Məhkəmə qərarları › İş №3(070)-54/2025

Xocalı Rayon Məhkəməsi Qərar — İş №3(070)-54/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu Meşəli İş № 3(070)-54/2025 15.07.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xocalı RPŞ-nin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Laçın rayonunun Arduşlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Laçın rayonunun Arduşlu kəndində qeydiyyatda olan, Xocalı rayonunun Ballıca kəndində yaşayan, FİN: xxxxxxx Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xocalı rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xocalı RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində İXM-in 535.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 14 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xocalı RPŞ-nin İTB-nin polis sahə rəisi X3 izahatında göstərdi ki, X7 xx.xx.2025-ci il tarixdə xidmətdə olan zaman DİN-in “102” Xidməti-zəng Mərkəzi Sisteminə daxil olmuş məlumat əsasında Şəxs şəxsi istifadəsində olan nömrəyə zəng etmişdir. Bu zaman Şəxs “Etibar” adlı şəxsin onun pulunu vermədiyini, bununla bağlı DİN-in “102” Xidməti-zəng Mərkəzi Sisteminə məlumat verdiyini, “Etibar” adlı şəxsin onu polis əməkdaşları ilə hədələdiyini X6 bildirmişdir. Daha sonra Şəxs DİN-in “102” Xidməti-zəng Mərkəzi Sistemində işləyən, həmçinin digər polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. X1 Kamil Famil oğlunu sakitləşdirməyə çalışsa da, sonuncu buna məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirmiş, bununla da polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Yekunda etdiyi əməldən peşman olaraq üzrxahlıq etməsini nəzərə alaraq Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, Şəxs X7 ilə telefonla danışdıqdan təxminən 20 dəqiqə sonra Xocalı RPŞ-yə gətirilmiş və müayinə zamanı Şəxs sərxoş olması müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, Xocalı rayonunun ərazisində fərdi əmək fəaliyyəti ilə məşğul olur. “Etibar” adlı şəxsin yanında usta kimi işləmiş, lakin sonuncu onun pulunu verməmişdir. Bundan əsəbiləşdiyindən o, bu barədə DİN-in “102” Xidməti-zəng Mərkəzi Sisteminə məlumat vermişdir. Daha sonra onunla Xocalı RPŞ-nin əməkdaşı əlaqə saxlamışdır. O, məsələ ilə bağlı Xocalı RPŞ-nin əməkdaşına məlumat vermiş, həmçinin telefonla danışıq zamanı nalayiq ifadələr işlətmişdir. Telefonla danışıq zamanı polis əməkdaşı onu sakitləşdirməyə çalışsa da, içkili və əsəbi olduğundan buna məhəl qoymamışdır. Bundan təxminən 20 dəqiqə sonra o, Xocalı RPŞ-yə gətirilmişdir. Etdiyi əməldən peşmandır. Müharibədə iştirak etsə də, bunu təsdiq edəcək sənədləri məhkəməyə təqdim edə bilmir. Belə ki, həmin sənədlərin əslini itirmişdir. Evlidir, 7 yaşında bir övladı vardır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X7 izahatında göstərdi ki, 2017-ci ildən hazırki vaxtadək Xocalı RPŞ-nin NH-nin növbətçi köməkçisi vəzifəsində işləyir. DİN-in “102” Xidməti-zəng Mərkəzi Sistemindən daxil olan məlumat əsasında xx.xx.2025-ci il tarixdə Şəxs istifadəsində olan nömrə ilə əlaqə saxlamışdır. Danışıq zamanı Şəxs “Etibar” adlı şəxsin onun pulunu vermədiyini, həmin şəxsin onu polis əməkdaşları ilə hədələdiyini bildirmişdir. Daha sonra Şəxs danışıq zamanı DİN-in “102” Xidməti-zəng Mərkəzi Sisteminin, həmçinin digər polis əməkdaşları barəsində nalayiq ifadələr işlətmişdir. O, Şəxs sakitləşdirməyə çalışsa da, sonuncu buna məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xocalı RPŞ-nin məsul növbətçi köməkçisi Əyyub Əliyev tərəfindən Xocalı RPŞ-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 09:11-də Xocalı rayonu, Ballıca kənd sakini Şəxs DİN-in “102” Xidməti-zəng Mərkəzi Sisteminə müraciəti ilə əlaqədar onunla telefon əlaqəsi saxladığı zaman sonuncu DİN-in “102” Xidməti-zəng Mərkəzi Sistemində işləyən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir; xx.xx.2025-ci il tarixli, 1134 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, Şəxs həmin tarixdə orta dərəcədə alkoqol sərxoşluğu vəziyyətində olmuşdur; xx.xx.2025-ci il tarixli, AZA 020220 nömrəli “İnzibati qaydada tutma haqqında protokol”dan görünür ki, Şəxs həmin tarixdə saat 14:00-da inzibati qaydada tutulmuşdur; “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X4 atası Şəxsdur. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol və digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2025-ci il tarixdə nalayiq ifadələr işlətmiş, onu sakitləşdirməyə çalışan polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını və himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını (əsas: iş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarış) onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hadisəni törədərkən sərxoş olmasını İXM-in 33.1.7-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, Şəxs İXMin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar