Məhkəmə qərarları › İş №3(070)-40/2024

Xocalı Rayon Məhkəməsi Qərardad — İş №3(070)-40/2024

28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 3(070)-40/2024 28.08.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi ilə, xx.xx.1980-ci ildə anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, Azərbaycan Respublikasında xx.xx.2024-cü il tarixli, MYİ seriyalı, 0****** nömrəli müvəqqəti yaşama icazə vəsiqəsi əsasında yaşayan, Azərbaycan Respublikasında qeydiyyat yeri Xocavənd rayonunun Böyük Tağlar kəndində yerləşən yataqxana olan, “X11 və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyində mühəndis-inşaatçı vəzifəsində işləyən, FİN: xxxxxxx Öztürk Mustafanın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsindən Öztürk Mustafanın İXM-in 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı material baxılması üçün Xocalı Rayon Məhkəməsinə göndərilmişdir. 24 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “X11 və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyində texniki-təhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş əməyin təhlükəsizliyi üzrə mütəxəssis Öztürk Mustafa tərəfindən bu qaydaların pozulması nəticəsində şirkətin işçisi X3 xx.xx.2024-cü il tarixdə Xocalı rayonunda iş vaxtı sağlamlığına yüngül zərər vurulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Öztürk Mustafaya və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin, onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə, həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, xx.xx.1980-ci ildə anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, Azərbaycan Respublikasında xx.xx.2024-cü il tarixli, MYİ seriyalı, 0****** nömrəli müvəqqəti yaşama icazə vəsiqəsi əsasında yaşayan, Azərbaycan Respublikasında qeydiyyat yeri Xocavənd rayonunun Böyük Tağlar kəndində yerləşən yataqxana olan Öztürk Mustafa “X11 və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyində mühəndis-inşaatçı vəzifəsində işləyir (əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2023-cü il, əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2025-ci il); Məhkəmə-tibbi ekspaertiza və patoloji anatomiya Birliyi publik hüquqi şəxsin Bərdə rayon şöbəsinin canlı şəxsin ekspertizası haqqında xx.xx.2024-cü il tarixli, 286 nömrəli rəyindən görünür ki, vət. X3 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər sol aşıq baldır oynağı nahiyəsinin küt travması, hərəkət məhdudluğu, sol və sağ baldırın yuxarı 1/3-nin ön səthlərinin, sol ayağın bayır topuq nahiyəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sürücü kimi olmaqla törənə bilərdilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlanlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər; Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-17-5/3-2-390/2024 nömrəli əmri ilə təyin edilmiş tərkibdə (sədr - X2 - X7 Xidmətinin Bakı şəhər İdarəsinin baş məsləhətçisi - baş əmək müfəttişi; üzvlər - X6 - “X11 və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin hüquqşünası, Ugur Saybak - “X11 və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin iqtisadçısı) Komissiya tərəfindən tərtib edilmiş təhqiqat aktından görünür ki, Komissiya xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X3 xx.xx.2024-cü il tarixdə, saat 01:30 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatını aparmışdır. Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndinə əsasən şirkətin sürücüsü X3 ehtiyatsızlığını, 4.2 və 4.3-cü bəndlərinə əsasən isə şirkətin mühəndis-inşaatçısı (zərərçəkənin işəgötürəni) Öztürk Mustafanın cavabdehliyini müəyyən etmişdir. X3 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalatla əlaqəlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun olaraq İZ formalı aktla rəsmiləşdirilməli və “X11 və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbərliyində uçota alınmalıdır. İZ formalı aktın bir nüsxəsinin X4 verilməsi “X11 və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rərbərliyi tərəfindən təmin edilməlidir. Komissiya üzvləri zərərçəkənə sosial təminat hüquqlarını qanunvericiliyin tələblərinə müvafiq qaydada izah etmişdir. Təhqiqat komissiyasının sədri X2, üzvləri X6, Ugur Saybak aktı imza etmişlər. Komissiya üzvləri Səlimli Elşən və Ugur Saybak təhqiqat aktının 4.2, 4.3cü bəndləri və 6-cı bəndin “4.2 və 4.3-cü bəndlərinə əsasən isə şirkətin mühəndisinşaatçısı (zərərçəkənin işəgötürəni) Öztürk Mustafanın cavabdehliyini müəyyən etmişdir” hissələri ilə razılaşmayaraq təhqiqat aktına müvafiq yazılı rəylərini əlavə etmişlər. Məhkəmə, iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və digər sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, İXM-in 198.2-ci maddəsində texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi İXM-in 198.2-ci maddəsinin dispozisiyası blanket xarakterli olduğu üçün bu maddə ilə inzibati məsuliyyətin həll edilməsi zamanı əməyin mühafizəsinin məhz hansı qaydalarının pozulması aydınlaşdırılmalıdır. Həmin inzibati xəta obyektiv cəhətdən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərər vurulmasında ifadə olunur. İXM-in 198.2-ci maddəsi ilə inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər məcmu halında mövcud olmalıdır:

1. texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydaları pozulmalıdır;

2. texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərər vurulmasına səbəb olmalıdır;

3. texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması ilə sağlamlığa yüngül zərər vurulması arasında səbəbli əlaqə olmalıdır. Göstərilən üç şərtdən hər hansı birinin mövcud olmaması İXM-in 198.2-ci maddəsi ilə inzibati məsuliyyəti istisna edir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə X1 yüngül zərər vurulması müəyyən edilsə də digər şərtlərin mövcudluğu inzibati xəta haqqında iş üzrə araşdırma aparmış orqan tərəfindən müəyyən edilməmişdir. Belə ki, hansı texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması, həmçinin texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması ilə sağlamlığa yüngül zərər vurulması arasında səbəbli əlaqənin olub-olmaması aydınlaşdırılmamışdır. Nəzərə alınmalıdır ki, bu hal məhkəmə-əməyin mühafizəsi və texniki təhlükəsizlik ekspertizasının təyin edilməsi və müvafiq rəyin əldə edilməsi yolu ilə müəyyən oluna bilər. Belə ki, İXM-in 82.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edir. İXM-in 82.1-ci maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı müvafiq ekspertiza hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə təyin edilir. Lakin, məhkəmə nəzərə alır ki, hazırkı işə məhkəmə tərfindən baxılan zaman müvafiq ekspertizanın təyin edilməsi İXM-in 111-ci maddəsinin (inzibati xətalar haqqında işlərə baxılması müddətləri) tələbləri baxımından qeyri-mümkündür. Bundan başqa məhkəmə nəzərə alır ki, X1 zərər vurulması ilə bağlı Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-17- 5/3-2-390/2024 nömrəli əmri ilə təyin edilmiş tərkibdə Təhqiqat Komissiyası yaradılmış və həmin Komissiya tərəfindən təhqiqat aktı tərtib edilmişdir. Lakin, sözügedən akt Komissiyanın bəzi üzvləri (Səlimli Elşən və Ugur Saybak) tərəfindən “mühəndis-inşaatçı (zərərçəkənin işəgötürəni) Öztürk Mustafanın cavabdehliyini müəyyən etmişdir” hissəsində imzalanmamışdır. Bu halda isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 3.4-cü bəndi rəhbər tutulmalıdır. Belə ki, təhqiqat zamanı, zəruri hallarda Təhqiqat komissiyası sədrinin sərəncamı ilə ekspert dəvət olunur və yaxud ekspert komissiyası yaradılır. Ekspert və ya ekspert komissiyası aparılan ekspertizanın nəticəsi barədə rəsmi rəy verməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, X1 zərər yol-nəqliyyat hadisəsi zamanı vurulsa da iş materiallarından Təhqiqat Komissiyasının baş vermiş bədbəxt hadisələrin səbəbi barədə rəy alınması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumlarına müraciət etməsi müəyyən olunmur. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 3.4cü bəndinə əsasən yol-nəqliyyat qəzası nəticəsində baş vermiş bədbəxt hadisələrin səbəbi barədə rəy alınması üçün Təhqiqat komissiyasının sədrinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumlarına müraciət etmək hüququ vardır. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən onları tamamlamaq mümkün olmadığından inzibati xətalar haqqında protokol və digər sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 2019-cu il 3 may tarixli Qərarına əsasən İXM-in 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Öztürk Mustafa barəsində İXM-in 198.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar