Məhkəmə qərarları › İş №3(068)-50/2021

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-50/2021

12.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-50/2021 12.11.2021 XIZI RAYON MƏHKƏMƏSİ Xızı Rayon Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, inzibati protokolu tərtib edən şəxs- Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əsgəroğlu (Əsgərov) Elnur Nazim oğlunun iştirakı ilə, xx xxxx 1988-ci il tarixdə Tovuz rayonu, İbrahim Hacılı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Tovuz rayonu, İbrahim Hacılı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 7, mənzil 66-da yaşayan Əsgəroğlu (Əsgərov) Elnur Nazim oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Xızı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim : Əsgəroğlu (Əsgərov) Elnur Nazim oğlu 14 oktyabr 2021-ci il tarixdə, saat 15:30 radələrində Zərərçəkmiş şəxs aldadaraq, onun 95 manat məbləğində pulunu talamışdır. Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən 11 noyabr 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Xızı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Xızı rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, Əsgəroğlu (Əsgərov) Elnur Nazim oğlunun 14 oktyabr 2021-ci il tarixdə, saat 15:30 radələrində Zərərçəkmiş şəxs aldadaraq, onun 95 manat məbləğində pulunu talamasını, həmçinin, 24 oktyabr 2021-ci il tarixli qərarla material üzrə cinayət işinin başlanmasının rədd edildiyini, xırda talama növündə inzibati xətanı törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü materialların aidiyyəti üzrə Xızı RPŞ-nin İTB-nə göndərildiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əsgəroğlu (Əsgərov) Elnur Nazim oğlu özünü İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Tovuz rayonu, İbrahim Hacılı kəndində qeydiyyatda olsa da, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 7, mənzil 66-da yaşayır və heç bir yerdə işləmir. 14 oktyabr 2021-ci il tarixdə telefonunda olan proqram vasitəsi ilə Xızı şəhərinə taksi sifariş etmiş, bundan sonra taksi sürücüsü onunla əlaqə saxlamış, o, həmin sürücüyə taksiyə minməyəcəyini, lakin Xızı rayon Mərkəzi Xəstəxanasına gedilərək, oradan arayışlar götürmək lazım olduğunu, eyni zamanda sürücüyə ***-***-**-** saylı mobil nömrəni verib “həkimlə əlaqə saxla, o sənə arayışları verəcək, sən 40 və 55 manat ödə və ünvana çatanda pulu sənə verəcəm” bildirmişdir. Sürücünü inandırmaq üçün qeyri - rəsmi arvadı olan Nərminəyə də, bu barədə məlumat vermiş və sonuncu özünü Xızı RMX-də işləyən Rəna adlı həkim kimi taksi sürücüsünə təqdim etmişdir. Bundan sonra, sürücü 95 manat pulu kart hesabına ödəmiş, daha sonra o, telefonunu söndürmüşdür. Hazırda tutduğu əməldən səmimi peşman olduğunu, maddi imkanı olmadığına görə vurulmuş ziyanı qaytarmadığını və bir daha belə hallara yol verməyəcəyini bildirərək, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, təxminən 4 ildir taksi firmalarına qoşularaq, müxtəlif istiqamətlərə sifariş qəbul edərək taksi fəaliyyəti ilə məşğul olur. 14 oktyabr 2021-ci il tarixdə Xızı şəhərinə sifariş qəbul etmiş, bundan sonra o, sifariş verən şəxslə əlaqə saxlamış, həmin şəxs ona taksiyə minməyəcəyini, lakin Xızı rayon Mərkəzi Xəstəxanasına gedilərək, oradan arayışlar götürəcəyini bildirmişdir. Əlavə olaraq sifariş verən şəxs Xızı RMX-də işləyən Rəna adlı həkimin ***-***-**-** saylı mobil nömrəsini verib “həkimlə əlaqə saxla, o sənə arayışları verəcək, sən 40 və 55 manat ödə və ünvana çatanda pulu sənə verəcəm” söyləmişdir. O, sifarişi verən şəxslə razılaşmış və ona verdiyi qadın nömrəsi ilə əlaqə saxlamışdır. Həmin qadın hesab nömrələrini verərək hesab nömrələrinə 40 və 55 manat ödəməsini, ondan sonra arayışları ona verəcəyini bildirmişdir. Bundan sonra o, Xızı şəhərində yerləşən dükanlardan birində POS-terminal vasitəsilə həmin hesablara pulu ödəmiş və qəbzin şəkillərini “WhatsApp” vasitəsilə Rəna adlı qadının nömrəsinə göndərmişdir. Daha sonra, Rəna adlı qadın 10 dəqiqəyə arayışları ona verəcəyini bildirmişdir. Təxminən yarım saat gözlədikdən sonra Rəna adlı qadınla “WhatsApp” vasitəsilə əlaqə saxlamağa çalışmış, lakin Rənanın mesajları sildiyini və onun hesabını bloklamasını görmüşdür. Bundan sonra, sifarişi verən şəxslə əlaqə saxlamağa çalışsa da, bu mümkün olmamış və Xızı şəhərində aldadıldığını başa düşmüşdür. Sonradan onu aldadaraq pulunu talayan səxsin Şəxs olmasını bilmişdir. Hal-hazırda ona dəymiş ziyan ödənilmədiyindən inzibati xəta törətmiş Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. İşdə olan Xızı RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis baş leytenantı X1 24 oktyabr 2021-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Zərərçəkmiş şəxs 95 manat pulu talayan şəxs və ya şəxslərin müəyyən edilərək inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün Xızı RPŞ-nin aidiyyatı xidmət sahəsinə göndərilmişdir. Həmçinin, həmin qərardan və işin faktiki hallarından görünür ki, Əsgəroğlu (Əsgərov) Elnur Nazim oğlu 14 oktyabr 2021-ci il tarixdə, saat 15:30 radələrində Zərərçəkmiş şəxs aldadaraq, zərərçəkmiş şəxsə ümumilikdə 95 manat məbləğində ziyan vurmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati məsuliyyətə səbəb olan əməldir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə, İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. İnzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini, eləcə də dəymiş zərərin zərərçəkmiş şəxsə ödənilməməsini nəzərə alaraq, onun İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunan Məcəllənin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Eyni zamanda qeyd edirəm ki, Əsgəroğlu (Əsgərov) Elnur Nazim oğlunun 10 noyabr 2021-ci il tarixdə, saat 15:00 radələrində inzibati qaydada tutulması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım : Əsgəroğlu (Əsgərov) Elnur Nazim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 30 (otuz) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 10 noyabr 2021-ci il tarixdən, saat 15:00-dan hesablansın. Əsgəroğlu (Əsgərov) Elnur Nazim oğlu qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xızı rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Zərərçəkmiş şəxs inzibati xətanı törətməsi nəticəsində onlara dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar