Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 3(070)-42/2024 20.08.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən Şəxs MMC barəsində İXM-in 192.1-ci maddəsi ilə tərtib olunmuş material baxılması üçün məhkəməyə göndərilmişdir. 11 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan göründüyü kimi “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X2 xx.xx.2024-cü il tarixdən hazırkı tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Xocalı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(070)-34/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən Şəxs MMC barəsində İXM-in 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən Şəxs MMC barəsində İXM-in 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün təkrarən Xocalı Rayon Məhkəməsinə göndərilmişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, hazırkı iş üzrə İXM-in 16-1-ci fəslinin müddəalarına, yəni əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar olan inzibati xətalarla bağlı işlərə müvafiq informasiya sistemlərindən (ehtiyatlarından) istifadə edilməklə baxılmanın xüsusiyyətlərinə riayət edilməmişdir. Belə ki, İXM-in: 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir; 127-3-cü maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 127-4.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir; 127-4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında elektron protokolda aşağıdakı məlumatlar göstərilir: - protokolun tərtib edildiyi tarix və vaxt; - inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan orqanın (qurumun) və həmin protokolu tərtib etmək üçün istifadə edilən dövlət informasiya sisteminin (ehtiyatının) adı; - inzibati xətanın törədilməsi ilə bağlı müəyyən edilən (aşkar edilən) məlumatlar; - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs haqqında (hüquqi şəxsin adı, VÖEN-i və hüquqi və faktiki ünvanları) və vəzifəli şəxs haqqında (adı, soyadı, atasının adı, vəzifəsi, fərdi identifikasiya nömrəsi və yaşadığı ünvan) məlumatlar; - inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və həmin maddə üzrə cərimənin məbləği; - bu Məcəllənin 127-4.5-ci və 127-4.6-cı maddələrinin izahı; 127-4.5-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs, o cümlədən onun vəzifəli şəxsi burada qeyd olunan inzibati cəriməni həmin protokol ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində ödədikdə protokolla razılaşmış olur və həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında elektron qərar hesab edilir; 127-4.6-cı maddəsinə əsasən barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş müddətdə cəriməni ödəmədikdə həmin protokol baxılması üçün bir gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən məhkəməyə göndərilir; 127-5-ci maddəsində inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə məlumatlandırmanın xüsusiyyətləri nəzərdə tutulmuşdur; 127-6.1-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış fiziki şəxs və ya vəzifəli şəxs qərarla razılaşmadığı hallarda həmin qərar ona bu Məcəllənin 57ci maddəsi ilə müəyyən olunmuş rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə və ya şəxsən verilə, yaxud poçt vasitəsilə göndərilə bilər; 127-6.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə elektron qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə elektron qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Sadalanan normaların tələblərindən göründüyü kimi İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə hüquqi şəxslər barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur və cərimənin məbləği də həmin protokolda göstərilir. Barəsində inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs burada qeyd olunan inzibati cəriməni həmin protokol ona İXM-in 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində ödədikdə protokolla razılaşmış olur və həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında elektron qərar hesab edilir. Barəsində inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs bu müddətdə cəriməni ödəmədikdə həmin protokol baxılması üçün bir gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən məhkəməyə göndərilir. Yəni, barəsində inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs inzibati cəriməni qanunla müəyyən edilmiş müddətdə ödədiyi halda hüquqi şəxs barəsində inzibati tənbeh hakim tərəfindən tətbiq edilmir. İş materialları ilə müəyyən edilmişdir ki, məhz “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında Şəxs MMC barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir və bu halda İXM-də nəzərdə tutulmuş əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar olan inzibati xətalarla bağlı işlərə müvafiq informasiya sistemlərindən (ehtiyatlarından) istifadə edilməklə baxılmanın xüsusiyyətlərinə riayət edilməmişdir. İş materiallarına əlavə edilmiş Şəxs MMC-yə ünvanlanmış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-17-5/2-40583/2024 nömrəli məktubundan göründüyü kimi hüquqi şəxs 11 iyul 2024-cü il tarixdə iş üzrə icraatın başlanması ilə əlaqədar adı çəkilən quruma dəvət olunmuş, həmçinin həmin tarixdə hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir (bu halda nəzərə alınmalıdır ki, inzibati xəta haqqında protokol elektron qaydada tərtib edilməmişdir). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-17-5/2-53152/2024 nömrəli məktubunda göstərilən xüsusatlara, yəni İXM-in 127-4.1-ci maddəsinin tələblərinin yalnız Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə aşkar edildiyi hallara şamil olunması məsələsinə dair qeyd olunmalıdır ki, İXM-in 127-4.1-ci maddəsinin tələbləri 2 informasiya sistemi vasitəsilə aşkar olunan inzibati xətalara aiddir:
1. müvafiq icra hakimiyyəti orqanının (bu halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi;
2. habelə digər dövlət informasiya sistemləri (ehtiyatları). Yəni, qanunvericiliyin tələblərindən göründüyü kimi İXM-in 127-4.1-ci maddəsinin tələbləri yalnız inzibati xətanın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə aşkar edildiyi hallara deyil, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar olunduğu hallara da şamil olunur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli, 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın 1.2.1-ci bəndinə əsasən dövlət informasiya ehtiyatı - mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər, həmçinin yerli özünüidarəetmə orqanları (bundan sonra – qurumlar) tərəfindən formalaşdırılan elektron sənədlər və ya sənədlər toplusundan (sənədləşdirilmiş informasiyadan) ibarət məlumat bazaları, reyestrlər və digər informasiya resurslarıdır. Eyni zamanda sözügedən Fərmanın 4- 1 və 4-1.1-ci bəndlərinə əsasən dövlət informasiya ehtiyatlarının və sistemlərinin, habelə elektron xidmətlərin qeydiyyatının həyata keçirilməsi məqsədilə vahid reyestrin – “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nin təşkilini və aparılmasını təmin etmək Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarına əsasən cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. İXM-in: 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir; 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar olan inzibati xətalarla bağlı işlərə müvafiq informasiya sistemlərindən (ehtiyatlarından) istifadə edilməklə baxılmanın xüsusiyyətlərinə riayət edilmədiyindən, inzibati xəta haqqında protokolla bağlı təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən onları tamamlamaq mümkün olmadığından həmin protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 2019-cu il 3 may tarixli Qərarına əsasən İXM-in 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq
QƏRARA ALDİ:
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən Şəxs MMC barəsində İXM-in 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad qətidir, ondan şikayət verilə bilməz.