Məhkəmə qərarları › İş №3(068)-96/2025

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-96/2025

29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-96/2025 29.10.2025 XIZI RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib edən şəxs - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 2 saylı Abşeron-Xızı regional bölməsinin böyük məsləhətçi – müfəttişi X1 iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq Xızı rayonu, Məşədi Həsən kəndində yaşayan Şəxs (AA*******) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 2 saylı Abşeron-Xızı regional bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, 01 oktyabr 2025-ci il tarixdə Şəxs məxsus Xızı rayonunun Məşədi Həsən kəndində fəaliyyət göstərən istixananın fəaliyyəti zamanı formalaşan tullantı sularınının ətraf mühitə (çölə) axıdılması faktı müəyyən olunmuşdur. Qeyd edilən material üzrə fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə 08 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 2 saylı Abşeron- Xızı regional bölməsindən Xızı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 2 saylı Abşeron- Xızı regional bölməsinin böyük məsləhətçi – müfəttişi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs məxsus Xızı rayonunun Məşədi Həsən kəndində fəaliyyət göstərən istixananın fəaliyyəti zamanı ərazidə formalaşan tullantı sularının təmizlənmədən ətrafa axıdılması faktı aşkar olunmuşdur. Aşkar olunmuş faktla bağlı iştirakçılarla bir yerdə akt tərtib olunmuş, sonra protokol hazırlanaraq rəhbərliyə təqdim olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında protokol edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş: - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 2 saylı Abşeron-Xızı regional regional bölməsinin 01 oktyabr 2025-ci il tarixli, 000470 nömrəli aktından görünür ki, Suların İstifadəsinə və X4 xidmətinin 2 saylı Abşeron- Xızı regional bölməsinin 29 sentyabr 2025-ci il tarixli, 00023 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının “Su Məcəlləsinin”, “Su təchizatı və tullantı suları haqqında” Qanunun tələblərinə riayət edilməsinin araşdırılması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı ünvan 3i ünvanında fəaliyyət göstərən Şəxs məxsus istixananın ,N´´54.45´94°04) 49°23´28.30´´E) fəaliyyəti zamanı formalaşan tullantı sularının təyinatsız axıdılması faktına rast gəlinmişdir. Keçirilən baxış zamanı Şəxs məxsus istixananın fəaliyyəti zamanı formalaşan tullantı suları heç bir təmizlənmə prosesindən keçmədən birbaşa ətraf mühitə (çölə) axıdılır. İstixananın nümayəndəsi Murad adlı şəxslə (***-***-**-**) əlaqə saxlanıldı, tullantı sularının ətraf mühitə (çölə) axıdılması faktı ona izah olundu və şifahi olaraq bildirildi ki, istixananın fəaliyyəti zamanı formalaşan tullantı suları heç bir təmizlənmə prosesindən keçmədən birbaşa ətraf mühitə (çölə) axıdılır. Bununla da Şəxs məxsus istixananın fəaliyyəti zamanı formalaşan tullantı suları heç bir təmizlənmə prosesindən keçmədən birbaşa ətraf mühitə (çölə) axıdılması zamanı Azərbaycan Respublikasının “Su Məcəlləsinin” 16-cı və 103-cü maddələrinin “Su təchizatı və tullantı suları” haqqında Qanunun və “Ətraf mühitin çirklənməsinə görə ödənişin tətbiqi” haqqında Qanunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 mart 1992-ci tarixli qərarından irəli gələn tələblər pozulmuşdur. Ərazidən çəkilən videoçəkiliş akta əlavə olunmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətindən görünür ki, Xızı rayonu, Məşədi Həsən kəndində yerləşən 2,19 ha və 4,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri xüsusi mülkiyyət hüququ üzrə Şəxs adına daşınmaz əmlakın reyestrində xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, fiziki şəxs Şəxs İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında işin materialları ilə tam sübut olunduğundan o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən tullantı suları - istehlakçıların istifadə edərək çirkləndirdiyi sular, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinə əsasən su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.2.5-ci bəndinə əsasən tullantı suları istehlakçıların istifadə edilərək çirkləndirdiyi, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Həmin Qaydaların 9.1 - 9.2-ci bəndlərinə əsasən tullantı suları yalnız kanalizasiya şəbəkəsi vasitəsilə axıdılmalıdır. İstehsalat tullantı sularının axıdılmasına aid məsələlərin həlli hər bir halda STKM (su təchizatı və kanalizasiya müəssisəsi) tərəfindən təmin olunmalıdır. Şərti təmiz sular təsərrüfat-məişət kanalizasiya sisteminə STKM ilə bağlanılmış müqaviləyə əsasən və kanalizasiya şəbəkələrinin və təmizləyici qurğularının gücü, həmçinin axıdılan suyun həcmi nəzərə alınmaqla axıdıla bilər. Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinə görə içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, qanunla tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması qadağan olunmuş və buna görə məsuliyyət nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə müəyyən olunduğu kimi qanunun göstərilən tələbi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən pozulmuşdur, yəni ona məxsus istixananın fəaliyyəti zamanı formalaşan tullantı suları heç bir təmizlənmə prosesindən keçmədən birbaşa ətraf mühitə (çölə) axıdılması müəyyən olunmuşdur. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə fiziki şəxs qismində inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun xəta törətdiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə inzibati cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə eyni zamanda qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı hallar aşkar edilməmişdir. Belə olan halda, İXM-in 262.2.3-cü maddəsinin sanksiyasında yüz manatdan yüz əlli manatadək məbləğdə inzibati cərimə tənbehinin tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 262.2.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində aşağı həddə inzibati cərimə tənbehi tətbiq edilməsi ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar