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən «ünvan 2 yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.2-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Xızı rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Xızı rayon icra və probasiya şöbəsinin rəisi X3 icra sənədi üzrə borclu Şəxs İXM-nin 529.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Xızı Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci tarixli, 3(012)-1026/2017 saylı icra vərəqəsinə əsasən 2000 manat cəriməni ödəməkdən yayınır və bununla da, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmir. Bu barədə Xızı rayon icra və probasiya şöbəsinin rəisi X3 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Xızı rayon icra və probasiya şöbəsinin rəisi X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci tarixli, 3(012)-1026/2017 saylı icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə ona 2000 manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilmişdir. Baş icra məmurunun «Etirazın təmin edilməsi barədə» xx xxxxxx 2020-ci il tarixli, 5 nömrəli qərarına əsasən həmin icra sənədi Abşeron rayon icra və probasiya şöbəsinin icraatından alınaraq Xızı rayon icra və probasiya şöbəsinin icraatına verilmiş, daxil olmuş icra sənədi üzrə icraat davam etdirilmiş və borcluya tələbin könüllü olaraq icrası haqqında bildiriş göndərilmiş, lakin, tələbin icrası könüllü qaydada təmin edilməmişdir. Borclu Şəxs şöbəyə dəvət olunaraq borcu qısa müddət ərzində ödəməsi barədə ona xəbərdarlıq olunmuşdur. Qeyd edilən icra sənədi şöbənin icraatına daxil olduqdan sonra müvafiq icra tədbirləri həyata keçirilsə də, Şəxs borcunun ödənilməsi istiqamətində hər hansı bir əməli tədbir görməmişdir. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 529.2-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərdi ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci tarixli icra sənədinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə ona 2000 manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilmişdir. O, maddi vəziyyətinə və xəstəliyinə görə, o cümlədən, məbləğin yüksək olması ilə əlaqədar barəsində tətbiq edilən 2000 manat inzibati cəriməni qərarın qanuni qüvvəsini almasından uzun müddət keçməsinə baxmayaraq ödəyə bilməmişdir. Gələcəkdə maddi imkanı düzələcəyi təqdirdə borcunu hissə-hissə ödəməyə vəd verir. Törətdiyi əməli məqsədyönlü şəkildə etmədiyindən, həmçinin etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmaqla barəsində qanunamüvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İşdə olan sənədlərin surətlərindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci tarixli, 3(012)-1026/2017 saylı icra sənədi xx xxxxxx 2017-ci il tarixdə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında xx xxxxxxxx 2019-cu il tarixdə qərar qəbul edilmiş və elə həmin tarixdə də bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmışdır. Bundan sonra, Baş icra məmurunun «Etirazın təmin edilməsi barədə» xx xxxxxx 2020-ci il tarixli, 5 nömrəli qərarına əsasən həmin icra sənədi Abşeron rayon icra və probasiya şöbəsinin icraatından alınaraq Xızı rayon icra və probasiya şöbəsinin icraatına verilmiş, daxil olmuş icra sənədi üzrə icraat davam etdirilmiş və inzibati xəbərdarlıq Şəxs tərəfindən xx xxxx 2020-ci il tarixdə şəxsən imzalanmaqla götürülməsinə baxmayaraq, sonuncu 2000 manat cəriməni ödəməkdən yayınmış və bununla da, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan müvafiq qərarı icra etməmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi onun kifayət qədər yaşı olmaqla səmimi peşmançılığı və ali təhsilli olması nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 529.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə inzibati tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci və 110-111-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 200 (iki yüz) saat ictimai işlər təyin olunsun. İnzibati tənbehin müddəti Şəxs ictimai işlərin yerinə yetirilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar