Məhkəmə qərarları › İş №3(068)-44/2025

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-44/2025

29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-44/2025 29.04.2025 XIZI RAYON MƏHKƏMƏSİ X12 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 28 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin 13 mart 2025-ci il tarixli qərardadı ilə inzibati xəta haqqında material aidiyyəti üzrə Xızı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, icbari sığorta bürosu tərəfindən ötürülmüş xx.xx.2025-ci il tarixli məlumatda Şəxs tərəfindən 18 sayda aktiv əmək müqaviləsi olan işçilərin sığortalanmadığı və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri pozularaq işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətini itirilməsi hallarından icbari sığortalanması təmin olunmamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X2 çıxış edərək bildirmişdir ki, icbari sığorta bürosu tərəfindən ötürülmüş məlumata əsasən Şəxs MMC-də xx.xx.2025-ci il tarixdən Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri pozularaq işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X6 izahatında göstərdi ki, onların şirkəti yeni olaraq, yəni 2024-cü il noyabrından fəaliyyətə başlamışdır. Şirkətlərində isə bu kimi məsələlərlə məşğul olan əməkdaş təyin edilməmişdir. Əlbəttə ki, bu o demək deyil onlar hər hansı qanun pozuntusuna yol versinlər. Onu da qeyd edir ki, Şəxs MMC-nin direktoru Rasim Axundzadəyə də 1500 manat məbləğində cərimə tətbiq olunmuşdur. İndi isə əlavə olaraq şirkətə də protokol tərtib edilmişdir. O, hesab edir ki, bu qədər cərimələrlə yeni fəaliyyətə başlamış sahibkarın önünü belə bağlamaq düzgün deyildir. Onlar 1500 manat cəriməni də ödəmişlər. Hazırda isə cari ilin aprel ayının 1-dən baş mühasib vəzifəsinə başlamış və işə başlayandan çalışır ki, hər hansı hüquq pozuntusuna yol verməsin. Habelə fəaliyyətə başladığı aydan, yəni aprelin 8-dən bütün işçilərlə icbari sığorta müqaviləsi bağlanmışdır. Odur ki, nümayəndə qeyd olunanların nəzərə alınmasını və şirkətin cərimə edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin məsləhətçi - əmək müfəttişi X8 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 28 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokoldan görünür ki, icbari sığorta bürosu tərəfindən ötürülmüş xx.xx.2025-ci il tarixli məlumata əsasən Şəxs tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri pozularaq işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətini itirilməsi hallarından icbari sığortalanması təmin edilməmişdir. Elektron portal çıxarışından görünür ki, işəgötürən Şəxs MMC-də aktiv əmək müqavilələrinin sayı 18 qeyd olunsa da, lakin sığortalı işçi sayı 0 olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X5 xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, icbari sığorta bürosu tərəfindən ötürülmüş xx.xx.2025-ci il tarixli məlumata əsasən Şəxs tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri pozularaq işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətini itirilməsi hallarından icbari sığortalanması təmin edilmədiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi səbəbi ilə vəzifəli şəxs X7 barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X5 xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsasında tətbiq edilmiş 1500 manat inzibati cərimə ödənilmişdir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi; 18.3-cü maddəsinə əsasən, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 469.2-ci maddəsinə əsasən, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli qanununa əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfi olmaqla, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta hadisəsi nəticəsində sığortaçının sığorta ödənişini həyata keçirmək öhdəliyini nəzərdə tutan yazılı razılaşmadır. Həmin Qanunun 3.1.1-ci maddəsinə əsasən hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. Bu Qanunun 4.0.1-ci maddəsinə görə Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Məhkəmə nəzərə alır ki, Şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etmiş və onun tərəfindən inzibati xəta hadisəsinin mövcudluğu, yəni MMC-nin işçilərini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etdirilməməsi mübahisələndirilməmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlər və izahatla hüquqi şəxs Şəxs tərəfindən İXM-in 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40.0.1, 43, 48-51, 55,114, 115, 128, 130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 5000 (beş min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar