Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-52/2024 25.11.2024 XIZI RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Xızı RPŞ-nin X8 Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 şikayətlə məhkəməyə müraciət edərək, Xızı RPŞ-nin X8 Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə özünə məxsus “Opel Vectra minik” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Xızı şəhəri, Heydər Əliyev prospektində hərəkətdə olarkən X8i əməkdaşı tərəfindən saxlanılaraq guya Xızı-Giləzi yolunun hansısa hissəsində adını sonradan bildiyi Xızı RPŞnin DYP-nın rəisi Məsim Hüseynzadənin idarə etdiyi şəxsi avtomobilini ötüb keçmişdir. Həmin vaxt öz şəxsi avtomobili ilə geridən gələn M.Hüseynzadə onu saxlayan polis əməkdaşına barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi haqqında göstəriş vermiş və yol polis əməkdaşı tərəfindən rəisinin tapşırığına uyğun olaraq İXM-nin 327.2-ci maddəsinə əsasən protokol tərtib edilərək, barəsində 100 manat məbləğində cərimə və 3 cərimə balı növündə cəza tətbiq edilmişdir. Cərimə olunmağına səbəb kimi əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması göstərilmişdir. Hesab edir ki, Xızı RPŞ-nin X8 bölməsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı qanunsuz, əsassız və ədalətsiz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, protokolda inzibati xətanın törədildiyi tarix xx.xx.2024-cü il, törədildiyi yer isə Xızı, H.Əliyev prospekti göstərilsə də, qeyd olunan tarixdə və yerdə ümumiyyətlə hər hansı bir xəta törətməmiş və DYP əməkdaşları ilə ünsiyyətdə olmamışdır. Kiminsə şəxsi maraqlarına uyğun olaraq barəsində qərəzli inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada izahat verərək, məhkəmədən şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Xızı RPŞ-nin X8 Bölməsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xızı RPŞ-nin X8 X5 Xidməti inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Həmin qərar xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmişdir. Qeyd olunan protokolda isə inzibati xətanın xx.xx.2024-cü il tarixdə, saat 08:46-da Xızı şəhəri, H.Əliyev prospektində törədilməsi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-komputer vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə komputer olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 125.2.1. müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; 125.2.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; 125.2.3. inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1 – 57.5ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. İş materiallarından görünür ki, səlahiyyətli orqan tərəfindən X2 tərəfindən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını qaydasını pozmasına görə İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Həmin qərar xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmişdir. Qeyd olunan protokolda isə inzibati xətanın xx.xx.2024-cü il tarixdə, saat 08:46-da Xızı şəhəri, H.Əliyev prospektində törədilməsi göstərilmiş, iş üzrə qəbul edilən qərar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə elektron kabinetində olan mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 08:49-da göndərilmişdir. “Yol-patrul xidməti haqqında Təlimat”ın 8.7-ci bəndinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs protokolla razılaşmayaraq onu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılmaqla xidmətin sonunda inzibati təcrübə üzrə baş inspektora (inspektora), yaxud bu vəzifə funksional olaraq həvalə edilmiş vəzifəli şəxsə təhvil verilir. Həmin işə xətanın törədildiyi yerdə patrul avtomobilində quraşdırılmış videokameranın görüntüləri əsasında yuxarı vəzifəli şəxs tərəfindən baxılır. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati xətanın törədilməsi faktı xx.xx.2024-cü il tarixdə, saat 08:46-da aşkar edilmişdirsə dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilməli idi, X2 isə izahatında qeyd olunan tarixdə ümumiyyətlə hər hansı bir xəta törətmədiyini və DYP əməkdaşları ilə ünsiyyətdə olmadığını göstərmişdir. Eyni zamanda şikayətə baxılması ilə əlaqədar olaraq, inzibati xəta haqqında protokolun, qərarın, xüsusi texniki vasitələrlə qeydə alınmış foto, səs və ya video materialların məhkəməyə təqdim edilməsi xahiş olunmuş, Xızı RPŞ-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən inzibati xəta haqqında protokolun və qərarın surəti məhkəmə təqdim olunsa da, Giləzi-Xızı yolunun 17-ci km-də videomüşahidə olmadığına görə foto, səs və videonun mövcud olmadığı qeyd olunmuşdur. Halbuki, “Yol-patrul xidməti haqqında Təlimat”ın 4.6-cı bəndinə əsasən patrul avtomobili radio-cihaz vasitəsi, bort-kompüter, videokamera, ilk tibbi yardım qutusu, 2 ədəd yol nişanı, fənər, yanğın söndürən vasitə, hadisə yerini bildirən işıq əks etdirən lent və digər texniki vasitələrlə təchiz olunur. Həmin Təlimatın 4.7-ci bəndinə əsasən YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. Həmin Təlimatın 4.8-ci bəndinə əsasən YPX inspektoru xidməti vəzifəsinin icrası ilə bağlı ona təhkim olunmuş bort-kompüterlərin BDYPİ-nin mərkəzi informasiya sisteminə giriş şifrəsinin məxfiliyini təmin etməlidir. Ona məxsus şifrə vasitəsi ilə mərkəzi informasiya sisteminə daxil olmaqla digər əməkdaşlar tərəfindən hər hansı bir əməliyyatın aparılmasına görə həmin əməkdaşla yanaşı bort-kompüterin təhkim olunduğu YPX inspektoru da məsuliyyət daşıyır. Həmin Təlimatın 5.2-ci bəndinə əsasən xüsusi texniki vasitələri istifadə üçün qəbul etmiş YPX inspektoru onların işlək olmasına görə məsuliyyət daşıyır. Həmin Təlimatın 8.1-ci bəndinə əsasən X8inin yol hərəkətinə nəzarəti həyata keçirməyə səlahiyyətli əməkdaşları tərəfindən videomüşahidə kameraları vasitəsilə qanunvericiliklə nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta aşkar edildikdə xüsusi texniki vasitələrin məlumatları (inzibati xəta hadisəsinin baş verməsini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilməsini sübut edən nəqliyyat vasitəsinin qayda pozuntusunu əks etdirən iki fərqli və dövlət qeydiyyat nişanını əks etdirən bir fotoşəkil və video materiallar) real vaxt rejimində elektron formada birbaşa BDYPİ-nin mərkəzi informasiya sisteminə ötürülür. Həmin Təlimatın 8.2-ci bəndinə əsasən inzibati xəta hadisəsi DYP-nin səlahiyyətli əməkdaşı tərəfindən bilavasitə, o cümlədən xüsusi texniki vasitələrin (foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar istisna olmaqla) köməyi ilə aşkar edildikdə onun törədilməsində təqsirli hesab edilən şəxs barədə protokol və ya qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 noyabr 2016-cı il tarixli, 466 nömrəli qərarı ilə təsdiq edilmiş əlavələrə uyğun olaraq sürücülük vəsiqəsi və ya şəxsiyyəti təsdiq edən sənəd əsasında tərtib edilir. Qanunvericiliyin məzmunundan göründüyü kimi İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın hər hansı sübutlar təqdim edilmədən araşdırılması mümkün deyildir. Belə ki, nəqliyyat vasitəsinin əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması videogörüntü olmadan müəyyən edilməsi mümkün deyildir. X1 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə qərarda və inzibati xəta haqqında iş üzrə protokolda belə bir sübutdan istifadə edilməsi öz əksini tapmamışdır. Hazırki iş üzrə isə səlahiyyətli şəxs tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl edilməmiş, nəticədə formal mülahizələrə əsaslanmaqla əsassız qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi X1 üzərinə düşmədiyindən və sonuncu tərəfindən İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini təsdiq edən sübut müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, onun xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar əsasında Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qanunsuzdur. Belə ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas olmuş hadisənin, yəni X1 04 noyabr 2024-cü il tarixdə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydasını pozmasını müəyyən etmək mümkün deyildir. Eyni zamanda, şikayətçi tərəfindən təqdim edilmiş foto şəkillərdən görünür ki, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarda və inzibati xəta haqqında iş üzrə protokolda xətanın törədilmə yeri kimi göstərilmiş Xızı şəhəri, H.Əliyev prospektində ümumiyyətlə əks istiqamətli hərəkət zolağına çıxmaq mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinin tələblərinə görə inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsinin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblərdən biridir. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati icraat zamanı Xızı RPŞ-nin X8 X5 Xidməti inspektoru X4 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ceyhun İsgəndərova öz izahatını vermək və inzibati xəta haqqında protokolda qeydlərini aparmaq şərait yaradılmamış, həmin şəxsə tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir; protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Bu Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxsin) İXM ilə müəyyən edilmiş tələblərin, işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, X1 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasını təsdiq edən sübut olmadan formal mülahizələrə əsasən onu inzibati məsuliyyətə cəlb etmişdir. Ona görə də, şikayət təmin edilərək Xızı RPŞ-nin X8 X5 Xidməti inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130, 134 və 135-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilsin. X1 İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə cərimə olunmasına dair Xızı RPŞ-nin X8 X5 Xidməti inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №3(068)-52/2024
Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-52/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver