Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu Meşəli İş № 3(070)-12/2024 18.03.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Kərimov Namiq Saleh oğlunun katibliyi, Xocalı rayon prokurorluğunun nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Kəlbəcər rayonunun Lev kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Kəlbəcər rayonunun Lev kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Xocalı rayon prokurorluğundan daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xocalı rayon prokurorunun köməkçisi Hikmət Əsədov tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 07 mart 2024-cü il tarixli qərarla Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında məsələ qaldırılmışdır. Həmin qərar əsasında Xocalı rayon prokuroru Əvəz Əliyev tərəfindən “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 18 mart 2024-cü il tarixli qərarla Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 18 mart 2024-cü il tarixli qərardan görünür ki, Şəxs Xocalı rayonunun Əsgəran qəsəbəsində yerləşən postda xidmət aparan polis əməkdaşlarının ictimai qaydanın mühafizəsi üzrə vəzifələrinin icrası ilə əlaqədar qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xocalı rayon prokurorluğunun nümayəndəsi X11 bildirdi ki, xx.xx.2023-cü il tarixdə Xocalı rayonunun Əsgəran qəsəbəsində yerləşən polis postunda X12 idarə etdiyi “VAZ 2106” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili yoxlanılması üçün saxlanılan zaman avtomobilin yük hissəsi, qapı üzlüklərinin içərisi, həmçinin salonundan sürücü, sərnişinlər Şəxs, X14 və X6 Şuşa şəhəri və Xocalı rayonundan qarət qismində götürdükləri kompyuter hissələri, 1 cüt ayaqqabı, 1 ədəd çərçivədə şəkil, 1 ədəd şüşə qab, 4 ədəd modem, 10 kiloqram donuz əti və 1 ədəd tir tüfənginə bənzər predmet aşkar edilən zaman Şəxs əsassız mübahisə yaradaraq polisin qanuni tələbinə qəsdən tabe olmamasına dair Xocalı RPŞ-də toplanmış material rayon prokurorluğuna göndərilmiş və xx.xx.2024-cü il tarixdən araşdırılmanın aparılması ona həvalə edilmişdir. Araşdırmanın nəticəsində cinayət işinin başlanması rədd edilmiş və inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Müəyyən olunmuşdur ki, Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri vardır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Şuşa şəhərində işləyən zaman sahibsiz evlərdən bir neçə kompyuter hissələri, həmçinin evlərin tövləsinin birindən tir tüfəngi tapmış, tir tüfəngini xx.xx.2023-cü il tarixdə Ramiz Xəlilovun idarə etdiyi “VAZ 2106” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sərnişin oturacağının altına, digər əşyaları isə çantasına və avtomobilin arxa qapılarının içərisinə yığmışdır. Həmçinin, onunla birlikdə gedən Ramiz Xəlilov, Fətəli Hümbətov və Vidadi Həsənov da özlərinə məxsus əşyalarını çantalarına və avtomobilin qapılarının içərisinə yığmışlar. Xocalı rayonunun Əsgəran qəsəbəsində yerləşən polis postunda polis əməkdaşları onları saxlamış, avtomobilə baxış keçirilən zaman yük hissəsinə baxan polis əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. Bu zaman o, polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Belə ki, o, sakitləşməmiş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarına məhəl qoymamışdır. Etdiyi əməldən peşmandır. Himayəsində 5 yetkinlik yaşına çatmayan uşağı vardır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 27 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Xocalı rayon prokurorunun köməkçisi X1 RPŞ-dən daxil olmuş HK-1/425 saylı materiala əlavə edilmiş zərfdə olan iki ədəd “DVD-R” disklərinə baxış keçirtmişdir. Baxış zamanı müəyyən olundu ki, həmin disklərin birində iki ədəd eyni adlı “TŞ-008 2 Əsgəran Şəhəri (Giriş Postu)-2023-12-30_12h30min00s000ms” adlı və bir ədəd “TS-008 2 Əsgəran Şəhəri (Giriş Postu)-2023-12-30_14h30min00s000ms” adlı fayllar vardır. Eyni adlı “TŞ-008 2 Əsgəran Şəhəri (Giriş Postu)-2023-12- 30 12h30min00s000ms” fayllardan biri Xocalı rayonu istiqamətində ana yolun görüntüsünü özündə əks etdirir və digər eyni adlı fayldakı videogörüntü isə Xocalı rayonunun Əsgəran qəsəbəsində yerləşən polis postunun ərazisini özündə əks etdirir. Polis postonun ərazisini özündə əks etdirən videogörüntüyə baxan zaman saat 14:01-də postun ərazisinə ağ rəngli VAZ-2106 markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlaşdığını, Xocalı RPŞ-nin polis əməkdaşı Eşqin Namazovun özünü təqdim etdiyini, həmin zaman avtomobilin sürücüsü Ramiz Xəlilovun və sərnişin oturacağında əyləşmiş Şəxs maşından yerə endikləri, həmçinin sonuncunun əlində idman aləti kimi istifadə edilən topun olduğu müəyyən edilmişdir. Daha sonra polis əməkdaşının xahişi ilə şəxslərin avtomobilin arxa baqajını açmaları, polis əməkdaşının orada müxtəlif əşyaları aşkar etməsi, bundan sonra polis əməkdaşının avtomobilin arxa sərnişin oturacağına baxış keçirməsi, baxış zamanı polis əməkdaşları tərəfindən tir tüfənginin aşkar edilməsi müəyyən edildi. Videogörüntüyə baxış zamanı hadisənin gedişatında Şəxs polis əməkdaşlarına qarşı etiraz etməyə başlaması, səs-küy yaratması, sonuncunun polis əməkdaşlarının göstərişlərinə məhəl qoymayaraq tabesizlik göstərməsi müəyyən edildi. Həmçinin, videogörüntüyə baxış zamanı heç bir polis əməkdaşının Şəxs fiziki güc tətbiq etmədikləri, xəsarət yetirmədikləri, həmçinin sonuncunun da polis əməkdaşlarına xəsarət yetirmədiyi və vurmadığı müəyyən edilmişdir. Həmçinin, “TŞ-008 2 Əsgəran Şəhəri (Giriş Postu)-2023-12- 30_14h30min00s000ms” adlı fayla baxış zamanı isə iş üzrə əhəmiyyət kəsb edəcək məlumat aşkar edilmədi. Bundan başqa zərfin içərisində olan ikinci “DVD-R" diskinə baxış keçirildi. Həmin diskdə də üç ədəd faylın olması müəyyən edildi. Həmin diskdə də iki ədəd eyni adlı “TŞ-008 2 Əsgəran Şəhəri (Giriş Postu)-2023-12-30_14h30min00s000ms” adlı və bir ədəd “TŞ-008 2 Əsgəran Şəhəri (Giriş Postu)-2023-12- 30_12h30min00s000ms” adlı fayllar vardır. Fayllardan ikisinə baxış keçirən zaman təhlükəsizlik kamersının 360 dərəcə daimi hərəkətdə olması səbəbi ilə ərazidəki hadisənin görüntüsünü aydın şəkildə müəyyən etmək mümkün olmamışdır. Lakin, diskdəki sonuncu adlı “TS-008 2 Əsgəran Şəhəri (Giriş Postu)-2023-12- 30_14h30min00s000ms” fayla baxış keçirən zaman isə birinci diskdəki hadisə ilə bağlı videogörüntünün davamı olması müəyyən edildi. Həmin görüntüdə isə Şəxs polis əməkdaşları nizam-intizama dəvət edildikdən sonra sakitləşdiyi, həmçinin polis əməkşdalarının avtomobilə baxış keçirərək baş vermiş hadisəni protokollaşdırmaları, daha sonra isə vətəndaşların izahatlarının alınması üçün polis əməkdaşları ilə birlikdə Xocalı rayon ərazisinə geri qayıtmaları müəyyən edilmişdir; “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X8 atası Şəxsdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, özünün etirafedici izahatı və araşdırılmış digər sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə iclasında araşdırılan sübutlarla öz təsdiqini tapmışdır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının öz vəzifələrini icra etməsinə maneçilik törətmiş, onu sakitləşdirməyə çalışan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Yəni, Şəxs bu hərəkətləri ilə polis əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirmələrinə mane olmuşdur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində 5 yetkinlik yaşına çatmayan uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran hal müyyən edilmədi. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(070)-12/2024
Xocalı Rayon Məhkəməsi Qərar — İş №3(070)-12/2024
18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver