Məhkəmə qərarları › İş №3(070)-51/2024

Xocalı Rayon Məhkəməsi Qərar — İş №3(070)-51/2024

21.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu Meşəli İş № 3(070)-51/2024 21.10.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Xocalı RPŞ-nin İTQ-nin polis sahə rəisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Kəlbəcər rayonunun Xallanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağdam rayonunun Seyidli kəndində qeydiyyatda olan, Bərdə rayonunun Alaçadırlı kəndində yaşayan, FİN: xxxxxxx Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xocalı rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xocalı RPŞ-nin İTQ-nin polis sahə rəisi Nümayəndə tərəfindən Şəxs barəsində İXMin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 20 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Xocalı RPŞ-də səs-küy salaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xocalı RPŞnin İTQ-nin polis sahə rəisi Nümayəndə inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, Xocalı RPŞ-nin NH-nin məsul növbətçisi Babək Əliyev raportla şöbənin rəhbərliyinə müraciət edərək xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində Xocalı RPŞ-nin İTB-də barəsində aparılan araşdırma ilə bağlı şöbəyə dəvət edilən Şəxs şöbənin inzibati binasında olarkən uca tonla səs-küy salaraq ünvansız nalayiq ifadələr işlətməsini və onun təxminən 20-25 dəqiqə müddətində şöbənin iş rejimini pozduğunu bildirmişdir. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə DİN-in “102” Xidməti-zəng mərkəzinə zəng edərək Xocalı RPŞ-nin polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, onun müvafiq səs yazısı tərəflərindən əldə olunmuş və araşdırma ilə əlaqədar Şəxs xx.xx.2024-cü il tarixdə Xocalı RPŞ-yə dəvət olunmuşdur. Şəxs hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələrinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə atasının əmisi oğlu Fərman Bayramovun portal icazəsinin bərpa olunması üçün sonuncunun xəbəri olmadan DİN-in “102” Xidməti-zəng mərkəzi sisteminə zəng etmişdir. Həmin vaxt sərxoş olduğu üçün polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Bununla bağlı izahatının alınması üçün o, xx.xx.2024-cü il tarixdə Xocalı RPŞ-yə gətirilmişdir. Xocalı RPŞ-də olan zaman o, narazılığını bildirmiş və səsküy salmışdır. Bu zaman polis əməkdaşları onu bir neçə dəfə nizam-intizama dəvət etmiş, lakin, o, buna məhəl qoymamış və öz hərəkətlərini davam etdirmişdir. O, təxminən 20-25 dəqiqə öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra onun “102” Xidməti-zəng mərkəzinə edilən zənginin səs yazısı ona təqdim edilmiş və o, öz səhvini başa düşmüşdür. Hazırda etdiyi əməldən peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xocalı RPŞ-nin İTB-nin xidmət üzrə baş inspektoru X5 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə əməliyyat qrupunda xidmətdə olarkan saat təqribən 20:00 radələrində Xocalı RPŞ-də bir nəfər şəxsin ucadan sas-küy salmasını eşidib otaqdan çıxmış va onun şöbəyə gəlməsinə narazılıq etdiyini, səs-küy salaraq tabesizlik göstərməsini görmüşdür. Daha sonra həmin şəxsin Şəxs olduğunu, barəsində İTB-də aparılan araşdırma ilə bağlı dəvət edildiyini öyrənmişdir. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə DİN-in “102” Xidməti-zəng mərkəzi sisteminə zəng edərək Xocalı RPŞ-nin polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Müraciəti ilə bağlı RPŞ-yə dəvət edilmiş Şəxs qohumu Fərman Bayramovun ləğv edilmiş portal icazəsinin bərpa edilməsi ilə bağlı DİN-in “102” Xidməti-zəng mərkəzi sisteminə müraciat etdiyini, həmin vaxt sərxoş olduğunu bildirmiş və etdiyi hərəkətlərə haqq qazandıraraq səs-küy salmışdır. Daha sonra o və digər polis əməkdaşları Şəxs nizamintizama dəvət etmiş, lakin, buna baxmayaraq Şəxs təxminən 20-25 dəqiqə qanunsuz hərəkətlərini davam etdirərək şöbənin iş rejimini pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xocalı RPŞ-nin MSY-nin mühafizəsi üzrə polis nəfəri X4 və Xocalı RPŞ-nin NH-nin növbətçi köməkçisi X1 iş üzrə digər şahid X3 izahatına uyğun izahat verdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xocalı RPŞ-nin NH-nin məsul növbətçisi Babək Əliyev tərəfindən Xocalı RPŞ-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində Xocalı RPŞ-nin İTB-də barəsində aparılan araşdırma ilə bağlı şöbəyə dəvət edilən Şəxs şöbənin inzibati binasında olarkən uca tonla səs-küy salaraq ünvansız nalayiq ifadələr işlətmiş və təxminən 20-25 dəqiqə müddətində şöbənin iş rejimini pozmuşdur; Xocalı RPŞ-nin NH-nin məsul növbətçisi Ramal Pənayev tərəfindən Xocalı RPŞ-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 19:41-də Bərdə rayonu, Alaçadırlı kəndində yaşayan Şəxs DİN-in “102” Xidməti-zəng mərkəzi sisteminə zəng edərək Xocalı RPŞ-nin əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir; xx.xx.2024-cü il tarixli, AZA 020231 nömrəli “İnzibati qaydada tutma haqqında protokol”dan görünür ki, Şəxs həmin tarixdə saat 20:30-da inzibati qaydada tutulmuşdur; Xocalı RPŞ-nin xx.xx.2024-cü il tarixli, 3-13-81/2-7261/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 06 mart 2024-cü il tarixli, 3- 13/Ə148/2024 nömrəli əmrinə əsasən Xocalı RPŞ-nin bütün qüvvə və vasitələri daimi xidmət yerinə - Xocalı rayonuna dislokasiya edilmişdir. Hazırda Xocalı RPŞ-də müvəqqəti saxlama yerinin fəaliyyət göstərmədiyinin nəzərə alınması xahiş olunur. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol, şahidlərin izahatları, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə ictimai yerdə, yəni Xocalı RPŞ-nin inzibati binasında səsküy salmış, şöbənin normal iş fəaliyyətini pozmuş və bu hərəkətləri ilə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 20 oktyabr 2024-cü tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən etmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinin tələbini nəzərə alaraq daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə Xocalı RPŞ-də müvəqqəti saxlama yerinin fəaliyyət göstərmədiyini nəzərə alır (əsas: iş materiallarında olan Xocalı RPŞ-nin xx.xx.2024-cü il tarixli, 3-13- 81/2-7261/2024 nömrəli məktubu) və hesab edir ki, Şəxs tətbiq edilmiş inzibati həbs növündə tənbeh tədbirinin icrası Goranboy RPŞ-nin MSY-yə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 20 oktyabr 2024-cü il tarixdən, saat 20:30-dan hesablansın. Qərarın icrası Goranboy RPŞ-nin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar