Məhkəmə qərarları › İş №3(068)-43/2020

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-43/2020

10.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-43/2020 10.09.2020 XIZI RAYON MƏHKƏMƏSİ Xızı Rayon Məhkəməsinin hakimi vəzifəsini icra edən Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1983-cü il tarixdə X1 şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 mənzil 1B ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Xızı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim : Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 09:30 radələrində Şabran rayonuna yas mərasiminə gedərkən Bakı-Quba magistral yolunun 52-km-də, Xızı rayonu ərazisində yerləşən 1 saylı stasionar postda ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Xızı rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Xızı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır və təxminən 1 həftə bundan əvvəl Şabran rayonunda rəhmətə getmiş xalası qızı Aytəkinin yas mərasiminə getməyi qərara almışlar. Bu məqsədlə də, onun istifadəsində olan “Kia Rio” markalı, **-TE-*** dövlət nömrə nişanlı avtomaşını ilə o, anası Səidə, dayısı Etibar və dayısının yoldaşı Şölə ilə birlikdə Şabran rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Bakı-Quba yolunun 52-ci km-də, Xızı rayonu ərazisində yerləşən karantin postunu keçən zaman polis əməkdaşları tərəfindən elektron yoxlama zamanı hərəkətə icazələrinin olmaması məlum olmuşdur. Bu səbəbdən də, orada xidmət aparan və adı sonradan ona məlum olan Emin adlı yol polisi əməkdaşı ona avtomaşını döndərib əks istiqamətdə saxlamağı bildirmişdir. O da, avtomobili kənara çəkib, yas mərasiminə getmək üçün DİN-in 102 xidmətinə zəng vurmuşdur. Bu ərəfədə anası Səidə YPX-nin Namiq adlı əməkdaşına yaxınlaşaraq, ona ağbirçək qadın olmasını və belə bir hadisənin hər kəsin başına gələcə biləcəyini bildirdikdə, həmin polis əməkdaşı əli ilə anasının yaxasından tutaraq, kənara itələmişdir. Həmin vaxt o, anasına görə polis əməkdaşına yaxınlaşıb, onun sol əlindən tutmuş və anasına qarşı niyə kobudluq etdiyini bildirmişdir. Belə olduqda həmin polis əməkdaşı onun üzərinə gəlib yaxasından yapışmış və əlində olan açarla boyun nahiyyəsinə zədə yetirmişdir. Beləliklə, onların arasında həmin vaxt qısa mübahisə olmuş və PPX əməkdaşları onu partul avtomaşınına əyləşdirəndə əynində olan köynəyi də cırılmışdır. Bundan sonra, polis əməkdaşları onu Xızı RPŞ-yə gətirmiş və barəsində inzibati protokol tərtib olunmuşdur. Odur ki, əməlindən səmimi peşmançılıq hissi keçirir və bir daha belə əmələ yol verməyəcəyinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən şahid, DİN-in BDYPİ-nə bilavasitə tabe olan YPX Alayının yol patrul xidmətinin baş inspektoru X5 izahatında göstərdi ki, xx xxxxxxxx 2020ci il tarixdə, təxminən saat 09:30 radələrində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin postunda xidmətdə olmuş və Quba istiqamətində hərəkətdə olan “Kia Rio” markalı, **-TE-*** dövlət nömrə nişanlı avtomobil yoxlanılarkən sürücü Şəxs Məmmədoviçin, yanındakı 2 qadının və 1 kişi sərnişinin heç birinin portalda icazəsi olmadığı müəyyən olunmuşdur. Buna görə də, onlara geriyə qayıtmaları barədə əmr verilmiş, lakin buna baxmayaraq sürücü və sərnişinlər Şabran rayonuna yas məclisinə getməyə israrlı olduqlarını bildirmişlər. Daha sonra, sürücü Şəxs onlara anası ilə niyə yüksək tonla danışmalarını irad tuturaq, təhqiramiz ifadələrlə onları təhqir etmiş və xidmətlərini aparmağa kobud surətdə maneçilik törətmişdir. Həmin vaxt polis əməkdaşları post patrul xidmətini köməyə çağırıb onları postdan kənarlaşdırmaq istəyərkən Şəxs nalayiq ifadələrlə polis əməkdaşlarını təhqir etməkdə davam etmişdir. Bundan sonra, PPX əməkdaşlarının köməyi ilə sürücü Şəxs xidməti avtomobilə əyləşdirib Xızı rayon Polis Şöbəsinin Növbətçi Hissəsinə təhvil vermişlər. Məhkəmə iclasında iştirak edən digər şahid Xızı RPŞ-nin PPX tağımının polis nəfəri X4 şahid Emin Axundovun izahatına uyğun, eyni məzmunlu izahat verərək, sonuncunun izahatını bir daha təsdiqləmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi X2 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərdən, o cümlədən müvafiq raportlardan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 09:30 radələrində Şabran rayonuna yas mərasiminə gedərkən Bakı-Quba magistral yolunun 52-ci km-də, Xızı rayonu ərazisində yerləşən 1 saylı stasionar postda ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan Ədliyyə Nazirliyinin İnformasiya sistemində olan məlumatlardan görünür ki, Şəxs himayəsində xx xxxx 2005-ci il təvəllüdlü Ayxan adında 1 yetkinlik yaşına çatmayan övladı vardır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ali təhsilli olmaqla, əməlindən səmimi peşmançılıq çəkməsi və himayəsində 1 yetkinlik yaşına çatmayan övladının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən əməlindən səmimi peşmançılıq çəkməsini, eləcə də, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, o cümlədən onun məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 17:00-da inzibati qaydada tutulmuş və xx xxxxxxxx 2020-ci il tarixdə saat 12:30-da azad edilmişdir. Hazırda, İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən Şəxs barəsində tətbiq ediləcək inzibati cərimə cəzası bu inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə o, 150 (bir yüz əlli) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar