Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu Meşəli İş № 3(070)-48/2024 23.10.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı, ******* nömrəli, 11 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X6 xx.xx.2024-cü il tarixdən hazırkı tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, Şəxs MMC ilə vətəndaş X6 arasında əmək müqaviləsi bağlanılaraq sonuncu işə götürülmüşdür. Bu səbəbdən də X6 Şəxs MMC tərəfindən Daxili İşlər Nazirliyinin Qarabağ və Şərqi Zəngəzura giriş üçün portalından keçirilmişdir. Şirkət tərəfindən xx.xx.2024-cü il tarixdə X3 əmək müqaviləsinə xitam verilmişdir. 06 iyun 2024-cü il tarixdən X6 ilə yenidən əmək müqaviləsi bağlanmamışdır. Lakin, şirkət tərəfindən X3 müqaviləsinə xitam verilməsinə baxmayaraq adı Daxili İşlər Nazirliyinin portalından çıxarılmamışdır. Məlum deyil ki, həmin şəxs orada müqaviləsiz işlədilir, yoxsa yox. Əgər müqaviləyə xitam verilibsə vətəndaşın adı portaldan çıxarılmalıdır. Yekunda ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallara Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi Nümayəndə2 cavab olaraq bildirdi ki, hal-hazırda X3 əmək müqaviləsi olmadan işğaldan azad olunmuş ərazilərdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə dair onda elə bir material, sübut yoxdur. Lakin, vətəndaşın adının portaldan çıxarılmaması ehtimal yaradır ki, vətəndaş əmək müqaviləsi olmadan işə cəlb edilmişdir. Vətəndaşların əmək müqaviləsinə xitam verildikdən sonra onların adlarının portaldan çıxarılması məsələsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında müzakirə olunur. X6 hər hansı bir şöbəyə, DOST agentiyinə dəvət edilərək bu barədə onun izahatı alınmamışdır. İşə baxılmasının yeri və müddəti barədə Şəxs MMC-yə məlumat verilmiş və bununla bağlı nümayəndəsi Ekol Vəkil Bürosunun vəkili Nümayəndə1 məhkəməyə ərizə ünvanlamışdır. Nümayəndə ərizəsində göstərmişdir ki, Bakı şəhərində fəaliyyət göstərdiyindən və bugünə icraatında olan digər işlər üzrə məhkəmə iclasları təyin edildiyindən məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və Şəxs MMC barəsində tərtib edilmiş protokolun hər hansı qanuni əsası olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Ekol Vəkil Bürosunun vəkili Nümayəndə1 bildirmişdir ki, tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. Şəxs MMC ilə X6 arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanaraq sonuncu işə götürülmüş və xx.xx.2024cü il tarixdə isə şirkət tərəfindən X3 əmək müqaviləsinə xitam verilmişdir. Hüquqlarını müdafiə etdiyi Şəxs MMC-nin əmək müqaviləsi bağlayaraq işə götürdüyü işçilərin əmək müqaviləsinə xitam verildikdən sonra onların adlarının portaldan çıxarılması ilə bağlı hər hansı bir öhdəliyi yoxdur. X1 hüquqlarını müdafiə etdiyi Şəxs MMC tərəfindən işğaldan azad olunmuş ərazilərdə əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsi barədə hər hansı bir sübut (əmək müqaviləsi başa çatdıqdan sonra vətəndaşın işlərə cəlb edilməsini sübut edən fotoşəkil və s.) yoxdur. İnzibati xəta haqqında protokol tərtib edilməmişdən əvvəl Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən hüquqi şəxs Şəxs MMC-yə rəsmi qaydada heç bir məlumat verilməmiş, bildiriş göndərilməmişdir. Əvvəlki məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şəxs MMC-nin nümayəndəsi Ekol Vəkil Bürosunun vəkili Nümayəndə1 bildirdi ki, vətəndaş X6 əmək müqaviləsinə xitam verildikdən sonra Şəxs MMC tərəfindən işğaldan azad olunmuş ərazilərdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” çıxarışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı Xocalı rayonu, Sığnaq kəndidir, qanuni təmsilçisi X2r; xx.xx.2024-cü il tarixli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, X6 fəhlə kimi xx.xx.2024-cü il tarixdən Şəxs MMC-də işə götürülmüşdür; Şəxs MMC-nin direktoru X4 tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli, 14 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi barədə” əmrdən görünür ki, Şəxs MMC-də fəhlə vəzifəsində işləyən X6 ilə bağlanmış 2M2AD9N000100 nömrəli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 maddəsinin 2-ci hissəsinin “a)” bəndinə əsasən xitam verilmişdir; DİN-in məlumat portalından çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək X3 işğaldan azad edilmiş ərazilərə giriş üçün icazəsi olmuş və həmin icazə Şəxs MMC-nin müraciəti əsasında verilmişdir; X6 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, hal-hazırda çoban işlədiyindən xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edə bilməmişdir. Hazırda proses ona görə xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. İşinin daim heyvanlara nəzarət etməkdən ibarət olduğunu nəzərə alaraq onları sahibsiz saxlayıb üzrlü səbəbdən məhkəməyə gələ bilməyəcəkdir. İşin mahiyyəti ilə bağlı onu bildirir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək Şəxs MMC-də daşların üzünü yonmaqla məşğul olmuşdur. İşə başlayanda əmək haqqının ona yetəcəyini düşünmüşdür. Sonra əmək haqqının az olduğunu görmüş və bundan sonra Bərdə rayonunda çoban işləməklə bağlı təklif almışdır. Ona görə də doğulduğu rayona qayıtmışdır. İşini bitirdiyi xx.xx.2024-cü il tarixdən sonra Qarabağ zonasında, Şəxs MMC-də olmamış, daim Bərdə rayonunda olmuşdur. Qeyd etdiklərinin nəzərə alınmasını və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində İXM-in 192.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilməlidir. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin: 4-1-ci bəndinə əsasən əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir; 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır; 49-cu maddəsinin: 1-ci hissəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir; 5-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir; 312-ci maddəsinə əsasən əmək qanunvericiliyini pozan işçi, işəgötürən və digər fiziki şəxslər İXM-də nəzərdə tutulmuş hallarda müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. İXM-in 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Qanunvericiliyin tələbindən göründüyü kimi işçi ilə işəgötürən arasında əmək münasibətləri yaranmalı və onlar arasında bu münasibətin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini müəyyən edən əmək müqaviləsi bağlanmalıdır. Məhz əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda tərəflər arasında əmək münasibətləri yaranır. Əmək qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsi gücləndirilmiş elektron imza ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış hesab olunur və hüquqi qüvvəyə minir. Həmçinin, əmək müqaviləsinə xitam verilməsi barədə əmr işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir və bununla da tərəflər arasında əmək münasibətləri başa çatmış olur. Qanunvericiliyin bu tələbləri Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində nəzərdə tutulmuş əmək hüquqlarının etibarlı təminatını müəyyən edir, əmək müqaviləsi rəsmi qeydiyyata alınmadan işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini qadağan edir. Bu tələblərin pozulması isə müvafiq olaraq inzibati məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta formal tərkiblidir və fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi andan başa çatmış sayılır. Hazırkı halda da Şəxs MMC-nin əməlində həmin tərkib əlamətlərinin mövcud olub-olmaması nəzərə alınmalıdır. Belə ki, iş üzrə müəyyən olunduğu kimi Şəxs MMC ilə X6 arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və bu müqaviləyə müvafiq əmrlə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş qurum X3 həmin tarixdən sonra, yəni xx.xx.2024-cü il tarixdən Şəxs MMC-də hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qənaətinə isə həmin şəxsin işğaldan azad olunmuş yerlərə giriş icazəsinin olması səbəbindən gəlmişdir. Lakin, qeyd edilməlidir ki, bu hal özü-özlüyündə İXM-in 192.1-ci maddəsi ilə məsuliyyətə səbəb olmur. Belə ki, şəxsin işğaldan azad olunmuş yerlərə aktiv giriş icazəsinin olması onun hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi mənasına gəlmək üçün əsas ola bilməz. Yəni, İXM-in 192.1-ci maddəsinin tərkibinin yaranması üçün fiziki şəxslər əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməlidir ki, bu hal isə hazırda Şəxs MMC-nin hərəkətlərində mövcud deyildir. Bundan başqa inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümyəndəsi məhkəmə iclasında X3 əmək müqaviləsi olmadan işğaldan azad olunmuş ərazilərdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə dair material, sübutun olmamasını bildirmiş, həmçinin, vətəndaşın adının icazə portalından çıxarılmamasının vətəndaşın əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi ehtimalını yaratmasını qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki: - yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (İXM-in 3-cü maddəsi - İnzibati məsuliyyətin əsasları); - inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8-ci maddəsi - Təqsirsizlik prezumpsiyası prinsipi). Yəni, şəxs ehtimallar əsasında inzibati məsuliyyətə cəlb oluna bilməz, şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün yalnız onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmalıdır. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Həmçinin, inzibati xəta haqqında protokol tərtib etmiş qurum məsələ ilə bağlı bütün sübutları toplamamış, yəni X3 izahatını almamışdır. Bunun əksinə həmin şəxs məhkəməyə dəvət olunmuş, məhkəmədə iştirak etməsə də ərizə formasında məhkəməyə izahat təqdim etmiş, izahatında əmək müqaviləsinə xitam verildikdən sonra, yəni xx.xx.2024-cü il tarixdən sonra Şəxs MMC-də müvafiq işlərin görülməsinə cəlb olunmadığını göstərmişdir. Məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin izahatında göstərdiyi digər xüsusata, yəni Şəxs MMC tərəfindən X3 əmək müqaviləsinə xitam verildikdən sonra sonuncunun işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin ləğv edilməməsi məsələsinə dair qeyd etməyi zəruri hesab edir ki, bu hal şəxsin əməlində İXM-in 192.1-ci maddəsinin tərkibini yaratmır, həmçinin işəgötürənin qanunla belə bir vəzifəsi (öhdəliyi) nəzərdə tutulmamışdır. Nəzərə alınmalıdır ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız Azərbaycan Respublikasının Konstitusiyası ilə və ya qanunla qoyula bilər. Heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilməz (Azərbaycan Respublikası Konstitusiyasının 72 və 79cu maddələri). “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarına əsasən cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər; 42.2 və 42.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə (cinayət hadisəsi olmadıqda) hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. İXM-in: 53.1 və 53.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, hadisənin baş verməməsi sübut olunduğundan, yəni inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində İXM-in 192.1-ci maddəsi ilə bağlanılmış iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə bağlanılmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(070)-48/2024
Xocalı Rayon Məhkəməsi Qərar — İş №3(070)-48/2024
23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver