Məhkəmə qərarları › İş №3(068)-61/2025

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-61/2025

25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-61/2025 25.06.2025 XIZI RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28120106 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28120106 nömrəli inzibati tənbeh vermə haqqında qərardan Qobustan Rayon Məhkəməsinə şikayət verərək həmin qərarların ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(026)-162/2025 nömrəli qərardadı ilə şikayətçi X3 tərəfindən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28120106 nömrəli qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair verilmiş şikayəti iş materialları ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət ərizəsində göstərilmişdir ki, X3 "xxxx" MMC-də sürücü vəzifəsində çalışır və şirkət tərəfindən verilmiş yol vərəqəsi ilə “X6 1843 yük” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınını idarə edir. Vəzifəsi müəyyən şirkətlərindən gəlmiş sifariş əsasında qaima ilə yüklənmiş malları digər filiallara aparıb təhvil verməkdən ibarətdir. Maşına mal yüklənəndə çəki ilə bağlı tərəzi qəbzi verilir və maşın boşaldılanda da bununla bağlı qaimə verilir. xx.xx.2025-ci il tarixdə şirkətdən verilmiş sifariş əsasında SPARK MMCdən avtomaşına 39.540 kq şebel yüklənmiş və bununla bağlı ona tərəzi qəbzi verilmişdir (Tərəzi qəbzi ərizəyə əlavə olunur). Məlum olduğu kimi 40.000 kq dan artıq yük olduqda cərimə tənbehi nəzərdə tutulduğu üçün o, avtomaşına heç vaxt həmin çəkidə yük vurmur və işlədiyi şirkətdə də bu qadağan edilir. O, həmin yükü boşaltmaq üçün xx.xx.2025-ci il tarixində, saat 15.12-də M-1 65.1 km Xızı rayonu Giləzi qəsəbəsi Bakı istiqaməti ərazisində hərəkətdə olarkən guya avtomaşında olan yükün çəki baxımından 42.580 kq olması barədə ona sms gəlmiş və bununla bağlı Azərbaycan Respublikası İXM-nin 353.5ci maddəsi ilə EQ 28120106 saylı inzibati protokolun tərtib olunması bildirilmişdir. Həmin protokolun əsasında inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş, həmin qərara əsasən o, Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsinə əsasən 1200 manat məbləğində inzibati cərimə olunmuşdur. Hesab edir ki, xx.xx.2025-ci il tarixdə tərtib edilən EQ 28120106 saylı inzibati protokol və onun əsasında inzibati tənbeh vermə haqqında qərar tam qanunsuz və əsassızdır. Belə ki, ona cərimə yazılmasına baxmayaraq həmin yükü xx.xx.2025-ci il tarixində SPARK MMC-nin Yasamal filialına təhvil verərkən də çəki 39.380 kq olmuş və bununla bağlı ona elektron qaimə verilmişdir. Yəni hansısa texniki nasazlıq səbəbindən ona artıq çəki olması barədə protokol tərtib olunmuş və əsassız cərimə olunmuşdur. Həmçinin, barəsində inzibati qərar tərtib olunmasına baxmayaraq, onun bir surəti rəsmi qaydada verilmiş, onun Baş Dövlət Yol Polis İdarəsinə zəng vurduqdan sonra məcbur olub barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın bir nüsxəsini ona təqdim etmişlər. Göründüyü kimi onun barəsində tərtib olunmuş protokolun və həmin protokol əsasında qəbul edilmiş qərarın heç bir hüquqi qüvvəsi yoxdur və bu səbəbdən də həmin qərar ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun izahat verərək, Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28120106 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibat tənbeh vermə haqqında qərarından şikayət verilmiş orqana məhkəmə iclasının keçirilmə vaxtı və yeri barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilsə də, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, nümayəndəsinin hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə işə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025ci il tarixli, EQ seriyalı, 28120106 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatın təqdim edilməsi barədə cavab məktubundan və “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsi tərəfindən verilmiş “Ölçmə vasitələrinin yoxlanılması haqqında Şəhadətnamə”dən görünür ki, Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 65.1 - ci km-də (Bakı istiqaməti) quraşdırılmış hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin müvafiq sertifikatı, metroloji sınaqdan keçməsinin tarixi və təmir olunub-olunmaması barədə məlumatların təqdim edilməsinə dair 24 yanvar 2025-ci il tarixli 5-128/2-9/2025 nömrəli məktuba Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində baxılmışdır. Sözügedən ərazidə qurulmuş iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitəsinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini ölçən elektron tərəzinin hərəkət halında çəki ölçmə nəzarət sistemi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Metrologiya İnstitutu tərəfindən 13 sentyabr 2024-cü il tarixində yoxlanılmış və “Ölçmə vasitələrinin yoxlanılması haqqında Şəhadətnamə” (əlavə olunur) təqdim edilmişdir. Hazırkı vaxtadək elektron tərəzidə təmir işləri aparılmamışdır. Elektron tərəzilərin Azərbaycan Metrologiya İnstitutu tərəfindən növbəti yoxlama tarixi 13 sentyabr 2025-ci il tarixində həyata keçiriləcəkdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28120106 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 15:12:08-də, M-1, 65.1-ci km, Xızı rayonu, Giləzi kəndi, Bakı istiqamətində hərəkətdə olan “X6 1843 Yük” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərəkətdə olduğu zaman yəhərli dartıcını icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yolunda idarə edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi səbəbi ilə X3 barəsində 1200 (min iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - Səlahiyyətli şəxs tərəfindən imzalanmayan tərəzi qəbzindən görünür ki, **-JN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi daşıdığı yüklə birlikdə 39540 kqdır. - "xxxx" MMC-nin Yasamal filialı tərəfindən verilmiş, lakin səlahiyyətli şəxs tərəfindən imzalanmayan tərəzi məlumat vərəqindən görünür ki, **-JN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi daşıdığı yüklə birlikdə 39380 kq-dır. - “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsi tərəfindən verilmiş məktubdan görünür ki, "xxxx" MMC-nin Yasamal və Elit filiallarında, eləcə də Quba rayonunda fəaliyyət göstərən “Yüksək Ticarət" MMC-də quraşdırılmış elektron tərəzilər ilə əlaqədar sözügedən müəssisələr tərəfindən AzMİ-yə heç bir müraciət daxil olmamış və buna uyğun olaraq metroloji xidmət göstərilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 353.5-ci maddəsinə əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə - fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 127-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 ağırçəkili nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla, yəni 40 tondan artıq çəkidə olmaqla ümumi istifadədə olan avtomobil yolunda idarə etmişdir. Bu səbəbdən də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28120106 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1200 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X3 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28120106 nömrəli inzibati xəta haqqında qərarın əsassız olmasını maşında olan yükün idarə etdiyi yük maşını üçün normadan artıq olmayan yük hesab etməsi ilə əlaqələndirsə də, bu hallar onun hazırki inzibati xətanın törədilməsində təqsirli olmamasına dair şübhələrin yaranması üçün əsas deyildir. Çünki, şikayətçi X3 idarə etdiyi yük maşınında daşıdığı yükün icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini təsdiq edən 40000 kiloqramlıq yükdən az olmasına dair sübutları (səlahiyyətli şəxs tərəfindən imzalanmayan və Azərbaycan Metrologiya İnstitutu tərəfindən yoxlanılmamış elektron tərəzilərin tərəzi qəbzləri) reallığa uyğun olmadığından sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.2 – 135.1.5ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə X2 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X1 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28120106 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunidir, işin faktiki hallarına uyğundur və iş üçün əhəmiyyətli hallar sübuta yetirilmişdir, inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Bu səbəbdən də, X1 şikayət təmin edilməməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28120106 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130, 134 və 135-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28120106 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar