Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-68/2022 24.11.2022 XIZI RAYON MƏHKƏMƏSİ X4 Arif oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, inzibati protokolu tərtib edən şəxs- Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İlkin Qəzənfər oğlunun iştirakı ilə, 22 avqust 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Xızı rayonu, Yeni-Yaşma kəndində yaşayan İlkin Qəzənfər oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Xızı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: İlkin Qəzənfər oğlu 20 noyabr 2022-ci il tarixdə, saat 22:00 radələrində Xızı rayonu, Yeni-Yaşma kəndində ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Xızı rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən 22 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Xızı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati protokolu tərtib edən şəxs - Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi X2 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İlkin Qəzənfər oğlu özünü İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, ailə üzvləri ilə birlikdə Xızı rayonu, Yeni-Yaşma kəndində yaşayır. 20 noyabr 2022-ci il tarixdə, axşam saat 21:00 radələrində içkili vəziyyətdə yaşadığı evdə olarkən qonşusu Münasib Xəlilov onlara gələrək 10 manat borcunu istəmiş və bu səbəbdən sonuncu ilə aralarında mübahisə düşmüşdür. Bundan sonra, anası qonşuları Münasib barəsində DİNnin 102 xidməti zəng mərkəzinə şikayət etmiş və yaşadıqları evin həyətində olarkən polis əməkdaşları gələrək onları izahatlarının alınması üçün Xızı PRŞ-yə dəvət etmişlər. Həmin vaxt sərxoş vəziyyətdə olduğundan polis əməkdaşlarına müqavimət göstərmiş və qaçaraq ərazidən uzaqlaşmışdır. Bundan bir neçə saat sonra, polis əməkdaşları onu Xızı RPŞ-yə gətirmiş və barəsində inzibati protokol tərtib olunmuşdur. Hazırda əməlindən səmimi peşmançılıq hissi keçirir və bir daha belə əmələ yol verməyəcəyinin nəzərə alınmasını xahiş edir. İşdə olan sənədlərdən, o cümlədən müvafiq raportdan görünür ki, İlkin Qəzənfər oğlu 20 noyabr 2022-ci il tarixdə, saat 22:00 radələrində Xızı rayonu, Yeni-Yaşma kəndində ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 165 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, İlkin Qəzənfər oğlu yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İlkin Qəzənfər oğlunun İXMnin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Hazırki halda İlkin Qəzənfər oğlunun hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Həmçinin, İXM-nə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (3). Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. (4) İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir (6.1). İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (9.1). Eyni zamanda, İXM-nə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır (31.2). İlkin Qəzənfər oğlunun məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. İnzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi İlkin Qəzənfər oğlunun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, o cümlədən polisin qanuni tələbinə tabe olmamasını, habelə məsuliyyətini ağırlaşdıran halın olmasını nəzərə alaraq, İlkin Qəzənfər oğluna İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunan Məcəllənin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə eyni zamanda qeyd edir ki, İlkin Qəzənfər oğlunun 21 noyabr 2022-ci il tarixdə, saat 09:00 radələrində inzibati qaydada tutulması və 22 noyabr 2022-ci il tarixdə, saat 23:00 radələrində azad olunması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İlkin Qəzənfər oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) gün müddətində inzibati qaydada həbs təyin olunsun. İnzibati qaydada tutulduğu 02 (iki) gün müddət nəzərə alınaraq üzərində qəti olaraq 06 (altı) gün müddətə inzibati həbs tənbeh tədbiri saxlanılsın. Həbs etmənin əvvəli 24 noyabr 2022-ci il tarixdən, saat 14:20-dən hesablansın. İlkin Qəzənfər oğlu qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xızı rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(068)-68/2022
Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-68/2022
24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver