Məhkəmə qərarları › İş №3(069)-77/2025

Xocavənd Rayon Məhkəməsi Qərar — İş №3(069)-77/2025

16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan şəhəri İş № 3(069)-77/2025 16.12.2025 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 24 noyabr 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və sənədlərdən görünür ki, Şəxs tərəfindən 145.000,00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 15 noyabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması qaydalarının” 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödəniş aparıldığı gündən 2 (iki) il müddətində 145.000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 16 noyabr 2025-ci tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və onlardan işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs tərəfindən 145.000,00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 15 noyabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüş, ödəniş aparıldığı gündən 2 (iki) il müddətində 145.000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasına görə, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Həmin xətaya görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə olunur. Materiala əlavə edilmiş 15 noyabr 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Xocavənd rayonu, Yeni Xocavənd qəsəbəsi ünvanında yerləşən Şəxs "xxxx" ASC-nin Landmark Şöbəsi vasitəsi ilə 145.000,00 ABŞ dolları məbələğində vəsaiti “TİANJİN ZHANGANG HARDWARE CO LTD”yə göndərmişdir. Materiala əlavə edilmiş "xxxx" ASC-nin Landmark Şöbəsinin 17 noyabr 2025-ci il tarixli, PB/PBL-OUT-01082-2025 saylı məktubundan görünür ki, Şəxs Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada və qeyri-rezidentlərin xarici valyutada əməliyyatlarının aparılması qaydalarına əsasən, malların idxal edilmədiyi, xidmətlərin göstərilmədiyi və ya qabaqcadan ödənilmiş vəsaitin geri göndərilmədiyi nəzərə alınmaqla, qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər əlavə edilməklə Mərkəzi Banka məlumat verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə müvafiq olaraq inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, Şəxs barəsində inzibati tənbeh növündə cərimə cəzasının aşağı həddinin, yəni geri qaytarılmayan 145.000,00 ABŞ dolları məbləğində valyuta vəsaitinin iyirmi faizi məbləğində cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Xocavənd rayonu, Yeni Xocavənd qəsəbəsi ünvanında yerləşən (VÖEN **********) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib, geri qaytarılmayan 145.000,00 ABŞ dolları məbləğində valyuta vəsaitinin iyirmi faizi məbləğində, yəni 29.000 (iyirmi doqquz min) ABŞ dolları məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar