Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-67/2025 28.07.2025 XIZI RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi, İsayeva Kəmalə Zakir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs - "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin Yol Xidmətinin 14 nömrəli X2 yol sahəsinin rəisi Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə Xızı rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xızı rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əsasən vəzifəli şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin Yol Xidmətinin 14 nömrəli X2 yol sahəsinin rəisi Şəxs tərəfindən “Elektrik əl maşınları. Ümumi təhlükəsizlik tələbləri” 12.2.013.0-91 saylı DST-nin 1 saylı əlavəsinin 1-ci bəndinin tələbləri pozulmuşdur. “Elektrik əl maşınları. Ümumi təhlükəsizlik tələbləri” 12.2.013.0-91 saylı DSTnin 1 saylı əlavəsinin 1-ci bəndinin tələbləri pozularaq elektrik əl maşınlarının istismarına dair istehsalat təlimi keçməmiş və təhlükəsizlik texnikası üzrə ixtisas dərəcəsi olmayan işçinin həm avadanlıqdan istifadə etməklə kəsim işlərinin görülməsinə cəlb olunduğuna görə, 07 aprel 2025-ci il tarixdə çilingər vəzifəsində işləyən Zərərçəkmiş şəxs iş vaxtı əlində olan laqonda ilə relsi kəsən zaman rels laqondanı sıxdığı üçün laqonda əlindən çıxaraq sinəsinə dəyərək döş qəfəsinin ön səthinin sol yarısının yumşaq toxumaların əziyi ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid "döş qəfəsinin ön səthinin sol yarısının yumşaq toxumaların əziyi” xəsarətini almış, yəni texniki-təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərər vurulması inzibati xətasını törətmişdir. Bu barədə Xızı rayon prokuroru, ədliyyə müşaviri Xəyalə Aslanova tərəfindən xx.xx.2025-ci il tarixli qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmənin əvvəlki iclasında iştirak edən Xızı rayon prokurorunun köməkçisi X3 inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərarın məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada özünü təqsirli bilməyərək izahatında və məhkəməyə təqdim etdiyi yazılı etirazında göstərmişdir ki, 07 aprel 2025-ci il tarixdə Zərərçəkmiş şəxs Elbrus oğlu iş yerində olmuş və hər hansı bir xəsarət alması barəsində nə özü məlumat verməmiş, nə də iş yoldaşları onun xəsarət almasını görməmişlər. Zərərçəkmiş şəxs tibb müəssisəsinə 09 aprel 2025-ci il tarixdə müraciət etmiş, tibb müəssisəsində yalnız sonuncunun sözlərinə əsaslanaraq xəsarət alması barədə qeyd aparılmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs müayinəsində dəqiq diaqnostik üsullardan istifadə edilməsinə dair heç bir məlumat yoxdur. Həmçinin Zərərçəkmiş şəxs 07 aprel 2025-ci il tarixdə xəsarət aldığını tibb müəssisəndə bildirmiş, lakin 09 aprel 2025-ci il tarixə kimi 2 gün ərzində hansı səbəbdən müayinə olunmaması araşdırılmamışdır. Bütün bunlar Zərərçəkmiş şəxs işəgötürənə qarşı qərəzli mövqeyini təcəssüm etdirir. Belə ki, Zərərçəkmiş şəxs vəzifə öhdəliklərinə kiçik mexanizmləri və daşınması mümkün olmayan alətlərin məntəqələrdə təmir edilməsi daxildir və həmin şəxs gündəlik cari təlimatlandırılmış, habelə giriş, ilkin təlimatları keçirilmiş və texniki təhlükəsizlik qaydalarına dair lazımi təlimatlandırmalar aparılmışdır. Eyni zamanda Zərərçəkmiş şəxs texniki təhlükəsizlik qaydaları barədə müvafiq təlimatlar verilmiş və iş mühiti təhlükəsizlik standartlarına uyğun olmuşdur. Buna baxmayaraq, prokurorluq bu faktları qiymətləndirməmiş, qərar qəbul edilərkən əməlində inzibati xəta tərkibinin olub-olmaması, inzibati xəta törətməkdə təqsirinin olub-olmaması müəyyən edilməmiş və nəticədə Xızı rayon prokurorluğu tərəfindən natamam və birtərəfli qaydada aparılmış əsassız araşdırma əsasında qərar qəbul edilmişdir. Odur ki, əməlində inzibati xəta tərkib əlamətləri olmadığından və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozulmadığından barəsində Xızı rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında və məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, o, 04 yanvar 1994-cü ildən Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin 14 nömrəli Tağıyev yol sahəsinin emalatxanasında çilingər vəziləsində çalışır. 14 nömrəli Tağıyev yol sahəsinə sahə rəisi vəzifəsini edən Şəxs gəldiyi 13 ay müddətində onunla qərəzli mövqe tutaraq, vəzifəsindən sui - istifadə edərək ona dolayı yollarla işgəncələr vermiş, onu vəzifəsinə uyğun olmayan işlərə göndərmişdir. Belə ki, 31 ildir bu vəzifədə çalışır, öz vəzifəsinin öhdəsindən yaxşı gəlir, heç vaxtı da iş üstündə xəsarət almamışdır. Sahə rəisi Şəxs dayısına arxalanaraq onun hüquqlarını tapdalamış, bilərəkdən qeyri - qanuni olaraq işlərə göndərdiyi vaxtlarda xəsarətlər almışdır. O da, işini itirməmək üçün hansı işlərə göndərirdisə həmin işlərə getmək məcburiyyətində qalırdı. 07 aprel 2025-ci tarixdə də, qanunsuz olaraq onu Giləzi stansiyasına laqonda ilə reys kəsməyə göndərərkən iş vaxtı sol döş qəfəsindən xəsarət alaraq 11 gün həkim nəzarətində ambulator şəraitdə müalicələr almışdır. Bundan əlavə 01 may 2025-ci il tarixdə Şəxs tərəfindən qanunsuz olaraq 14 nömrəli Tağıyev yol sahəsi idarəsinin həyətində ağacları əhəngləyərkən də, sağ gözünə əhəng sıçramış, bu günə kimi həmin gözündən müalicələr alır və artıq sağ gözü yaxşı görmür. Bütün bunlar isə Xızı rayon prokurorluğunda tam araşdırılmamışdır. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə Xızı rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın ləğv edilərək, işin yenidən obyektiv araşdırılması üçün prokurorluğa qaytarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X5 canlı şəxsin ekspertizasına dair xx.xx.2025-ci il tarixli, 456 nömrəli rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - döş qəfəsinin ön səthinin sol yarısının yumşaq toxumaların əziyi küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər, müddəti zərərçəkənin müayinəsindən 2-3 gün əvvəl olmaqla 07 aprel 2025-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2025-ci il tarixli, 10/3975 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, elektrik əl maşınlarının istismarına dair istehsalat təlimi keçməmiş və təhlükəsizlik texnikası üzrə ixtisas dərəcəsi olmayan işçinin həm avadanlıqdan istifadə etməklə kəsim işlərinin görülməsinə cəlb edilməsi hadisənin baş verməsini şərtləndirmişdir. Baş vermiş hadisə ilə əlaqədar “Elektrik əl maşınları. Ümumi təhlükəsizlik tələbləri” 12.2.013.0-91 saylı DST-nin 1 saylı əlavəsinin 1-ci bəndinin tələbləri pozulmuşdur. Elektrik əl maşınlarının istismarına dair istehsalat təlimi keçməmiş və təhlükəsizlik texnikası üzrə ixtisas dərəcəsi olmayan Zərərçəkmiş şəxs həm avadanlıqdan istifadə etməklə işlərinin görülməsinə cəlb edildiyinə görə “Elektrik əl maşınları. Ümumi təhlükəsizlik tələbləri” 12.2.013.0-91 saylı DST-nin 1 saylı əlavəsinin 1-ci bəndinin tələbləri sonuncunun həmin işin görülməsinə cəlb etmiş şəxs(lər) tərəfindən pozulmuşdur (konkret şəxs(lər) araşdırılmalarla istintaq tərəfindən müəyyən edilə billər). - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs "xxxx" QSC İnfrastruktur Departamentinin Yol Xidmətinin 14 nömrəli yol sahəsində” iş zamanı yüngül xəsarət alması faktında cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilməsi, qərarın surətinin maraqlı şəxsə göndərilməklə Azərbaycan Respublikası CPM-nin 212.3-cü maddəsinə əsasən qərardan narazı qaldığı halda ibtidai araşdırmaya prosessua rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və ya məhkəməyə şikayət etmək hüququnun olduğu izah edilməsi, Şəxs barəsində inzibati icraat başlanması üçün qəbul edilmiş qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır. - Elektron məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin Yol Xidmətinin 14 nömrəli X2 yol sahəsinin rəisi vəzifəsində işləyir. - Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri tərəfindən 21 fevral 2024-cü il tarixdə təsdiq edilmiş “Vəzifə təlimat”ına əsasən Şəxs sahə rəisi kimi sahənin işçilərinə rəhbərlik etmək, sahədə işlərin düzgün qurmasını təşkil etmək və yerinə yetirilməsinə nəzarət etmək, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğından mühafizənin norma və qaydalarına riayət etməlidir. - Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Zərərçəkmiş şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs həmin QSC-də İnfrastruktur Departamentinin Yol Xidmətinin 14 nömrəli X2 yol sahəsində sazlayıcı vəzifəsinə işə götürülmüşdür. Beləliklə göründüyü kimi Şəxs İXM-in 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İş üzrə məsuliyyəti istisna edən yaxud icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Şəxs məhkəmədəki izahatında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada özünü təqsirli bilməsə də, onun həmin izahatı 21 fevral 2024-cü il tarixli “Vəzifə təlimat”ında göstərilənlərlə tam təkzib olunur. Belə ki, “Vəzifə təlimat”ından görünür ki, işçilərin texniki təhlükəsizlik qaydalarına riayət edilməsini şəxsən təmin etməklə yerinə yetirmək öhdəliyini Şəxs öz üzərinə götürmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Şəxs izahatı məqsədyönlü müdafiə taktikası kimi qiymətləndirilib rədd edilməlidir. Göründüyü kimi Şəxs texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi bu qaydaları pozması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 10-cu bəndinə əsasən əməyin mühafizəsi - işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci bəndinin 5-ci yarımbəndinə əsasən işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi şəraitini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 17-ci maddəsinin Qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin Yol Xidmətinin 14 nömrəli X2 yol sahəsinin rəisi Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 1000 (min) manat miqdarında inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün Xızı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №3(068)-67/2025
Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-67/2025
28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver