Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-48/2024 15.11.2024 XIZI RAYON MƏHKƏMƏSİ X8 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs - Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi fərdi fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx xxxxxxx 1975-ci il tarixdə Siyəzən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Azərbaycan Respublikasi Dövlət Neft Şirkəti "Azneft" İstehsalat Birliyində operator vəzifəsində işləyən, Siyəzən rayonu, Siyəzən kəndində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xızı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 12 noyabr 2024-cü il tarixdə, saat 21:13 radələrində Xızı rayonu Giləzi qəsəbəsi ərazisində ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Qeyd edilənlərlə bağlı Xızı Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən 13 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Xızı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati protokolu tərtib edən şəxs - Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi X2 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, ailə üzvləri ilə birlikdə Siyəzən rayonu, Siyəzən kəndində yaşayır. 12 noyabr 2024-cü il tarixdə, axşam saatlarında ov etmək məqsədi ilə Xızı rayonunun Giləzi qəsəbəsinə, dəniz kənarına gəlmişdir. Həmin vaxt dəniz kənarında yemək yemiş və az miqdarda spirtli içki qəbul etmişdir. Bu zaman Xızı RPŞ-nin PPX-nin əməkdaşları xidməti avtomobillə həmin əraziyə gəlmiş və aralarında anlaşılmazlıq olmuşdur. Belə ki, PPX-nin əməkdaşları ona birlikdə polis şöbəsinə getmələrini bildirdikdə o, ov etmək üçün nəzərdə tutulan projektoru avtomobildən ayırmaq üçün gözləmələrini demiş və buna görə mübahisə yaranmışdır. Bundan sonra PPX əməkdaşları onun içkili olmasını müəyyən edərək, onu Xızı RPŞ-yə gətirmiş və barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Hazırda əməlindən səmimi peşmançılıq hissi keçirir və bir daha belə əmələ yol verməyəcəyinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçisi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin mövqeyini müdafiə edərək, Şəxs ilk dəfə inzibati xəta törətməsini, səmimi etirafını, himayəsində azyaşlı övladının olmaqla, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid, Xızı RPŞ-nin PPXT-nin polis nəfəri X3 izahatında göstərdi ki, 12 noyabr 2024-cü il tarixdə postaçı yoldaşı X4 ilə birlikdə Xızı rayonu Giləzi qəsəbəsində 4 nömrəli postda xidmətdə olarkən dəniz kənarında “Vaz-2106” markalı avtomobilinin sahibinin, yəni şəxsiyyəti sonradan onlara məlum olan Siyəzən rayon sakini Şəxs ov ovladığını müəyyən etmişlər. Həmin vaxt Şəxs yaxınlaşaraq, özlərini təqdim etmiş və ov etmək üçün müvafiq sənədlərinin mövcudluğunu soruşduqda, sonuncu heç bir sənədinin olmamasını onlara bildirmişdir. Söhbət əsnasında Şəxs sərxoş olması aşkar edilmiş və sonuncu onlara hər hansı bir sənəd təqdim etmədiyindən ona birlikdə Xızı RPŞ-yə getməli olduqlarını demişlər. Lakin Şəxs onların qanuni tələbinə qəsdən tabe olmamış və öz narazıçılığını kobud formada onlara bildirmişdir. Bundan sonra, qeyd olunanlarla bağlı raportla rəhbərliyə məruzə edilmişdir. Məhkəmə iclasında iştirak edən digər şahid Xızı RPŞ-nin PPXT-nin polis nəfəri X4 şahid Orxan İmanquliyevin izahatına uyğun, eyni məzmunlu izahat verərək sonuncunun izahatını bir daha təsdiqləmişdir. İşdə olan sənədlərdən, o cümlədən müvafiq raportdan görünür ki, Şəxs 12 noyabr 2024-cü il tarixdə, saat 21:13 radələrində Xızı rayonu Giləzi qəsəbəsi ərazisində ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İşdə olan 13 noyabr 2024-cü il tarixli, A/2920 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs həmin tarixdə alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarında olan Ədliyyə Nazirliyinin İnformasiya sistemində olan şəxsiyyət vəsiqəsi və gəlir məlumatlarından məlumatlardan görünür ki, Şəxs himayəsində 19 yanvar 2020-ci il təvəllüdlü Xanım adında bir azyaşlı övladı vardır və Azərbaycan Respublikasi Dövlət Neft Şirkəti "Azneft" İstehsalat Birliyində operator vəzifəsində işləyir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 30.1-ci maddəsinə əsasən inzibati həbs yalnız müstəsna hallarda tətbiq edilir. 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hal kimi onun səmimi peşmançılığı və himayəsində azyaşlı övladının olmaqla, ailədə yeganə qazanc gətirən şəxs olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Həmçinin, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Beləliklə də, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən əməlindən səmimi peşmançılıq çəkməsini, eləcə də, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunan Məcəllənin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Məhkəmə eyni zamanda qeyd edir ki, Şəxs 13 noyabr 2024-cü il tarixdə, saat 09:00dan inzibati qaydada tutulmuş və 15 noyabr 2024-cü il tarixdə saat 09:00-da azad edilmişdir. Hazırda, İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən Şəxs barəsində tətbiq ediləcək inzibati cərimə cəzası bu inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə barəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X9
Məhkəmə qərarları › İş №3(068)-48/2024
Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-48/2024
15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver