Məhkəmə qərarları › İş №3(068)-50/2024

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-50/2024

25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-50/2024 25.11.2024 XIZI RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 24358337 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 24358337 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət ərizəsində göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə etibarnamə əsasında “X8 1840 LS” yük markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Xızı rayonu Giləzi qəsəbəsindən Bakı istiqamətində hərəkətdə olarkən, ŞMS radar vasitəsilə telefonuna Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə 600 manat məbləğində cərimə olunması ilə bağlı sms göndərilmişdir. Cərimə olunmasına səbəb kimi idarə etdiyi avtomobildə olan yük iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşdığı göstərilmiş və həmin nəqliyyat vasitəsində olan yükün çəkisinin 42110 kq olduğu qeyd edilmişdir. Hesab edir ki, Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24358337 saylı qərarı qanunsuz əsassız və ədalətsiz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətində “X8 1840 LS” yük markalı, **-CX-*** dövlət nömrə nişanlı avtomobilin maksimal kütləsi 40000 kq olması qeyd olunmuşdur. Lakin telefonuna gələn SMS radarda guya o, nəqliyyat vasitələrini icazə verilən çəki parametrlərini aşmaqla istifadəsində olan yük maşınına 42110 kq yük yığması göstərilmişdir. Buna görə də barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, EQ 24358337 saylı qərarı qəbul edilərək 600 manat məbləğində cərimə növündə cəza tətbiq edilmişdir. O, nəqliyyat vasitələrinə icazə verilən yük üzrə parametrlərini aşmamış, qeyd olunan inzibati xəta hadisəsini törətməmiş, idarə etdiyi avtomaşında 39900 kq yük olmuşdur. Məhkəmə hazırki iş üzrə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmış qərardan şikayət verən şəxsin və qərarından şikayət verən orqanın nümayəndəsinin məhkəmə iclasına gəlməməsi, hansı səbəbdən məhkəmə iclasında iştirak etməmələri barədə məlumat verməmələrini və onlardan işə baxılmasının təxirə alınmasına dair vəsatətin daxil olmamasını nəzərə alaraq Azərbaycan respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti, habelə iş materiallarında olan və iş materiallarına əlavə edilmiş sənədləri əlaqəli surətdə araşdıraraq belə nəticəyə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 24358337 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 3C:E4:B0:F0:8C:F1 nömrəli kamera vasitəsi ilə çəkilmiş fotoşəkillərdən və elektron tərəzi göstəricilərindən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 20:49:45-də, M-1, yəni Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 65.1-ci kilometrində hərəkətdə olan “X8 1840 LS” yük markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi 42110 (Limit 40000 kq) kiloqram təşkil etmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 24358337 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 20:49:45-də, M-1, yəni Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 65.1-ci kilometrində hərəkətdə olan “X8 1840 LS” yük markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərəkətdə olduğu zaman yəhərli dartıcını icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yolunda idarə edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi səbəbi ilə barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydasının 3-cü hissəsindəki (X1 X5) 2 nömrəli cədvələ əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə və üçoxlu dartıcı ikioxlu yanmqoşqu ilə olan yük avtomobilləri üçün X1 X5 40 tonu aşmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 127-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qərardan şikayət verən şəxs X4 məhkəmə iclasında iştirak etməmiş və nəqliyyat vasitəsinin maksimal kütləsinin müəyyən edilməsi üçün zəruri olan sənədləri məhkəməyə təqdim etməmiş və bununla da şikayətində göstərilən halların tam və ətraflı araşdırılması üçün sübutetmə ilə bağlı vəzifələrini yerinə yetirməmişdir. Bununla yanaşı şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.2 – 135.1.5ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə məhkəmə işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 ağırçəkili nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla, yəni 40 tondan artıq çəkidə olmaqla ümumi istifadədə olan avtomobil yolunda idarə etmişdir. Bu səbəbdən də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 24358337 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə X3 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X2 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Bu səbəbdən də, X2 şikayət təmin edilməməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 24358337 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130, 134 və 135-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 24358337 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar