Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-46/2022 17.08.2022 XIZI RAYON MƏHKƏMƏSİ X12 Xoşbəxt oğlunun sədrliyi, Nəbiyev Vüsal Nəcəfqulu oğlunun katibliyi, Prokurorun nümayəndəsi - Xızı rayon prokurorluğunun müstəntiqi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X6 iştirakı ilə, Hüquqi ünvanı Xızı rayonu, Şurabad STQ olan Şəxs MMC (VÖEN **********) barəsində Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü və 555.1-ci maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Xızı rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarda və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, Zərərçəkmiş şəxs "xxxx" MMC-də əmək müqaviləsi əsasında işləyərkən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər alması faktında Azərbaycan Respublikası İXM-nın 198.3-cü (Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərərin vurulmasına) və İXM-nın 555.1-ci (İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə) maddələrinin tərkibi olduğundan, həmin maddələrlə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və qəbul edilmiş qərar baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş Xızı rayon prokurorunun nümayəndəsi X4 tərtib olunmuş qərara uyğun izahat verərək, bildirdi ki, Ağstafa rayonu Qırlı kənd sakini Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə rayon prokurorluğuna müraciət edərək 08 may 2022-ci il tarixdə, saat 17:00 radələrində işlədiyi Xızı rayonu ərazisində yerləşən "xxxx" MMC-də olan 2-ci sexdə iş vaxtı hava pərinin sağ əlinin İİ barmağının kəsilməsini bildirməsi ilə əlaqədar rayon prokurorluğunda araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ilə "xxxx" MMC-də işə qəbul edilməsi ilə əlaqədar 28 mart 2022-ci il tarixli ərizəsi əsasında 29 mart 2022-ci il tarixdə əmək müqaviləsi imzalanmış və həmin tarixli əmək müqaviləsi bildirişi əsasında işə başlamış, 08 may 2022-ci il tarixdə, saat 17 radələrində təmir işlərində rəhbərlik edən Bayram Bayramovla 2-ci sexdə olan hava pərlərini təmir etdikdən sonra 1-ci sexdə hava pərlərinin təmiri ilə məşğul olarkən, alətin 2ci sexdə qalması müəyyən edildiyindən, Bayram Bayramov onu 2-ci sexə göndərmiş, orada alətin işlək vəziyyətdə olan hava pərinin qarşısında olduğunu görüb, hava pərini işlək vəziyyətdən ayırmadan, üzərinə qoyularaq yuxarı hissəsi vintlə (şrup) bağlanmış, lakin aşağı hissəsinin bağlanılması üçün vint olmadığından açıq qalmış nazik dəmir örtüyün açıq hissəsini kənara çəkərək sağ əlini alətin götürülməsi üçün içəriyə uzatdıqda, pərin əlinə dəyməsi nəticəsində, sağ əlin İİ barmağının əl darağı-falanqa oynağı səviyyəsindən travmatik amputasiyası (qopması), həmin əlin İ barmağının və ovuc səthinin səthi cırılmış yaraları, sağ əlin l-lll barmaqlarının və ovuc səthinin qançırları, dərəcəsinə görə ümumilikdə sağlamlığı uzun müddətə pozan, sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almışdır. Hadisə nəticəsində Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər sağlamlığa az ağır zərər vurduğundan, toplanmış material üzrə cinayət işi başlanılmasının rədd edilməsi haqqında 14 iyul 2022-ci il tarixli qərar qəbul edilmişdir. Araşdırma zamanı Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, əməyin mühafizəsi və texniki təhlükəsizliklə əlaqədar ona hər hansı bir təlimat verilməmiş və heç bir qiymətləndirmə aparılmamış, yalnız işə qəbul edilərkən həmin sənədlərə imza etdirilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs xəsarət alması ilə əlaqədar "xxxx" MMC tərəfindən X5 rayon prokurorluğunda aparılan araşdırma üzrə şirkətdən müvafiq sənədlərin tələb edilməsinə dair göndərilmiş 16 may 2022-ci il tarixli məktubdan sonra, yəni 18 may 2022-ci il tarixdə məlumat verilmişdir. Bu səbəbdən də, "xxxx" MMC barəsində İXM-nin 198.3 və 555.1-ci maddələri inzibati xəta haqqında iş üzrə icraat başlanmış və qəbul edilmiş qərar baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X9 tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə hüquqlarını təmsil etdiyi MMC-ni İXM-nin 198.3 və 555.1-ci maddələri ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Şəxs MMC barəsində başlanmış icraata xitam verilməsinə dair qərar qəbul edilməlidir. Belə ki, Zərərçəkmiş şəxs ilə Şəxs MMC arasında bağlanmış 29 mart 2022-ci il tarixli əmək müqaviləsinə əsasən Zərərçəkmiş şəxs həmin MMC-də çilingər vəzifəsinə qəbul olunmuş, əmək müqaviləsi üzrə müvafiq bildiriş elə həmin tarixdə gücləndirilmiş elektron imza vasitəsilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Eyni zamanda, Zərərçəkmiş şəxsla əmək müqaviləsi bağlandıqdan sonra sonuncu giriş təlimatı ilə təlimatlandırılmış və qeydiyyat jurnalını imzalamış, eləcə də Zərərçəkmiş şəxs aldığı təlimatların onun tərəfindən mənimsənildiyi barədə 31 mart 2022-ci il tarixdə müvafiq iltizam da alınmışdır. Həmçinin, Zərərçəkmiş şəxs 08 may 2022ci il tarixdə iş yerində xəsarət alması barədə müəssisənin rəhbərliyinə, eləcə də aidiyyatı məsul şəxsinə heç bir məlumat verməmişdir. Xızı rayon prokurorluğunun 16 may 2022-ci il tarixli məktubu 17 may 2022-ci il tarixdə müəssisənin ünvanına daxil olduqdan sonra Zərərçəkmiş şəxs iş yerində xəsarət alması barədə məlumat əldə etmişlər. Bundan sonra, 18 may 2022-ci il tarixli məktubla X8 Xidmətinin Sumqayıt Regional ərazi şöbəsinə rəsmi müraciət olunmuş, eyni zamanda Zərərçəkmiş şəxs əl barmağının kəsilməsi ilə bağlı ona cavabdeh olan məsul şəxs Bayram Bayramovun rəhbərliyə məlumat verməməsinə görə izahatı alınmış və müəssisənin daxili intizam qaydalarını pozulmasına görə sonuncuya töhmət verilmişdir. Zərərçəkmiş şəxs hadisənin baş verdiyi 08 may 2022-ci il tarixdən sonra 12 may 2022-ci il tarixə kimi gündəlik işə gəlib-getmiş, yalnız may ayın 12-si işdən icazə alaraq evə getmiş və bundan sonra Xızı rayon prokurorluğuna gedərək işdə xəsarət alması barədə şikayət etmişdir. Hal-hazıradək Zərərçəkmiş şəxs işdən azad olunmamış və əmək müqaviləsinə xitam verilməmiş, eləcə də ona işə gələrək əmək fəaliyyətini davam etdirməsi barədə dəfələrlə təklif edilməsinə baxmayaraq, işə gəlməmiş və əmək qanunvericiliyinin tələblərini pozmuşdur. Bununla yanaşı, Zərərçəkmiş şəxs xəstəxanada müalicə xərclərini onların müəssisəsi çəkmiş və yenə də hər hansı bir müalicəyə ehtiyacı olarsa, qarşılamağa hazırdılar. Lakin, Xızı rayon prokurorluğu qərəzli mövqedən yanaşdığından işin həqiqi və faktiki hallarına qanuna uyğun hüquqi qiymət verməmiş və hüquqlarını təmsil etdiyi MMC barəsində heç bir hüquqi əsas olmadan inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmişdir. Odur ki, nümayəndə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, onunla "xxxx" MMC arasında 29 mart 2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış və həmin tarixli əmək müqaviləsi bildirişi əsasında işə başlamışdır. Onun işi texniki avadanlıqların təmiri və quş yumurtalarının broyler aparatında olarkən nəzarət etməkdən ibarət olmuşdur. 08 may 2022-ci il tarixdə, saat 17 radələrində təmir işlərinə rəhbərlik edən Bayram Bayramovla ikinci sexdə olan hava pərlərini təmir etdikdən sonra birinci sexdə hava pərlərinin təmiri ilə məşğul olmuşdur. Həmin vaxt alətin ikinci sexdə qalması müəyyən edildiyindən, Bayram Bayramov onu ikinci sexə göndərmiş və alətin işlək vəziyyətdə olan hava pərinin qarşısında olduğunu görmüşdür. O, hava pərini işlək vəziyyətdən ayırmadan nazik dəmir örtüyün açıq hissəsini kənara çəkərək sağ əlini alətin götürülməsi üçün içəriyə uzatdıqda, pərin əlinə dəyməsi nəticəsində, sağ əlin ikinci barmağı kəsilmiş, birinci barmağı isə zədələnmişdir. O, tez bayıra çıxaraq qışqırmış, onun səsinə Bayram və Münasif adlı işçilər yanına gəlmişdir. Bundan sonra, Bayram taksi çağırmış, tanımadığı bir nəfər işçi ilə onu Bakı şəhərində yerləşən xəstəxanaya göndərmiş və həkimə getməmişdən əvvəl barmağının evində balta ilə kəsilməsini bildirməsini Bayramla razılaşdıqlarından, xəstəxanada olarkən iş yerində xəsarət olması barədə heçnə deməmiş və evdə balta ilə kəsməsini həkimlərə bildirmişdir. Həmin gün müalicə olunaraq evə buraxılmış, may ayının 12-nə kimi işə gəlmiş və yenə bu barədə müəssisə rəhbərliyinə məlumat vermədiyini, yalnız həmin müddətdə briqadiri olan Bayram Bayramovun onun müalicəsi ilə maraqlanmadığını görüb icazə alaraq evə getmiş və bundan sonra Xızı rayon prokurorluğuna gedərək işdə xəsarət alması barədə şikayət etmişdir. O, işə qəbul olunarkən müxtəlif sənədlərə imza çəkmiş, lakin əməyin mühafizəsi və texniki təhlükəsizliklə əlaqədar ona hər hansı bir təlimat verilməmişdir. İş materiallarına əlavə olunmuş əmək müqaviləsinin, vəzifə təlimatının, giriş təlimatlandırılmalarının qeydiyyatı jurnalının, işçilərin əməyinin mühafizəsi üzrə təlimatlandırılmalarının qeydiyyatı və uçotu jurnalının və iltizamın surətlərindən görünür ki, Zərərçəkmiş şəxs ilə Şəxs MMC arasında bağlanmış 29 mart 2022-ci il tarixli əmək müqaviləsinə əsasən Zərərçəkmiş şəxs həmin MMC-də çilingər vəzifəsinə qəbul olunmuş, Zərərçəkmiş şəxsla əmək müqaviləsi bağlandıqdan sonra sonuncu giriş təlimatı ilə təlimatlandırılmış və qeydiyyat jurnalını imzalamış, eləcə də Zərərçəkmiş şəxs aldığı təlimatların onun tərəfindən mənimsənildiyi barədə 31 mart 2022-ci il tarixdə müvafiq iltizam da alınmışdır. İşdə olan Şəxs MMC-nin Azərbaycan Respublikası ƏƏSM Nazirliyi yanında X8 Xidmətinin Sumqayıt Regional ərazi şöbəsinə ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Xızı rayon prokurorluğunun məktubu əsasında Zərərçəkmiş şəxs Şəxs MMC-də işləyərkən istehsalatda xəsarət alıb-almamasının araşdırılmasının təmin olunması və həmin araşdırmanın nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş X3 izahatının və Şəxs MMC-nin inzibati tənbehin verilməsi haqqında xx.xx.2022-ci il tarixli əmrin surətlərindən görünür ki, Zərərçəkmiş şəxs əl barmağının kəsilməsi ilə bağlı ona cavabdeh olan məsul şəxs Bayram Bayramovun rəhbərliyə məlumat verməməsinə görə izahatı alınmış və müəssisənin daxili intizam qaydalarını pozulmasına görə sonuncuya töhmət verilmişdir. İşdə olan Xızı rayon prokurorunun köməkçisi X1 14 iyul 2022-ci il tarixli qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və material üzrə Azərbaycan Respublikası İXM-nın 198.3-cü və 555.1-ci maddələrinin tərkibi olduğundan, həmin maddələrlə inzibati xəta haqqında iş üzrə icraat başlanılması və qəbul edilmiş qərarın baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmçinin, qərardan və ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ əlin İİ barmağının əl darağı-falanqa oynağı səviyyəsindən travmatik amputasiyası (qopması), həmin əlin İ barmağının və ovuc səthinin səthi cırılmış yaraları, sağ əlin l-lll barmaqlarının və ovuc səthinin qançırları tinni küt əşyanın təsirindən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığı uzun müddətə pozan, sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş Xızı rayon prokurorunun nümayəndəsini, zərərçəkmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.3cü maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına görə - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İXM-nin 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının” təsdiq edilməsi haqqında 28 fevral 2000-ci il tarixli, 28 saylı Qərarının 1.4-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən işçilərin xəsarət alması müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. İş materiallarından göründüyü kimi Zərərçəkmiş şəxs ilə Şəxs MMC arasında bağlanmış 29 mart 2022-ci il tarixli əmək müqaviləsinə əsasən Zərərçəkmiş şəxs həmin MMC-də çilingər vəzifəsinə qəbul olunmuş, Zərərçəkmiş şəxsla əmək müqaviləsi bağlandıqdan sonra sonuncu giriş təlimatı ilə təlimatlandırılmış və qeydiyyat jurnalını imzalamış, eləcə də Zərərçəkmiş şəxs aldığı təlimatların onun tərəfindən mənimsənildiyi barədə 31 mart 2022-ci il tarixdə müvafiq iltizam da alınmışdır. Həmçinin, məhkəmə iclasında müəyyən edildi ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə Xızı rayon prokurorluğuna müraciət edərək 08 may 2022-ci il tarixdə, saat 17:00 radələrində işlədiyi Xızı rayonu ərazisində yerləşən "xxxx" MMC-də olan 2-ci sexdə iş vaxtı hava pərinin sağ əlinin İİ barmağının kəsilməsini bildirməsi ilə əlaqədar rayon prokurorluğunda araşdırma aparılmiş və nəticədə toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və material üzrə Azərbaycan Respublikası İXM-nın 198.3-cü və 555.1-ci maddələrinin tərkibi olduğundan, həmin maddələrlə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəməyə daxil olmuş inzibati materialda 14 iyul 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar istisna olmaqla Şəxs MMC-nin əməlində inzibati xəta tərkibinin olmasını təsdiq edən heç bir mötəbər sübut əlavə edilməmişdir. Eyni zamanda, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs də öz izahatında xəstəxanada olarkən iş yerində xəsarət olması barədə heçnə demədiyini və əlinin evdə balta ilə kəsməsini həkimlərə bildirməsini, həmin gün müalicə olunaraq evə buraxılmasını, may ayının 12-nə kimi işə gələrək hadisə barədə aidiyyatı məsul şəxsinə məlumat verməməsini, yalnız həmin müddətdə briqadiri olan Bayram Bayramovun onun müalicəsi ilə maraqlanmadığını görüb icazə alaraq evə getməsini və bundan sonra Xızı rayon prokurorluğuna gedərək işdə xəsarət alması barədə şikayət etməsini qeyd etmişdir. Eyni zamanda, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş Xızı rayon prokurorunun nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında zərərçəkmiş şəxsin işə qəbul olunarkən müxtəlif sənədlərə imza çəkməsini, lakin əməyin mühafizəsi və texniki təhlükəsizliklə əlaqədar ona hər hansı bir təlimatın verilməməsini bildirdiyindən Şəxs MMC tərəfindən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulması qənaətinə gəldiklərini qeyd etmişdir. Göründüyü kimi hazırda hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Belə olan halda məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, qeyd edilən əməldə inzibati xəta tərkibi mövcud olmamışdır. Bu halda isə Şəxs MMC-nin qəsdən və ya ehtiyatsızlıqdan təqsirli hesab edilməklə inzibati xəta sayılan əməl törətməsi istisna edilir. Belə ki, İXM-nə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (3). Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (8). Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur (12.1). İnzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir (53.1.2). İnzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır (114.1.4). Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır (114.2.1). Beləliklə məhkəmə hesab edir ki, Şəxs MMC əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud olmadığından həmin MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü və 555.1-ci maddələrində nəzərdə tutulmuş inzibatı məsuliyyətdən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü və 555.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X13
Məhkəmə qərarları › İş №3(068)-46/2022
Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-46/2022
17.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver