Məhkəmə qərarları › İş №3(068)-6/2021

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-6/2021

10.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-6/2021 10.01.2021 XIZI RAYON MƏHKƏMƏSİ Xızı Rayon Məhkəməsinin hakimi vəzifəsini icra edən X1 oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, inzibati protokolu tərtib edən şəxs- Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi Məmmədov Əsəd Rövşən oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Muradova (Məmmədova) Çinarə Teyyub qızının iştirakı ilə, xx xxx 1997-ci il tarixdə Yevlax rayonunun Kövər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Yevlax rayonunun Kövər kəndində qeydiyyatda olan və Xızı rayonu, Giləzi qəsəbəsində müvəqqəti yaşayan Muradova (Məmmədova) Çinarə Teyyub qızının (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Xızı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Muradova (Məmmədova) Çinarə Teyyub qızı xx xxxxxx 2021-ci il tarixdə, saat 19:00 radələrində Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində yerləşən «Laçın» kafesində müştərilərə yerində xidmət göstərərək, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən müəyyən edilmiş xüsusi karantin rejimi qaydalarını pozmuşdur. Bu barədə Xızı rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Məmmədov Əsəd Rövşən oğlu tərəfindən xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Xızı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati protokolu tərtib edən şəxs - Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi Məmmədov Əsəd Rövşən oğlu tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Muradova (Məmmədova) Çinarə Teyyub qızı özünü İXM-nin 211.1-ci maddəsi ilə tam təqsirli bilərək izahatında göstərdi ki, Yevlax rayonunun Kövər kəndində qeydiyyatda olsa da, Xızı rayonunun Giləzi qəsəbəsində müvəqqəti yaşayır və 1 il 6 aydır qəsəbə ərazisində yerləşən «Laçın» kafesində ofisant kimi işləyir. xx xxxxxx 2021-ci il tarixdə axşam saatlarında işlədiyi kafedə olmuş və hava soyuq olduğundan yoldan keçən yük avtomobillərin sürücüləri orada dayanaraq çay içmişlər. Həmin vaxt Xızı rayon Polis Şöbəsinin əməkdaşları kafeyə gələrək, onu, kafenin icarədarını və müştərilərini karantin rejimi qaydalarını pozmasına görə saxlamışlar. Maddi vəziyyəti çətin olduğundan məcbur olub həmin gün ofisant kimi işləmişdir. Hal-hazırda özünü törətdiyi əmələ görə təqsirli bilir və əməlindən səmimi peşmançılıq çəkir, ona daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İşdə olan sənədlərdən, o cümlədən müvafiq raportdan görünür ki, Muradova (Məmmədova) Çinarə Teyyub qızı xx xxxxxx 2021-ci il tarixdə, saat 19:00 radələrində Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində yerləşən «Laçın» kafesində müştərilərə yerində xidmət göstərərək, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən müəyyən edilmiş xüsusi karantin rejimi qaydalarını pozmuşdur. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Muradova (Məmmədova) Çinarə Teyyub qızının İXM-nin 211.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması inzibati məsuliyyətə səbəb olan əməldir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli, 488 nömrəli “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərarının 1.2-ci bəndinə əsasən 2020ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bu Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılıq çəkməsi və qadın olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən qadın olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, eləcə də, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, Muradova (Məmmədova) Çinarə Teyyub qızı barəsində İXM-nin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, eyni zamanda qeyd edir ki, Muradova (Məmmədova) Çinarə Teyyub qızı xx xxxxxx 2021-ci il tarixdə saat 20:15-dən inzibati qaydada tutulmuş, daha sonra azad olunmamışdır. Hazırda, İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən Şəxs (Məmmədova) barəsində tutma da ləğv edilməli və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilməklə, onun barəsində tətbiq ediləcək inzibati cərimə cəzası bu inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı : Muradova (Məmmədova) Çinarə Teyyub qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat inzibati cərimə edilsin. Muradova (Məmmədova) Çinarə Teyyub qızı barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar