Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-57/2023 26.12.2023 XIZI RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi ünvanı Xızı rayonu, Yeni Yaşma kəndi olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC tərəfindən alqı-satqı yolu ilə xx.xx.2023-cü il tarixli, **********9899 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində 3712,03 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti ixracatçının müvəkkil bankında olan hesabına köçürülməsi təmin edilməmişdir. Buna görə də, Sumqayıt Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsilə 04 dekabr 2023-cü il tarixli, 00700-00280/23 nömrəli protokol tərtib edilərək baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan materiala baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə hüquqlarını təmsil etdiyi MMC-ni İXM-nin 483-cü maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, 14 aprel 2023-cü il tarixli, **********9899 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Rusiya Federasiyasına ixrac edilən malların müqabilində qalıq qalan 3712,03 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti müvəkkil bankdakı hesablarına köçürülməli idi. Bu barədə onlara Sumqayıt Gömrük İdarəsindən xəbərdarlıq məktubu da gəlmişdir. Lakin Rusiya Federasiyasında fəaliyyət göstərən banka sanksiyalar tətbiq olunduğundan pul vəsaitinin köçürülməsi gecikdirilmişdir. Belə ki, Rusiya Federasiyasında belə bir qanun var ki, müqavilə bağlanarkən hansı bankla işləməyə başlamısansa, sonradan həmin müqaviləni başqa banka qeydiyyata salmaq olmur. Buna görə də məcbur olub digər şəxsə verilmiş etibarnamə əsasənda həmin məbləğ 21 noyabr 2023-cü il tarixdə banka köçürülmüşdür. Göründüyü kimi hazırda Cəmiyyətlərinin hərəkətlərində onun inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsinə əsas olan hal mövcud deyildir. Odur ki, nümayəndə iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs MMC tərəfindən İXMnin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan və əlavə olunmuş mötəbər sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən alqı-satqı yolu ilə xx.xx.2023-cü il tarixli, **********9899 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində 3712,03 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti ixracatçının müvəkkil bankında olan hesabına köçürülmədiyi öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC gömrük dəyəri 19250 ABŞ dolları olan 17500 kq yararlı taxta yeşiklərdə təzə pomidor məhsulunun 14 aprel 2023-cü il tarixdə göndərilməsini bəyan etmişdir. İş materiallarında olan 16 oktyabr 2023-cü il tarixli raportdan görünür ki, Şəxs MMC alqı-satqı yolu ilə xx.xx.2023-cü il tarixli, **********9899 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində qaytarılmalı olan 3712,03 ABŞ dolları məbləği müvəkkil bank hesabına köçürülmədiyi müəyyən olunmuşdur. İş materiallarında olan Sumqayıt Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan və "xxxx" MMC-nin göndəriş qəbzindən görünür ki, Şəxs MMC bəyannamələr üzrə ixrac etdiyi malların müqabilində vəsaitlərin bankda olan hesablarına köçürülməməsi barədə xəbardar edilmişdir. İş materiallarında olan Sumqayıt Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli bildiriş məktubundan və "xxxx" MMC-nin göndəriş qəbzindən görünür ki, Şəxs MMC bəyannamələr üzrə ixrac etdiyi malların müqabilində vəsaitlərin 10 gün müddətində bankda olan hesablarına köçürülməsi barədə xəbardar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixində etibarnamələrdən və bank hesabından çıxarışdan görünür ki, Şəxs MMC-nin tərəf müqabili olduqları şirkətin rəhbərliyi tərəfindən X5 və X2 etibarnamələr verilməklə 3712,03 ABŞ dolları məbləğində pul vəsaiti xx.xx.2023-cü il tarixində MMC-nin müvəkkil bankının hesabına köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyətlərini və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquqlarını və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına; görə məsuliyyəti müəyyən edir. Həmin Qanunun 1-ci maddəsinin 9-cu hissəsinin “a” bəndində cari valyuta əməliyyatlarından biri kimi malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi; 10-cu hissəsinin “q” bəndində isə malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə 180 gündən artıq müddətə ödəniş möhlətinin verilməsi və alınması göstərilmişdir. Azərbaycan Respublikasında bütün rezidentlər və qeyri-rezidentlər tərəfindən idxalixrac əməliyyatlarının həyata keçirilməsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlar, o cümlədən Qaydalarla tənzimlənir. Qeyd edilməlidir ki, ixracda hesablaşmaları tənzimləyən Qaydaların 12-ci bəndinə hesablaşma üsulları ilə bağlı bir neçə dəyişiklik edilmişdir. Belə ki, yeni tələblərə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər (Qaydaların 12.1 və 12.2-ci bəndləri). Qeyd edildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Malların (işlərin, xidmətlərin) ixracı zamanı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas ixrac edilən malların müqabilində məcburi qaydada köçürülməli olan az miqdarda vəsaitin həmin malların bəyan olunduğu gündən Qaydaların 12.2-ci bəndində müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Bu halda mallar (işlər, xidmətlər) bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il tarixli qərarında göstərilmişdir ki, 1) “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. 2) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. 3) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. İnzibati məsuliyyətin yaranması üçün iki əsas nəzərdə tutulmuşdur: xarici valyuta vəsaitinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilməsi; əldə edilmiş və məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmaması. Həmin maddədə nəzərdə tutulan inzibati xətanın obyektiv cəhəti məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmamasında ifadə olunur. Bu əməl həmin şəxslər tərəfindən hərəkət və ya hərəkətsizliklə törədilə bilər. Məhkəməyə təqdim edilən sənədlərdən göründüyü kimi, Sumqayıt Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsi tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş 04 dekabr 2023-cü il tarixli, 00700-00280/23 nömrəli inzibati xəta haqqında protokol alqı-satqı yolu ilə xx.xx.2023-cü il tarixli, **********9899 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində 3712,03 ABŞ dolları məbləğində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankında olan hesabına köçürülməsi təmin etməməsini nəzərdə tutur. Məsələyə yuxarıda təsvir edilən qaydada hüquqi qiymət verildikdə, MMC tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində, yəni ən gec halda 14 oktyabr 2023-cü il tarixə kimi təmin olunmalı idi və bu səbəbdən növbəti gün, yəni 15 oktyabr 2023-cü il artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Həmin məbləğ isə müvəkkil banka inzibati xətanın törədildiyi gündən sonra, yəni 21 noyabr 2023-cü il tarixdə köçürülmüşdür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2023-cü il tarixli, **********9899 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən 19250 ABŞ dolları məbləğində malların dəyərinin bir qismi 180 gün ərzində Rusiya Federasiyasından müvəkkil banka köçürüldüyündən, qalan 3712,03 ABŞ dollarının isə vaxtında banka köçürülməməsi Rusiya Federasiyasında fəaliyyət göstərən banklara tətbiq olunmuş sanksiyalarla əlaqədar olması həqiqəti əks etdirmir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin izahatında göstərdiyi bu dəlillər əsaslı hesab edilə bilməz. Belə ki, nümayəndə Rusiya Federasiyasında olan Alfabanka sanksiya tətbiq olunduğuna görə pul vəsaitinin köçürülməsinin gecikdiyini bildirsə də, onun məhkəməyə təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, Sumqayıt Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsi tərəfindən MMC xx.xx.2023-cü il tarixli xəbərdarlıq və xx.xx.2023-cü il tarixli bildirişlə məlumatlandırıldıqdan sonra tərəf müqabili olduqları şirkətlə əlaqə saxlamış və həmin şirkətin rəhbərliyi tərəfindən müxtəlif şəxslərə (X5 və X4) xx.xx.2023-cü il tarixində etibarnamələr verilməklə pul vəsaiti xx.xx.2023-cü il tarixində MMC-nin müvəkkil bankının hesabına köçürülmüşdür. Bundan belə nəticəyə gəlmək olar ki, MMC qanunvericiliklə müəyyən olunmuş müddət ərzində yuxarıda qeyd olunan üsuldan istifadə etməklə pul vəsaitinin vaxtında köçürülməsinə nail ola bilərdi. Pul vəsaitinin vaxtında köçürülməməsi ondan asılı olmayan səbəblərdən baş tutmaması dəlili də buna görə məhkəmə tərəfindən MMC-nin təqsirsizliyinin əsası kimi qəbul edilmir. İXM-nin 483-cü maddədə nəzərdə tutulan inzibati xətanın obyektiv cəhəti məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmamasında ifadə olunur və bu əməl Şəxs MMC tərəfindən hərəkətsizliklə törədilmişdir. Odur ki, Şəxs MMC İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun törədilmə halını və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs MMC-yə İXM-nin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 3712,03 ABŞ dolları pul vəsaitinin 30 (otuz) faizi məbləğində, yəni 1113,61 (bir min yüz on üç dollar, altmış bir sent) ABŞ dolları məbləğində ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №3(068)-57/2023
Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-57/2023
26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver