Məhkəmə qərarları › İş №3(068)-45/2022

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-45/2022

29.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-45/2022 29.06.2022 XIZI RAYON MƏHKƏMƏSİ X8 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, inzibati protokolu tərtib edən şəxs- Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi - Xırdalan şəhər Vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1967-ci il tarixdə Kəlbəcər rayonu, Bağırlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Kəlbəcər rayonu, Bağırlı kəndində qeydiyyatda olmaqla, Xızı rayonu, Fındığan kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Xızı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs 27 iyun 2022-ci il tarixdə, saat 11:00 radələrində Xızı RPŞ-nin inzibati binasında ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Xızı rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən 27 iyun 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Xızı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati protokolu tərtib edən şəxs - Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi X4 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, ailə üzvləri ilə birlikdə Xızı rayonu, Fındığan kəndində yaşayır və fərdi təsərrüfatla məşğul olmaqla atlar saxlayır. 27 iyun 2022-ci il tarixdə səhər saatlarında kənd sakinlərinin onun barəsində DİN-nin “102” zəng mərkəzinə etdikləri şikayət əsasında polis sahə rəisi Yusif Hüseynov izahatının alınması üçün onu Xızı RPŞ-yə dəvət etmişdir. O da, polis sahə rəisi ilə birlikdə Xızı RPŞ-yə gəlmiş və onun barəsində kənd sakinlərinin etdiyi şikayətə öz etirazını bildirmişdir. Polis şöbəsində olarkən polis əməkdaşlarına qarşı hər hansı bir tabesizlik göstərməmiş, sadəcə öz etirazını yüksək səslə bildirmişdir. Bundan sonra, polis əməkdaşları onu inzibati qaydada tutaraq barəsində inzibati protokol tərtib olunmuşdur. Ona görə də, onun barəsində İXM-nin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçisi X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin mövqeyini müdafiə edərək, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid, Xızı rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili X5 izahatında göstərdi ki, 27 iyun 2022-ci il tarixdə, saat 11:00 radələrində DİNnin “102” zəng mərkəzindən daxil olmuş şikayət əsasında Xızı RPŞ-yə dəvət edilmiş Şəxs ilə profilaktik söhbətlər aparılarkən sonuncu səbəbsiz yerə inzibati binanın xidməti otağında qışqıraraq polis əməkdaşlarının ünvanlarına nalayiq ifadələr işlətmiş və onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin vaxt dəfələrlə Şəxs nizam-intizama dəvət edərək, hərəkətlərinə son qoymasını tələb etmələrinə baxmayaraq, sonuncu əl-qol hərəkətləri edərək qışqırmağa davam etmişdir. Bundan sonra, bu barədə raportla rəhbərliyə məruzə edilmişdir. İşdə olan sənədlərdən, o cümlədən müvafiq raportdan görünür ki, Şəxs 27 iyun 2022-ci il tarixdə, saat 11:00 radələrində Xızı RPŞ-nin inzibati binasında ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Həmçinin, İXM-nə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (3). Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. (4) İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir (6.1). İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (9.1). Eyni zamanda, İXM-nə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır (31.2). Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, o cümlədən polisin qanuni tələbinə tabe olmamasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs İXMnin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin aşağı həddə təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edir. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunan Məcəllənin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Məhkəmə eyni zamanda qeyd edir ki, Şəxs 27 iyun 2022-ci il tarixdə, saat 11:30 radələrində inzibati qaydada tutulması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 08 (səkkiz) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 27 iyun 2022-ci il tarixdən, saat 11:30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xızı rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar