Məhkəmə qərarları › İş №3(068)-49/2025

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-49/2025

19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-49/2025 19.05.2025 XIZI RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İnzibati protokolu tərtib edən Xızı Rayon Statistika İdarəsinin nümayəndəsi X1, Hüquqi ünvanı Xızı rayonu, Altıağac qəsəbəsi olan “Cənnət Bağı” şirkətlər qrupu (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə Xızı Rayon Statistika İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Xızı Rayon Statistika İdarəsindən daxil olmuş 01 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Cənnət Bağı” şirkətlər qrupu 2024-cü il üzrə 1 - müəssisə illik rəsmi statistik hesabatını 30 aprel 2025-ci il tarixə təqdim etməli olduğu halda müəyyən olunmuş vaxtda təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati protokolu tərtib edən Xızı Rayon Statistika İdarəsinin nümayəndəsi X2 tərtib edilmiş protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, İXM-nin 112.1.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri tədqiq edib hesab edir ki, “Cənnət Bağı” şirkətlər qrupu İXM-nin 389-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, “Cənnət Bağı” şirkətlər qrupu xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır və hüquqi ünvanı Xızı rayonu, Altıağac qəsəbəsidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Xızı Rayon Statistika İdarəsi tərəfindən “Cənnət Bağı” şirkətlər qrupu rəsmi statistik hesabatların elektron xidmətdən istifadə etməklə müəyyən olunmuş vaxtda təqdim olunması barədə xəbərdar edilmişlər. İş materiallarında olan Xızı Rayon Statistika İdarəsindən daxil olmuş 01 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan, o cümlədən elektron çıxarışdan görünür ki, “Cənnət Bağı” şirkətlər qrupu tərəfindən 2024-cü il üzrə 1 müəssisə illik rəsmi statistik hesabatı 30 aprel 2025-ci il tarixə təqdim etməli olduğu halda müəyyən olunmuş vaxtda təqdim edilməmişdir. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə görə dövlət statistika orqanlarına öz vəzifələrini yerinə yetirmək üçün statistik müşahidələrin aparılması üçün məlumatlar təqdim etməyən, yaxud məlumatları gecikdirməklə və ya təhriflə təqdim edən, statistik sirri yayan şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati icraat başlamaq və inzibati tənbeh tədbirləri tətbiq etmək hüququ verilir. Həmin Qanunun 11-ci maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 07 noyabr 2018-ci il tarixli, 38/08 nömrəli qərarı ilə təsdiq edilmiş 1-müəssisə №-li rəsmi statistika hesabatı forması təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq ölkə ərazisində sahibkarlıq fəaliyyəti göstərən kommersiya hüquqi şəxslər (sığorta, bank, bank olmayan kredit təşkilatları və kredit ittifaqları istisna olmaqla), maliyyə hesabatlarını X3 Standartlarına və ya Kiçik və X5 üçün X3 Standartlarına uyğun tərtib edən publik hüquqi şəxslər, həmçinin qeyri-rezident müəssisələrin filial və nümayəndəlikləri tərəfindən aprel ayının 30-dək elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) real vaxt rejimində təqdim edilir. Azərbaycan Respublikasında statistik məlumatların verilməsi qaydaları haqqında Əsasnamənin 9-cü bəndinə əsasən statistik məlumatı imzalayan rəhbər və digər vəzifəli şəxslər, habelə fiziki şəxslər statistika müşahidələrinin, habelə uçot vahidlərinin dövlət reyestrinin aparılması üçün zəruri olan məlumatları təqdim etməməyə görə, yaxud vaxtında təqdim etməməyə və ya həmin məlumatları təhrif etməyə görə qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati məsuliyyət daşıyırlar. Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı bir şəxsin məsuliyyətinin müəyyən edilməsindən ötrü ilk öncə onun təqsirli hərəkəti ilə ictimai münasibətləri pozması zəruri şərtdir. “Cənnət Bağı” şirkətlər qrupu xx.xx.2004-cü il tarixdə hüquqi şəxs kimi qeydiyyata alınmışdır. Bu isə onun bir sıra hüquqları ilə yanaşı, həmin hüquqların realizə edilməsi zamanı bir sıra vəzifələrini yaradır. “Cənnət Bağı” şirkətlər qrupu tərəfindən fəaliyyəti üzrə statistik hesabat vermək vəzifəsi olmasına baxmayaraq, 2024-cü il üzrə 1 - müəssisə illik rəsmi statistik hesabatı 30 aprel 2025-ci il tarixədək təqdim etməmişdir. Bu da əməldə inzibati xəta tərkibinin olması qənaətini qaçılmaz edir. Həmçinin qeyd olunur ki, əməli inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. İXM-nin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xətadır və Məcəllənin 14-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. İnzibati xətalar qanunvericiliyin müddəaları baxımından aşkardır ki, insan və vətəndaş hüquqları və azadlıqları, iqtisadi maraqları, idarəçilik qaydalarının qorunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməli, dövlət orqanları isə öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, aradan qaldırılması, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təşkil etməlidirlər. Qəsdən törədilən inzibati xəta və ya ehtiyatsızlıqdan törədilənin inzibati xətaya görə qanunvericiliklə müəyyən olunmuş qaydada prosedur qaydalar gözlənilməklə dövlət məcburetmə tədbirləri tətbiq edilir və göstərilən hər iki hal inzibati xəta törədən şəxs barəsində yaranmış arzuolunmaz hüquqi nəticələrə, yəni inzibati xəta törədən şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq etməsinə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında “Cənnət Bağı” şirkətlər qrupunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törədən hüquqi şəxsin təqsirinin dərəcəsini, onun törədilmə halını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, “Cənnət Bağı” şirkətlər qrupuna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: “Cənnət Bağı” şirkətlər qrupu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 300 (üç yüz) manat miqdarında inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar