Azərbaycan Respublikası adından QƏRAR Beyləqan şəhəri İş № 3(069)-26/2023 02.08.2023 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, Şikayətçi “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X1 vəkili və nümayəndəsi olan Vəkil, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Şikayətçi “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X1 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Şikayətçi “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X1 vəkili və nümayəndəsi olan Vəkil izahat verərək göstərmişdir ki, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarı ilə “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X3 vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən, xx.xx.2023-cü il tarixli məcburi göstərişi icra etmədiyinə görə 3.000 manat məbləğində cərimələnməsi qərara alınmışdır. Qeyd edilən qərar qanunsuz, əsassızdır və şikayətçinin hüquqlarını kobud surətdə pozulması ilə qəbul edilmişdir. Qərar qanunvericlıyin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə cavab vermir və qərara dair heç bir hüquqi əsaslandırma aparmamışdır. İdarə tərəfindən tullantıların yerləşdirilməsi üçün tikinti tələb olunduğu xəstəxanaya bildirilmiş və Tibbi tullantıları üçün xüsusi otaq ayrılamaması əsasında inzibati xəta haqqında qərar verilmişdir. Belə ki, xəstəxana dövlət büdcəsi əsasında yaradılmış və bina 2007-ci ildə Beyləqan rayonu ərazisində Xocavənd rayonundan olan məcburi köçkünlər üçün salınmış 500 ailəlik qəsəbədə tikilmişdir. İnzibati bina məcburi köçkünlər üçün müvəqqəti istifadə olunmaq üçün tikilmişdir. İnfrastruktur dar otqalardan, müasir standardlara cavab verməyən bloklardan təşkil olunmuşdur. İnzibati, poliklinika, stasionar bölümlər, mətbəxt, çamaşırxana, sterilizasiya bütün bunlar hamısı birmərtəbəli binada yerləşdirilmiş və 12-16 kvadrat metirlik otaqlardan ibarətdir. Bütün bunlara baxmayaraq, köməkçi binaların tikilməsinə köməklik göstərilməsi üçün TƏBİB publik hüquqi şəxsə müraciət edilmiş və bununla bağlı 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat verilmişdir. Göründüyü kimi idarə tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qərəzli olaraq tərtib edilmişdir. Belə ki, yuxarıda qeyd olunan hallar araşdırılmamış, səlahiyyətli şəxsin izahatı alınmadan, tanış edilmədən akt imzalatdırılmış və protokoldan imtinanın səbəbi isə göstərilmədən tərtib edilmişdir. Ümumiyyətlə, nə protokol, nə də ki qərar əsaslandırılmamış, formal olaraq məcburi göstərişə əməl edilmədiyi göstərilərək, müəssisəsinin direktorunun şəxsən özü barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Halbuki, tibb müəssisəsində tibbi tullantıların idarə edilməsinə görə direktor qeyd edilən məsələ ilə bağlı bir başa məsul olan vəzifəli şəxs deyildir. Bu barədə qərar qəbul edilərkən isə həmin vəzifəli şəxslər nəzərə alınmadan, düzgün olmayan vəzifəli şəxs direktor barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Direktor publik hüquqi şəxsin vəzifəli şəxsi olsa da, yeganə vəzifəli şəxsi deyildir. Formallığa söykənmiş qeyd edilən qərarlar qanunvericiliyin tələblərinə zidd olması aşkardır və inzibati xəta tərkibinin mövcud olması öz təsdiqini tapmır. Faktiki olaraq Tibb müəssisəsinin səlahiyyətli nümayəndəsinin izahatının protokolda əks etdirilməməsi, idarə tərəfindən qərar qəbul edilərkən İnzibati Xətalar Məcəlləsinin ümumi hissəsində nəzərdə tutulan normalar açıq şəkildə pozulmuşdur. Belə ki, inzibati xəta haqqında protokolda xətanın törədilməsi faktını təsdiq edən heç bir sübut öz əksini tapmamış, təqdim olunan protokolda Tibb müəssisəsinin səlahiyyətli nümayəndəsinin izahatı qeyd olunmamışdır. Ona görə də, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahat verərək göstərmişdir ki, nümayəndəsi olduğu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, Ç-MG/4823-016 nömrəli məcburi göstərişin tələbləri icra etməməklə, ətraf mühitin mühafizəsinə nəzarət edən orqanın tələblərini yetirmədiyinə görə “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən, inznibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. Daha sonra həmin protokol əsasında inzibati tənbeh vermə haqqında 08 iyun 2023-cü il tarixli, MN ******* nömrəli qərar qəbul edilərək “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X3 3.000 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Hesab edir ki, “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X1 şikayəti əsassızdır. Ona görə də, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş baxılması üçün yenidən həmin idarəyə göndərilməlidir. Belə ki, iş materiallarında olan 31 mart 2023-cü il tarixli, 78127 nömrəli aktın surətindən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 28 dekabr tarixli 213 nömrəli qərarına əsasən, Tibbi tullantıların idarə olunması vəziyyəti Xocavənd RMX-də yoxlanılmış, lakin “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən Tibbi tullantıların çeşidlərə uyğun olaraq siniflər üzrə düzgün çeşidlənmədiyi, Tibbi tullantılar üçün ayrılmış tutum qablarının xəstəxananın həyətyani sahəsində açıq ərazidə yerləşdiyi və Tibbi tullantıların yığılaraq toplanması, çeşidlənməsi üçün xüsusi otağın ayrılmadığı müəyyən edilmişdir. Bununla da, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 28 dekabr tarixli 213 nömrəli qərarının tələblərinə əməl olunmadığı aşkar edilmişdir. İş materiallarında olan 12 may 2023-cü il tarixli, 79299 nömrəli aktın surətindən görünür ki, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, Ç-MG/4823-016 nömrəli məcburi göstərişinin tələbləri “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” ın rəhbəri X3 tərəfindən heç-bir tədbir görülmədiyi aşkar olunmuş və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 28 dekabr tarixli 213 nömrəli qərarının tələbləri X3 tərəfindən kobud surətdə pozulduğu aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, Ç- MG/4823-016 nömrəli məcburi göstərişinin surətindən görünür ki, “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən nöqsanların aradan qaldırılması və bu barədə 05 may 2023-cü il tarixə kimi idarəyə məlumat verilməsi tapşırıq verilmişdir. İş materiallarında olan 05 aprel 2023-cü il tarixli, 3-14-48/2-130/2023 nömrəli məktubun surətindən görünür ki, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, Ç-MG/4823-016 nömrəli məcburi göstərişi icra olunması üçün “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə göndərilmişdir. İş materiallarında olan 12 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, idarə tərəfindən “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X2 verilmiş xx.xx.2023-cü il tarixli, Ç- MG/4823-016 nömrəli məcburi göstərişin tələbləri icra edilməmişdir. İş materiallarında olan 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 may 2023-cü il tarixli, G-BM/4823-091-23 nömrəli məktubunun surətindən görünür ki, 12 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X2 göndərilmişdir. İş materiallarında olan 08 iyun 2023-cü il tarixli, MN ******* nömrəli inzibati təhbeh vermə haqqında qərarın surətindən görünür ki, idarə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, Ç-MG/4823-016 nömrəli məcburi göstərişin tələbləri icra etməməklə ətraf mühitin mühafizəsinə nəzarət edən orqanın tələblərini yetirmədiyinə görə X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, G-BM/4823-100 nömrəli məktubun surətindən görünür ki, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 08 iyun 2023-cü il tarixli, MN ******* nömrəli qərar icra olunması üçün Xocavənd RMX-nın rəhbəri X2 göndərilmişdir. İş materiallarında olan 12 may 2023-cü il tarixli inzibati xəta haqqında işin baxılmağa hazırlanması barədə qərardadın surətindən görünür ki, Xocavənd RMX-nın rəhbəri X1 barəsində inzibati işin baxılması 26 may 2023-cü il tarixdə, saat 15:00-da 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin binasında təyin edilmişdir. İş materiallarında olan 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 may 2023-cü il tarixli, G-BM/4823-091-23 nömrəli məktubunun surətindən görünür ki, Xocavənd RMX-nın rəhbəri X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə tərtib edilmiş inzibati materialın baxılması 26 may 2023-cü il tarixə, saat 15:00-a təyin edilmişdir. İş materiallarında olan 26 may 2023-cü il tarixli Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxılan inzibati xəta haqqında işin baxılmasının başqa vaxta keçirilməsi haqqında 15 nömrəli qərardadın surətindən görünür ki, Xocavənd RMX-nın rəhbəri X1 barəsində inzibati xəta haqqında işin baxılması bir ayədək uzadılmışdır. İş materiallarında olan “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 18 may 2023-cü il tarixli, RHŞ-6-44/2-110/2023 nömrəli məktubunun surətindən görünür ki, Xocavənd RMX-nın inzibati binası 2007-ci ildə Beyləqan rayonu ərazisində Xocavənd rayonundan olan məcburi köçkünlər üçün salınmış 500 ailəlik qəsəbədə tikilmişdir. İnzibati bina məcburi köçkünlər üçün müvəqqəti istifadə olunmaq üçün tikilmişdir. İnfrastruktur dar otqalardan, müasir standardlara cavab verməyən bloklardan təşkil olunmuşdur. İnzibati, poliklinika, stasionar bölümlər, mətbəxt, çamaşırxana, sterilizasiya bütün bunlar hamısı birmərtəbəli binada yerləşdirilmişdir. Təsəvvür edilməz vəziyyətdə hər 12-16 kvadrat metirlik otaqlar hansısa şöbə anlamına gəlir. Rentgenoloğiya şöbəsi bir otaqda, o da binanın mərkəzi hissəsində yerləşir. Bütün bunlar nəzərə alınaraq, hal-hazırda yerləşdikləri ərazidə Xocavənd RMX-nın həyətində köməkçi binaların tikilməsinə köməklik göstərilməsi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsdən xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 09 yanvar 2023-cü il tarixli, 18 nömrəli əmrinin surətindən görünür ki, Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununun 12-4-cü maddəsinin eyni zamanda “Tibbi tullantıların idarə olunmasına dair Tələblə” in təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 28 dekabr tarixli 213 nömrəli qərarının 3.6-cı bəndinin tələblərini rəhbər tutaraq xx.xx.2023-cü il tarixdə tibbi tullantıların toplanması, müvəqqəti saxlanması və daşınması ilə bağlı gündəlik nəzarətin təşkili məqsədilə cavabdeh şəxs Xocavənd RMX-nın Təsərrüfat bölməsinin təsərrüfat qardaşı X5 təyin edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 31 mart 2023-cü il tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 28 dekabr tarixli 213 nömrəli qərarına əsasən, Tibbi tullantıların idarə olunması vəziyyəti Xocavənd RMX-də yoxlanılmış, lakin “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən Tibbi tullantıların çeşidlərə uyğun olaraq siniflər üzrə düzgün çeşidlənmədiyi, Tibbi tullantılar üçün ayrılmış tutum qablarının xəstəxananın həyətyani sahəsində açıq ərazidə yerləşdiyi və Tibbi tullantıların yığılaraq toplanması, çeşidlənməsi üçün xüsusi otağın ayrılmadığı müəyyən edilmiş və bu barədə akt tərtib edilmişdir. Qeyd olunan nöqsanların 05 may 2023-cü il tarixə kimi aradan qaldırılması barədə “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə məcburi göstəriş verilmiş, göstəriş icra edilmədiyinə görə Xocavənd RMX-nın rəhbəri X1 barəsində 12 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, Canəli Nəbiyevin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxılması 26 may 2023cü il tarixə, saat 15:00-a təyin edilmiş, barəsində 08 iyun 2023-cü il tarixli, MN ******* nömrəli inzibati təhbeh vermə haqqında qərar qəbul edilmiş və qərar icra olunması üçün xx.xx.2023-cü il tarixdə Xocavənd RMX-nın rəhbəri X2 göndərilmişdir. Lakin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxılan inzibati xəta haqqında işin baxılmasının başqa vaxta keçirilməsi haqqında 26 may 2023-cü il tarixli, 15 nömrəli qərardadda, Xocavənd RMX-nın rəhbəri X1 özünün barəsində olan inzibati işin baxılmasında iştirak edə bilməyəcəyini nəzərə alaraq işə baxılmasını bir ayədək uzadılmasını qeyd etsədə, Canəli Nəbiyev bildiriş vasitəsilə inzibati xəta haqqında işə 08 iyun 2023-cü il tarixdə baxılmasının vaxtı və yeri haqqında xəbərdar edilməmiş, bununla bağlı 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci və 100.2-ci maddələrinə görə, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, X4 RMX-nın həyətində köməkçi binaların tikilməsinə köməklik göstərilməsi üçün “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsdən xahiş etmiş və bu barədə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat vermişdir. Göründüyü kimi Canəli Nəbiyevin barəsində olan inzibati xəta haqqında işə baxılmasında onun iştirakı və işlə bağlı sübutların təqdim edilməsi üçün 2023-cü il mayın 26-da saat 15:00-da 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət olunmuş, bu barədə 12 may 2023cü il tarixli qərardad qəbul olunmuş və bildiriş poçt vasitəsi ilə ərizəçiyə göndərilmişdir. Lakin qeyd olunanlara baxmayaraq, həmin işə 2023-cü il mayın 26-da saat 15:00-da deyil, Canəli Nəbiyevin iştirakı olmadan və 2023-cü il mayın 26-da işin baxılması bir ayədək müddətə uzadılması barədə qəbul olunmuş qərardad barədə tərəfə məlumat verilmədən, inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyi tarixə bildiriş vasitəsilə işə baxılmasının vaxtı və yeri haqqında Canəli Nəbiyev xəbərdar edilmədən 2023-cü il iyun 08-də qanunvericiliyin tələbləri pozulmaqla qərar qəbul edilmiş, həmin qərar qəbul edilərkən Canəli Nəbiyevin barəsində olan inzibati xəta haqqında işə baxılmasından məlumatı olmamış, onun etirazlar və vəsatətlər vermək, müdafiəçinin yardımından istifadə etmək və sair hüquqları pozulmuşdur. Halbuki 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi 26 may 2023-cü il tarixli qərardadda Xocavənd RMX-nın rəhbəri X1 özünün barəsində olan inzibati işin baxılmasında iştirak edə bilməyəcəyini nəzərə alaraq, işə baxılmasını bir ayədək uzadılmasını qeyd etmiş, lakin 08 iyun 2023-cü il tarixdə inzibati xəta haqqında işə baxılıb qərar qəbul edilərkən Canəli Nəbiyevin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, barəsində icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraat zamanı iştirakının təmin edilməsinin mümkünlüyü, ehtimal edilən inzibati xətanın törədildiyi vaxt, Canəli Nəbiyevin vəzifəli şəxs kimi həmin inzibati xətaya aidiyyəti, həmin inzibati xətanın məhz Canəli Nəbiyev tərəfindən törədilməsinə dəlalət edən hallar, həmçinin düzgün hüquqi nəticəyə gəlinməsini təmin edəcək işin faktiki halları 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən araşdırılmamışdır. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, Canəli Nəbiyev barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, həm inzibati xəta haqqında protokol tərtib edilməsi, həm də inzibati xəta haqqında işə baxılması zamanı yuxarıda göstərildiyi kimi qanun tələblərinə əməl edlməmiş, inzibati tənbeh vermə haqqında qərar qanunun tələbləri pozulmaqla qəbul edilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bu səbəbdən də, inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, barəsində icraat aparılan şəxsin iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, həmin Məcəllənin 135.1.6-cı maddəsinə görə isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X2 inzibati tənbeh verilməsi barədə qərar Azərbaycan Respublikası İXM-nin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə qəbul edildiyindən, həmin inzibati qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin idarəyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Şikayət qismən təmin edilsin. “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarı ləğv edilsin. “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X1 barəsində olan inzibati xəta haqqında iş yenidən baxılması üçün 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə Apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №3(069)-26/2023
Xocavənd Rayon Məhkəməsi Qərar — İş №3(069)-26/2023
02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver