Məhkəmə qərarları › İş №3(070)-50/2024

Xocalı Rayon Məhkəməsi Qərar — İş №3(070)-50/2024

11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu Meşəli İş № 3(070)-50/2024 11.10.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xocalı RPŞ-nin İTB-nin polis sahə rəisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1975-cü il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Xocalı rayonu, Xocalı şəhərində qeydiyyatda olan, Xocalı rayonu, Əsgəran qəsəbəsində yaşayan, FİN: xxxxxxx Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Xocalı RPŞ-dən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xocalı RPŞ-nin İTB-nin polis sahə rəisi Nümayəndə tərəfindən Şəxs barəsində İXMin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 11 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı, ******* nömrəli, 11 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə təxminən saat 17:00 radələrində Xocalı rayonu, Ballıca kəndi ərazisində sahibsiz fərdi yaşayış evinin həyətində bitən koldan 01 (bir) ədəd əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisinin hissəsini qoparmaqla satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımışdır. Nəticədə Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xocalı RPŞ-nin İTB-nin polis sahə rəisi Nümayəndə izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Xocalı RPŞ-nin PPXB-nin manqa komandiri Güloğlan Məhərrəmov şöbə rəhbərliyinə raportla müraciət edərək həmin tarixdə Xocalı rayonu, Ballıca kəndi ərazisində xidmətdə olan zaman kənd ərazisində yoxlamaq üçün saxladıqları Şəxs idarə etdiyi “Ford Transit” markalı, **-SP- *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən narkotik vasitəyə bənzər bitki hissəsi aşkar edilməsini bildirmişdir. Araşdırma ilə bağlı Şəxs idarə etdiyi “Ford Transit” markalı, **- SP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə baxış keçirilmiş, avtomobilin yük hissəsində yerləşən saxlanc yerindən bir ədəd bitki hissəsi aşkar edilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Nəticədə 19 sentyabr 2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində İXM-in 206-cı maddəsinin tərkib əlamətləri olduğundan sonuncu barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Yekunda Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Xocalı rayonu, Əsgəran qəsəbəsində yaşayır. Fərdi şəkildə özünə məxsus “Ford Transit” markalı, **-SP- *** dövlət qeydiyyat nişanlı avtomobillə yük daşıma xidmətləri göstərir. xx.xx.2024-cü il tarixdə səhər saat təxminən 09:00 radələrində Xocalı rayonu ərazisinə gəzmək üçün gəlmişdir. Xocalı rayonunun ərazisini gəzərək saat təxminən 16-17 radələrində rayonun Ballıca kəndi ərazisinə gəlmişdir. Kənd ərazisində olan zaman avtomobildən yerə enərək piyada kəndi gəzməyə başlamış, həmin kənddən Xocalı rayonu, Xanyurdu kəndi istiqamətində gedən yolun kənarında yerləşən sahibsiz fərdi yaşayış evlərinin birinin həyətinə daxil olmuşdur. Həyətdə xeyli sayda müxtəlif kollar olmuş, həmin kolların arasından bir ədəd çətənə koluna bənzər kol görmüşdür. O, əvvəllər həmin koldan gördüyü üçün tanımış və həyətə daxil olub həmin kolun təxminən 50-60 sm hissəsini qoparmışdır. Həmin hissəni idarə etdiyi avtomobilin yük hissəsində yerləşən saxlanc yerinə qoymuşdur. Daha sonra avtomobilə minərək həmin yerdən uzaqlaşmışdır. Kənd ərazisindən çıxan zaman ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşları tərəfindən ondan sənədləri və avtomobili yoxlamaya təqdim edilməsi xahiş edilmişdir. O, sənədləri təqdim etdikdən sonra avtomobilin yük hissəsini baxış üçün təqdim etmişdir. Yoxlama zamanı avtomobilin yük hissəsində olan saxlanc yerindən götürdüyü çətənə koluna aid bitki hissəsi aşkar edilmişdir. O, həmin bitki hissəsini şəxsi istifadə məqsədilə götürmüşdür. Daha sonra o, Xocalı RPŞ-yə dəvət olunmuşdur. Əvvəllər narkotik vasitədən nadir hallarda istifadə etmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, o, inzibati qaydada tutulmamış, bugün, yəni xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarının dəvəti ilə gəlmişdir. Yekunda Şəxs əməlindən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin xx.xx.2024-cü il tarixli, 16/900 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “...Şəxs idarə etdiyi “Ford Transit markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində olan saxlanc yerindən aşkar edilmiş yaş halda ümumi çəkisi 94 qram olan narkotik vasitəyə bənzər bitki kütləsi” yazı və imzalar olan kağız paketdəki təmiz şəkisi 80 qram olan 1 (bir) ədəd bitki hissəsi, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsidir. Aparılmış tədqiqatın dəyəri 30,4 (otuz manat qırx qəpik) manatdır; xx.xx.2024-cü il tarixli, 2983/2024 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, Şəxs sidiyində marixuana aşkar edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 məcburi narkolojitibbi yoxlama haqqında 27 avqust 2024-cü il tarixli, 1446 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 19 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmişdir; Xocalı RPŞ-nin xx.xx.2024-cü il tarixli, 3-13-81/2-7064/2024 nömrəli məktubundan görünür ki, Xocalı şəhər sakini X2 Xocalı rayonu, Ballıca kəndi ərazisində idarə etdiyi, “Ford Transit” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobildən xx.xx.2024-cü il tarixdə aşkar edilərək götürülmüş 01 (bir) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsi götürüldüyü tarixdən Xocalı RPŞ-nin silah otağında maddi sübutların saxlanıldığı dəmir seyfdə saxlanılır; Xocalı RPŞ-nin xx.xx.2024-cü il tarixli, 3-13-81/2-7065/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 06 mart 2024-cü il tarixli, 3- 13/Ə148/2024 nömrəli əmrinə əsasən Xocalı RPŞ-nin bütün qüvvə və vasitələri daimi xidmət yerinə - Xocalı rayonuna dislokasiya edilmişdir. Hazırda Xocalı RPŞ-də müvəqqəti saxlama yerinin fəaliyyət göstərmədiyinin nəzərə alınması xahiş olunur. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 206-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı ilə yanaşı işdə olan ekspert rəyləri və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Hüquqi əsaslandırma: İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu maddədə “az miqdarda” dedikdə, narkotik vasitələrin və psixotrop maddələrin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir); 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının: 2-ci bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 959-İİQ nömrəli Qanununun 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir; 4-cü bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur; 5-ci bəndinə əsasən narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir; 6-cı bəndinə əsasən istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın “Tərkibində narkotik maddələr olan bitkilər” adlı İİİ siyahısının 1.2-ci qrafasına əsasən 3-15 ədəd (6-30 hissə) çətənə növlü bitkilər xeyli miqdar hesab olunur. İş materiallarından göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs üzərindən 1 (bir) ədəd narkotik tərkibli çətənə bitkisinin hissəsi (yəni, az miqdar) aşkar edilərək götürülmüşdür ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Şəxs inzibati məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən törətdiyi inzibati xətanı etiraf edib əməlindən peşman olmasını barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən edir. İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Xocalı RPŞ-nin silah otağında maddi sübutların saxlanıldığı dəmir seyfdə saxlanılan 01 (bir) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsi məhv edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 30,4 (otuz manat qırx qəpik) manat İXM-in 55.2-ci maddəsinin tələblərinə əsasən dövlət hesabına ödənilməlidir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 məcburi narkoloji-tibbi yoxlama haqqında 27 avqust 2024-cü il tarixli, 1446 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, Xocalı RPŞ-nin silah otağında maddi sübutların saxlanıldığı dəmir seyfdə saxlanılan 01 (bir) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsi məhv edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 30,4 (otuz manat qırx qəpik) manat dövlət hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Xocalı RPŞ-nin silah otağında maddi sübutların saxlanıldığı dəmir seyfdə saxlanılan 01 (bir) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsi məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 30,4 (otuz manat qırx qəpik) manat dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar