Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-82/2025 30.09.2025 XIZI RAYON MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Hüquqi ünvanı Xızı rayonu, Şurabad STQ olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5 və 239-cu maddələri ilə tərtib olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, 06 avqust 2025-ci il tarixdə aparılan monitorinq zamanı Şəxs MMC-də tullantıların yandırılması nəticəsində atmosfer havasının çirkləndirilməsi, eləcə də Quşçuluq təsərrüfatında müəssisə monitorinqi və ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmaması müəyyən edilmişdir. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 20 avqust 2025- ci il tarixdə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5 və 239-cu maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilib baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İnzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin həmin İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə hüquqlarını təmsil etdiyi cəmiyyəti İXM-nin 234.0.5-ci və 239-cu maddələri ilə təqsirli bilməyərək izahatında və məhkəməyə təqdim etdiyi yazılı etirazında göstərmişdir ki, İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokolun əsaslandırıcı hissəsində qeyd edilmiş halların heç biri obyektiv faktlara və qanunvericiliyin tələblərinə əsaslanmır. Belə ki, xx.xx.2025-ci il tarixli “Ətraf mühit və təbii ehtiyatların monitorinqi üçün” aktın məzmunundan göründüyü kimi idarənin 0166 saylı, xx.xx.2025-ci il tarixli sərəncamına əsasən ətraf mühitin mühafizəsi sahəsində mövcud normativ-hüquqi aktların riayət olunması vəziyyəti üzrə xx.xx.2025-ci il tarixdə ərazidə aparılan monitorinq zamanı Şəxsun ərazisində “tullantıların yandırılması, atmosferə tüstü yayılması müşahidə edilmiş və eyni zamanda müəssisə monitorinqi, təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçothesabatının aparılmadığı, 2024-cü il üçün statistik hesabatların idarə ilə razılaşdırılmadığı aşkar olunmuş və fotoşəkillər sübut olaraq əlavə edilmişdir. Məntiqə uyğun olmayan və həmin aktda sadalanan qanunvericilik aktlarının tələblərinə zidd olan bu hallarla xx.xx.2025-ci il tarixli məlum protokol iş materiallarına əlavə olunmamış, xx.xx.2025-ci il tarixli akta əsasən Şəxs MMC tərəfindən İXM-nin 234.0.5-ci və 239-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törədilmiş olduğu iddia edilir. Həmin protokolun mətnində nümayəndə M.Şahbazov tərəfindən rəsmi izahat təqdim edilməməsi barədə də əsassız qeyd bir daha inzibati orqan tərəfindən İXM-nin 8-ci maddələrinin tələbini, təqsirsizlik prezumpsiyasını bilərəkdən pozduğunu sübut edir. Belə ki, bu qeyd nümayəndənin iş materiallarında olan ərizəsi ilə bağlı hallara ziddir. İnzibati orqan tərəfindən tərtib edilmiş məlum protokolun qanunvericiliyə zidd olması aşağıdakı normativlərin tələblərinə əsasən müəyyən edilir. Əvvəla, İXM-nin 18-ci maddəsinin tələblərinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə onun səlahiyyətli vəzifəli şəxsinin hüquqi şəxsin xeyrinə, maraqlarına uyğun törətmiş olduğu konkret inzibati xəta hadisəsinə görə cəlb edilir. İş materiallarında vəzifəli şəxsin hüquqi şəxsin maraqlarına, xeyrinə olan inzibati xəta törətmiş olduğu hadisəsinə aid heç bir sübut yoxdur. Belə olan halda, yəni Məcəllənin 18.6-cı maddəsinin tələbinə əsasən inzibati orqan həmin protokolu məhkəməyə göndərə bilməzdi. Həmin normanın 7ci bəndinə əsasən səlahiyyətli orqan bu hala uyğun qərar qəbul edir. Lakin iş materiallarında belə bir qərar yoxdur. Protokolun nəticəsinə görə Şəxs MMC tərəfindən guya İXM-nin pozulmuş olduğu iddia olunan 234.0.5-ci maddəsinin məzmununa əsasən, həmin maddənin pozulduğunu o halda müəyyən etmək, sübut etmək mümkündür ki, xx.xx.2025-ci il tarixdəki akta əsasən Şəxsun ərazisində yandırılan tullantıların tüstüsünün atmosfer havasının çirklənməsinə səbəb olduğu mötəbər sübutla təsdiq edilsin. Lakin iş materialında sübut olaraq təqdim edilən fotoşəkillər çirklənmə hadisəsini təsdiqi üçün əsas ola bilməz. Çünki, hər bir tüstü özü-özlüyündə atmosferi çirkləndirə bilməz və bu səbəbdən atmosferin çirklənmiş olduğu xüsusi ölçmə cihazları əsasında qiymətləndirilərək təsdiq oluna bilər. Bu tələb və tullantıların zərərli olub-olmaması “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanununa əsasən, “Tullantılar haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” qanunlara uyğun xüsusi qiymətləndirici subyektlər tərəfindən aparılan konkret araşdırma nəticələrinə əsasən müəyyən edilə bilər. İnzibati orqanın həmin aktı və protokolu tərtib edərək məhkəməyə təqdim etmiş məsul şəxsləri isə İXM-nin 234.0.5-ci maddəsinin tələblərini subyektiv vizual görüntüləri, iybilmə hissiyyatları və bu görüntülərin fotoşəkilləri ilə sübut etməyə cəhd edirlər. “Ətraf mühitin mühafizəsi haqqında” Qanununa əsasən, ətraf mühitin mühafizəsi ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyətcə dəyişmələrə yol verilməməsi, qorunub-saxlanması deməkdir. 4 saylı RETS idarəsi tərəfindən təqdim edilmiş akt və protokolda ətraf mühitdə xx.xx.2025-ci il tarixdə keyfiyyətcə və kəmiyyətcə hansı, nə miqdarda dəyişmələr baş verdiyinə aid hər hansı sübut yoxdur. Həmin Qanuna əsasən, ətraf mühitin monitorinqi dedikdə, ətraf mühitə yayılan zərərli qaz, maye və bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsi nəzərdə tutulur. 4 saylı RETS əməkdaşları isə xx.xx.2025-ci ildə Şəxs MMC-nin ərazisində baş vermiş yanma tüstülərinin kəmiyyət və keyfiyyətinə nəzarəti fotoşəkillərlə həyata keçirməklə akt və protokol tərtib edərək “elmi əsaslar” yaradıblar. Həmin Qanuna görə, ətraf mühitə zərərli təsir ekoloji sistemin ayrı-ayrı komponentlərinin kəmiyyət və keyfiyyətcə dəyişməsinə səbəb olan işlərdə texnologiyanın pozulmasından ibarətdir. Lakin qeyd olunan akt və protokolda Şəxs MMC-nin ərazisindəki ekoloji sistemin hansı komponentlərində kəmiyyət və keyfiyyətcə dəyişiklik baş verdiyinə aid heç bir sübut yoxdur. “Tullantılar haqqında” Qanununa əsasən təhlükəli tullantılar tərkibində təhlükəli xüsusiyyətlərə malik və ekotoksiki maddələr olan, əhalinin sağlamlığı və ətraf mühit üçün bilavasitə və ya potensial təhlükə yaradan tullantılara deyilir. Məlum inzibati sənədlərdə isə iddia olunan inzibati xəta hadisəsi kimi təqdim edilən tüstülənmə zamanı onun tərkibində hansı təhlükəli xüsusiyyətlərin, ekotoksiki maddələrin olduğu, hansı potensial təhlükə yaratdığı barədə sübutlar yoxdur. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” məlum Qanuna “Ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin siyahısı” barədə əlavə vardır və bu siyahıya əsasən quşçuluq müəssisələrinin yalnız layihələndirilməsi fəaliyyətində belə bir qiymətləndirmə həyata keçirilir. Qanunvericilikdə müəyyən edilmiş “Təhlükəli tullantıların təsnifat sistemi”nə görə (Dövlət Statistika Komitəsinin 24/11 nömrəli, xx.xx.2013-cü il tarixli Qərarı) sözügedən ərazidə müşahidə olunmuş tullantı yandırılması zamanı yaranmış tüstülərin təhlükəli tullantılara aidiyyəti yoxdur. Yenə də “Təhlükəli tullantıların identifikasiyası (eyniləşdirilməsi)” barədə normaya görə mövcud tullantıların təhlükəlilik xüsusiyyətlərinin siyahısında məlum akt və protokolda qeyd olunmuş hadisə ilə əlaqədar iddia olunan tullantının növü yoxdur. Yuxarıda qeyd olunan faktiki və hüquqi hallardan göründüyü kimi, 4 saylı RETS-nin məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli akt və xx.xx.2025-ci il tarixli protokola əsasən Şəxs MMC tərəfindən İXM-nin 234.0.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın baş vermiş olduğu əsassızdır və hüquqi normalara əsaslanmır. Eyni zamanda, “Ətraf mühitin mühafizəsi haqqında” Qanununa görə istifadə edildikdən sonra tullantıların zərərsizləşdirilməsi və istifadəsi üçün texnologiyası olmayan məhsulun idxalı qadağan edilir. Şəxs MMC-nin məhsulları isə beynəlxalq standartlara uyğun olduğu səbəbindən ABŞ, BƏƏ, Rusiya və Türkiyə kimi yüksək standartları olan ölkələrə ixrac olunur. 4 saylı RETS tərəfindən Şəxs MMC-yə aid iddia olunan və İXM-nin 239-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş materiallarından məlum olur ki, həmin xətanın sənədləşdirilməsi zamanı İXM-nin 38.1-ci və 101-ci maddələrinin tələblərinə riayət edilməmişdir. Belə ki, 38.1-ci maddəsinə əsasən, inzibati xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək inzibati tənbeh verilə bilər. İnzibati xəta haqqında protokola görə Şəxs MMC tərəfindən müəssisə monitorinqi və ətraf mühitə təsirinin uçotu və hesabatı aparılmamışdır. Akta görə isə 2024-cü il üçün statistik hesabatlar 4 saylı RETS ilə razılaşdırılmamışdır. Göründüyü kimi aktın və protokolun məzmununda qeyd edilən hallar biri-birinə uyğun deyildir və müxtəlif tərkibli xətalardır. Digər tərəfdən, məlumdur ki, hava, su və təhlükəli tullantılar barədə 2024-cü ilə aid məlum statistik hesabatlar 2025-ci ilin 25 yanvarına kimi təqdim edilməlidir. Yəni, iddia olunan xətanın baş vermiş olduğu vaxtdan 7 ay keçmişdir. Belə olan halda, müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azadetmə halı yaranır. Odur ki, Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 234.0.5 və 239-cu maddələri ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5 və 239-cu maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 avqust 2025-ci il tarixli ətraf mühit və təbii ehtiyatların monitorinqi üzrə aktından (tərtib olunduğu yer Xızı rayonu) görünür ki, idarənin 0166 saylı, 31 iyul 2025-ci il tarixli sərəncamına əsasən “Ətraf-mühitin mühafizəsi haqqında”, “Tullantılar haqqında” Qanunların və ətraf mühitin mühafizəsi sahəsində mövcüd olan normativ hüquqi aktların tələblərinə riayət olunması vəziyyəti üzrə tərəflərindən aparılan monitorinq zamanı Xızı rayonu, Yaşma-Qasımkənd yolunun kənarında, Taxtakörpü kanalının yaxınlığında yerləşən Şəxs MMC-yə məxsus quşçuluq təsərrüfatının ərazisində (yola yaxın yerdə) tullantıların torpaq çalada və tikilidə yandırılması, atmosferə tüstü yayılması müşahidə edilmişdir. Eyni zamanda, Şəxs MMCyə məxsus quşçuluq təsərrüfatında müəssisə monitorinqi, təsərrüfat fəaliyyətinin uçothesabatının aparılmaması, 2024-cü il üçün 2TG (hava, təhlükəli tullantı, su təsərrüfatı) statistik hesabatları idarə ilə razılaşdırılmadığı aşkar olunmuşdur. Həmin akt Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi - müfəttişi Aysəf Bayramov və baş mütəxəssisi Fəzail Səfərov tərəfindən imzalanmışdır (müəssisənin (obyektin) nümayəndəsi tərəfindən imzalanmamışdır). İş materiallarında olan xx.xx.2025-ci il tarixli, C-BM/4325-677 nömrəli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Şəxs MMC-yə ünvanlanmış bildirişindən görünür ki, İdarə əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Xızı rayonu, Yaşma-Qasımkənd yolunun kənarında, Taxtakörpü kanalının yaxınlığında yerləşən Şəxs MMC-yə məxsus quşçuluq təsərrüfatının ərazisində tullantıların əraziyə atılması, yandırılması faktı müəyyən edilmişdir. Eyni zamanda, quşçuluq təsərrüfatında müəssisə monitorinqi, təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot-hesabatının aparılmaması, 2024-cü il üçün 2TG (hava, təhlükəli tullantı, su təsərrüfatı) statistik hesabatlarının idarə ilə razılaşdırılmadığı aşkar olunmuşdur. Aparılan inzibati araşdırmada iştirak edilməsi üçün 20 avqust 2025-ci il tarixdə, saat 10:00-da 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə çağırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 20 avqust 2025-ci il tarixli, 91480 nömrəli aktından (tərtib olunduğu yer Sumqayıt şəhəri) görünür ki, İdarə əməkdaşları tərəfindən Xızı rayonu ərazisində “Ətraf-mühitin mühafizəsi haqqında”, “Tullantılar haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında” Qanunların və bu sahədə mövcüd olan normativ hüquqi aktların tələblərinə riayət olunması vəziyyəti üzrə aparılan monitorinq zamanı Xızı rayonu, Yaşma-Qasımkənd yolunun kənarında, Taxtakörpü kanalının yaxınlığında yerləşən Şəxs MMC-yə məxsus quşçuluq təsərrüfatının ərazisində, yola yaxın hissədə tullantıların torpaq çalada və tikilidə yandırılması, atmosferə tüstü yayılması faktı müəyyən edilmişdir (06 avqust 2025-ci il tarixli monitorinq aktı əlavə olunur). Eyni zamanda, Şəxs MMC-yə məxsus quşçuluq təsərrüfatında ətraf mühitə təsirin uçot-hesabatının aparılmadığı, ətraf mühitə atılan tullantılara görə 2024-cü il üçün 2TG (hava, təhlükəli tullantı, su təsərrüfatı) statistik hesabatları idarə ilə razılaşdırılmadığı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 mart 1992-cı il tarixli, 122 nömrəli qərarı ilə təsdiq edilmiş “Ətraf mühitin çirklənməsinə görə ödənişlərin tətbiqi Qaydası”na əsasən ödəniş haqlarının aylar üzrə Dövlət Fonduna ödənilmədiyi məlum olmuşdur. Həmin akt Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi - müfəttişi Aysəf Bayramov və baş mütəxəssisi Fəzail Səfərov tərəfindən imzalanmışdır (müəssisənin (obyektin) nümayəndəsi tərəfindən imzalanmamışdır). İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 20 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, 06 avqust 2025-ci il tarixdə aparılan monitorinq zamanı Şəxs MMC-də tullantıların yandırılması nəticəsində atmosfer havasının çirkləndirilməsi, eləcə də Quşçuluq təsərrüfatında müəssisə monitorinqi və ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsinə görə tullantıların toplanması, yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral gübrələrin və digər preparatların daşınması, saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havasının çirklənməsinə görə - fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 239-cu maddəsinə əsasən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinin İ və İİ inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, İXM-nin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə sübutlar inzibati xətalara dair protokol tərtib etmiş orqan tərəfindən təqdim edilməli, şəxsin təqsirliliyi onlar tərəfindən sübut olunmalıdır. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin araşdırılan hallarından görünür ki, iş materiallarına inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən sübut kimi inzibati xəta haqqında protokol, akt və foto-şəkillər təqdim edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, inzibati xəta haqqında material araşdırılarkən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Xızı rayonu, Yaşma- Qasımkənd yolunun kənarında, Taxtakörpü kanalının yaxınlığında yerləşən Şəxs MMC-nin ərazisində monitorinq aparacaqları barədə məlumatın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeydiyyata alınmasını təsdiq edən hər hansı bir sənəd aşkar edilməmişdir. Belə ki, 06 avqust 2025-ci il tarixli ətraf mühit və təbii ehtiyatların monitorinqi üzrə aktdan görünür ki, həmin tarixdə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəflərindən aparılan monitorinq zamanı Xızı rayonu, Yaşma-Qasımkənd yolunun kənarında, Taxtakörpü kanalının yaxınlığında yerləşən Şəxs MMC-yə məxsus quşçuluq təsərrüfatının ərazisində (yola yaxın yerdə) tullantıların torpaq çalada və tikilidə yandırılması, atmosferə tüstü yayılması müşahidə edilmişdir. Eyni zamanda, Şəxs MMCyə məxsus quşçuluq təsərrüfatında müəssisə monitorinqi, təsərrüfat fəaliyyətinin uçothesabatının aparılmaması, 2024-cü il üçün 2TG (hava, təhlükəli tullantı, su təsərrüfatı) statistik hesabatları idarə ilə razılaşdırılmadığı aşkar olunmuşdur. Halbuki, «Sahibkarliq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər» haqqında Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanına əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestri) reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. “Sahibkarliq sahəsində aparılan yoxlamalarin tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikasının 02 iyul 2013-cü il tarixli, 714- İVQ nömrəli Qanununun 2-ci maddəsinin 2.1-ci bəndinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3-cü maddəsinin 3.2-ci bəndinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları bu Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikasının Prezidentinin 26 oktyabr 2015-ci il tarixli, 660 nömrəli Fərmanının 3 və 4-cü maddələrinə əsasən yoxlamalar yalnız insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan halların mövcudluğuna əsaslar olduqda aparılır. Yoxlayıcı orqanlar tərəfindən yoxlamaların aparılması və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən yoxlamaların aparılmasına razılıq verilməsi məsələləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.3-cü maddəsinin tətbiqi qaydası və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 322 nömrəli Fərmanı nəzərə alınmaqla həll edilməlidir. Həmin Fərmana əsasən “İnsan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə və ya mühüm zərər” dedikdə aşağıdakılar başa düşülür:
1. bir və ya bir neçə insanın əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi, yaxud bir və ya bir neçə insanın ölümü, habelə yoluxucu xəstəliklərin yayılması, epidemiyaların yaranması təhlükəsi, yaxud belə halların baş verməsi;
2. ekoloji sistemin ayrı-ayrı komponentlərinin kəmiyyət və keyfiyyətcə dəyişməsi, ekoloji tarazlığın pozulması təhlükəsi, yaxud belə halların baş verməsi;
3. dəyəri 50000 (əlli min) manat və ondan yuxarı olan dövlət əmlakının zədələnməsi və ya məhv edilməsi təhlükəsi, yaxud belə halların baş verməsi. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 Xidməti haqqında Əsasnamənin 4.0.10-cu bəndinə əsasən öz vəzifələrini yerinə yetirmək üçün Xidmətin “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, müəssisə, idarə, təşkilatlara və digər obyektlərə, o cümlədən hərbi və müdafiə obyektlərinə maneəsiz (xidməti vəsiqələri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə daxil olarkən, həmçinin yoxlamanın həyata keçirilməsi haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etməklə) daxil olmaq, öz xidməti vəzifələrini yerinə yetirmək üçün zəruri sənədlərlə, o cümlədən analizlərin nəticələri ilə pulsuz tanış olmaq hüquqları vardır. Məhkəmə iclasında müəyyən edildi ki, 06 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri pozularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vahid məlumat reyestrinin çıxarışı olmadan, hüquqi nəticəsi olmayan monitorinq həyata keçirilmişdir. Bundan sonra 06 avqust 2025-ci il tarixli ətraf mühit və təbii ehtiyatların monitorinqi üzrə akta (tərtib olunduğu yer Xızı rayonu) əsasən Xızı rayonu, Yaşma-Qasımkənd yolunun kənarında, Taxtakörpü kanalının yaxınlığında yerləşən Şəxs MMC-yə məxsus quşçuluq təsərrüfatının ərazisində (yola yaxın yerdə) tullantıların torpaq çalada və tikilidə yandırılması, atmosferə tüstü yayılması müşahidə edilmişdir. Eyni zamanda, Şəxs MMCyə məxsus quşçuluq təsərrüfatında müəssisə monitorinqi, təsərrüfat fəaliyyətinin uçothesabatının aparılmaması, 2024-cü il üçün 2TG (hava, təhlükəli tullantı, su təsərrüfatı) statistik hesabatları idarə ilə razılaşdırılmadığı aşkar olunmuşdur. Daha sonra, xx.xx.2025ci il tarixdə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Şəxs MMC-yə bildiriş göndərərək, aparılan inzibati araşdırmada iştirak edilməsi üçün 20 avqust 2025-ci il tarixdə, saat 10:00-da 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə çağırılmış, faktın aşkarlanmasından 14 gün sonra isə inzibati araşdırma aparılması haqqında qərardad qəbul edilmədən (iş materiallarına əlavə olunmamışdır) 20 avqust 2025-ci il tarixdə yenidən 91480 nömrəli akt (tərtib olunduğu yer Sumqayıt şəhəri) tərtib edilərək, həmin sözü gedən aktlar əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234.0.5 və 239-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 101-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Həmin Məcəllənin 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Bununla da, həmin protokol və akt qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməklə tərtib edildiyindən Şəxs MMC-nin təqsirliliyinin sübuta yetirilməsində ümumiyyətlə istifadə edilə bilməz. Eyni zamanda, məhkəməyə daxil olmuş inzibati materiala Şəxs əməlində inzibati xəta tərkibinin olmasını təsdiq edən heç bir mötəbər sübut əlavə edilməmişdir. Belə ki, işin faktiki hallarından, habelə tədqiq olunmuş mötəbər sənəd və sübutlardan da göründüyü kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən aparılmış araşdırma natamam şəkildə həyata keçirilmiş, protokol tərtib etmiş orqan tərəfindən məhz yanan ərazidə təhlükəli tullantıların yandığı və ekologiyanı çirkləndirdiyi faktı üzrə sübutlar təqdim edilməli olduğu halda (məsələn, yanan ocaqdan təhlükəli tullantının bir hissəsinin götürülərək ekspertizaya təqdim edilməsi, havanın çirklənməsi və onun dərəcəsi haqqında hər hansı analiz aparılması və s.) belə bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 mart 1992-cı il tarixli, 122 nömrəli qərarı ilə təsdiq edilmiş “Ətraf mühitin çirklənməsinə görə ödənişlərin tətbiqi Qaydası”nın 8-ci hissəsinə əsasən təbiətdən istifadəçilərin təqsiri üzündən baş verən qəza halları zamanı atmosferə, su obyektlərinə və relyefə atılan (axıdılan, yerləşdirilən) zərərli maddələrə görə, tullantıların icazə verilməmiş ərazilərdə yerləşdirilməsi üçün ödənişlər 10 qat artıq məbləğdə tətbiq edilir. Çirkləndirici maddələrin miqdarı pozuntu baş verəndən ləğv olunan vaxtadək ölçü cihazları vasitəsilə müəyyənləşdirilir, yaxud təsdiq olunmuş metodikalar əsasında hesablama yolu ilə müəyyən edilir. Məhkəmə İXM-nin 234.0.5-ci maddəsi ilə bağlı qeyd edir ki, həmin normanın dispozisiyasında məsuliyyətin yaranma şərti kimi atmosfer havasının çirklənməsini göstərir. Qeyd olunan maddə blanket xarakterli normadı və atmosfer havasının çirklənməsinin anlayışının “Atmosferin mühafizəsi haqqında” Qanunda müəyyən edilmişdir. Belə ki, həmin Qanunun 1.0.3-cü maddəsində atmosfer havasının çirklənməsi dedikdə atmosfer havasında zərərli maddələrin miqdarının gigiyenik və ekoloji normativlərdən artıq olması başa düşülür. Həmin Qanunun 9.1-ci maddəsində göstərilmişdir ki, atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativləri ona fiziki təsirin yol verilən səviyyəsi insanlara, flora və faunaya, xüsusi mühafizə olunan təbii ərazilərə və obyektlərə təsirin kimyəvi, bioloji və fiziki amillərin təhlükəsizliyi və (və ya) zərərsizliyi meyarlarının müəyyən edilməsi, habelə atmosfer havasının vəziyyətinin qiymətləndirilməsi məqsədilə müəyyən edilir. Həmin Qanunun 9.2-ci maddəsində göstərilmişdir ki, atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativləri və ona fiziki təsirin yol verilən səviyyəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müəyyən edilir. Görüdüyü kimi gigiyenik və ekoloji normativləri və ona fiziki təsirin yol verilən səviyyəsinin qaydalarının hazırlanması həmin Qanunun tətbiq edilməsi haqqında 11 iyun 2001-cil tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Nazirlər Kabinetinə həvalə edilmiş və 13 may 2003-cü il tarixli Azərbaycan Respublikasi Nazirlər Kabinetinin "Atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativləri və ona fiziki təsirin yol verilən səviyyəsinin müəyyən edilməsi Qaydası"nın və "Zərərli maddələrin və insan sağlamlığı və ətraf mühit üçün potensial təhlükəli maddələrin dövlət qeydiyyatının həyata keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında Qərarı ilə həmin Qaydalar müəyyən edilmişdir. Həmin Qaydaların 2.1-ci maddəsində qeyd edilmişdir ki, atmosfer havasının keyfiyyətinin ekoloji normativləri – atmosfer havasının ekoloji keyfiyyət meyarı olub, atmosfer havasında zərərli (çirkləndirici) maddələrin miqdarının ətraf mühitə zərərli olmayan maksimum yol verilən hədlərini müəyyən edir. Qaydaların 2.2-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyə uyğun olaraq atmosfer havasının keyfiyyətinin ekoloji normativlərini, onların müəyyən edilməsi üsullarını və atmosfer havasının mühafizəsi məqsədi ilə digər ekoloji normativləri Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyənləşdirir və tətbiq edir. Qaydaların 3.1-ci maddəsində göstərilmişdir ki, atmosfer havasının keyfiyyətinin gigiyenik normativləri – atmosfer havasının gigiyenik keyfiyyət meyarı olub, atmosfer havasında zərərli (çirkləndirici) maddələrin miqdarının (konsentrasiyasının) insan sağlamlığına zərərli olmayan maksimum yol verilən hədlərini müəyyən edir. Qaydaların 3.1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi üzrə mövcud qanunvericiliyə uyğun olaraq atmosfer havasının keyfiyyətinin gigiyenik normativlərini və onların müəyyən edilməsi üsullarını Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi müəyyənləşdirir və təsdiq edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, monitorinq, müşahidə və baxış keçirilməsinə dair məlumatlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeydiyyata alınsaydı belə, Xızı rayonu, Yaşma- Qasımkənd yolunun kənarında, Taxtakörpü kanalının yaxınlığında yerləşən Şəxs MMC-yə məxsus quşçuluq təsərrüfatının ərazisində tullantıların torpaq çalada və tikilidə yandırılması, atmosferə tüstü yayılması və nəticədə havanın çirklənməsini ölçü cihazları vasitəsilə müəyyən etmək olardı. Hər hansı bir ölçmə analiz işləri aparılmadan atmosfer havasının çirklənməsini əsaslandırmaq mümkün deyildir. Beləliklə, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən atmosfer havasını çirklənmənin nə qədər olması, yəni atmosfer havasında zərərli maddələrin miqdarının gigiyenik və ekoloji normativlərdən nə qədər artıq olması müəyyən edilməmişdir. Bu isə İXM-nin 234.0.5-ci maddəsinin obyektiv cəhətinin törədilməsinin sübuta yetirilməməsi anlamına gəlir. Məhkəmə həmçinin qeyd edir ki, analoji iş üzrə Siyəzən Rayon Məhkəməsinin 3(059)-99/2025 nömrəli, 20 fevral 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərarı Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(105)-263/2025 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli, 795 nömrəli Fərmanının 5.11-ci bəndinə əsasən İXM-nin 228, 230, 234, 236 - 242, 243.0.2, 243.0.3, 243.0.5, 243.0.6, 243.0.8, 243.0.9, 244 (meşə fondu torpaqlarına aid hissəsində), 253, 253-1.2 - 253-1.4, 254 - 261, 266.1 (bu Fərmanın 5.11-1-ci bəndi nəzərə alınmaqla), 266.2, 266.5–266.13, 269, 271, 273, 275.1 – 275.3, 291, 292 (balıq və su bioresursları istisna olmaqla) və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, həmin ərazinin meşə fondu torpaqlarına aid deyil, Xızı rayonu, Yaşma-Qasımkənd yolunun kənarında, Taxtakörpü kanalının yaxınlığında yerləşən Şəxs MMC-yə məxsus quşçuluq təsərrüfatının ərazisi olması nəzərə alınmamış, eləcə də yoxlama vahid reyestrdə qeydə alınmamış, hadisənin baş vermə mexanizmi və şəraiti düzgün öyrənilməmiş, bununla bağlı lazımı dəlillər toplanılmamış, eləcə də, bu halların araşdırılması istiqamətində digər prosessual hərəkətlər edilməmişdir. Bundan başqa, məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 239-cu maddəsində nəzərdə tutulan məsuliyyətin yaranması üçün “Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmaması” xətası baş verməlidir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 8 aprel 2013-cü il tarixli 24/11 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli tullantıların əmələ gəlməsi və hərəkətinə dair” 2TG (tullantılar) illik hesabat formasından görünür ki, istehsal prosesində təhlükəli tullantılar əmələ gətirən birliklər, müəssisələr, təşkilatlar və idarələr hesabatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi üzrə şöbəsi və rayon (şəhər) Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırdıqdan sonra yanvarın 25-dək yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada www.stat.gov.az internet səhifəsində real vaxt rejimində təqdim etməlidir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 28 mart 2019-cu il tarixli 17/12 nömrəli qərarı ilə təsdiq edilmiş “Atmosfer havasına atılan zərərli maddələrə dair” 2TG (hava) illik hesabat formasından görünür ki, hesabat atmosfer havasını çirkləndirən stasionar mənbələrə malik olan hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən fevral ayının 15-dək yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada Dövlət Statistika Komitəsinin www.stat.gov.az internet səhifəsində real vaxt rejimində təqdim edilir. Göründüyü kimi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 8 aprel tarixli 24/11 №-li qərarı ilə təsdiq edilmiş “Təhlükəli tullantıların əmələ gəlməsi və hərəkətinə dair” 2-TG (tullantılar) №-li illik rəsmi statistika hesabatı forması üzrə 2024-cü ilin məlumatları Şəxs MMC tərəfindən vaxtında, real vaxt rejimində Dövlət Statistika Komitəsinə təqdim edilməlidir. Məhkəmə qeyd edir ki, müvafiq hesabatın 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin yerli qrumları ilə razılaşdırmamaqla Dövlət Statistika Komitəsinə verilməsinə görə X1 məsuliyyət müəyyən edilməmişdir. Həmçinin, X2 tələbinə görə yalnız statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, analoji iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 3(012)-1039/2025 nömrəli cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərarı Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(105)-421/2025 nömrəli qərarı ilə ləğv edilmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.2-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: -18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 18.6.-cı maddəsinə əsasən səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Göründüyü kimi, hüquqi şəxs o halda inzibati məsuliyyətə cəlb oluna bilər ki, göstərilən səlahiyyətli şəxslər həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün inzibati məsuliyyət müəyyən edən hərəkət və ya hərəkətsizlik etmiş olsun. Halbuki iş üzrə Şəxs MMC-nin səlahiyyətli şəxslərinin MMC-nin xeyir və maraqlarının qorunması üçün təqsirli hərəkətləri müəyyən olunmur. Yuxarıda göstərilən hallardan da müəyyən edilir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan tərəfindən iş materiallarına kifayət qədər sübutlar əlavə edilməmiş, əksinə barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmasa da, məhkəməyə onlar barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilmiş İXM-nin 234.0.5 və 239-cu maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməklərinə dair təqsirliliklərinin sübuta yetirilməməsi ilə bağlı sənədlər təqdim etmişlər. Qeyd olunanları və işin yuxarıda araşdırılan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 234.0.5 və 239-cu maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsində təqsirli olması iş materialları ilə sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40.0.1, 43, 48-51, 53, 114.1.4, 115, 128-130-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı :
Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5 və 239-cu maddələri ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: İlqar Cabbarov