Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-75/2025 12.08.2025 XIZI RAYON MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinin aparıcı məsləhətçisi X2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi (direktoru) Sukru Yıldızın iştirakları ilə, Hüquqi şəxs "xxxx" MMC-nin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Xızı Rayon Məhkəməsinə daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokol və digər sənədlərdən görünür ki, "xxxx" MMCnin Xızı rayonu, Məşədi Həsən kəndində Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində Reyestr nömrəsi **********73, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il tarixli çıxarışa əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış çıxarışla mülkiyyətində olan 3.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.04 ha sahəsində mişar daşından anbar və 400 kv.metr ərazidə istixana tikinti işləri aparılmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinin aparıcı məsləhətçisi X4 protokolun məzmununa uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə edilmiş dəyişikliyə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində inşa edilə və quraşdırıla bilər. Lakin "xxxx" MMC tərəfindən qanunvericiliyin tələbləri pozularaq Xızı rayonu, Məşədi Həsən kəndində mülkiyyətində olan 3.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.04 ha sahəsində mişar daşından anbar və 400 kv.metr ərazidə istixana tikinti işləri aparılmışdır. Bu səbəbdən hüquqi şəxsin qanuna müvafiq məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi (direktoru) Sukru Yıldız əməli etiraf etməyərək izahatında göstərdi ki, Torpaq Məcəlləsində olan dəyişikliyə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda 1 faiz tikintiyə icazə verilir. Torpaq sahəsində anbar inşa edildikdən sonra ərazinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsində layihəsini çəkdirmiş, lakin hansı tarixdə müraciət etməsi yadında qalmamışdır. Bu sənədləri də sistemə yükləmişlər və 15 gün qüvvəyə minmə müddəti vardır. Onda MMC-nin adına 3 reyestrdən çıxarış vardır. Həmin torpaq sahələri 3 ha, 5 ha və 6 ha olmaqla, bir sərhəd daxilindədir və yanaşıdırlar. Bunlar bir sərhəd daxilində olan 3 reyestrdən çıxarışdır. Ona görə də onların həmin ərazidə tikinti işləri aparmağa səlahiyyətləri olmuşdur. Belə ki, ərazidə təxminən 2024-cü ilin axırı 2025-ci ilin əvvəllərində 400 kv.metr anbar və istixana inşa edilmişdir. İstixana ilə bağlı problem yoxdur. Həm orada tropik meyvələr yetişdirmək fikirləri var, həm də qablaşdırma işləri gedir. Bu ərazidə o, təyinata uyğun olaraq iş görmüş, ancaq istixana və anbar tikmişdir. Həmin tikililər 3 ha ərazidə tikilsə də, ərazilər yanaşı olduğu üçün sistemə də elə yüklənmişdir. Torpaq sahələri ayrı-ayrı çıxarışda olsa da, bir sərhəd daxilində yerləşir. Lazım olarsa əraziləri birləşdirə bilər. Tikintiyə icazə sistemində də ayrıayrı qeyd olunmuşdur. Odur ki, barələrində tərtib edilmiş protokolla razı olmadığını qeyd edərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını, inzibati xəta haqqında protokolu və digər iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli aktından görünür ki, Xızı rayonu, Məşədi Həsən kəndində "xxxx" MMC tərəfindən həmin hüquqi şəxsin mülkiyyətində olan 3.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.04 ha sahəsində mişar daşı ilə anbar və təqribən 400 kv.m ərazidə isə istixana yarımçıq tikili inşa edilmişdir. Həmin torpaq sahəsinin məqdsədli təyinatı dəyişdirilmədən kənar məqsədlər üçün istifadə edilmişdir. Aşkar edilmiş fakt Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinin tələblərinə uyğun gəlir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xızı rayonu, Məşədi Həsən kəndində yerləşən 3 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin adına daşınmaz əmlakın reyestr nömrəsi **********73, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xızı rayonu, Məşədi Həsən kəndində yerləşən 5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin adına daşınmaz əmlakın reyestr nömrəsi **********71, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xızı rayonu, Məşədi Həsən kəndində yerləşən 6 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin adına daşınmaz əmlakın reyestr nömrəsi **********47, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına torpaq sahəsində mişar daşlarından tikilmiş anbar və yarımçıq tikili olan istixananın fotoları əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2000-ci il tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət Nəzarəti haqqında” Əsasnamənin 3-cü bəndində qeyd edilmişdir ki, torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarətini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti həyata keçirirlər. Həmin Əsasnamənin 4-cü bəndində qeyd edilmişdir ki, torpaqlardan istifadə və onların mühafizəsinə Dövlət nəzarəti orqanlarının tərkibinə həmçinin Dövlət Xidmətinin yerli bölmələri və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin yerli qurumları daxildir. Eyni Əsasnamənin 8-ci bəndində qeyd edilmişdir ki, Dövlət Xidmətinin yerli bölmələrinin və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin yerli qurumlarının rəhbərləri vəzifələrinə görə müvafiq rayon və şəhər torpaqlarından istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə rayon, şəhər dövlət müfəttişləridir, yerli bölmələrin (qurumların) dövlət nəzarətinin həyata keçirilməsi həvalə edilmiş işçiləri isə müvafiq rayon və şəhər torpaqlarından istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə müfəttişlərdir. Həmin Əsasnamənin 9.1-ci bəndində qeyd edilir ki, torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti vəzifələrinə uyğun olaraq Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti öz səlahiyyətli daxilində ölkə ərazisində bütün torpaqların səmərəli istifadəsinə və onların mühafizəsinə dövlət nəzarətini təşkil edir və həyata keçirir. Azərbaycan Respublikası İXM-nin 247.1-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 247.2-ci maddəsinə əsasən bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 10-cu maddəsinin 4-1-ci bəndinə əsasən, yay və qış otlaqları, örüş və biçənək sahələri istisna edilməklə, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının dəyişdirilməsi torpaq sahələrinin mülkiyyətçiləri (onların razılığı ilə istifadəçiləri və icarəçiləri) tərəfindən həyata keçirilir və onların müraciəti əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparıldığı andan başa çatır. Həmin Məcəllənin 13-1-ci maddəsinin: 1-ci bəndinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla) 1 faizindən artıq olmayan hissəsində inşa edilə və quraşdırıla bilər. Həmin tikililərin inşa edilməsinə və quraşdırılmasına torpaq sahəsinin mülkiyyətçisinin (onun yazılı razılığı ilə istifadəçisinin və ya icarəçisinin) müraciəti əsasında Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq icazə verilir. Bu məqsədlər üçün torpaq sahəsinin kateqoriyasının və məqsədli təyinatının dəyişdirilməsi tələb olunmur. 3-cü bəndinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün inşa edilmiş tikililər, işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililər, tikintisinə icazə tələb olunan suvarma infrastrukturu və istixanalar üzərində hüquqlar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. 4-cü bəndinə əsasən, tikinti əmsalından tam istifadə edildikdə torpaq sahəsinin əsaslı tikili olmayan hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə, torpaq sahəsinin həmin hissəsinin yenidən tikinti əmsalına cəlb edilməsinə yol verilmir. Bu qadağa həmin hissənin bölündüyü və ya digər torpaq sahəsinə birləşdirildiyi hallara da şamil edilir. 5-ci bəndinə əsasən tikinti əmsalından qismən istifadə edildikdə, torpaq sahəsinin əsaslı tikili olmayan hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə, həmin hissədə tikililərin inşası üçün yol verilən hədd müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi qaydaya uyğun olaraq hesablanır. 6-cı bəndinə əsasən, bu maddənin 4-cü hissəsində nəzərdə tutulmuş məhdudiyyət və 5-ci hissəsinə əsasən hesablanan tikintinin yol verilən hədləri yalnız inşa edilmiş əsaslı tikilinin mövcud olduğu dövrdə tətbiq olunur. 8-ci bəndinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tikinti əmsalına cəlb edilməsi və tikinti əmsalı tətbiq edilən torpaq sahəsi barədə məlumatlar daşınmaz əmlakın dövlət reyestrində və dövlət torpaq kadastrında saxlanılan məlumatlara əlavə edilməsi üçün tikintiyə və istismara icazə verən orqan (qurum) tərəfindən daşınmaz əmlakın dövlət reyestrinə ötürülür. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 79.1-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1-ci maddəsinə əsasən hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3-cü maddəsinə əsasən hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4-cü maddəsinə əsasən hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5-ci maddəsinə əsasən, bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6-cı maddəsinə əsasən tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7-ci maddəsinə əsasən fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8-ci maddəsinə əsasən təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9-cu maddəsinə əsasən, bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10-cu maddəsinə əsasən hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanına əsasən 2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların istismarına icazə verilməsi qaydaları müəyyən edilmişdir. Fərmanın 1.1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qeyri-yaşayış binasının sifarişçisinin (sahibinin) 2026-cı il yanvarın 1-dək etdiyi və bu Fərmana əsasən aparılacaq yerquruluşu işlərinin, qeyri-yaşayış binasının müayinəsi, Tikintilərin Dövlət reyestrində uçota alınması, habelə istismarına icazə verilməsi üçün əsas hesab edilən müraciətin daxil olduğu tarixdən 1 (bir) iş günü müddətində qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını və onlar arasındakı məsafələri, habelə qeyri-yaşayış binasının magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında yerləşib-yerləşmədiyini müəyyən etmək üçün həmin müraciəti və ona əlavə olunmuş sənədləri elektron qaydada Əmlak Məsələləri Dövlət Xidmətinə göndərir. "xxxx" MMC tərəfindən Xızı rayonu, Məşədi Həsən kəndi ərazisində mülkiyyətdə olan 3,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilmiş anbarın tikintisinə icazə verilməsinə dair müraciət edilməsi iş materiallarından görünmür və bunu təsdiq edən mötəbər sübutlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan MMC-nin qanuni təmsilçisi (direktoru) Sukru Yıldız tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda MMC-nin qanuni təmsilçisi (direktoru) Sukru Yıldız məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, qeyd olunan anbar inşa edildikdən sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət olunmuşdur. Onun tikilinin vahid sərhəd daxilində 3 ayrı çıxarışla "xxxx" MMC-nin mülkiyyətində olan torpaq sahəsində yerləşməsinə dair dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, vahid sərhəd daxilində olan torpaq sahəsi dedikdə reyestrdə qeydə alınmış plan ölçü sənədində göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi nəzərdə tutulur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlər və izahatla müəyyən edilmişdir ki, “AZƏR NET TURİZM" MMC Xızı rayonu, Məşədi Həsən kəndi ərazisində mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatını dəyişmədən və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq icazə almadan mişar daşı ilə torpaq sahəsinin 0.4 ha hissəsində anbar və təqribən 400 kv.metr ərazidə isə istixana yarımçıq tikili inşa etmişdir. Qeyd olunmalıdır ki, anbar 3 ha sahəsi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikilmiş, bununla da Torpaq Məcəlləsinin 13-1-ci maddəsinin 1-ci bəndinin tələbləri pozulmuşdur. Nəticədə, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. İXM-nin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xətadır və Məcəllənin 14-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. İnzibati xətalar qanunvericiliyin müddəaları baxımından aşkardır ki, insan və vətəndaş hüquqları və azadlıqları, iqtisadi maraqları, idarəçilik qaydalarının qorunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməli, dövlət orqanları isə öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, aradan qaldırılması, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təşkil etməlidirlər. Qəsdən törədilən inzibati xəta və ya ehtiyatsızlıqdan törədilənin inzibati xətaya görə qanunvericiliklə müəyyən olunmuş qaydada prosedur qaydalar gözlənilməklə dövlət məcburetmə tədbirləri tətbiq edilir və göstərilən hər iki hal inzibati xəta törədən şəxs barəsində yaranmış arzuolunmaz hüquqi nəticələrə, yəni inzibati xəta törədən şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq etməsinə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törədən hüquqi şəxsin təqsirinin dərəcəsini, onun törədilmə halını və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, "xxxx" MMC-yə İXM-nin 247.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 5000 (beş min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №3(068)-75/2025
Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-75/2025
12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver