Məhkəmə qərarları › İş №3(070)-49/2024

Xocalı Rayon Məhkəməsi Qərar — İş №3(070)-49/2024

05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu Meşəli İş № 3(070)-49/2024 05.11.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Öztürk Mustafanın müdafiəçisi - Vəkil iştirakı ilə, xx.xx.1980-ci ildə anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, Azərbaycan Respublikasında xx.xx.2024-cü il tarixli, MYİ seriyalı, 0****** nömrəli müvəqqəti yaşama icazə vəsiqəsi əsasında yaşayan, Azərbaycan Respublikasında qeydiyyat yeri Xocavənd rayonunun Böyük Tağlar kəndində yerləşən yataqxana olan, “X20 və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyində mühəndis-inşaatçı vəzifəsində işləyən, FİN: xxxxxxx Öztürk Mustafanın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsindən Öztürk Mustafanın İXM-in 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı material baxılması üçün məhkəməyə göndərilmişdir. 24 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “X20 və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyində texniki-təhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş əməyin təhlükəsizliyi üzrə mütəxəssis Öztürk Mustafa tərəfindən bu qaydaların pozulması nəticəsində şirkətin işçisi X4 xx.xx.2024-cü il tarixdə Xocalı rayonunda iş vaxtı sağlamlığına yüngül zərər vurulmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, inzibati xəta haqqında protokolda İXM-in 198.2-ci maddəsinin tələblərinin pozulması göstərilir. Xocalı Rayon Məhkəməsinin 3(070)-40/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Öztürk Mustafa barəsində İXM-in 198.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamam olduğundan və onları tamamlamaq mümkün olmadığından geri qaytarılmışdır. Lakin, texniki təhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydaları dedikdə nə nəzərdə tutulduğuna açıqlama verilmədən protokol və ona əlavə edilmiş materiallar yenidən məhkəməyə göndərilmişdir. Vətəndaşın əmək müqaviləsində iş vaxtı saat 09:00-dan saat 16:00-a kimi göstərilmişdir. Hadisə isə gecə saat 01:30 radələrində baş vermişdir. Bu da işçilərin iş saatından artıq və iş vaxtına aid olmayan bir vaxtda işə cəlb edilməsini göstərir. Ola bilər ki, xəsarət alan şəxs müəssisənin mənafeyi naminə özü iş saatından əlavə iş görmüşdür. Lakin, iş materiallarında bu barədə qeydə rast gəlinmir. “X20 və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyində texnikitəhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş əməyin təhlükəsizliyi üzrə mütəxəssis Öztürk Mustafa tərəfindən bu qaydaların pozulması nəticəsində şirkətin işçisi X8 xx.xx.2024-cü il tarixdə Xocalı rayonu ərazisində gecə saat 01:30-da işləyən zaman qəza baş vermiş, idarə etdiyi “HOWO” markalı maşın aşmışdır. Nəticədə həm şirkətin avtomobilinə zərər dəymiş, həm də öz sağlamlığına yüngül zərər vurulmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətində təhqiqat aparılmış, belə bir qənaətə gəlinmişdir ki, X4 tabe olduğu şirkətin inşaatçı mühəndisi olan Öztürk Mustafa tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsindəki tələblər pozulmuş, nəticədə İXM-in 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Gecə baş vermiş hadisə X4 iş vaxtı ilə üst-üstə düşmür. Belə ki, əmək müqaviləsinə əsasən onun iş vaxtı 09:00-dan saat 16:00-a kimidir. Həmçinin, X8 izahatında da göstərmişdir ki, müəyyən məsafədən torpağı yük maşınına doldurub apararkən mənzil başına çatmağa təxminən 10 km qalmış hadisə baş vermişdir. Avtomobilin sükanında titrəmə hiss etmiş, qabağına maneə çıxmış, əyləci sıxıb maşını saxlamaq istəsə də alınmamış, bir neçə saniyə sonra avtomobil aşaraq dərəyə yuvarlanmış və xəsarət almışdır. Verilmiş suallara Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi Nümayəndə cavab olaraq bildirdi ki, ekspertizanın rəyindən zərərçəkmiş şəxsin yüngül xəsarət alması, protokol və digər materiallardan isə hadisənin şahidinin olmaması görünür. Həmçinin, iş materiallarında zərərçəkmiş şəxsin izahatı vardır. Öztürk Mustafanın isə izahatı yoxdur. Protokolu tərtib edən müfəttiş texniki təhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydalarının pozulması dedikdə konkret nəyi nəzərdə tutmuşdur bilinmir. İş materiallarında olan vətəndaşın izahatından görünür ki, hadisə zamanı zərərçəkmiş şəxsin qabağına maneə çıxmış, əyləcdən istifadə etmək istəsə də alınmamış və qəza baş vermişdir. Polisin tərtib etdiyi materialdan isə görünür ki, həmin ərazidə maneə aşkarlanmamış, xəsarət alan şəxs yuxulaması nəticəsində idarəetməni itirmiş və hadisə baş vermişdir. Əgər sırf burada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin prizmasından baxılsa vətəndaşa normal istirahət hüququnun verilməməsi müəyyən olunur. Gecə saat 02:00 radələrində vətəndaş iş üçün getmişdir. İş materiallarında iş vaxtından kənar vaxtda, həmin saatda vətəndaşa kiminsə göstəriş verməsi, yoxsa müəssisənin mənafeyi naminə vətəndaşın özünün getməsi kimi məlumata rast gəlinmir. Hadisənin baş verməsinə şəxsin normal əmək və istirahət rejiminə əməl olunmamasının səbəb olması ehtimal olunur. Yəni, insan normal istirahət etməsə işləyə bilməz. Burada vətəndaş müəssisənin mənafeyi naminə özü iş üçün gecə getmiş olsa deməli onun özü tərəfindən əmək və istirahət rejimi pozulmuşdur. Əgər zərərçəkmiş şəxsin yuxulaması səbəbindən qəza baş veribsə demək ki, ona iş saatından kənar kim göstəriş veribsə həmin şəxs tərəfindən vətəndaşın əmək və istirahət rejimi pozulmuşdur. İnzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb hadisənin baş verdiyi saatla X4 iş saatının üst-üstə düşməməsidir. Çünki, əmək müqaviləsinə əsasən onun iş vaxtı 09:00-dan saat 16:00-a kimi olmasına baxmayaraq, o, gecə saat 01:30-da işlərin görülməsinə cəlb olunmuşdur. Əməyin mühafizəsinə nəzarət etməli şəxs Öztürk Mustafa olduğuna görə onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi İXM-in 198.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Öztürk Mustafanın əməlində başqa inzibati xətanın tərkibinin olub-olmamasını nəzərdən keçirmişdir. Belə ki, bədbəxt hadisələr zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətini maraqlandıran əsas əməyin mühafizəsi qaydalarının pozulması, eyni zamanda əmək qanunvericiliyinin qaydalarının pozulmasıdır. X8 iş vaxtından artıq işə cəlb edilmişdir. İXM-in 198.2-ci maddəsində yüngül xəsarət almağa görə məsuliyyət nəzərdə tutulmuşdur. X8 da yüngül xəsarət almış və əməyin mühafizəsindən də Öztürk Mustafa cavabdehdir. Vurulmuş zərərlə baş vermiş hadisə arasında səbəbli əlaqə ondan ibarətdir ki, insan istirahət etmədən səhərdən axşama qədər işləyir, sükan arxasında olur, yuxulaya bilər. Hadisə gecə saatlarında baş vermişdir. Yolda işıqlanma yoxdur. İnsan istirahət etmədən belə bir şəraitdə işləyə bilməz. Vətəndaşın gecə işə çıxmaqda ya marağı vardır, ya da o, buna məcbur edilmişdir. Hadisə gecə tapşırıq yerinə yetirilərkən baş vermişdir. İş materiallarından görünür ki, X8 yüngül xəsarət almış, yəni onun topuğu əzilmiş və əmək qabiliyyətinin olmaması vərəqəsi açılmışdır. Həmçinin, təhqiqat aktında göstərilir ki, ekspert rəyinə əsasən o, yüngül xəsarət almışdır. Təhqiqat xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək aparılmışdır. Vətəndaş izahatında hadisə baş verən günü işə saat neçədə başladığını qeyd etməmişdir. X8 əmək müqaviləsində qeyd olunan saatdan əlavə saatda işlərin görülməsinə cəlb olunmuşdur. Əmək müqaviləsinin şərtləri şifahi şəkildə dəyişdirilə bilməz. Bunun hüquqi qüvvəsi yoxdur. Yekunda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi Nümayəndə Öztürk Mustafa barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Öztürk Mustafanın müdafiəçisi - Vəkil bildirdi ki, Öztürk Mustafa özünü İXM-in 198.2-ci maddəsi ilə təqsirli bilmir. Protokolda hadisənin yeri və vaxtı qeyd olunmuş, lakin, hansı hərəkətin edilməməsi nəticəsində hadisənin baş verməsi qeyd edilməmişdir. Hadisənin faktiki tərəflərinə gəldikdə işçilər bəzən iş saatlarında icazə alır və əvəzinə gecə işləyirlər. Bundan başqa hazırkı iş İXM-in 38.3-cü maddəsinin də təsir dairəsinə düşür. Belə ki, xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İXM-in 38.3-cü maddəsinə əsasən bu halda inzibati xətaya cəlb etmə müddəti 3 ay müəyyən olunmuşdur. Daha əvvəl iş materiallarını geri qaytaran zaman məhkəmə haqlı olaraq səbəbli əlaqə və digər halları qeyd etmiş, lakin, bunlara əməl olunmadan protokol təkrar eyni mətndə məhkəməyə göndərilmişdir. Hesab edir ki, formal mülahizələr əsasında protokol tərtib edilmişdir. Verilmiş suallara cavab olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Öztürk Mustafanın müdafiəçisi - Vəkil bildirdi ki, X4 işlədiyi həmin layihə üzrə əməyin mühafizəsi qaydalarına cavabdeh şəxs Öztürk Mustafadır. Öztürk Mustafaya işçiləri işə götürmə səlahiyyətləri həvalə edilmişdir. Yekunda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Öztürk Mustafanın müdafiəçisi - Vəkil iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin, o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxs X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, xx.xx.1980-ci ildə anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, Azərbaycan Respublikasında xx.xx.2024-cü il tarixli, MYİ seriyalı, 0****** nömrəli müvəqqəti yaşama icazə vəsiqəsi əsasında yaşayan, Azərbaycan Respublikasında qeydiyyat yeri Xocavənd rayonunun Böyük Tağlar kəndində yerləşən yataqxana olan Öztürk Mustafa “X20 və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyində mühəndis-inşaatçı vəzifəsində işləyir (əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2023-cü il, əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2025-ci il); “X20 və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin direktoru Barış Altıparmak tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, nümayəndəlikdə mühəndis-inşaatçı vəzifəsində işləyən Öztürk Mustafa “Əhmədbəyli- Füzuli-Şuşa km 61-101.5/Çanaqçı-Cıdırdüzü-Şuşa km 014 yeni avtomobil yolunun tikintisi” layihəsində işlərin təhlükəsiz aparılması, yəni təhlükəsizlik texnikası və əməyin mühafizəsi üzrə cavabdeh/məsul şəxs olaraq təyin edilmiş, işlərin təhlükəsiz aparılması, yəni təhlükəsizlik texnikası və əməyin mühafizəsi üzrə məsuliyyət, zəruri işlərin icra edilməsi Öztürk Mustafaya həvalə edilmişdir; xx.xx.2024-cü il tarixli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, xx.xx.1994-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, X8 “X20 və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyində sürücü vəzifəsində işləmişdir (əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2023-cü il, əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2024-cü il); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-17-5/3-2-390/2024 nömrəli əmri ilə təyin edilmiş tərkibdə (sədr - X3 - X13 Xidmətinin Bakı şəhər İdarəsinin baş məsləhətçisi - baş əmək müfəttişi; üzvlər - X11 - “X20 və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin hüquqşünası, Ugur Saybak - “X20 və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin iqtisadçısı) Komissiya tərəfindən tərtib edilmiş təhqiqat aktından görünür ki, Komissiya xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X4 xx.xx.2024-cü il tarixdə, saat 01:30 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatını aparmışdır. Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndinə əsasən şirkətin sürücüsü X4 ehtiyatsızlığını, 4.2 və 4.3-cü bəndlərinə əsasən isə şirkətin mühəndis-inşaatçısı (zərərçəkənin işəgötürəni) Öztürk Mustafanın cavabdehliyini müəyyən etmişdir. X4 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalatla əlaqəlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun olaraq İZ formalı aktla rəsmiləşdirilməli və “X20 və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbərliyində uçota alınmalıdır. İZ formalı aktın bir nüsxəsinin X5 verilməsi “X20 və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbərliyi tərəfindən təmin edilməlidir. Komissiya üzvləri zərərçəkənə sosial təminat hüquqlarını qanunvericiliyin tələblərinə müvafiq qaydada izah etmişdir. Təhqiqat komissiyasının sədri X3, üzvləri X11, Ugur Saybak aktı imza etmişlər. Komissiya üzvləri Səlimli Elşən və Ugur Saybak təhqiqat aktının 4.2, 4.3cü bəndləri və 6-cı bəndin “4.2 və 4.3-cü bəndlərinə əsasən isə şirkətin mühəndisinşaatçısı (zərərçəkənin işəgötürəni) Öztürk Mustafanın cavabdehliyini müəyyən etmişdir” hissələri ilə razılaşmayaraq təhqiqat aktına müvafiq yazılı rəylərini əlavə etmişlər; “İstehsalatda bədbəxt hadisə haqqında” (İZ forması) 07/2024 nömrəli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə vermiş hadisənin səbəbləri 1) “X20 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə X8 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2803/23 nömrəli əmək müqaviləsinin “Əməyin mühafizəsi bölməsi”nin 4.13-cü bəndinin (İşçi özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borcludur) tələblərinə riayət edilməməsi; 2) “X20 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə Öztürk Mustafa arasında bağlanmış xx.xx.2024-cü il tarixli 518/23 nömrəli əmək müqaviləsinin “İşçinin əmək funksiyası bölməsi”nin 5-ci yarımbəndinin (Layihə, konstruktor və texnoloji intizama, əmək intizamına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edilməsinə təmin və nəzarət edir) tələblərinə riayət edilməməsi; 3) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsinin 5-ci abzasının (normal əmək və istirahət rejiminə riayət edilməsi) tələblərinə əməl olunmamasıdır. X7 cavabdehliyini müəyyən etsə də, komissiya üzvləri X11 və X22 Mustafanın cavabdehliyi ilə razılaşmamışlar; Məhkəmə-tibbi ekspaertiza və patoloji anatomiya Birliyi publik hüquqi şəxsin Bərdə rayon şöbəsinin canlı şəxsin ekspertizası haqqında xx.xx.2024-cü il tarixli, 286 nömrəli rəyindən görünür ki, vət.X4 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər sol aşıq baldır oynağı nahiyəsinin küt travması, hərəkət məhdudluğu, sol və sağ baldırın yuxarı 1/3-nin ön səthlərinin, sol ayağın bayır topuq nahiyəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sürücü kimi olmaqla törənə bilərdilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər; Azərbaycan Respublikası DİN-in Xocalı RPŞ-nin TQ-nin təhqiqatçısı X9 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış materialda X4 əməlində hər hansı bir cinayətin tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və X4 İXM-in 327.1-ci maddəsi ilə (əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və manevr etmə qaydalarının pozulması) inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qərarın surəti Xocalı RPŞ-nin DYPB-yə göndərilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/1193 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri rəyindən görünür ki, baxışa təqdim olunmuş “HOWO” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükan sistemi hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Yəni, avtomobilin sükan siteminin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “HOWO” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8047 nömrəli məktubuna əlavə edilmiş məlumatdan görünür ki, X10 xx.xx.2024-cü il tarixdə “HOWO” markalı, **-JC-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən avtomobildə yaranmış nasazlıq səbəbindən aşması nəticəsində xəsarət almışdır. Ekspertiza qarşısında qoyulmuş suallarda baş vermiş hadisə ilə əlaqədar təhlükəsizlik texnikası üzrə normativ aktların tələblərinin pozulmasının və pozulduğu halda kim(lər) tərəfindən pozulmasının müəyyən edilməsi məsələləri qoyulmuşdur. Qeyd olunmuşdur ki, təhlükəsizlik texnikası qaydalarının pozulması ilə bağlı işlər üzrə təyin edilən məhkəmə əmək təhlükəsizliyinin predmeti, ekspertizanın həll etdiyi məsələlərin dairəsi ilə müəyyən edilir və aşağıdakılardan ibarətdir: - maşın və aqreqatların istifadəsinin və yerləşməsinin düzgünlüyünü, onların texniki vəziyyətinin müəyyənləşdirilməsi; - faktiki aparılmış texnoloji prosesin təsdiq edilmiş texnologiyaya uyğunluğu; - avadanlıq, konstruksiya, müəssisələrin texniki layihələrinin təhlükəsizlik tələblərinə uyğun olmasının müəyyənləşdirilməsi; - istehsalatda baş vermiş qəzanı və ya bədbəxt hadisəni yaradan amillərin, şəraitin və s. səbəblərin müəyyənləşdirilməsi və bu halların aradan qaldırılması üçün müvafiq tədbirlərin təşkil edilməsi. Qərardadın təsviri hissəsində və materialda göstərilən hadisənin baş vermə şəraitində təhlükəsizlik texnikası qaydalarının pozulmasının müəyyən edilməsi əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılaraq rəy verilməsi mümkün deyildir; Xocalı RPŞ-nin YPX-nin inspektoru X14 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X8 tərəfindən İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir; Xocalı RPŞ-nin YPX-nin inspektoru X14 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 **-JC- *** dövlət qeydiyyat nişanlı, “HOWO” yük markalı avtomobillə İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X2 İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, əməlində İXM-in 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından Öztürk Mustafa barəsində başlanmış iş üzrə icraata xitam verilməlidir. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin: 10-cu bəndinə əsasən əməyin mühafizəsi - işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. 43-cü maddəsinin 2-ci hissəsinin “ə)” yarımbəndinə əsasən işçinin əmək şəraitinin şərtləri - iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunmasıdır; 54-cü maddəsinin 1-ci hissəsinə əsasən işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsini təmin etməlidir; 215-ci maddəsinə əsasən müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini, binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini, bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını, işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini, əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini, normal əmək və istirahət rejiminə riayət edilməsini, işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini, işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini, kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməsini təmin etməlidirlər; 312-ci maddəsinə əsasən əmək qanunvericiliyini pozan işçi, işəgötürən və digər fiziki şəxslər İXM-də nəzərdə tutulmuş hallarda müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. İXM-in 198.2-ci maddəsində texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Qanunvericiliyin tələbindən göründüyü kimi işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicəprofilaktika tədbirləri, normaları və standartları sistemi nəzərdə tutulmalıdır. Məhz iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması işçinin əmək şəraitinin şərtlərinə daxildir. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsini təmin etməlidir, həmçinin müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər. Qanunvericiliyin bu tələbləri Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində nəzərdə tutulmuş əmək hüquqlarının etibarlı təminatını müəyyən edir. Bu tələblərin pozulması isə müvafiq olaraq inzibati məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, İXM-in 198.2-ci maddəsinin dispozisiyası blanket xarakterli olduğu üçün bu maddə ilə inzibati məsuliyyətin həll edilməsi zamanı əməyin mühafizəsinin məhz hansı qaydalarının pozulması aydınlaşdırılmalıdır. Həmin inzibati xəta obyektiv cəhətdən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərər vurulmasında ifadə olunur. İXM-in 198.2-ci maddəsi ilə inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər məcmu halında mövcud olmalıdır:

1. texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydaları pozulmalıdır;

2. texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulması ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərər vurulmasına səbəb olmalıdır;

3. texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulması ilə sağlamlığa yüngül zərər vurulması arasında səbəbli əlaqə olmalıdır. Göstərilən üç şərtdən hər hansı birinin mövcud olmaması İXM-in 198.2-ci maddəsi ilə inzibati məsuliyyəti istisna edir. Belə olduğu təqdirdə məhkəmə hazırkı işə münasibətdə hər üç şərtin mövcud olub-olmamasına aydınlıq gətirməyi zəruri hesab edir. Məhkəmə 1-ci şərtə, yəni texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulmasına dair qeyd edir ki, hazırkı iş üzrə əməyin mühafizəsi qaydası pozulmuşdur, yəni işçi X4 əmək müqaviləsində nəzərdə tutulan normal əmək və istirahət rejiminə riayət olunmamışdır. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsində işçi X4 iş saatı saat 09:00-dan saat 16:00-dək müəyyən olunmuşdur. Lakin, işin faktiki hallarından müəyyən olunduğu kimi X1 yüngül zərər vurulmasına səbəb olan yolnəqliyyat hadisəsi xx.xx.2024-cü il tarixdə, saat 01:30-da baş vermişdir. Lakin, hazırkı iş üzrə yuxarıda qeyd edilən digər 2 şərtin mövcudluğu, yəni texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulmasının X1 yüngül zərər vurulmasına birbaşa səbəb olması və bunlar arasında səbəbli əlaqənin olması istisna olunur. Belə ki, X1 zərər məhz yol-nəqliyyat hadisəsi zamanı vurulmuşdur və həmin hadisənin baş vermə səbəbi də məhz sonuncu tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması olmuşdur. Məsələ Xocalı RPŞ-nin Təhqiqat Qrupunda araşdırılan zaman müvafiq məhkəmə yol-nəqliyyat ekspertizası təyin edilmişdir. Müvafiq ekspert rəyi ilə X4 idarə etdiyi nəqliyyat vasitəsinin saz vəziyyətdə olması müəyyən edilmiş, həmçinin sürücü X4 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olması, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olması müəyyən edilmişdir (əsas: iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/1193 nömrəli rəyi). Göründüyü kimi X1 zərər vurulması məhz onun tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə (yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar) riayət olunmaması ilə bağlı olmuşdur. Həmçinin, bu halda məhkəmə nəzərə alır ki, X8 həmin pozuntuya görə inzibati məsuliyyətə cəlb edilmişdir. Belə ki, Xocalı RPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X8 İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən məsələnin həlli üçün məhkəmə tərəfindən məhkəmə-əməyin mühafizəsi və texniki təhlükəsizlik ekspertizası təyin edilmişdir. Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən həmin ekspertizanın aparılmasından imtina edilmiş və bununla bağlı müvafiq məlumat məhkəməyə təqdim edilmişdir. Həmin məlumatdan da göründüyü kimi X10 xx.xx.2024-cü il tarixdə “HOWO” markalı, **-JC-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən avtomobildə yaranmış nasazlıq səbəbindən aşması nəticəsində xəsarət almışdır. Ekspertiza qarşısında qoyulmuş suallarda baş vermiş hadisə ilə əlaqədar təhlükəsizlik texnikası üzrə normativ aktların tələblərinin pozulmasının və pozulduğu halda kim(lər) tərəfindən pozulmasının müəyyən edilməsi məsələləri qoyulmuşdur. Qeyd olunmuşdur ki, təhlükəsizlik texnikası qaydalarının pozulması ilə bağlı işlər üzrə təyin edilən məhkəmə əmək təhlükəsizliyinin predmeti, ekspertizanın həll etdiyi məsələlərin dairəsi ilə müəyyən edilir və aşağıdakılardan ibarətdir: - maşın və aqreqatların istifadəsinin və yerləşməsinin düzgünlüyünü, onların texniki vəziyyətinin müəyyənləşdirilməsi; - faktiki aparılmış texnoloji prosesin təsdiq edilmiş texnologiyaya uyğunluğu; - avadanlıq, konstruksiya, müəssisələrin texniki layihələrinin təhlükəsizlik tələblərinə uyğun olmasının müəyyənləşdirilməsi; - istehsalatda baş vermiş qəzanı və ya bədbəxt hadisəni yaradan amillərin, şəraitin və s. səbəblərin müəyyənləşdirilməsi və bu halların aradan qaldırılması üçün müvafiq tədbirlərin təşkil edilməsi. Yəni, həmin məlumatla da X1 yüngül zərər vurulmasının texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulması ilə bağlı deyil, məhz yol-nəqliyyat hadisəsi ilə bağlı olması müəyyən olunur. Məhkəmə, “İstehsalatda bədbəxt hadisə haqqında” (İZ forması) 07/2024 nömrəli akta dair qeyd etməyi zəruri hesab edir ki, həmin akt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na əsasən tərtib edilmişdir. Belə ki, sözügedən Qaydaların 1.2-ci bəndinə əsasən əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən, müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən işçilərin səhhətinin pozulması halları təhqiq edilməli və İZ formalı akt tərtib edilməlidir. Lakin, nəzərə alınmalıdır ki, həmin akt sübut növüdür və inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (İXM-in 84-cü maddəsi). Həmin aktdan da göründüyü kimi baş vermiş hadisənin səbəbi kimi (aktın 11.1-ci bəndi) “X20 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə X8 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2803/23 nömrəli əmək müqaviləsinin “Əməyin mühafizəsi bölməsi”nin 4.13-cü bəndinin (İşçi özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borcludur) tələblərinə riayət edilməməsi, “X20 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə Öztürk Mustafa arasında bağlanmış xx.xx.2024-cü il tarixli 518/23 nömrəli əmək müqaviləsinin “İşçinin əmək funksiyası bölməsi”nin 5-ci yarımbəndinin (Layihə, konstruktor və texnoloji intizama, əmək intizamına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edilməsinə təmin və nəzarət edir) tələblərinə riayət edilməməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsinin 5-ci abzasının (normal əmək və istirahət rejiminə riayət edilməsi) tələblərinə əməl olunmaması müəyyən edilmişdir. Həmçinin, həmin aktda da X4 yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması qeyd olunmuşdur. Bununla belə sözügedən aktda X1 zərər vurulması ilə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulması arasında səbəbli əlaqənin olub-olmaması məsələsinə aydınlıq gətirilməmişdir. Bununla da məhkəmə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulması ilə X1 yüngül zərər vurulması arasında səbəbli əlaqənin olmaması, həmin zərərin yol-nəqliyyat hadisəsi zamanı X4 yol hərəkəti iştirakçısı kimi vəzifəsini yerinə yetirməməsi ilə bağlı olması qənaətinə gəlir. Məhkəmə, həmçinin nəzərə alır ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarına əsasən cinayətprosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. İXM-in 198.1 və 198.1.5-ci maddələrində əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur və həmin inzibati xəta İXM-in 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya münasibətdə daha yüngüldür. Lakin, hazırkı iş üzrə məhkəmə tərəfindən CPM-in 318.1-ci maddəsinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlinə münasibətdə tətbiqi istisna olunur (Öztürk Mustafanın əməlinə əvvəlcədən hüquqi qiymət vermədən). Belə ki, İXM-in 198.1-ci maddəsi həmin Məcəllənin 43.1-ci maddəsinin (rayon (şəhər) məhkəmələrinin aidiyyəti) təsir dairəsinə düşmür, həmçinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli Fərmanının 198.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Bundan başqa məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Öztürk Mustafanın müdafiəçisi - Vəkil izahatında göstərdiyi xüsusata, yəni iş üzrə icraata İXM-in 38.3-cü maddəsinin tələblərinə əsasən (müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə) xitam verilməsi məsələsinə dair qeyd edir ki, iş materiallarından göründüyü kimi Xocalı RPŞ-nin TQ-nin təhqiqatçısı X9 tərəfindən xx.xx.2024-cü il tarixli qərarla yol-nəqliyyat hadisəsi ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və X4 İXM-in 327.1-ci maddəsi ilə (əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və manevr etmə qaydalarının pozulması) inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qərarın surəti Xocalı RPŞ-nin DYPB-yə göndərilmişdir. Məhz bu qərardan sonra, yəni xx.xx.2024-cü il tarixdə X8 İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Yəni, toplanmış material üzrə baş vermiş yol-nəqliyyat hadisəsində cinayət tərkibinin olub-olmaması məsələsi araşdırılmış və bu hissədə cinayət işinin başlanılması rədd edilmişdir. Həmçinin, bu halda nəzərə alınmalıdır ki, həmin qərarla yalnız X4 əməllərinə hüquqi qiymət verilmişdir. Məhkəmə nəzərə alır ki, Xocalı RPŞ-də aparılmış araşdırma məhz X8, həmçinin yolnəqliyyat hadisəsi ilə bağlı olmuşdur, hazırkı işdə isə Öztürk Mustafa əmək qanunvericiliyinin pozulması ilə bağlı inzibati xətanın törədilməsində təqsirləndirilir. Göstərilən əsaslar isə hazırkı iş üzrə İXM-in 38.3-cü maddəsinin tətbiqini istisna edir. CPM-in 42.2 və 42.2.2-ci maddələrinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə (əməldə cinayət tərkibi olmadıqda) təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. İXM-in: 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, əməlində İXM-in 198.2-ci maddəsinin tərkibi olmadığından Öztürk Mustafanın barəsində həmin maddə ilə bağlanılmış iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinin tərkibi olmadığından Öztürk Mustafanın barəsində həmin maddə ilə bağlanılmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar