Məhkəmə qərarları › İş №3(068)-68/2025

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-68/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-68/2025 05.08.2025 XIZI RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, İsayeva Kəmalə Zakir qızının katibliyi ilə, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28284731 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28806210 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 şikayət ərizəsi Xızı Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28284731 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28806210 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət ərizəsində göstərilmişdir ki, xx.xx.2025-ci il tarixli, EQ 28284731 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində inzibati cərimə edilmiş, bu barədə ona elektron qaydada protokol və qərar tərtib olunmuşdur. Bundan başqa xx.xx.2025-ci il tarixli, EQ 28806210 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirli bilinərək 1200 manat məbləğində inzibati cərimə edilmiş, bu barədə ona elektron qaydada protokol və qərar tərtib olunmuşdur. Qeyd edilən inzibati tənbeh vermə haqqında elektron qərarlarla razı deyildir. Hesab edir ki, barəsində qəbul edilmiş qərarlar qanunsuzdur və heç bir sübut olmadığından və tərəfindən qeyd edilən inzibati xəta törədilmədiyindən ləğv edilməlidir. Belə ki, təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 353.5-ci maddəsinə əsasən, bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 1200 manat məbləğində cərimə edilir. İstifadəsində olan nəqliyyat vasitəsi üzrə maksimum yük kütləsinin 40000 kq (40 ton) olduğu nəzərdə tutulmuş, əlavə olaraq həmin kütlənin 5 faizinədək əlavə yükün qoyulmasına icazə verilmişdir. Bu isə 800 kq olmaqla, qanunla nəzərdə tutulmuş maksimum kütlənin 40800 kq olduğu müəyyən edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli yükün avtomobilə yükləndiyi yer üzrə tərəzi qəbzindən görünür ki, yükün ümumi çəkisinin 40430 kq olduğu təsdiqlənmişdir. Qeyd edilən yükün 4 dəfə ölçüldüyü, 3 dəfə kütlənin normal olduğu, 1 dəfə isə guya artıq olduğu qənaətinə gəlinmişdir. Burada diqqət edilməli əsas məqam odur ki, avtomobilə yük yükləndikdən sonra çəkilmiş və çəkisinin 40430 kq olduğu müəyyən edilmişdir. Daha sonra həmin yol üzərində Quba rayonunda yerləşən dövlətə məxsus tərəzidən keçmiş və heç bir çəki pozuntusunun olmadığı müəyyən edilmiş, daha sonra yol üzrə 2-ci, ümumiyyətdə isə 3-cü tərəzi olan Giləzi kəndində yerləşən dövlətə məxsus tərəzidə çəkinin 42710 olduğu qeyd edilmişdir. Daha sonra yük Bakı şəhərində boşaldıldığı yer üzrə də çəkilmiş, bu zaman da çəkinin normal olduğu müəyyən edilmişdir. Eyni zamanda ikinci dəfə də, xx.xx.2025-ci il tarixli yükün avtomobilə yükləndiyi yer üzrə tərəzi qəbzindən görünür ki, yükün ümumi çəkisinin 39710 kq olduğu təsdiqlənmişdir. Qeyd edilən yükün 4 dəfə ölçüldüyü, 3 dəfə kütlənin normal olduğu, 1 dəfə isə guya artıq olduğu qənaətinə gəlinmişdir. Burada diqqət edilməli əsas məqam odur ki, avtomobilə yük yükləndikdən sonra çəkilmiş və çəkisinin 39710 kq olduğu müəyyən edilmişdir. Daha sonra həmin yol üzərində Şabran rayonu, Molla Kamallı kəndi ərazisində yerləşən dövlətə məxsus tərəzidən keçmiş və heç bir çəki pozuntusunun olmadığı müəyyən edilmiş, daha sonra yol üzrə 2-ci, ümumiyyətdə isə 3-cü tərəzi olan Giləzi kəndində yerləşən dövlətə məxsus tərəzidə guya çəkinin 42670 olduğu qeyd edilmişdir. Daha sonra yük Bakı şəhərində boşaldıldığı yer üzrə də çəkilmiş, bu zaman da çəkinin normal olduğu müəyyən edilmişdir. Göründüyü kimi yükün çəkisinin qanunla nəzərdə tutulandan artıq olmasının iddia olunması və bu əsasla cərimə olunmağım tamamilə qanunsuz və əsassızdır. Belə ki, mən yükü təhvil aldıqdan sonra Bakı şəhərinə yola düşmüşdür və bu zaman Quba rayonunda yerləşən tərəzi tərəfindən heç bir artıq çəkinin olmadığı müəyyən edilmişdir. Necə olur ki, sonradan digər tərəzi üzrə yükün çox olduğu bildirilir. Bu onu deməyə əsas verir ki, dövlətə məxsus tərəzidə texniki nasazlıq vardır və həmin günü oradan keçən demək olar bütün yük maşınlarını cərimələmişlər. Bu səbəbdən hesab edir ki, AYNA və DİN-ə sorğu verilməli və Quba rayonunda yerləşən tərəzinin qeyd edilən tarixə olan məlumatları və kamera görüntüləri çıxarılmaqla araşdırılmalı, ona məxsus avtomobilin qeyd edilən tarixlərdə Quba rayonunda olan tərəzi üzrə kütlənin artıq gəlib-gəlməməsi dəqiqləşdirilməli, artıq gəlmişsə niyə protokol tərtib edilmədiyi, artıq gəlməmişsə sonrakı tərəzi üzrə niyə çəki xətasının baş verdiyi müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun izahat verərək, Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28284731 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28806210 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibat tənbeh vermə haqqında qərarından şikayət verilmiş orqana məhkəmə iclasının keçirilmə vaxtı və yeri barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilsə də, Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, nümayəndəsinin hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə işə Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, şikayət əsaslı olduğundan təmin edilməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28284731 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28806210 nömrəli inzibati tənbeh vermə haqqında qərarları ləğv edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 3C:E4:B0:F0:8C:F1 nömrəli kamera vasitəsi ilə çəkilmiş fotoşəkillərdən və elektron tərəzi göstəricilərindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 04:59:08-də, M-1, 65.1-ci km, Xızı rayonu, Giləzi qəsəbəsi, Bakı istiqamətində hərəkətdə olan “DAF FT XF 105.510 yük” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi 42710 (Limit 40000 kq) kiloqram təşkil etmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28284731 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 04:59:08-də, M-1, 65.1-ci km, Xızı rayonu, Giləzi qəsəbəsi, Bakı istiqamətində hərəkətdə olan “DAF FT XF 105.510 yük” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərəkətdə olduğu zaman yəhərli dartıcını icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yolunda idarə edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi səbəbi ilə X2 barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - 3C:E4:B0:F0:8C:F1 nömrəli kamera vasitəsi ilə çəkilmiş fotoşəkillərdən və elektron tərəzi göstəricilərindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 20:45:28-də, M-1, 65.1-ci km, Xızı rayonu, Giləzi qəsəbəsi, Bakı istiqamətində hərəkətdə olan “DAF FT XF 105.510 yük” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi 42670 (Limit 40000 kq) kiloqram təşkil etmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28806210 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 20:45:28-də, M-1, 65.1-ci km, Xızı rayonu, Giləzi qəsəbəsi, Bakı istiqamətində hərəkətdə olan “DAF FT XF 105.510 yük” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərəkətdə olduğu zaman yəhərli dartıcını icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yolunda idarə edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi səbəbi ilə X2 barəsində 1200 (min iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - BA seriyalı, 439501 nömrəli nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “DAF FT XF 105.510 yük” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yüksüz kütləsi 5950 kiloqram, maksimal kütləsi isə 39000 kiloqram təşkil edir. - "xxxx" MMC tərəfindən verilmiş çek nömrəsi 94478 olan tərəzi qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 03:07:07-də giriş və saat 03:07:08-də çıxış zamanı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yüklə birlikdə çəkisi 40430 kiloqram təşkil etmişdir. - "xxxx" MMC-nin Elit filialı tərəfindən verilmiş tərəzi məlumat vərəqindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 05:57:14-də giriş və saat 06:06:46-da çıxış zamanı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yüklə birlikdə çəkisi 40390 kq-dır. - "xxxx" MMC tərəfindən verilmiş çek nömrəsi 95837 olan tərəzi qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 19:26:40-da giriş və saat 19:26:41-də çıxış zamanı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yüklə birlikdə çəkisi 39710 kiloqram təşkil etmişdir. - "xxxx" MMC-nin Elit filialı tərəfindən verilmiş tərəzi məlumat vərəqindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 22:30:54-də giriş və saat 22:43:52-də çıxış zamanı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yüklə birlikdə çəkisi 39560 kq-dır. - "xxxx" MMC tərəfindən verilmiş “Ölçmə vasitələrinin yoxlanılması haqqında Şəhadətnamə”dən görünür ki, "xxxx" MMC-nin Elit filialında qurulmuş elektron avtomobil tərəzisi xx.xx.2025-ci il tarixində yoxlanılmış və Elektron tərəzinin növbəti yoxlama tarixi xx.xx.2026-cı il tarixində həyata keçirilməlidir. - “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsi tərəfindən verilmiş “Ölçmə vasitələrinin yoxlanılması haqqında Şəhadətnamə”dən görünür ki, "xxxx" MMC-də qurulmuş elektron avtomobil tərəzisi xx.xx.2024-cü il tarixində yoxlanılmış və Elektron tərəzinin növbəti yoxlama tarixi xx.xx.2025-ci il tarixində həyata keçirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 353.5-ci maddəsinə əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə - fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydasının 3-cü hissəsindəki (Nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi) 2 nömrəli cədvələ əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə və üçoxlu dartıcı ikioxlu yanmqoşqu ilə olan yük avtomobilləri üçün nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi 40 tonu aşmamalıdır. Azərbaycan Respublikası “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qanununun 7.2-ci maddəsinə əsasən 353.2-ci maddənin dispozisiyasına “aşmaqla” sözündən sonra “(icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq)” sözləri əlavə edilmişdir. Göründüyü kimi xx.xx.2025-ci il tarixli qəbzlərə əsasən “DAF FT XF 105.510 yük” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yük ilə birlikdə çəkisi xx.xx.2025-ci il tarixdə, saat 03:07:07-də giriş və saat 03:07:08-də çıxış zamanı 40430 kiloqram, saat 05:57:14-də giriş və saat 06:06:46-da çıxış zamanı 40390 kq təşkil etsə də, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 3C:E4:B0:F0:8C:F1 nömrəli kamerasına məxsus fotoşəkillərə əsasən xx.xx.2025-ci il tarixdə, saat 04:59:08-də “DAF FT XF 105.510 yük” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kütləsi əsassız olaraq 42710 kq müəyyən edilmişdir. Eyni zamanda, xx.xx.2025-ci il tarixli qəbzlərə əsasən “DAF FT XF 105.510 yük” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yük ilə birlikdə çəkisi xx.xx.2025-ci il tarixdə, saat 19:26:40-da giriş və saat 19:26:41-də çıxış zamanı 39710 kiloqram, saat 22:30:54-də giriş və saat 22:43:52-də çıxış zamanı 39560 kq təşkil etsə də, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 3C:E4:B0:F0:8C:F1 nömrəli kamerasına məxsus fotoşəkillərə əsasən xx.xx.2025-ci il tarixdə, saat 20:45:28-də “DAF FT XF 105.510 yük” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kütləsi əsassız olaraq 42670 kq müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin üzərinə qoyulsa da, həmin orqan tərəfindən X1 xüsusi təyinatlı yük maşınının icazə verilən ümumi kütləni aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etməsini təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş, yalnız öz subyektiv mülahizələrinə əsasən X1 idarə etdiyi xüsusi təyinatlı yük maşınının ümumi kütləsinin çox olduğunu müəyyən etmələri səbəbi ilə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdirlər. Bu səbəbdən şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığına görə şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməli və şəxsin təqsiri səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədiyinə görə o, təqsirsiz hesab edilməlidir. Belə ki, hər hansı vətəndaşa qeyd olunan yükü ölçmək üçün fərdi şəkildə tərəzisinin olması məcburi olan hal deyildir. Həm də bu sahə lisenziya ilə fəaliyyət göstərən şirkət və dövlət təşkilatlarına həvalə edilmişdir. Hətta hesab etsək ki, "xxxx" MMC-nin Elit filialının və "xxxx" MMC-nin tərəziləri doğru işləməmiş, belə olan halda bunun məsuliyyətini vətəndaşın üzərinə yükləmək olmaz. Belə ki, X2 nə qəsdən, nə də ehtiyatsızlıqdan bu əməli törətməmişdir. O, avtomobilində olan yükün artıq olmasını bilə bilməzdi və qabaqcadan da görə bilməzdi. O, qanuni şəkildə fəaliyyət göstərən, tərəzinin düzgün çəkməməsi sübut olunmamış və bu barədə ona məlum olmamış MMC-lərin çəki barədə nəticələrinə güvənmək məcburiyyətindədir. Bununla yanaşı, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. Həmin Məcəllənin 127-1.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması ilə əlaqədar xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə elektron qaydada dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın nəzarət məntəqəsinə göndərilir. Həmin Məcəllənin 127-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədildiyi nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı tərəfindən nəzarət məntəqəsində saxlanılır və inzibati tənbeh vermə haqqında elektron qərarın və xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətləri nəqliyyat vasitəsini idarə edən şəxsə təqdim olunur. Həmin Məcəllənin 127-1.4-cü maddəsinə əsasən bölünən yükləri daşıyan iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulduqda, hərəkətin davam etdirilməsi üçün yükgöndərən (daşıyıcı) tərəfindən nəqliyyat vasitəsindən normadan artıq yükün boşaldılması və yükün digər nəqliyyat vasitəsilə daşınması təmin edilməlidir. Həmin Məcəllənin 127-1.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsində olan normadan artıq yükün boşaldılması və digər nəqliyyat vasitəsilə daşınması təmin edildikdən sonra, saxlanılmış nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrləri nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə saxlanılmış nəqliyyat vasitəsini idarə edən şəxsin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları tərəfindən ölçülərək göstəricilər real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə ötürülür. Həmin Məcəllənin 127-1.6-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə icazə verilən qabarit parametrlərinə, habelə bölünməyən yükləri daşıyan iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulduqda, hərəkətin davam etdirilməsi üçün yükgöndərən (daşıyıcı) tərəfindən yükün həmin və ya digər nəqliyyat vasitəsilə hərəkətinə icazənin alınması təmin edilməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbinə əsasən “DAF FT XF 105.510 yük” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə münasibətdə qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmuşdursa, həmin avtomobil orqanın (qurumun) əməkdaşı tərəfindən ən yaxın nəzarət məntəqəsində saxlanılmalı, hərəkətin davam etdirilməsi üçün yükgöndərən (daşıyıcı) tərəfindən nəqliyyat vasitəsindən normadan artıq yükün boşaldılmalı və yükün digər nəqliyyat vasitəsilə daşınması təmin edilməlidir. Lakin qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən bu halları təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələri onun xeyrinə həll edərək belə nəticəyə gəlir ki, X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarda nəzərdə tutulmuş 353.2 və 353.5-ci maddələri ilə inzibati xətaların törədilməsi halı sübuta yetirilmədiyindən o, inzibati məsuliyyətə cəlb oluna bilməz. Bu səbəbdən də, X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28284731 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28806210 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən həmin qərarlar ləğv edilməli və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2 və 353.5-ci maddələri ilə başlanmış inzibati xəta haqqında işlər üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2 və 134.1.3-cü maddələrinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1); hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması (135.1.2); hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi (135.1.3); inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi (135.1.4); tətbiq edilmiş tənbehin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması (135.1.5); Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması (135.1.5-1); inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi (135.1.5-2); Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması (135.1.6). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130, 134 və 135-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, ******* nömrəli və xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28806210 nömrəli inzibati tənbeh vermə haqqında qərarları ləğv edilsin və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2 və 353.5-ci maddələri ilə başlanmış inzibati xəta haqqında işlər üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar