Məhkəmə qərarları › İş №3(070)-45/2024

Xocalı Rayon Məhkəməsi Qərar — İş №3(070)-45/2024

18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu Meşəli İş № 3(070)-45/2024 18.09.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Xocalı rayon prokurorluğunun nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləyən, Yevlax rayonunun Qaraməmmədli kəndində qeydiyyatda olan və yaşayan, FİN: xxxxxxx Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Xocalı rayon prokurorluğundan daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xocalı rayon prokurorunun köməkçisi Nümayəndə tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 01 sentyabr 2024-cü il tarixli qərarla 29C-24 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmiş və İXM-in 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında məsələ qaldırılmışdır. Həmin qərar əsasında Xocalı rayon prokuroru Əvəz Əliyev tərəfindən “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 04 sentyabr 2024-cü il tarixli qərarla Şəxs barəsində İXM-in 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, vəzifəli şəxs Şəxs "xxxx" MMC-nin iş icraçısı olaraq vəzifəsini icra etdiyi müddətdə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə təlimatlandırma və nəzəri bilikləri yoxlanılma işləri aparmadan, həmçinin hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsi metodları və onların üsullarını öyrətməyərək, bununla yanaşı iş sahəsində istifadə olunan ayaqaltının etibarlı şəkildə bərkidilməsi, eləcə də hündürlükdə görülən işlər zamanı fərdi mühafizə vasitəsi olan qoruyucu kəmərdən istifadəni təmin etməyərək “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 2.3, 2.4.1, 2.4.2, 2.4.3, 3.1, 5.27.2, 5.27.3-cü bəndlərinin tələblərini pozmuş və nəticədə həmin şirkətdə işləyən X2 xx.xx.2024-cü il tarixdə Xocalı rayonu ərazisində iş zamanı hündürlükdən yıxılaraq dərəcəsinə görə birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulması ilə nəticələnən sağlamlığına yüngül zərərin vurulmasına səbəb olmuş, bununla da Şəxs İXM-in 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xocalı rayon prokurorluğunun nümayəndəsi Nümayəndə bildirdi ki, X4 əmək müqaviləsinə əsasən "xxxx" MMC-də işləyərkən xx.xx.2024-cü il tarixdə, saat 15:00 radələrində iş vaxtı Xocalı şəhəri ərazisində tikilən fərdi yaşayış evində divara suvaq vurmaq üçün taxtadan düzəldilmiş stolun üzərinə çıxmış, həmin vaxt stol silkələndiyindən müvazinətini itirərək yerə yıxılıb xəsarət almışdır. Müəyyən olunmuşdur ki, X4 işlədiyi müddətdə, eləcə də xəsarət aldığı vaxt heç bir xüsusi geyim, xüsusi ayaqqabı, kaska, kəmər və digər fərdi mühafizə vasitələri ilə təmin edilməmiş, texniki təhlükəsizlik və əmək mühafizəsi qaydaları ilə tanış olmamışdır. Həmçinin, araşdırma zamanı müəyyən olunmuşdur ki, iş icraçısı olduğu müddətdə texnoloji avadanlıqlardan, energetik qurğulardan və işçiləri qoruma vasitələrindən istifadəni təmin etmək, təhlükəsizlik texnikasının vəziyyətini yoxlayaraq aşkar edilmiş qüsurları aradan qaldırmaq, habelə işçilər tərəfindən əmək mühafizəsi təlimatına riayət edilməsi üçün tədbirlər görmək vəzifə təlimatına əsasən Şəxs həvalə edilmişdir. Beləliklə, təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan X1 yüngül zərər vururlmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 198.2-ci maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə ərazidə olarkən X2 təmir işləri apardığı evin içərisində ayağının altına taxta qoyaraq rəngsaz işləri görən zaman hündürlükdən yıxılaraq xəsarət aldığını eşitmişdir. O, dərhal hadisə yerinə gedərək X3 Xankəndi şəhərində yerləşən xəstəxanaya aparmış və sonuncuya əlavə olaraq maddi kömək göstərmişdir. Hesab edir ki, işçiləri əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə təlimatlandırma onun vəzifəsinə aid deyildir. Verilmiş suallara cavab olaraq Şəxs bildirdi ki, onunla "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır və həmin müqavilə hazırda da qüvvədədir. Yəni, o, "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləyir. Hadisə baş verən gün, yəni xx.xx.2024-cü il tarixdə X3 xüsusi geyim, xüsusi ayaqqabı, kəmər və digər fərdi mühafizə vasitələri ilə təmin etməmişdir. Ola bilsin ki, iş icraçısının vəzifə təlimatı ilə tanış olmamışdır. Məhkəmə iclasında elan olunduqdan sonra ona tam aydın olmuşdur ki, tikinti norma və qaydalarına əməl olunmasını təmin etmək, təhlükəsiz metodlarla işləmək üçün bilavasitə iş yerlərində fəhlələrə təlimat vermək, texnoloji avadanlıqlardan (nərdivanlar, körpülər, müdafiə ləvazimatı, özül üçün çuxur və xəndəklərin divarını bərkitmə materialları, maili dirəklər və konduktorlar və s. qurğular), tikinti maşınlarından, energetik qurğulardan, nəqliyyat vasitələri və işçiləri qoruma vasitələrindən istifadəni təmin etmək, təhlükəsizlik texnikasının vəziyyətini yoxlamaq və aşkar edilmiş qüsurların aradan qaldırılmasını, işçilər tərəfindən əməyin mühafizəsi təlimatına riayət edilməsi üçün tədbirlər görmək, işçilərin istehsal və əmək intizamına riayət etmələrini təmin etmək iş icraçısının əmək funksiyalarına aiddir. Həmçinin, iş icraçısı tikinti norma və qaydalarını, əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydalarını bilməlidir. Yekunda Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-də iş icraçısı vəzifəsinə qəbul olunmuşdur; "xxxx" MMC-nin direktoru tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli “İş icraçısının vəzifə təlimatı”nın surətindən görünür ki, tikinti norma və qaydalarına əməl olunmasını təmin etmək, təhlükəsiz metodlarla işləmək üçün bilavasitə iş yerlərində fəhlələrə təlimat vermək, texnoloji avadanlıqlardan (nərdivanlar, körpülər, müdafiə ləvazimatı, özül üçün çuxur və xəndəklərin divarını bərkitmə materialları, maili dirəklər və konduktorlar və s. qurğular), tikinti maşınlarından, energetik qurğulardan, nəqliyyat vasitələri və işçiləri qoruma vasitələrindən istifadəni təmin etmək, təhlükəsizlik texnikasının vəziyyətini yoxlamaq və aşkar edilmiş qüsurların aradan qaldırılmasını, işçilər tərəfindən əməyin mühafizəsi təlimatına riayət edilməsi üçün tədbirlər görmək, işçilərin istehsal və əmək intizamına riayət etmələrini təmin etmək iş icraçısının əmək funksiyalarına aiddir. Həmçinin, iş icraçısı tikinti norma və qaydalarını, əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydalarını bilməlidir; xx.xx.2024-cü il tarixli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, X4 xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-də rəngsaz peşəsi üzrə işə qəbul olunmuşdur; X4 tərəfindən Xocalı rayon prokurorluğuna verilmiş izahatdan görünür ki, o, xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-də suvaq ustası kimi işə başlamışdır. "xxxx" MMCdə şirkət rəhbərliyinin göstərişi əsasında texniki təhlükəsizlik qaydalarına, əmək mühafizəsinin başqa qaydalarına və işlərinə nəzarət edən cavabdeh şəxs şirkətin sahə rəisi vəzifəsində işləyən Şəxs olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 15:00 radələrində işdə olarkən Xocalı şəhəri ərazisində tikilən fərdi yaşayış evində divara suvaq vurmaq üçün taxtadan düzəldilmiş stolun üzərinə çıxmış və həmin vaxt stol silkələndiyindən müvazinətini itirərək yerə yıxılmışdır. O, həmin vaxt əlindən və baş nahiyəsindən xəsarət almışdır. "xxxx" MMC-də işlədiyi dövrdə, eləcə də xəsarət aldığı vaxt heç bir xüsusi geyim, xüsusi ayaqqabı, kaska, kəmər və digər fərdi vasitələrlə təmin edilməmişdir; Məhkəmə-tibbi ekspertizası və patoloji anatomiya Birliyi Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 260 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, vət. X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - alın, sağ əl nahiyəsinin əzilmiş yaraları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/6243 nömrəli əmək təhlükəsizliyinin tədqiqinə dair rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 2.3, 2.4.1, 2.4.2, 2.4.3, 3.1, 5.27.2, 5.27.3-cü bəndlərinin tələbləri pozulmuşdur. Hündürlükdə aparılan işin xarakterinə uyğun müvafiq ixtisasa malik olmadan, əməyin mühafizəsi texniki təhlükəsizlik qaydaları üzrə təlimatlandırılmadan, nəzəri bilikləri yoxlanılmadan, həmçinin hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsi metodları, onların üsulları öyrənilmədən, bununla yanaşı iş sahəsində istifadə olunan ayaqaltının etibarlı şəkildə bərkidilməsi, eləcə də hündürlükdə görülən işlər zamanı fərdi mühafizə vasitəsi olan qoruyucu kəmərdən istifadəsi təmin olunmadan işçi X4 hündürlükdə işlərin görülməsinə cəlb edildiyinə görə, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 2.3, 2.4.1, 2.4.2, 2.4.3, 3.1, 5.27.2, 5.27.3-cü bəndlərinin tələbləri "xxxx" MMC-də həmin işlərin aparılmasına rəhbərlik etmiş şəxs(lər) tərəfindən pozulmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manatdır; “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 29C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir; “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 29C-24 nömrəli material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar ləğv edilmişdir; “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 29C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş və materialda İXM-in 198.2-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün materialların prokurora təqdim edilməsi qərara alınmışdır; “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vəzifəli şəxs Şəxs barəsində İXM-in 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Hüquqi əsaslandırma: İXM-in 198.2-ci maddəsində texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Göründüyü kimi İXM-in 198.2-ci maddəsinin dispozisiyası blanket xarakterli olduğu üçün bu maddə ilə inzibati məsuliyyətin həll edilməsi zamanı əməyin mühafizəsinin məhz hansı qaydalarının pozulması aydınlaşdırılmalıdır. Həmin inzibati xəta obyektiv cəhətdən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərər vurulmasında ifadə olunur. İXM-in 198.2-ci maddəsi ilə inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər məcmu halında mövcud olmalıdır:

1. texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydaları pozulmalıdır;

2. texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərər vurulmasına səbəb olmalıdır;

3. texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması ilə sağlamlığa yüngül zərər vurulması arasında səbəbli əlaqə olmalıdır. Göstərilən üç şərtin mövcud olması İXM-in 198.2-ci maddəsi ilə inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hazırkı iş üzrə hər üç şərtin mövcud olması qənaətinə gəlir. Belə ki, ilk növbədə texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları pozulmuşdur. Göründüyü kimi hündürlükdə aparılan işin xarakterinə uyğun müvafiq ixtisasa malik olmadan, əməyin mühafizəsi texniki təhlükəsizlik qaydaları üzrə təlimatlandırılmadan, nəzəri bilikləri yoxlanılmadan, həmçinin hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsi metodları, onların üsulları öyrənilmədən, bununla yanaşı iş sahəsində istifadə olunan ayaqaltının etibarlı şəkildə bərkidilməsi, eləcə də hündürlükdə görülən işlər zamanı fərdi mühafizə vasitəsi olan qoruyucu kəmərdən istifadəsi təmin olunmadan işçi X4 hündürlükdə işlərin görülməsinə cəlb edildiyinə görə, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 2.3, 2.4.1, 2.4.2, 2.4.3, 3.1, 5.27.2, 5.27.3-cü bəndlərinin tələbləri pozulmuşdur (əsas: iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/6243 nömrəli əmək təhlükəsizliyinin tədqiqinə dair rəy). Həmçinin, texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərər vurulmasına səbəb olmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə nəticəsində X1 yüngül zərər dəymişdir (əsas: iş materiallarında olan Məhkəmə-tibbi ekspertizası və patoloji anatomiya Birliyi Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 260 nömrəli canlı şəxsin ekspertizası rəyi). Eyni zamanda texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının pozulması ilə X1 yüngül zərər vurulması arasında səbəbli əlaqə vardır. Belə ki, məhz həmin zərər “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 2.3, 2.4.1, 2.4.2, 2.4.3, 3.1, 5.27.2, 5.27.3-cü bəndlərinin tələblərinin pozulması nəticəsində vurulmuşdur, həmçinin zərərin törənmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir (əsas: iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 10/6243 nömrəli əmək təhlükəsizliyinin tədqiqinə dair rəyi, Məhkəmə-tibbi ekspertizası və patoloji anatomiya Birliyi Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 260 nömrəli canlı şəxsin ekspertizası rəyi). Beləliklə, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, özünün qismən etirafedici izahatı və araşdırılmış digər sübutlarla tam sübuta yetir. Belə ki, vəzifəli şəxs olaraq (İXM-in 17-ci maddəsinin “Qeyd” hissəsinə əsasən) Şəxs texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş və onun tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan X1 yüngül zərər vurulmuşdur. Məhkəmə, Şəxs özünü qismən təqsirli bilməsi, yəni işçiləri əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə təlimatlandırmanın onun vəzifəsinə aid olmaması ilə bağlı izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü həmin hissədə təqsirli bilməməsi ilə bağlı dəlilləri məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı sübutlarla təkzib olunur. Belə ki: - Şəxs "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləyir (əsas: iş materiallarında olan xx.xx.2023-cü il tarixli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nin surəti); - tikinti norma və qaydalarına əməl olunmasını təmin etmək, təhlükəsiz metodlarla işləmək üçün bilavasitə iş yerlərində fəhlələrə təlimat vermək, texnoloji avadanlıqlardan (nərdivanlar, körpülər, müdafiə ləvazimatı, özül üçün çuxur və xəndəklərin divarını bərkitmə materialları, maili dirəklər və konduktorlar və s. qurğular), tikinti maşınlarından, energetik qurğulardan, nəqliyyat vasitələri və işçiləri qoruma vasitələrindən istifadəni təmin etmək, təhlükəsizlik texnikasının vəziyyətini yoxlamaq və aşkar edilmiş qüsurların aradan qaldırılmasını, işçilər tərəfindən əməyin mühafizəsi təlimatına riayət edilməsi üçün tədbirlər görmək, işçilərin istehsal və əmək intizamına riayət etmələrini təmin etmək iş icraçısının əmək funksiyalarına aiddir. Həmçinin, iş icraçısı tikinti norma və qaydalarını, əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydalarını bilməlidir (əsas: iş materiallarında olan "xxxx" MMC-nin direktoru tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli “İş icraçısının vəzifə təlimatı”nın surəti); - məhkəmə iclasında "xxxx" MMC-nin iş icraçısının vəzifə təlimatı elan olunduqdan sonra Şəxs tikinti norma və qaydalarına əməl olunmasını təmin etməyin, təhlükəsiz metodlarla işləmək üçün bilavasitə iş yerlərində fəhlələrə təlimat verməyin, texnoloji avadanlıqlardan (nərdivanlar, körpülər, müdafiə ləvazimatı, özül üçün çuxur və xəndəklərin divarını bərkitmə materialları, maili dirəklər və konduktorlar və s. qurğular), tikinti maşınlarından, energetik qurğulardan, nəqliyyat vasitələri və işçiləri qoruma vasitələrindən istifadəni təmin etməyin, təhlükəsizlik texnikasının vəziyyətini yoxlamaq və aşkar edilmiş qüsurların aradan qaldırılmasını, işçilər tərəfindən əməyin mühafizəsi təlimatına riayət edilməsi üçün tədbirlər görməyin, işçilərin istehsal və əmək intizamına riayət etmələrini təmin etməyin iş icraçısının əmək funksiyalarına aid olmasının, həmçinin, tikinti norma və qaydalarını, əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydalarını bilməli olduğunun ona aydın olduğunu bildirmişdir; - Şəxs məhkəmə iclasında izahatında hadisə baş verən gün, yəni xx.xx.2024-cü il tarixdə X3 xüsusi geyim, xüsusi ayaqqabı, kəmər və digər fərdi mühafizə vasitələri ilə təmin etmədiyini göstərmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli qismən etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 (min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar