Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-49/2024 15.11.2024 XIZI RAYON MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs - Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1984-cü il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xızı rayon bölməsində mütəxəssis vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xızı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xızı Rayon Polis Şöbəsindən daxil olmuş 14 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Xızı Rayon Polis X8 Polis Bölməsinin inspektoruna qarşı ictimai asayışı pozaraq xırda xuliqanlıq etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi X3 protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, Xızı RPŞ-nin X10 Bölməsinin inspektoru X4 tərəfindən daxil olmuş raporta əsasən 11 noyabr 2024-cü il tarixdə, Şəxs oğlu Həmid sürücülük hüququ olmadan avtomobil idarə etdiyi üçün nəqliyyat vasitəsi saxlanılaraq, cərimə meydançasına gətirilmişdir. Bundan sonra Şəxs polis şöbəsinə gəlmiş, sürücülük vəqisəsi olmayan şəxsə avtomobili idarə etməsi üçün verdiyinə görə ona İXM-nin 335-ci maddəsi ilə 60 manat, 200 manat isə oğluna inzibati cərimə yazılmışdır. Daha sonra Şəxs 13 noyabr 2024-cü il tarixdə səhər saatlarında X10 Bölməsinin inspektoru X2 zəng edərək telefonda qeyri etik danışmışdır. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları inkar edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək göstərdi ki, 11 noyabr 2024-cü il tarixdə qızı hazırlıqdan gələrkən oğlu Həmid icazə almadan ona məxsus “Kia Sorento” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək bacısının arxasınca getmişdir. Həmin vaxt Xızı RPŞ-nin X10 Bölməsinin inspektoru X4 avtomobili saxlamış və cərimə meydançasına aparmışdır. Oğlu bu barədə ona məlumat verdikdən sonra rayon polis şöbəsinə yaxınlaşmışdır. Şöbədə ona sürücülük vəqisəsi olmayan şəxsə avtomobili idarə etməsi üçün verdiyinə görə 60 manat cərimə yazıldığını, oğluna isə hər hansı cərimə tətbiq olunmadığını bildirmişlər. Bundan sonra o, avtomobili cərimə meydançasından çıxarıb evinə getmişdir. Həmin günü axşam ailə üzvləri ilə birlikdə yol gedərkən oğluna 200 manat cərimə yazılmağı ilə bağlı sms bildiriş gəlmiş, o da inspektor Məmməd Kərimova zəng edərək iradını bildirmiş, lakin hər hansı bir söyüşdən istifadə etməmişdir. Belə ki, danışıq zamanı Məhəmməd Kərimova “bəs mənə uşağa cərimə yazılmadığı deyilmişdi, niyə yazıldl” sualını vermiş, sonuncu isə cavabında “yazmalı idim, bu mənim işimdir” deyə cavab vermişdir. Bundan sonra o, protokoldan şikayət edəcəyini Məhəmməd Kərimova bildirmiş, sonuncu isə “mənə hədə-qorxu gəlirsən” deyərək telefonu söndürmüşdür. Səhəri gün isə işdə olarkən rəisinə Xızı RPŞ-nin rəis müavini Məhəmməd Qarayev zəng edərək, onun polis şöbəsinə yaxınlaşmasını demiş, o da şöbəyə getmişdir. Məhəmməd müəllim ona “niyə bizim polis serjatından şikayət etdiyi” barədə sual vermiş, o da cavabında “xeyr, sadəcə olaraq bildirmişəm ki, protokoldan şikayət edəcəyəm” cavabını vermiş, rəis müavini isə ona “səni Xızıda biabır edəcəyəm, aparıb salın bunu içəri” demişdir. Sədrlik edənin suallarına cavab olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xızı rayon bölməsində mülki işçi kimi, yəni mütəxəssis vəzifəsində işlədiyini, Məhəmməd Kərimovun ona “hədə-qorxu gəlirsən” deyib telefonu söndürdüyünü, aralarında başqa heç bir söyüş olmadığını, sadəcə “sizi şikayət edəcəm” dediyini, tədbirlərlə bağlı polis əməkdaşları ilə işlə bağlı əlaqədə olduğundan əvvəlcədən Məhəmməd Kərimovu tanıdığını, həmin vaxt ailə üzvləri ilə birlikdə maşınla şəhərə getdiyini, oğlunun ona “ata, sənə sms gəlib” dediyini, bundan sonra zəng edərək öz iradını bildirdiyini göstərmişdir. Məhkəmə iclasında iştirak edən şahid, Xızı RPŞ-nin DYPB-nin YPX inspektoru X4 izahatında göstərdi ki, 11 noyabr 2024-cü il tarixdə Şəxs oğlu sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyinə görə protokol tərtib etmişdir. Səhər gün isə Elmir ona zəng etmiş, lakin ilk zəngini aça bilməmişdir. Sonradan isə ona geri zəng etmiş, Elmir ona “nə üçün uşağa da protokol yazdığını” soruşmuş və aralarında mübahisə yaranmışdır. Bundan sonra, qeyd olunanlarla bağlı raportla rəhbərliyə məruzə edilmişdir. Sədrlik edənin suallarına cavab olaraq Elmirin ona “səndən şikayət edəcəm, daxili təhqiqatlara verəcəm” və sair ifadələr işlətdiyini, söhbətin dərinə getdiyini görüb telefonu söndürdüyünü, başqa söyüşdən istifadə etmədiyini, telefonda danışıqları təxminən 15-20 saniyə olduğunu, Elmir ona zəng edəndə evdə olduğunu, aralarında heç bir düşmənçilik olmadığını, oğluna 200 manat cərimə yazılıb deyə Elmirdə aqressiya yarandığını göstərmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol həmin şəxsin xırda xuliqanlıq etməsi ilə bağlı tərtib edilmişdir. Sözügedən maddənin tələbinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər - həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Yəni, maddənin tövsifedici əlaməti hesab olunan müddəadan da görünür ki, xırda xuliqanlıq adlanan xətanın baş verməsi, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətin yaranması, əməlin xırda xuliqanlıq hesab edilməsi üçün ictimai qayda pozulmalı, lakin bu qayda pozuntusu fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərlə müşayiət edilməməlidir. Məhkəmə tədqiqi zamanı Şəxs istinad edilən xətanı törətməsi, yəni ictimai qaydanı pozan hərəkətlərə yol verərək xırda xuliqanlıq etməsi işin faktiki müəyyən edilmiş halları ilə təkzib olunmuşdur, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin mənası baxımından inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, belə sübut etmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Lakin qanunun həmin tələbinə əməl edilməmiş, Şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Ona görə məhkəmə belə qənaətə gəlir ki, hazırkı icraata münasibətdə Şəxs əməlinin Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərlə törədilən xırda xuliqanlığın təsiri altına düşməsi barədə qənaətə gəlinməsi üçün əsaslar yoxdur, həmin şəxsin əməlində istinad olunan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadığı halda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xızı Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş 14 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 510cu maddəsi ilə Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında olan 14 noyabr 2024-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs həmin tarixdə saat 13:00-da tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verildiyindən o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.2, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xızı Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş 14 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X9
Məhkəmə qərarları › İş №3(068)-49/2024
Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-49/2024
15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver