Məhkəmə qərarları › İş №3(068)-5/2021

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-5/2021

10.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-5/2021 10.01.2021 XIZI RAYON MƏHKƏMƏSİ Xızı Rayon Məhkəməsinin hakimi vəzifəsini icra edən X1 oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, inzibati protokolu tərtib edən şəxs- Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi Məmmədov Əsəd Rövşən oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1983-cü il tarixdə Abşeron rayonunun Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Xızı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 19:00 radələrində Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində yerləşən «Laçın» kafesinə gedərək, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən müəyyən edilmiş xüsusi karantin rejimi qaydalarını pozmuşdur. Bu barədə Xızı rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Məmmədov Əsəd Rövşən oğlu tərəfindən xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Xızı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati protokolu tərtib edən şəxs - Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi Məmmədov Əsəd Rövşən oğlu tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 211.1-ci maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərdi ki, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, yaşayır və fərdi əməklə məşğul olur. xx xxxxxx 2021-ci il tarixdə axşam saatlarında həmkəndlisi Yarəli Qurbanov onu qəsəbənin içərisində görüb, birlikdə «Laçın» kafesinə gedərək tanışı Lalə Hacıyevaya dərmanı verməsini təklif etmiş, o da Yarəli ilə razılaşmışdır. Bundan sonra, Yarəli Qurbanov məxsus **-BK-*** dövlət qeydiyyat nişanlı, «Niva» markalı avtomobillə Bakı Quba yolunun kənarında yerləşən həmin kafeyə getmişlər. Kafeyə çatdıqdan sonra o, içəri qapıda dayanıb gözləmiş, Yarəli isə mətbəxə daxil olub dərmanı Laləyə vermiş, həmçinin maşının şüşəsini silmək üçün şüşə qabda su götürüb çölə çıxarkən Xızı rayon Polis Şöbəsinin əməkdaşları onları saxlayaraq, xüsusi karantin rejimi qaydalarını pozmalarını bildirmişlər. Lakin, o, hər hansı bir qayda pozuntusuna yol verməmiş, sadəcə kafeyə daxil olaraq qapıda gözləmiş, orada əyləşməmişdir. Hal-hazırda özünü törətdiyi əmələ görə qismən, yəni kafelərin fəaliyyətinin dayandırıldığı halda kafenin içərisinə daxil olmaqda təqsirli bilir və həmin əməlindən səmimi peşmançılıq çəkir. Odur ki, qeyd olunanların nəzərə alınaraq, ona daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İşdə olan sənədlərdən, o cümlədən müvafiq raportdan görünür ki, Muradova Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 19:00 radələrində Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində yerləşən «Laçın» kafesinə gedərək, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən müəyyən edilmiş xüsusi karantin rejimi qaydalarını pozmuşdur. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs İXM-nin 211.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması inzibati məsuliyyətə səbəb olan əməldir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli, 488 nömrəli “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərarının 1.2-ci bəndinə əsasən 2020ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bu Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən əməlindən səmimi peşmançılıq çəkməsini, eləcə də, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, eyni zamanda qeyd edir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 20:15dən inzibati qaydada tutulmuş, daha sonra azad olunmamışdır. Hazırda, İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən Şəxs barəsində tutma da ləğv edilməli və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilməklə, onun barəsində tətbiq ediləcək inzibati cərimə cəzası bu inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat inzibati cərimə edilsin. Şəxs barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar