Məhkəmə qərarları › İş №3(068)-42/2023

Xızı Rayon Məhkəməsi Qərardad — İş №3(068)-42/2023

03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 3(068)-42/2023 03.10.2023 XIZI RAYON MƏHKƏMƏSİ Xızı Rayon Məhkəməsinin hakimi X1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası ƏƏSMN yanında X2 Xidmətinin Abşeron-Xızı regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxılmağa hazırlanması zamanı, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası ƏƏSMN yanında X2 Xidmətinin Abşeron-Xızı regional şöbəsi "xxxx" MMC barəsində 19 sentyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Xızı Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, məhkəmə tərəfindən inzibati xəta haqqında işə baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin iş yalnız 05 vərəqdən ibarətdir. Məhkəməyə belə bir hüquqi şəxsin mövcudluğu, onun hüquqi və ya faktiki ünvanı, dövlət qeydiyyatı barədə heç bir sənəd, həmçinin araşdırma materialları təqdim edilməmişdir. Bundan əlavə inzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi göstərilməmiş, inzibati xəta haqqında protokolun surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə poçt vasitəsi ilə göndərilməsini təsdiq edən müvafiq sənədlər-xəbərnamə iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, habelə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb toplanmadığını araşdırır. Azərbaycan Respublikası İXM-nin 100.1.5-ci maddəsinin tələblərinə görə inzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi göstərilməlidir. Azərbaycan Respublikası İXM-nin 100.3-cu maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin hüquqları məhkəməyədək icraat dövründə pozulmuşdur. Bu səbəbdən inzibati xəta haqqında protokol düzgün tərtib edilmiş sayıla bilməz. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Azərbaycan Respublikası ƏƏSMN yanında X2 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar