Məhkəmə qərarları › İş №3(068)-53/2025

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-53/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-53/2025 17.06.2025 XIZI RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs, xx.xx.1972-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs (AA*******) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, Xızı rayonu Qızıldərə adlanan ərazidə fəaliyyət göstərən “Ceyhun” kəndli fermer təsərrüfatının sahibi Şəxs formalaşan çirkab tullantı sularını kənara təyinatsız axıtmışdır. Qeyd edilən material üzrə vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə 14 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Xızı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Xızı rayonu Şorabad qəsəbəsi ərazi dairəsinin Qızıldərə adlanan ərazisində fəaliyyət göstərən “Ceyhun” kəndli fermer təsərrüfatının sahibi Şəxs tərəfindən tövlədə saxlanılan mal-qaranın ifraz etdiyi sidik və nəcisinin düzgün emal olunmadığı üçün kanala axıtması, sanitar-epidemioloji qaydaların pozulması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron poçt ünvanına şikayət daxil olmuş və icra üçün 4 saylı RETSİ-nə göndərilmiş müraciət yerində araşdırılmışdır. Baxış keçirilən zaman ərazidə yerləşən heyvandarlıq fermasının yaxınlığından keçən kanal ərazisinə çirkab tullantı sularının axıdılması halları müşahidə olunmasa da, fermada formalaşan çirkab tullantı sularının təmizlənmədən birbaşa fermanın arxasından çəkilmiş plastik boru xətti ilə təyinatsız olaraq torpaq əraziyə axıdılması faktı müəyyən edilmişdir. Aşkar olunmuş faktla bağlı iştirakçılarla bir yerdə akt tərtib olunmuş, sonra protokol hazırlanaraq rəhbərliyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs verdiyi izahatında protokolla razı olmadığını bildirərək, göstərdi ki, ona məxsus kəndli fermer təsərrüfatından çıxan çirkab tullantı sularının axıdılması üçün ayrıca kanalizasiya xətti mövcud olmadığından, həmin çirkab sular uzunluğu 150 metr olan plastik boru xətti ilə fermanın arxa həyətində qazılmış torpaq çalaya, yəni şanboya axıdılır. Mal-qara həmin ərazidən keçərkən qazılmış həmin çalanı tapdaladığından tullantı suları kənara axmışdır. Lakin, qazılmış torpaq çalanın şanbo sayılmadığını bilməmişdir. Odur ki, barəsində ədalətli inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 14 may 2025-cü il tarixli, 91343 nömrəli aktından görünür ki, İdarənin 14 may 2025-ci il tarixli, 0077 saylı sərəncamına əsasən Xızı rayonu Şorabad qəsəbəsi ərazi dairəsinin Qızıldərə adlanan ərazisində Ceyhun adlı şəxs tərəfindən qeyri-qanuni təşkil olunmuş sahibkarlıq obyektinə aid tövlədə saxlanılan malqaranın ifraz etdiyi sidik və nəcisinin düzgün emal olunmadığı üçün kanala axıtması, sanitar-epidemioloji qaydaların pozulması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron poçt ünvanına daxil olmuş və icra üçün 4 saylı RETSİ-nə göndərilmiş müraciət Şəxs iştirakı ilə yerində araşdırılmışdır. Araşdırmada iştirak etməsini təmin edilməsi üçün şikayətçi Xasay Rüstəmovun mobil telefon nömrəsinə (***-***-**-**) zəng edilərək, onunla əlaqə yaradılsa da, həmin şəxs telefon vasitəsilə işlə bağlı araşdırmada iştirak edə bilməyəcəyini, eyni zamanda ünvana cavab məktubunun göndərilməsinə ehtiyac olmadığını bildirmişdir. Araşdırmada iştirak edən fermanın sahibi Şəxs yazılı izahat verərək işlətdiyi fermanın çirkab tullantı sularının kanala deyil, fermanın arxasından çəkilmiş plastik boru xətti ilə ərazidə qazılmış torpaq çalaya axıdıldığını, atası rəhmətə getdiyi üçün ferma sənədlərinin öz adına keçirmək və yeniləmək üçün Xızı rayon Memarlıq və Şəhərsalma İdarəsinə verildiyini bildirmişdir. Baxış keçirilən zaman Xızı rayon Qızıldərə adlanan ərazidə yerləşən heyvandarlıq fermasının yaxınlığından keçən kanal ərazisinə çirkab tullantı sularının axıdılması halları müşahidə olunmamış, lakin araşdırma zamanı fermada formalaşan çirkab tullantı sularının təmizlənmədən birbaşa fermanın arxasından çəkilmiş plastik boru xətti ilə təyinatsız olaraq torpaq əraziyə axıdılması faktı müəyyən edilmişdir. Bununla da “Ceyhun” kəndli fermer təsərrüfatının sahibi Şəxs tərəfindən Azərbaycan Respublikası Su Məcəlləsinin 45-ci və 103-cü maddələrinin tələbləri pozulmuşdur. Ərazidən çəkilən fotoşəkillər akta əlavə olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi inzibati xəta haqqında işin materialları ilə tam sübut olunduğundan o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən tullantı suları - istehlakçıların istifadə edərək çirkləndirdiyi sular, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinə əsasən su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.2.5-ci bəndinə əsasən tullantı suları istehlakçıların istifadə edilərək çirkləndirdiyi, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Həmin Qaydaların 9.1 - 9.2-ci bəndlərinə əsasən tullantı suları yalnız kanalizasiya şəbəkəsi vasitəsilə axıdılmalıdır. İstehsalat tullantı sularının axıdılmasına aid məsələlərin həlli hər bir halda STKM (su təchizatı və kanalizasiya müəssisəsi) tərəfindən təmin olunmalıdır. Şərti təmiz sular təsərrüfat-məişət kanalizasiya sisteminə STKM ilə bağlanılmış müqaviləyə əsasən və kanalizasiya şəbəkələrinin və təmizləyici qurğularının gücü, həmçinin axıdılan suyun həcmi nəzərə alınmaqla axıdıla bilər. Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinə görə içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, qanunla maye tullantıların kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması qadağan olunmuş və buna görə məsuliyyət nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə müəyyən olunduğu kimi qanunun göstərilən tələbi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən pozulmuşdur, yəni ferma təsərrüfatı zamanı tövlədə formalaşan çirkab tullantıların torpaq əraziyə axıdılması müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd”inə görə dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında özünü təqsirli bilmədiyini, fermanın çirkab tullantı sularının kənara təyinatsız axıtmadığını, fermanın arxasından çəkilmiş plastik boru xətti ilə ərazidə qazılmış torpaq çalaya, yəni şanboya axıdıldığını göstərsə də, bu barədə hər hansı sübut təqdim edə bilməmiş, əksinə hazırda ərazidə işlək şanbonun olmadığını və tullantı sularının kənara təyinatsız axıdılmasını öz izahatında təsdiq etmişdir. Məhkəmə Şəxs dəlillərini özünümüdafiə məqsədilə verilmiş hesab edir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun xəta törətdiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə inzibati cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə eyni zamanda qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı hallar aşkar edilməmişdir. Belə olan halda, İXM-in 262.2.3-cü maddəsinin sanksiyasında səkkiz yüz manatdan min manatadək məbləğdə inzibati cərimə tənbehinin tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 262.2.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 800 (səkkiz yüz) manat inzibati cərimə tənbehi tətbiq edilməsi ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar