Məhkəmə qərarları › İş №3(068)-45/2023

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-45/2023

28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-45/2023 28.11.2023 XIZI RAYON MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi ünvanı Xızı rayonu, Giləzi ŞTQ olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsindən olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 19 sentyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Xızı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri pozularaq işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanma təmin edilməmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi Dövlət orqanlarının elektron informasiya sistemlərinin təhlili nəticəsində əldə edilmiş məlumatlar göstərilmişdir. Bununla da hüquqi şəxs "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xidmət tərəfindən elektron informasiya sisteminə baxış zamanı "xxxx" MMC tərəfindən işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilməməsi aşkar edilmişdir. Bununla bağlı müəssisəyə bildiriş göndərilərək, inzibati xəta haqqında iş üzrə icraatın başlanılması baradə məlumat verilmiş və nümayəndələri şöbəyə dəvət olunmuşdur. Lakin "xxxx" MMC səlahiyyətli nümayəndəsini şöbəyə göndərməmiş və işçilərin sığorta olunması barədə hər hansı bir məlumat verməmişdir. Buna görə də hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsinə əsasən 19 sentyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Onlarda elektron sistemin olmaması səbəbindən inzibati xəta haqqında protokol elektron qaydada tərtib edilməmişdir. Beləliklə o, göstərilənləri nəzərə alaraq hüquqi şəxs "xxxx" MMC-nin barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 hüquqi şəxsin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, hazırda təmsil etdiyi müəssisə əvvəllər icarə müqaviləsi əsasında digər MMC-nin nəzdində fəaliyyət göstərmiş, sonradan müəssisə öz fəaliyyətini bərpa etmişdir. Bu müddət ərzində X5 Xidməti tərəfindən onlara hər hansı bildiriş və məlumat gəlməmişdir. Yalnız şöbənin Afət adlı xanım işçisi telefonla onlarla əlaqə saxladıqdan sonra, 29 sentyabr 2023-cü il tarixdə X5 Xidmətinin Abşeron- Xızı regional şöbəsinə getmişlər və şöbədə onlara inzibati xəta haqqında protokolu və qərarı təqdim edərək, MMC-nin direktorunu vəzifəli şəxs kimi 1500 manat cərimə etdiklərini bildirmişlər. MMC barəsində hüquqi şəxs kimi inzibati xəta haqqında protokol tərtib olunması barədə isə hər hansı məlumat verilməmiş, habelə MMC barəsində inzibati xəta haqqında elektron protokol tərtib edilərək informasiya sisteminə göndərilməmişdir. Bundan dərhal sonra, yəni 30 sentyabr 2023-cü il tarixdə MMC tərəfindən işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilmiş və həmin cərimə məbləği tərəflərindən ödənilmişdir. Odur ki, nümayəndə iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, müvafiq dövlət orqanlarının elektron informasiya sistemləri ilə "xxxx" altsisteminin müqayisəli təhlilləri nəticəsində MMC tərəfindən bir neçə işçi ilə istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələrinin bağlanılmadığı və əməllərində inzibati xəta əlamətlərinin olması müəyyən edilmişdir. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olubolmamasının araşdırılması ilə əlaqədar olaraq 18 sentyabr 2023-cü il tarixdə, saat 10:00da X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə dəvət olunmuşlar. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən tərtib olunmuş 19 sentyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, İcbari Sığorta Bürosu tərəfindən ötürülmüş məlumata əsasən "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri pozularaq işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanma təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilir. 81-1.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatları inzibati xəta haqqında elektron protokolda və ya inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd edilir. 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Məhkəmə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsindən daxil olmuş hüquqi şəxs "xxxx" MMC-nin barəsində inzibati xəta haqqında protokolu, tərəflərin çıxışlarını, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, "xxxx" MMC-nin barəsində tərtib edilmiş protokolda Dövlət orqanlarının elektron informasiya sistemlərinin təhlili nəticəsində əldə edilmiş məlumat əsasında tərtib edildiyi göstərilsə də, həmin məlumatın hansı tarixdə ötürülməsini və əhatə etdiyi dövrü əks etdirən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. İnzibati xəta haqqında materiala əlavə olunmuş icbari sığorta məlumatlarından çıxarış isə xx.xx.2023-cü il tarixli məlumatdır, yəni xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunarkən həmin məlumat əldə edilməsinə dair hər hansı bir sübut yoxdur. Eyni zamanda, X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Giləzi-Kərpic” MMC-nin rəhbərliyinə bildiriş göndərərək, müvafiq dövlət orqanlarının elektron informasiya sistemləri ilə "xxxx" altsisteminin müqayisəli təhlilləri nəticəsində MMC tərəfindən bir neçə işçi ilə istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələrinin bağlanılmadığı və əməllərində inzibati xəta əlamətlərinin olmasının müəyyən edilməsi qeyd olunmuşdur. Bundan başqa, Azəbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1- ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Lakin iş materiallarından və X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin nümayəndəsinin izahatından da görünür ki, həmin orqan tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə riayət edilmədən "xxxx" MMC-nin rəhbərliyi xx.xx.2023-cü il tarixdə, saat 10:00-da X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə dəvət edilmiş, xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi haqqında qərardad qəbul etmişdir. Halbuki, X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən inzibati xəta hadisəsi aşkar edildiyi vaxtdan hüquqi şəxsin barəsində real vaxt rejimində inzibati xəta haqqında elektron protokol tərtib edilərək gücləndirilmiş elektron imzası ilə təsdiq edilib müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qrumun) informasiya sisteminə göndərməmişdir. İş materiallarından görünür ki, X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə riayət edilməmiş, "xxxx" MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsinin tələblərinə uyğun olmamış, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanuni ilə müəyyən edilmiş qaydada elektron protokol tərtib edilməmişdir. X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin nümayəndəsi hazırda onlarda elektron sistemin olmamasını əsas gətirmiş və qeyd edilən halların onlardan asılı olmayan səbəblərdən baş verməsini göstərmişdir. Məhkəmə qanunvericilik baxımından hesab edir ki, birinci növbədə ardıcıl olaraq bu Məcəllənin maddələrinin normaları tətbiq edilir. Azəbaycan Respublikası İXM-nin 11.1-ci maddəsində gösərilir ki, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 127-4-cü maddəsinin tələbinə görə inzibati xəta haqqında elektron protokolda aşağıdakı məlumatlar göstərilir: 127-4.2.1. protokolun tərtib edildiyi tarix və vaxt; 127-4.2.2. inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan orqanın (qurumun) və həmin protokolu tərtib etmək üçün istifadə edilən dövlət informasiya sisteminin (ehtiyatının) adı; 127-4.2.3. inzibati xətanın törədilməsi ilə bağlı müəyyən edilən (aşkar edilən) məlumatlar; 127-4.2.4. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs haqqında (hüquqi şəxsin adı, VÖEN-i və hüquqi ünvanı) və vəzifəli şəxs haqqında (adı, soyadı, atasının adı, vəzifəsi, fərdi identifikasiya nömrəsi və yaşadığı ünvan) məlumatlar;127-4.2.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və həmin maddə üzrə cərimənin məbləği; 127-4.2.6. bu Məcəllənin 127- 4.5-ci və 127-4.6-cı maddələrinin izahı.127-4.3. İnzibati tənbeh vermə haqqında elektron qərarda aşağıdakı məlumatlar göstərilir: 127- 4.3.1.qərarın çıxarıldığı tarix və vaxt; 127- 4.3.2. inzibati xətalar haqqında işlər üzrə qərar qəbul etmək səlahiyyəti olan orqanın (qurumun) və həmin qərarı çıxarmaq üçün istifadə edilən dövlət informasiya sisteminin (ehtiyatının) adı; 127-4.3.3. inzibati xətanın törədilməsi ilə bağlı müəyyən edilən (aşkar olunan) məlumatlar; 127-4.3.4. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki və ya vəzifəli şəxs haqqında məlumatlar (adı, soyadı, atasının adı, FİN-i və yaşadığı ünvan, vəzifəli şəxsə münasibətdə habelə vəzifəsi);127- 4.3.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 127-4.3.6. inzibati cərimənin məbləği və ödənilməsi qaydası barədə məlumatlar; 127-4.3.7. inzibati tənbeh vermə haqqında elektron qərardan bu Məcəllənin 127-6.1-ci maddəsinə uyğun olaraq şikayətin verilməsi müddəti və qaydası. 127-4.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatları inzibati xəta haqqında iş üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 127-4.5. Barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs, o cümlədən onun vəzifəli şəxsi burada qeyd olunan inzibati cəriməni həmin protokol ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində ödədikdə protokolla razılaşmış olur və həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında elektron qərar hesab edilir. 127-4.6. Barəsində bu Məcəllənin 127- 4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş müddətdə cəriməni ödəmədikdə həmin protokol baxılması üçün bir gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən məhkəməyə göndərilir. 127-4.7. Bu Məcəllənin 127-4.1-ci maddəsinə əsasən inzibati xəta haqqında elektron protokol tərtib edildikdə və yaxud inzibati tənbeh vermə haqqında elektron qərar çıxarıldıqda inzibati cərimənin məbləği həmin inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cərimənin aşağı həddində müəyyən olunur. Həmin Məcəllənin 127-5-ci maddəsində göstərilir ki, Bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmiş şəxs inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 127-5.1.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi inzibati xəta haqqında elektron protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron kabinetində dərhal yerləşdirir və elektron ünvanına (olduğu halda) göndərir;127-5.1.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; 127-5.1.3. inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün iki gün ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir. 127-5.2. İnternet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar barədə bu Məcəllənin 127-5.1.1 – 127-5.1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi bu Məcəllənin 127-5.1.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın şəxsə çatdırıldığı vaxt barədə və bu Məcəllənin 127-5.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar və onların əlavələri ilə tanış olduğu vaxt barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərməli, həmçinin həmin məlumatları şəxsin elektron kabinetinə yerləşdirməli və onun elektron ünvanına (olduğu halda) göndərməlidir. 127-5.3. İnzibati xəta haqqında elektron protokolun və ya inzibati tənbeh vermə haqqında elektron qərarın bu Məcəllənin 57.1-ci maddəsində nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar bir gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. 127-5.4. Barəsində inzibati xəta haqqında elektron protokol tərtib edilmiş və ya inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış şəxs bu Məcəllənin 57-ci maddəsi ilə müəyyən edilmiş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni bank, poçt, plastik kart və ya internet vasitəsilə ödəyə bilər. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Giləzi-Kərpic” MMC-nin rəhbərliyinə bildiriş göndərərək, müvafiq dövlət orqanlarının elektron informasiya sistemləri ilə "xxxx" altsisteminin müqayisəli təhlilləri nəticəsində MMC tərəfindən bir neçə işçi ilə istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələrinin bağlanılmadığı və əməllərində inzibati xəta əlamətlərinin olmasının müəyyən edilməsi qeyd olunmuş və həmin məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın tərədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə, saat 10:00-da X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə dəvət olunmuşlar. Halbuki xx.xx.2023-cü il tarixdə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal, hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda isə inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində inzibati xəta haqqında protokol tərtib edilməli idi və ya icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılmalı idi. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə riayət edilmədən hüquqi şəxs "xxxx" MMC-nin barəsində əsassız olaraq 19 sentyabr 2023-cü il tarixdə protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. 101.3-cü maddəsinə əsasən inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan faktları müqayisəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, "xxxx" MMC-nin barəsində tərtib edilmiş 19 sentyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən inzibati xəta törədən şəxsin təqsirini təsdiq edən sübut növü kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə riayət edilmədən hüquqi şəxs "xxxx" MMC-nin barəsində əsassız olaraq 19 sentyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə açılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar