Məhkəmə qərarları › İş №3(068)-97/2025

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-97/2025

29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-97/2025 29.10.2025 XIZI RAYON MƏHKƏMƏSİ X8 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı Abşeron-Xızı regional bölməsinin böyük məsləhətçi – müfəttişi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Hüquqi ünvanı Xızı rayonu, Şurabad STQ olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı Abşeron-Xızı regional bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, 01 oktyabr 2025-ci il tarixdə Xızı rayonunun Şorabad qəsəbəsində fəaliyyət göstərən Şəxs MMC-də formalaşan tullantı sularının birbaşa ətraf mühitə (çölə) axıdılması faktı müəyyən olunmuşdur. Qeyd edilən material üzrə hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə 08 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı Abşeron-Xızı regional bölməsindən Xızı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı Abşeron- Xızı regional bölməsinin böyük məsləhətçi – müfəttişi X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Xızı rayonunun Şorabad qəsəbəsində aparılan monitorinq zamanı ətrafda rəngli və digər texniki maddələrin qarışığı ilə təşkil olunmuş çirkab sular aşkar olunmuşdur. Həmin çirkab suları haradan axdığını araşdıran zaman Şəxs MMC-dən axdığı məlum olmuşdur. Bundan sonra, MMC-nin nümayəndəsi Akif Əliyevlə birlikdə yerində ətraf mühitin çirklənməsi ilə bağlı videoçəkilişlə araşdırma aparmışlar və ərazidə iki istiqamətdən çirkab suların axıldığının şahidi olmuşlar. Bir sağ istiqamətdə 600-lük boru, digər isə sol istiqamətdən olan quyu vasitəsilə çirkab sular axıdılır. Yəni, müəssisədən çirkab su çıxırsa deməli oraya aiddir. Onlar MMC-nin ərazisinə daxil olmadan monitorinq keçirmiş, GPS aparatı olmadığından telefonda yazılmış proqram əsasında koordinatları müəyyən etmiş və axıdılan çirkab suyu aşkar etmişlər. Onlar müəssisənin fəaliyyətini deyil, mövcud vəziyyəti araşdırıb, faktı aşkar etmişlər. Buna uyğun olaraq 08 oktyabr 2025-ci il tarixdə İXM-nin 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, MMC-nin nümayəndəsi iştirak etmədiyinə görə ayın 9-u tərəfə göndərilmişdir. Mexaniki səhv olaraq çəkilişdə Şəxs MMC-nin əvəzinə "xxxx" MMC deyilmişdir. Lakin, həmin koordinat və borular Şəxs MMC-yə aiddir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə hüquqlarını təmsil etdiyi cəmiyyəti İXM-nin 262.2.3-cü maddəsi ilə təqsirli bilməyərək izahatında və məhkəməyə təqdim etdiyi yazılı etirazında göstərmişdir ki, protokol tərtib edilərkən həm faktiki, həm də hüquqi əsaslar üzrə mövcud normativ tələblərə riayət edilməmişdir. Belə ki, İXM-nin 262.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən Şəxs MMC barəsində inzibati xəta baş vermiş olmasına aid iş materiallarının araşdırılması onu sübut edir ki, inzibati orqan qərəzli mövqedən çıxış etmiş, qabaqcadan təyin olunmuş niyyətlə müvafiq sənədlər hazırlamış, həmin xətanın normativ tələblərini gözləmədən ümumi mülahizələrlə protokol tərtib etmişdir. xx.xx.2025-ci il tarixli məlum protokol inzibati orqanın xx.xx.2025-ci il tarixli, 00023 nömrəli sərəncamı əsasında aparılan monitorinq və nəzarət tədbirləri zamanı tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 000485 nömrəli akta uyğun hazırlanmışdır. Həm aktda, həm də digər sənədlərdə birbaşa qeyd olunur ki, aparılan yoxlama Şəxs MMC-nin fəaliyyətinə aid halları qiymətləndirmək niyyəti daşımışdır. Eyni ilə də həmin sənədlərdə birbaşa istinad edilən “Su təchizatı və tullantı suları haqqında” Qanununun və adı çəkilməyən qanunvericilik aktlarının hansı maddə, norma tələblərinin pozuntusuna yol verildiyi qeyd olunmamışdır. Göründüyü kimi, inzibati orqan yalnız daxili inzibati akt, xx.xx.2025-ci il tarixli, 00023 nömrəli sərəncama əsasən sahibkarlıq fəaliyyətinə aid yoxlama apararaq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanununun və həmin Qanunun tətbiqinə dair əlavə tədbirlər haqqında xx.xx.2025-ci il tarixli, 660 nömrəli Fərmanının tələblərini kobud şəkildə pozmuşdur. İnzibati orqanın istinad etdiyi videogörüntü və fotoşəkillər heç bir səbəb-nəticə əlaqəsini təsdiq etmir. Belə ki, hər hansı məlumat lövhəsi, mənsubiyyət məlumatı olmayan hansısa darvaza, hasar görüntülərini, həmin darvaza və hasardan xeyli aralı məsafədə olan və mənbəyi, başlanğıcı və sonu bilinməyən müxtəlif ölçülü boruların cəmi 5-6 metr uzunluğu olan hissəsini əks etdirən şəkil və videogörüntülər iddia olan tullantı sularının Şəxs MMC-nin fəaliyyətinə aid olduğunu, hətta həmin suların heç bir təmizləyici qurğulardan keçmədiyini təsdiq edə biləcək mötəbər sübut hesab oluna bilməz. İnzibati orqanın İXM-nin 262.2.3-cü maddəsi üzrə xəta hallarını müəyyən etməsi üçün məlum inzibati aktda göstərilən axıntı suyunun içməli məişət, texniki və ya tullantı sularından hansına aid olması “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1175-VQ nömrəli, xx.xx.2018-ci il tarixli Qanunun tələblərinə uyğun olaraq xüsusi qiymətləndirici aktla təyin edilə bilər. Həmin Qanuna əlavə ilə “Ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin siyahısı” müəyyən edilmişdir. Yalnız bu siyahıda göstərilən fəaliyyət növlərinə aid müəssisə barəsində qeyd olunan qiymətləndirmə aparıla biləcəyi nəzərə alınsa, Şəxs MMC-nin fəaliyyəti bu siyahıya daxil deyildir. Odur ki, Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə başlanmış inzibatı xəta haqqında ış üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı Abşeron-Xızı Regional bölməsinin 01 oktyabr 2025-ci il tarixli, 000485 nömrəli aktından görünür ki, Suların İstifadəsinə və X5 Xidmətinin 2 saylı Abşeron-Xızı regional bölməsinin 29 sentyabr 2025-ci il tarixli, 00023 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının “Su Məcəlləsinin”, suların istifadəsi və mühafizəsi sahəsində mövcud olan digər qanunvericilik aktlarının tələblərinə riayət edilməsinin araşdırılması məqsədi ilə keçirilən nəzarət tədbirləri zamanı Xızı rayonu, Şorabad qəsəbəsi ərazisində ,N´´99.51´14°04) 49°29´15.52´´E) fəaliyyət göstərən Şəxs MMC-yə məxsus müəssisəsin fəaliyyəti zamanı formalaşan tullantı sularının təyinatsız axıdılması faktı aşkar edilmişdir. Keçirilən baxış zamanı Şəxs MMC-yə məxsus müəssisənin fəaliyyəti zamanı formalaşan tullantı sularının heç bir təmizlənmə prosesindən keçmədən birbaşa ətraf mühitə (çölə) axıdılması faktı aşkar edilmişdir. Şəxs MMC-nin nümayəndəsi Akif Əliyev (***-***-**-**) onlarla birlikdə araşdırmada iştirak etdi və tullantı sularının ətraf mühitə (çölə) axıdılması faktının şahidi oldu. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının “Su Məcəlləsinin” 16-cı və 103-cü maddələrinin, “Su təchizatı və tullantı suları haqqında” Qanunun və “Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03 mart 1992-ci il tarixli 122 nömrəli qərarından irəli gələn tələblər pozulmuşdur. Həmin akt Suların İstifadəsinə və X3 Xidməti 2 saylı Abşeron-Xızı regional bölməsinin böyük məsləhətçi – müfəttişi M. İmanov, M.Mürsəlov və mühəndisi B.Xıdırov tərəfindən imzalanmışdır (müəssisənin (obyektin) nümayəndəsi tərəfindən imzalanmamışdır). İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı Abşeron-Xızı Regional bölməsinin rəisi X1 tərəfindən tərtib olunmuş 01 oktyabr 2025-ci il tarixli qərardaddan görünür ki, 000485 nömrəli, 01 oktyabr 2025-ci il tarixli akt və toplanmış material üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması və inzibati araşdırma aparılması qərara alınmışdır. İş materiallarında olan 01 oktyabr 2025-ci il tarixli, 3-53-1-2/2-286/2025 nömrəli Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı Abşeron-Xızı Regional bölməsinin Şəxs MMC-yə ünvanlanmış bildirişindən görünür ki, İdarə əməkdaşları tərəfindən “Su Məcəlləsinin”, suların istifadəsi və mühafizəsi sahəsində mövcud olan digər qanunvericilik aktlarının tələblərinə riayət edilməsinin araşdırılması məqsədi ilə keçirilən nəzarət tədbirləri zamanı Xızı rayonu, Şorabad qəsəbəsi ərazisində fəaliyyət göstərən Şəxs MMC-yə məxsus müəssisənin fəaliyyəti zamanı formalaşan tullantı sularının ətraf mühitə (çölə) təyinatsız axıdılması faktı aşkar edilmişdir. Aparılan inzibati araşdırmada iştirak edilməsi üçün 08 oktyabr 2025-ci il tarixdə, saat 11:00-da 2 saylı Abşeron-Xızı Regional bölməsinə çağırılmışdır. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı Abşeron-Xızı Regional bölməsinin 08 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, 01 oktyabr 2025-ci il tarixdə Xızı rayonunun Şorabad qəsəbəsində fəaliyyət göstərən Şəxs MMC-də formalaşan tullantı sularının birbaşa ətraf mühitə (çölə) axıdılması faktı müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokol tərtib edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı Abşeron- Xızı regional bölməsi tərəfindən təqdim edilmiş videogörüntüdən görünür ki, özü görüntüdə görsənməyən, lakin səsi gələn şəxs 2 saylı Abşeron-Xızı regional bölməsinin əməkdaşları olduğunu, Giləzi Quşçuluq təsərrüfatında formalaşan tullantı sularının 2 ədəd 600 mm və 300 mm boru vasitəsi ilə üç tərəfdən halqavari formada yığılan suyun axının göründüyünü, 600 mm boru ilə keçid tuneli vasitəsilə avtomobil yolu tərəfdən digər tərəfə axaraq ətraf mühitə axıdılması faktının aşkar edildiyi qeyd edilir. Lakin, videogörüntüdə olan kadrlarda əks olunan müəssisənin Şəxs MMC deyil, "xxxx" MMCnin olduğu bildirilir. Eyni zamanda, videogörüntüdən, eləcə də fotoşəkillərdən hasardan xeyli aralı məsafədə olan tullantı sularının axıdılma mənbəyi, müəssisənin hər hansı məlumat lövhəsi görünmür, əks olunan görüntülərin Şəxs MMC-yə aid olması və həmin MMC-yə məxsus müəssisədən axıdılması sübut olunmur. Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi İXM-nin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması inzibati məsuliyyət yaradır. Məhkəmə ilk öncə qeyd edir ki, hər hansı bir inzibati məsuliyyətin yaranması üçün törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin onun tərəfindən icra olunması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Məhkəmə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı Abşeron-Xızı regional bölməsindən daxil olmuş 08 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, istər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı Abşeron-Xızı regional bölməsi tərəfindən tərtib edilmiş aktdan, videogörüntüdən, eləcə də fotoşəkillərdən, istərsə də digər sənədlərdən tullantı sularının kim tərəfindən axıdılması müəyyən edilə bilməmişdir. Bununla bağlı, yəni tullantı sularının məhz Şəxs MMC tərəfindən kanala axıdılması ilə bağlı real sübutlar təqdim edilməmişdir. Bununla da, barəsində protokol tərtib edilmiş hüquqi şəxsin istifadə etdiyi tullantı sularının axıdılması fakta deyil, ehtimala əsaslandığı müəyyən olunur. Məhkəmə yuxarıda göstərilən faktlara əsaslanaraq belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən inzibati xətanın törədilməsi faktı sübut olunmur. Bununla yanaşı məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol tərtib edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı Abşeron-Xızı regional bölməsi tərəfindən təqdim edilmiş videogörüntüdə "xxxx" MMC-yə məxsus müəssisənin fəaliyyəti zamanı formalaşan tullantı sularının təyinatsız axıdılması faktı aşkar edilməsi qeyd olunsa da, bununla bağlı tərtib olunmuş aktda Şəxs MMC-yə məxsus müəssisə olduğu göstərilmiş, bundan sonra, 01 oktyabr 2025-ci il tarixdə 2 saylı Abşeron-Xızı regional bölməsi Şəxs MMC-yə bildiriş göndərərək, aparılan inzibati araşdırmada iştirak edilməsi üçün 08 oktyabr 2025-ci il tarixdə, saat 11:00-da çağırılmış və həmin tarixdə sözü gedən akt əsasında Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair MN seriyalı, ******* nömrəli protokol tərtib edilmiş, 08 oktyabr 2025-ci il tarixdə tərtib olunmuş protokolun 09 oktyabr 2025-ci il tarixdə Şəxs MMC-yə göndərilməsi qeyd olunmuşdur. Lakin, məhkəməyə daxil olmuş inzibati materiala Şəxs əməlində inzibati xəta tərkibinin olmasını təsdiq edən heç bir mötəbər sübut əlavə edilməmişdir. Bununla da, işin faktiki hallarından, habelə tədqiq olunmuş mötəbər sənəd və sübutlardan da göründüyü kimi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı Abşeron-Xızı regional bölməsi tərəfindən aparılmış araşdırma natamam şəkildə həyata keçirilmiş, protokol tərtib etmiş orqan tərəfindən tullantı sularının məhz Şəxs MMC tərəfindən axıdılması faktı üzrə sübutlar təqdim edilməli olduğu halda (məsələn, tullantı sularının axıdılma mənbəyinin müəyyən olunması, xüsusi texniki vasitələrin (GPS aparatının) göstəriciləri ilə ərazinin Şəxs MMC-yə məxsus olması və s.) belə bir sübut təqdim edilməmişdir. Göründüyü kimi, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirliliyini təsdiq edən mötəbər sübut iş materiallarına əlavə edilmədiyi və məhkəmə iclasında təqdim edilmədiyi üçün hüquqi şəxsin həmin maddə ilə təqsirli olması qənaətinə gəlinməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Bu mövqeyi rəhbər tutaraq məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar digər zəruri sübutlarla təsdiq olunmalıdır. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, bununla bağlı lazımı dəlillər toplanılmamış, eləcə də, bu halların araşdırılması istiqamətində digər prosessual hərəkətlər edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Qeyd olunan Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.2-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: -18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 18.6.-cı maddəsinə əsasən səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Göründüyü kimi, hüquqi şəxs o halda inzibati məsuliyyətə cəlb oluna bilər ki, göstərilən səlahiyyətli şəxslər həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün inzibati məsuliyyət müəyyən edən hərəkət və ya hərəkətsizlik etmiş olsun. Halbuki iş üzrə Şəxs MMC-nin səlahiyyətli şəxslərinin MMC-nin xeyir və maraqlarının qorunması üçün təqsirli hərəkətləri müəyyən olunmur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, Şəxs barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı Abşeron-Xızı Regional bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18,4, 40, 43, 53.1.1, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı Abşeron-Xızı Regional bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar