Məhkəmə qərarları › İş №3(068)-47/2024

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-47/2024

19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-47/2024 19.12.2024 XIZI RAYON MƏHKƏMƏSİ X13 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 vəkili Vəkil, Qərarından şikayət verilmiş orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin nümayəndəsi X6 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışır. 29 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Abşeron-Xızı regional şöbəsinin əməkdaşları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Həmin protokola əsasən barəsində xx.xx.2024-cü il tarixdə MN ******* seriyalı qərar çıxarılmış və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-ci maddəsi ilə 2000 manat məbləğində cərimə olunmuşdur. Həmin qəbul olunmuş qərarı rəsmi qaydada 30 oktyabr 2024-cü ildə almışdır. Hesab edir ki, X7 əməkdaşları iş üzrə qərar qəbul edərkən hər hansı bir sübuta istinad etməmişdir. Eyni zamanda protokol onun iştirakı olmadan tərtib edilmiş və qərar qəbul olunmuşdur. Bundan əlavə X11 Xidməti Abşeron-Xızı regional şöbəsinin əməkdaşları qərar çıxararkən Azərbaycan Respublikasının İXM-nin tələblərini ciddi pozmuşlar. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 101.1-ci maddəsinə görə, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Eyni zamanda həmin Məcəllənin 101.2-ci maddəsinə görə işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Göründüyü kimi MN ******* saylı protokol xx.xx.2024-cü il tarixdə tərtib olunsa da, protokol ilə bağlı MN ******* seriyalı qərar xx.xx.2024-cu il tarixdə qəbul olunmuşdur, bu da birbaşa olaraq İXMnin tələblərini kobud pozulmasına dəlalət edir. Bundan əlavə inzibati orqan qərar çıxararkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə, yəni müddətin keçməsi ilə bağlı inzibatı məsuliyyətdən azad etmə maddəsinə diqqət etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 vəkili Vəkil şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada izahat verərək, göstərdi ki, məhkəməyə ərizə təqdim etmişdir. Belə ki, İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırki iş üzrə 24 aprel 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd olunması haqqında Xızı rayon prokurorluğunun köməkçisi Şükürov Nail tərəfindən qərar qəbul olunmuşdur. Həmin qərarda birbaşa göstərilmişdir ki, X5 öz fərdi təhlükəsizliyini qorumadığına görə təşkilat, idarə müaəssisələrinin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydalarının 11-ci bəndinin tələbləri onun özü tərəfindən pozulmuş və həmin pozulmalar ehtiyatsızlıqdan X2 ağır dərəcəli bədən xəsarəti alması ilə birbaşa səbəbli əlaqədə olmuşdur. X2 xəsarət alması faktında cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Yəni ağır xəsarət almış, əgər onun işlədiyi müəssisədə istər əməyin mühafizəsi üzrə mühəndis, istər sex rəisi olsun, istərsə də direktor olsun kimin əməlində pozuntular aşkar olunsaydı cinayət məsuliyyətinə cəlb olunmalı idi. Amma həmin qərar bəraətverici əsasla həll olunmuş bir qərardı. Konstitusiya Məhkəməsinin də bununla bağlı şərhi var: bəraətverici əsasla bəlli olunduğuna görə artıq burada inzibati orqan yəni əmək müfəttişliyi hər hansı bir araşdırma apara bilməz. Yəni bu iş prokurorluqda yekunlaşana qədər təbii ki, orada icraat dayandırılmalı idi və bu işin nəticəsi gözlənilməli idi. Bu işin də nəticəsində müəyyən olunur ki, Vüsal Tanrıverdiyevin öz təqsiri ucbatından hadisə baş vermiş və heç kimin təqsiri yoxdur. Prokurorluq da 24 aprel tarixində qərar qəbul etmiş və hal-hazırda da qüvvədədir. Tutaq ki, orada kiminsə təqsiri müəyyən olunur və inzibati orqan inzibati araşdırma aparır və burda müddət məsələsi ortaya çıxır. İXM-nin 38.3-cü maddəsində qeyd olunur ki, cinayət işinin başlanması haqqında qərar qəbul edildikdə ən geci üç ay müddətində inzibati tənbeh tədbiri tətbiq edilə bilər. 29 iyulda protokol tərtib olunub, qərar isə 09 avqust tarixində qəbul olunmuşdur. Yəni burada üç aylıq müddətə və tərəfinin özünün yazdığı şikayətə də göstərildiyi kimi iki ay müddətə də riayət olunmamışdır. Faktiki olaraq burada bəraətverici əsaslar olarsa, deməli burada inzibati xəta tərkibi yoxdur və ya inzibati araşdırma aparmağa da ehtiyac yoxdur. Eyni zamanda, barəsində inzibati protokol tərtib edilən X3 qərar müfəttiş tərəfindən vaxtında təqdim olunmamışdır. Həmin şəxs Kəlbəcər rayonundan məcburi köçkündür. Bu qərar "xxxx" MMC-yə də göndərilməli idi. Əgər fiziki şəxs kimi Emin Bəxtiyarov barəsində vaxtında qərar qəbul olunurdusa da, onun yaşadığı ünvana göndərilməlidir. O, Kəlbəcərdən məcbur köçkün olsa da, o torpaqlar qayıdıb ancaq hələ oraya köç baş tutmamışdır. O, Abşeron rayonu, Masazır qəsəbəsində ünvansız fərdi yaşayış evində yaşayır. Yəni bu qərarı Emin Bəxtiyarov vaxtında almamışdır. "xxxx" MMC-yə qaldıqda isə materiallara baxdıqda orada da, hər hansı bir əməkdaşın imza atıb qəbul etdiyi barədə sübut görməmişdir. İndiki halda hesab edir ki, şikayət tamamilə əsaslıdır. Eyni zamanda şikayətin əsaslı olmağını 24 aprel tarixində cinayət işinin başlanmasının rədd olunması haqqında qərar da təsdiq edir. Tədqiqat aktına gəldikdə isə "xxxx" MMC-nin iki əməkdaşı - Bayram və Zaur adlı əməkdaşlar həmin araşdırma komissiyası və ya araşdırma qrupu deyək, yəni oraya üzv kimi daxil olmuşlar. Zaur və Bayram həmin aktı imzalamaqdan imtina etmək halları baş verməmişdir. Yeri gəldikdə onların o aktı imzalamamağa haqları da çatırdı. Çünki, həmin aktda o şəxsləri təqsirkar çıxarmağa çalışırdılar. Əgər protokol tərtib olunurdusa onda aktı imzalamamğa görə gərək elə Zaur və Byram barəsində protokol tərtib olunardı. Emin Bəxtiyarov həmin komissiyanın üzvü deyil. O sadəcə həmin şirkətin direktorudur və həmin tədqiqat aktından xəbəri yoxdur. Əgər o tədqiqat aktı mütləq şəkildə Emin Bəxtiyarov tərəfindən imzalanmalı idisə onun faktiki yaşadığı ünvana həmin akt göndərilməli idi ki, siz mütləq şəkildə bu aktı imzalamalısınız və yaxud da ki, əmək müfəttişliyinin hansısa inzibati binasında bu aktı imzalamalısınız. Belə bir tələb qoyulmamışdır. Qeyd etdiyi bütün hallar şikayətin əsaslı olduğunu sübut edir. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin nümayəndəsi X9 inzibati tənbehin tətbiq edilməsi haqqında qərardan şikayət vermə müddəti buraxıldığı üçün şikayət ərizəsinin baxılmamış saxlanması barədə vəsatət təqdim edərək, bildirdi ki, poçt izləmələrindən bildirişlərin çatması açıq-aydın görünür. Bundan əlavə vəkilin dediklərinə gəldikdə isə o, iz aktı ilə tədqiqat aktını qarışdırır. Tədqiqat aktını komissiya üzvləri olan həmin iki nəfər imzalamalı idi, iz aktını isə işəgötürən özü imzalayır, yəni həmin müəssisənin direktoru imzalayır və 1 nüsxəsini də işçiyə verir. Bu da o deməkdir ki, artıq tədqiqatın sonuna yaxınlaşanda ona bildirilir ki, iz aktını verməlisən. Bu da tədqiqat aktının üzərinə əlavə olunur. Bu isə rəhbər tərəfindən imzalanmalı idi. Eyni zamanda həmin rəhbər tədqiqat aktının iz aktına uyğun olub-olmamasını yoxlamalıdır. Həmin aktlar bir-birinə uyğun tərtib olunmalıdır. Rəhbər isə iz aktının tərtib olunmasından boyun qaçırdığına görə məsuliyyətə cəlb olunur. Qeyd olunan iki nəfər işini itirməyə ehtiyat etdiyinə görə tədqiqat aktını imzalamamışlar. Rəhbər isə tədqiqat bitdikdə iz aktını tərtib edib verməli idi. Tədqiqat aktının bitmə müddəti isə 22 may 2024-cü il tarixdə göstərilib. Komissiyanın yaradılması, şahidlərin dindirilməsi, eyni zamanda ekspertizanın keçirilməsi də daxil olmaqla hamısı tədqiqat aktına əlavə olunmalıdır. Ondan sonra işəgötürənə də nüsxəsi saxlanılması üçün verilir. O isə iz verməkdən boyun qaçırmışdır. Odur ki, qeyd olunan şikayətin əsassız olduğunu və təmin edilməməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyərək, şikayəti, habelə iş materiallarında olan və iş materiallarına əlavə edilmiş sənədləri əlaqəli surətdə araşdıraraq belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, "xxxx" MMC-nin fəhləsi X2 24 avqust 2023-cü il tarixdə Xızı rayonu, Şorabad qəsəbəsində iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı başa çatmasına baxmayaraq komissiya üzvləri və cəmiyyətin direktoru X4 tərəfindən İz formalı aktın tərtib edilməsindən imtina edilmişdir. Bununla da, Əmək Məcəlləsinin 217-ci maddəsinin 3-cü bəndinə əməl edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, "xxxx" MMC-nin fəhləsi X2 24 avqust 2023-cü il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə X4 Azərbaycan Respublikası İXM-nin 555.3-cü maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əsasən "xxxx" MMC-nin fəhləsi X2 24 avqust 2023-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə üzrə komissiya xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həmin bədbəxt hadisənin təhqiqatını aparmış və barəsində bəhs edilən təhqiqat aktını tərtib etmişdir. İş materiallarında olan Xızı rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarına əsasən barəsində bəhs edilən istesalatda bədbəxt hadisə barədə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə ilk növbədə qərarından şikayət verilən orqanın nümayəndəsi X6 mübahisələndirilən inzibati tənbehin tətbiq edilməsi haqqında qərardan şikayət vermə müddəti buraxıldığı üçün şikayət ərizəsinin baxılmamış saxlanması barədə vəsatətinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının həmin orqan tərəfindən X3 göndərilməsini və sonuncu tərəfindən alınmasını təsdiq edən mötəbər sübut təqdim edilməmiş, poçt göndərişlərinin izlənməsi haqqında çıxarışdan və reyestrin surətindən isə məhz həmin qərarın şikayətçi tərəfindən alınması müəyyən olunmur. Bunun əksinə olaraq, şikayətçinin inzibati tənbehin tətbiq edilməsi haqqında qərarı və protokolu alması üçün xx.xx.2024-cü il tarixli ərizə ilə X11 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə müraciət etməsi və həmin orqanın xx.xx.2024-cü il tarixli məktubu ilə rəsmi şəkildə alması təsdiq olunur. Odur ki, şikayət ərizəsi məhkəməyə verilərkən qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1-ci maddəsinə əsasən bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2-ci maddəsinə əsasən bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1-ci maddəsinə əsasən ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2-ci maddəsinə əsasən sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati tənbehin tətbiq edilməsi haqqında qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalan”nın 2.6-cı bəndinə əsasən bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır. Qaydaların 2.4 bəndində göstərilən halda İZ formalı aktın 1 nüsxəsi zərərçəkənin əmək müqaviləsində olduğu müəssisəyə göndərilir. İşçinin əmək qabiliyyətinin bir gündən artıq müddətə itirilməsinə və ya tibbi rəy əsasında gündən artıq müddətə başqa işə keçirilməsinə səbəb olmuş bədbəxt hadisə İZ formalı aktla rəsmiləşdirilir (əlavə 1) və istehsalatda bədbəxt hadisələrin qeyd jurnalında qeydə alınır (əlavə 2). Təhqiqat komissiyası İZ formalı aktın işəgötürən tərəfindən düzgün tərtib olunmadığını müəyyən edərsə, onun yenidən tərtib edilməsini tələb etmək hüququna malikdir. Bədbəxt hadisənin təhqiqat materialları İZ formalı aktla birlikdə bədbəxt hadisənin qeydə alındığı müəssisədə 45 il müddətində saxlanılmalıdır. Başqa instansiyalara göndərilmiş İZ formalı aktlar və onların surətləri lazım olmayanadək və onlarda nəzərdə tutulmuş bütün tədbirlər yerinə yetirilənədək saxlanılır. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. Həmin Qaydaların 1.7-cı bəndinə əsasən, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X11 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X11 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Eyni zamanda yuxarı mərkəzi icra hakimiyyəti orqanına və Respublika Həmkarlar İttifaqı Konfederasiyasına (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə), bədbəxt hadisənin baş verməsi tarixindən 3 (üç) iş günü müddətində isə sığortaçıya məlumat verilməlidir. Məlumat telefonla, teleqrafla və ya elektron formada bu Qaydalarda göstərilən 3-cü əlavəyə uyğun verilir (əlavə 3). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsi və ya aparılan araşdırma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılması hallarını özündə ehtiva edir. İnzibati orqan isə inzibati xəta haqqında protokol tərtib edərkən “bədbəxt hadisənin təhqiqatı başa çatmasına baxmayaraq komissiya üzvləri və cəmiyyətin direktoru X4 tərəfindən İz formalı aktın tərtib edilməsindən imtina edilməsini, bununla da, Əmək Məcəlləsinin 217-ci maddəsinin 3-cü bəndinə əməl edilməməsini əsas götürsə də, inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına istinad etmişdir. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinin 3-cü bəndinə əsasən, bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Həmin Məcəllənin 217-ci maddəsinin 4-cü bəndinə əsasən isə, bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Yəni Əmək Məcəlləsinin 217-ci maddəsinin 3-cü bəndinə əməl edilməməsi İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsində deyil, İXM-nin 555.2-ci maddəsində nəzərdə tutulan bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq akt tərtib edilməməsinə görə məsuliyyəti nəzərdə tutur. Eyni zamanda, məhkəmə araşdırması zamanı bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən bu barədə işəgötürənə məlumat verilməsini və şikayətçidən İZ formalı aktın tərtib olunmasını tələb edilməsini təsdiq edən mötəbər sübut təqdim edilməmiş, sadəcə təhqiqat aktının sonunda 17 iyul 2024-cü il tarixdə “Cəmiyyətin nümayəndəsi aktın ilkin variantını qəbul etməkdən imtina etdi” qeydinin yazılması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron-Xızı regional şöbəsi inzibati xəta haqqında protokolu tərtib edərkən və bunun əsasında inzibati tənbeh vermə haqqında qərarı qəbul edərkən qanunvericiliyin normalarını düzgün tətbiq etməmişdir. Buna görə də, inzibati xəta törədən şəxsin təqsirini təsdiq edən sübut növü kimi qiymətləndirilə bilməz. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X8 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir. Bunda əlavə məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən tənbeh verilmişdir, lakin belə halda inzibati tənbeh tətbiq edilə bilməzdi. Belə ki, məhkəmə nəzərə alır ki, ümumiyyətlə İXM-nin 38 və 53-cü maddələrinin tələbinə əsasən də inzibati xəta haqqında işlər üzrə icraatda ilk araşdırılası məsələ inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsini araşdırmaqdır. Çünki inzibati işlər üzrə icraat başlanana qədər müddət keçmişdirsə, onda ümumiyyətlə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Başlana bilmirsə, onda inzibati xəta hadisəsinin olub-olmamasını araşdırmağa ehtiyac qalmır. Buna görə də müddət keçməməlidir ki, icraat başlansın. Müddət keçməmişdirsə, icraat başlana bilir və icraat başlandıqdan sonra araşdırma aparıldığı ərəfədə müddət keçmişdirsə, onda başlanmış icraata xitam verilir. Lakin hazırkı halda məhkəmə müəyyən edir ki, səlahiyyətli orqanda inzibati tənbeh verilənə qədər artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə inzibati tənbeh tətbiq etmiş səlahiyyətli orqanın qərarında, törədilməsi ehtimal edilən inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddətinin hansı tarixdən hesablanmasına ümumiyyətlə fikir bildirməmişdir, lakin qərarda qeyd edilmişdir ki, "xxxx" MMC-nin fəhləsi X2 24 avqust 2023-cü il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının” 2.6-cı bəndinə əsasən bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən 01 gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, təhqiqat komissiyası əmək qanunvericiliyinə və bu Qaydaya əsasən bədbəxt hadisənin təhqiqatının aparılması müddətinə, müvəqqəti olaraq yaradılır. Təhqiqat komissiyası heyətinin ezamiyyə xərcləri hər bir komissiya üzvünün mənsub olduğu təşkilat tərəfindən (verilmiş əmrə əsasən) ödənilir, təhqiqat işinin gedişi dövründə onun aparılması ilə əlaqədar ortaya çıxan digər əlavə xərclər isə hadisə baş vermiş müəssisə və ya onun tabeçiliyi üzrə yuxarı orqanı tərəfindən ödənilir. Təhqiqat komissiyasının yekun sənədi (akt) komissiyanın bütün üzvləri tərəfindən imzalanır. Akt tərtib edilən zaman komissiyanın hər bir üzvü öz rəyini yazılı şəkildə komissiyanın sədrinə təqdim edir. Baş vermiş bədbəxt hadisələrin təhqiqatı komissiya tərəfindən 20 gün müddətinə aparılır və xüsusi təhqiqat aktı tərtib edilir (əlavə 4). Zəruri hallarda, Təhqiqat komissiyası sədrinin əsaslandırılmış müraciətinə əsasən bu müddət komissiyanın yaradılması barədə sərəncam (əmr) verən orqan tərəfindən artırıla bilər. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən, işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: - əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə; işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə; istehsal avadanlıqları və obyektlərində qəza zamanı; növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı. 1.3. İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət — əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarətlərin (zədələrin) ağırlıq dərəcələrini və yaxud ölümün başvermə səbəblərini müəyyən etmək məqsədi ilə təhqiqat komissiyasının sədri aidiyyəti müalicə-profilaktika müəssisəsinə və ya məhkəmə-tibb ekspertizasına bu barədə rəy vermələri üçün rəsmi olaraq müraciət edə bilər. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar qaldırılmış cinayət işi üzrə zərərçəkən şübhəli və ya təqsirləndirilən şəxs qismində tanındığı təqdirdə, bədbəxt hadisənin təhqiqatı işə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39-cu və 42-ci maddələrinə uyğun olaraq xitam verildikdən sonra aparılmalıdır. Hazırki iş üzrə isə zərərçəkən şübhəli və ya təqsirləndirilən şəxs qismində tanınmamışdır. Belə olduğu təqdirdə, bədbəxt hadisənin təhqiqatının cinayət işinə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39-cu və 42-ci maddələrinə uyğun olaraq xitam verildikdən sonra aparılmasını istisna edir. Göründüyü kimi, istehsalatda baş vermiş bədbəxt hadisə 24 avqust 2023-cü il tarixdə baş vermişdir. Halbuki, bu qəbildən olan işlərə baxılarkən cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı məsələlərə hüquqi qiymət verilməklə əsaslandırılmalı, baş vermiş inzibati xətanın hansı tarixlərdə baş verməsi göstərilməlidir. İş materiallarında olan Təhqiqat aktından görünür ki, bədbaxt hadisənin təhqiqatı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək aparıldı və bu akt tərtib edildi. Yəni 24 avqust 2023-cü il tarixdə bədbaxt hadisə baş verdikdən sonra 4 aydan artıq müddət keçəndən sonra hadisənin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən təhqiqatı aparılmışdır. Məhkəmə, həmçinin qeyd edir ki, hazırki fakt üzrə “cinayət işinin başlanmasının rədd edilməsi”nə dair qərar 24 aprel 2024-cü il tarixdə qəbul edilmiş, səlahiyyətli orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar isə qanunla müəyyən edilmiş 03 aylıq müddət keçdikdən sonra (nəzərə alınsa ki, 24 iyul 2024-cü il tarixdə 03 ay tamam olmuş, inzibati tənbeh vermə haqqında qərar isə 09 avqust 2024-cü il tarixdə qəbul edilmişdir) qəbul edilmişdir ki, bu da özü-özlüyündə Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddətin keçməsinə dəlalət edir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Ona görə də hazırkı iş üzrə artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, inzibati tənbeh tətbiq edilə bilməzdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 09 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət işinin başlanmasının rədd olunduğu, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduğu hallarda inzibati məsuliyyətə cəlbetmə müddətinin xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən deyil, cinayət işinin başlanmasının rədd edilməsi və ya cinayət işinə xitam verilməsi barədə qərarın qəbul edildiyi gündən hesablanması hüquqi müəyyənlik, ədalət, bərabərlik və inzibati məsuliyyət sahəsində tətbiq edilən məhdudiyyətlərin konstitusiya əhəmiyyətli məqsədlərə mütənasib olması prinsipləri ilə uyğunsuzluq təşkil edir. Yəni cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Lakin belə olan hallarda inzibati tənbeh inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən ən geci bir il keçənədək verilə bilər. Bununla yanaşı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinin tələblərinə görə inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Eyni Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikası İXM-nin 100.3-cu maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X11 Xidmətinin Abşeron- Xızı regional şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə X3 bildiriş (həmin bildirişin Emin Bəxtiyarova çatdırılmasını təsdiq edən müvafiq sənədlər iş materiallarına əlavə edilməmişdir) göndərərək, "xxxx" MMC-nin fəhləsi X2 24 avqust 2023-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatının aparılmasını və əməlində inzibati xəta əlamətlərinin olmasının müəyyən edilməsi qeyd olunmuş, həmin məlumatda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın tərədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdə, saat 11:00-da X11 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə dəvət olunmuşdur. Halbuki inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal, işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində inzibati xəta haqqında protokol tərtib edilməli idi və ya icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılmalı idi. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə riayət edilmədən X4 barəsində əsassız olaraq 29 iyul 2024-cü il tarixdə protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. 101.3-cü maddəsinə əsasən inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Hazırki iş üzrə isə səlahiyyətli şəxs tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl edilməmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqları məhkəməyədək icraat dövründə pozulmuşdur. Bu səbəbdən inzibati xəta haqqında protokol düzgün tərtib edilmiş sayıla bilməz. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanan maddələrinə və işin faktiki hallarına əsaslanaraq məhkəmə verilmiş şikayət üzrə bütün sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə, X4 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130, 134 və 135-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X4 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar