Məhkəmə qərarları › İş №3(070)-1/2025

Xocalı Rayon Məhkəməsi Qərar — İş №3(070)-1/2025

07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu Meşəli İş № 3(070)-1/2025 07.01.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Şikayət vermiş şəxs X7, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinin 28 iyun 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinin 28 iyun 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinin MN ******* nömrəli, 28 iyun 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Dağlıq Şirvan regional şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda qeyd edilmişdir ki, fərdi sahibkar X5 Məcəlləsinin 49-cu maddəsinin tələblərinə zidd olaraq əmək müqaviləsi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Bu baxımdan da İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinin tam sübuta yetirilməsi qənaətinə gəlinmişdir. İnzibati xəta haqqında protokolun elektron informasiya sisteminə baxış vasitəsilə təsdiq edilməsi bildirilmişdir. Belə görünür ki, inzibati tənbeh tətbiq edən dövlət qurumu bütün araşdırmanı apararaq ədalətli nəticəyə gəlmiş olduğunu düşünür. Halbuki bu qərar tamamilə əsassız və qərəzlidir. İlkin olaraq qeyd olunan idarə tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-5/2-Y37651/2024 nömrəli məktub ünvanlanaraq “Qarabağ və X17 rayonlarına giriş informasiya sistemi” vasitəsi ilə 7 fiziki şəxsin adına icazə alınması, lakin onlarla əmək müqaviləsinin bağlanılmaması bildirilmişdir. Buna cavab olaraq mühasibləri tərəfindən qeyd olunan idarənin əməkdaşının rəsmi e-mail ünvanına (Elektron ünvan ) xx.xx.2024-cü il tarixində cavab məktubu göndərilərək 17 işçinin və onlarla əmək müqavilələrinin bağlanılması bildirilmişdir. Digər şəxslərin onun sahibkarlıq obyektində işləmədiyi, yalnız işlə ilkin tanışlıq məqsədi ilə onların adına portalda icazə alınması bildirilmişdir. Sonradan iş şərtləri razılaşdırılmış 17 şəxslə əmək müqaviləsi bağlanılmış, digər şəxslərlə isə iş şərtləri razılaşdırılmadığından əmək müqaviləsi bağlanmamış və həmin şəxslər dərhal ərazini tərk etmişlər. Qeyd edir ki, inzibati orqan tərəfindən tərtib olunmuş protokolda əmək müqaviləsi bağlanılmadan işə cəlb olunmuş konkret işçinin adı belə qeyd edilməmişdir. Həmin şəxsdən heç bir izahat alınmamış, şəxsin adı belə onlara bildirilmədən ehtimalən protokol tərtib edilmişdir. Beləliklə, inzibati tənbehi vermiş olan dövlət idarəsi qərəzli olaraq, araşdırma aparmadan cərimə tətbiq etmişdir. X12 tərəfindən şikayət edənin izahatı belə alınmamış, yəni həmin şəxsin qeyd edilən dövrdə işə cəlb edilməsi müəyyən olunmadan belə nəticəyə gəlinmişdir. Bu hal özü inzibati icraat qaydalarının pozulması hesab olunmalıdır. Qeyd olunan inzibati xəta ilə bağlı əməldə tərkib olmadığından da hazırki mübahisələndirilən qərar ləğv edilməlidir. Məhkəmə iclasında şikayət vermiş şəxs X9 şikayətin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, Xocalı şəhərində kərpic zavodda mütəxəssis kimi işləmək üçün dəvət almışdır. Orada işçi tapmaq çətin olduğundan o, öz VÖEN-i üzərindən ora işçi yığmaq məcburiyyətində qalmışdır. İşə götürmək istədiyi şəxsləri işin xüsusiyyətləri ilə tanış etmək məqsədilə işğaldan azad edilmiş ərazilərə giriş üçün portal açdıraraq onları Xocalı şəhərinə dəvət etmişdir. Həmin şəxslər yerində işin xüsusiyyətləri ilə tanış olmuş, bəziləri iş şəraiti, əmək haqqı ilə razılaşmamış və geri qayıtmışlar. Lakin əmək müqaviləsi bağlanmadan şəxslər müvafiq işlərin görülməsinə cəlb edilməmişdir. İşğaldan azad olmuş ərazilərə iş şəraiti ilə tanış olmaq məqsədilə apardığı şəxsləri qonaq qismində portaldan keçirtmişdir. Qonaq qismində isə portaldan keçən şəxslərə ya üç günlük, ya da beş günlük portal açılır, həmin müddət başa çatdıqda isə icazə avtomatik olaraq nazirlik tərəfindən bağlanır. Qalıb işləmək istəyən şəxslər isə Bakı şəhərinə qayıdaraq orada mühasibatlığa müraciət etmiş və onlarla əmək müqaviləsi bağlandıqdan sonra onlar işlərin görülməsinə cəlb edilmişdir. Əmək Müfəttişliyindən gələn zənglə bağlı olaraq işə götürdüyü faktiki işçilərin siyahısını rəsmi olaraq mail ünvanına göndərmişdir. Verilmiş suallara cavab olaraq X9 bildirdi ki, işğaldan azad olunmuş ərazilərə giriş icazəsi aldığı şəxlərin dəqiq sayını bilmir. Səhv etmirsə işğaldan azad edilmiş ərazilərə giriş icazəsi aldığı şəxslərin 7-si ilə əmək müqaviləsi bağlanılmışdır. İlk dəfə işğaldan azad olunmuş ərazilərə keçmək üçün icazə alınaraq aparılan şəxslər yalnız iş şəraiti ilə tanış edilir, onlar əmək müqaviləsi olmadan hər hansı işlərin görülməsinə cəlb edilmir. Rövşən İskəndərov sürücü kimi işə dəvət olunmuş, lakin şərtlərlə razı olmadığı üçün geri qayıtmışdır. Gülsüm Heydərova da əvvəl Xocalı rayonu ərazisində başqa şirkətdə aşpaz kimi işləmişdir. X8 rəhbərliyi altında işləməmiş, belə ki, Gülsüm Heydərova əmək şəraiti ilə tanış olduqdan sonra onlarla birlikdə işləmək istəməmişdir. Ümumiyyətlə, o, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən heç bir işçini işlərin görülməsinə cəlb etməmişdir. X2 şikayətin təmin edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinin 28 iyun 2024cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, vətəndaşları iş şəraiti ilə tanış etmək üçün işəgötürən tərəfindən onları icazə portalından keçirtmək şərt deyildir. Belə ki, vətəndaş özü 2 günlük portaldan keçməklə işğaldan azad olmuş ərazilərə gedərək işin şərtləri və xüsusiyyətləri ilə tanış ola bilər. X5 müqaviləsi bağlamadığı işçilərin adını işğaldan azad edilmiş yerlərə girişlə bağlı portaldan çıxartmalı idi. Belə ki, bu onun vəzifəsidir. Bəlkə, ehtimal oluna bilər ki, X9 işçiləri (Gülsüm Heydərova və Rövşən İskəndərovu) əmək müqaviləsi olmadan işlətmişdir. Verilmiş suallara cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi Nümayəndə bildirdi ki, onlarda olan siyahıya əsasən X7 VÖEN-i üzərindən 12 nəfər şəxsə işğaldan azad olunmuş ərazilərə giriş icazəsi alınmışdır. X7 İXM-in 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasına əsas sistemdə Gülsüm Heydərova və Rövşən İskəndərov ad, soyadlı şəxslərin əmək müqaviləsinin aşkara çıxarılmaması olmuşdur. Lakin həmin şəxslərin əmək müqaviləsi olmadan müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsinə dair onlarda hər hansı sübut (fotoşəkil, videogörüntü və ya şəxslərin izahatı) yoxdur. Belə ki, həmin şəxslər ümumiyyətlə X13 Xidmətinə müraciət etməmiş, onlardan hər hansı şikayət daxil olmamışdır. Bu səbəbdən də onlar izahatlarının alınması üçün dəvət olunmamışdır. Daxili İşlər Nazirliyinin portalından işçilərin adlarının çıxarılması işəgötürənin vəzifəsidir. Lakin qanunda bununla bağlı hər hansı tələbin olub-olmamasını bilmir, həmçinin buna görə məsuliyyətin olmadığını bilir. X3 Heydərova və Rövşən İskəndərov ad, soyadlı şəxslərə işğaldan azad edilmiş yerlərə giriş üçün icazə sənədi alması, lakin onlarla əmək müqaviləsi bağlamaması səbəbindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Dağlıq Şirvan regional şöbəsi tərəfindən İXM-in 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Yekunda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi Nümayəndə şikayətin təmin edilməməsi və 28 iyun 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: DİN-in məlumat portalından çıxarışdan görünür ki, Abbasov Rəfail, Ağayev Babək, Babayev Elnur, Babayev Mürsəl, Əhmədov Vasif, Ələkbərov Allahqulu, Heydərova Gülsüm, İlyasov Mirzəmməd, İskəndərov Rövşən, Kərimov Rəşad, Musayev Namik, Xalıqov Əziz ad, soyadlı şəxslərin işğaldan azad edilmiş ərazilərə giriş üçün icazəsi olmuş və həmin icazə Yaşar Yusifovun müraciəti əsasında verilmişdir; xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli “İnzibati xəta haqqında protokol”dan görünür ki, sahibkar X6 Məcəlləsinin 49-cu maddəsinin tələblərinə zidd olaraq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb etmişdir. X1 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında qərar”dan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi aşkar edilmişdir. X1 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 4000 (dörd min) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta hadisəsi olmadığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinin 28 iyun 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin: 4-1-ci bəndinə əsasən əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir; 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır; 49-cu maddəsinin: 1-ci hissəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir; 5-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir; 312-ci maddəsinə əsasən əmək qanunvericiliyini pozan işçi, işəgötürən və digər fiziki şəxslər İXM-də nəzərdə tutulmuş hallarda müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. İXM-in 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Qanunvericiliyin tələbindən göründüyü kimi işçi ilə işəgötürən arasında əmək münasibətləri yaranmalı və onlar arasında bu münasibətin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini müəyyən edən əmək müqaviləsi bağlanmalıdır. Məhz əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda tərəflər arasında əmək münasibətləri yaranır. Əmək qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsi gücləndirilmiş elektron imza ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış hesab olunur və hüquqi qüvvəyə minir. Həmçinin, əmək müqaviləsinə xitam verilməsi barədə əmr işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir və bununla da tərəflər arasında əmək münasibətləri başa çatmış olur. Qanunvericiliyin bu tələbləri Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində nəzərdə tutulmuş əmək hüquqlarının etibarlı təminatını müəyyən edir, əmək müqaviləsi rəsmi qeydiyyata alınmadan işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini qadağan edir. Bu tələblərin pozulması isə müvafiq olaraq inzibati məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta formal tərkiblidir və fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi andan başa çatmış sayılır. Hazırkı halda da X7 əməlində həmin tərkib əlamətlərinin mövcud olub-olmaması nəzərə alınmalıdır. Belə ki, iş üzrə müəyyən olunduğu kimi X4 rayonu ərazisində işləmək məqsədilə 12 ad, soyadda şəxslərə işğaldan azad edilmiş ərazilərə giriş etmələri üçün icazə almış və həmin şəxslər yerində əmək şəraiti ilə tanış olmuşlar. Daha sonra həmin şəxslərin bəziləri ilə əmək müqaviləsi bağlanılmışdır. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş qurum həmin şəxslərdən ikisinin, yəni Gülsüm Heydərova və Rövşən İskəndərov ad, soyadlı şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qənaətinə isə həmin şəxsin işğaldan azad olunmuş yerlərə giriş icazəsinin olması səbəbindən gəlmişdir. Lakin, qeyd edilməlidir ki, bu hal özü-özlüyündə İXM-in 192.1-ci maddəsi ilə məsuliyyətə səbəb olmur. Belə ki, şəxsin işğaldan azad olunmuş yerlərə aktiv giriş icazəsinin olması onun hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi mənasına gəlmək üçün əsas ola bilməz. Yəni, İXM-in 192.1-ci maddəsinin tərkibinin yaranması üçün fiziki şəxslər əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməlidir ki, bu hal isə hazırda X7 hərəkətlərində mövcud deyildir. Bundan başqa inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş qurumun nümyəndəsi məhkəmə iclasında Gülsüm Heydərova və Rövşən İskəndərovun əmək müqaviləsi olmadan işğaldan azad olunmuş ərazilərdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə dair material, sübutun olmamasını bildirmiş, həmçinin, vətəndaşın adının icazə portalından çıxarılmamasının vətəndaşın əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi ehtimalını yaratmasını qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki: - yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (İXM-in 3-cü maddəsi - İnzibati məsuliyyətin əsasları); - inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8-ci maddəsi - Təqsirsizlik prezumpsiyası prinsipi). Yəni, şəxs ehtimallar əsasında inzibati məsuliyyətə cəlb oluna bilməz, şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün yalnız onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmalıdır. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Məhkəmə, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş qurumun nümayəndəsinin izahatında göstərdiyi digər xüsusata, yəni X9 tərəfindən şəxslərin işğaldan azad edilmiş ərazilərə giriş icazələrinin ləğv edilməməsi məsələsinə dair qeyd etməyi zəruri hesab edir ki, bu hal şəxsin əməlində İXM-in 192.1-ci maddəsinin tərkibini yaratmır, həmçinin işəgötürənin qanunla belə bir vəzifəsi (öhdəliyi) nəzərdə tutulmamışdır. Nəzərə alınmalıdır ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız Azərbaycan Respublikasının Konstitusiyası ilə və ya qanunla qoyula bilər. Heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilməz (Azərbaycan Respublikası Konstitusiyasının 72 və 79-cu maddələri). “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarına əsasən cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər; 42.2 və 42.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə (cinayət hadisəsi olmadıqda) hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. İXM-in: 53.1 və 53.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunur; 135.1 və 35.1.5-1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, hadisənin baş verməməsi sübut olunduğundan, yəni inzibati xəta hadisəsi olmadığından şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinin 28 iyun 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinin 28 iyun 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar