Məhkəmə qərarları › İş №3(070)-55/2025

Xocalı Rayon Məhkəməsi Qərardad — İş №3(070)-55/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 3(070)-55/2025 15.07.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xocalı RPŞ-nin İTB-nin polis sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Ağdam rayonunun Novruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağdam rayonunun Saybalı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, FİN: xxxxxxx Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206 və 208-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xocalı rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xocalı RPŞ-nin İTB-nin polis sahə rəisi X7 tərəfindən Şəxs barəsində İXM-in 206 və 208-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 15 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs narkotik vasitə olan marixuanadan istifadə etmiş, həmçinin Xocalı rayonu, Təzəbinə kəndində yerləşən tərk edilmiş fərdi yaşayış evinin həyətində narkotik vasitə olan bitkini az miqdarda kultivasiya etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xocalı RPŞ-nin İTB-nin polis sahə rəisi X7 izahatında göstərdi ki, Şəxs və X2 Xocalı rayonu, Təzəbinə kəndi ərazisində yerləşən fərdi sahibsiz yaşayış evinin həyətində narkotik vasitə olan marixuananı kultivasiya etmələri barədə daxil olmuş əməliyyat məlumatı əsasında araşdırma aparılmış və nəticədə xx.xx.2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən tərəfindən Şəxs barəsində İXM-in 206 və 208-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, Şəxs narkotik vasitə marixuanadan Bakı şəhəri ərazisində istifadə etmişdir. Lakin Şəxs tərəfindən Bakı şəhərinin hansı ərazisində narkotik vasitə marixuandan istifadə etməsi və nə vaxt istifadə etməsi ilə bağlı məlumatı yoxdur. Protokol yalnız Şəxs barəsində tərtib edilmişdir. Digər şəxs, yəni X5 barəsində protokol tərtib edilməmişdir. Buna səbəb cinayət işinin başlanması barədə rədd qərarında bununla bağlı göstərişin olmamasıdır. Həmçinin narkoloji-tibbi yoxlama zamanı X3 narkotik vasitə aşkar olunmamışdır. Şəxs tərəfindən narkotik vasitə marixuananın kultivasiya edilməsinə dair onda əlavə sübut yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verilmiş suallara cavab olaraq bildirdi ki, o, fəhlə işləmək məqsədilə Xocalı rayonu ərazisinə gəlmiş və cəmi 2 gün həmin rayonun ərazisində olmuşdur. O, Xocalı rayonu ərazisində narkotik vasitə istifadə etməmişdir. Təxminən 3-4 ay əvvəl, dəqiq tarixini xatırlamadığı vaxtda Bakı şəhəri ərazisində narkotik vasitə marixuanadan istifadə etmişdir. Həmçinin Xocalı rayonu, Təzəbinə kəndi ərazisində qalan zaman ətrafda yabanı halda bitən narkotik vasitə marixuana olmasını görmüş, lakin ondan istifadə etməmiş, həmin bitkilərə onun tərəfindən heç bir qulluq olunmamışdır. Onun sadəcə həmin bitkilərin yanında şəkli çəkilmişdir. Şəkli çəkən isə X5 olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 12 may 2025-ci il tarixli, 16/450 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Xocalı rayonu Təzəbinə kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilmiş maddi sübut kimi götürülmüş 4 (ədəd) ədəd narkotik tərkibli kollara oxşar bitki nümunələri” yazı və imzalar olan sintetik kisədəki ümumi sayı 4 (dörd) ədəd, ümumi təmiz çəkisi 105 qram olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqranom-mütəxəssis Akif Qarayevin rəyinə əsasən təqdim olunmuş bitki nümunələrindən 2 (iki) ədədi aqrotexniki qaydada qulluq olunmuşdur, 2 (iki) ədədi aqrotexniki qaydada qulluq olunmamışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 məcburi narkolojitibbi yoxlama haqqında 22 may 2025-ci il tarixli, 843 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannabinoidlərdən (marixuana) epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür; “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində İXM-in 206 və 208-ci maddələrinin tərkibi olduğundan barəsində inzibati tənbeh görülməsi üçün qərarın surətinin Xocalı RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xocalı rayon Polis Şöbəsi tərəfindən təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və digər sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, İXM-in tələblərinə əsasən inzibati xətanın törədildiyi yer və vaxt inzibati xəta haqqında protokolda göstərilməlidir. Sözügedən tələbin əsas məqsədi inzibati məsuliyyətə cəlb etmə müddətlərinə riayət olunması, həmçinin inzibati xəta haqqında işin baxılması yerinin müəyyən olunmasıdır. Lakin təqdim edilmiş materiallardan, həmçinin proses iştirakçılarının məhkəmə iclası zamanı verdiyi izahatlardan Şəxs tərəfindən narkotik vasitə olan marixuanadan nə vaxt istifadə etməsini müəyyən etmək mükün olmur. Həmçinin inzibati xəta haqqında protokol tərtib etmiş şəxs və Şəxs izahatlarında sonuncunun Xocalı rayonu ərazisində narkotik vasitə marixuanadan istifadə etməsini göstərmişlər. Sözügedən halda isə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs tərəfindən İXM-in 110.1-ci maddəsinin tələblərinə riayət edilməməsi müəyyən olunur. Belə ki, həmin maddəyə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmçinin məhkəmə nəzərə alır ki, Şəxs Bakı şəhərinin hansı inzibati rayonunun ərazisində narkotik vasitə marixuanadan istifadə etdiyini müəyyən etmək qeyri-mümkün olduğundan materialın aidiyyəti üzrə göndərilməsi də istisna olunur. Bundan başqa inzibati xəta haqqında protokolda Şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri az miqdarda kultivasiya etməsi göstərilsə də, buna dair müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Şəxs məhkəmə iclasında izahatında həmin bitkilərə qulluq etmədiyini, bitkilərin yabanı halda bitdiyini göstərmiş, barəsində icraatın başlanmasına səbəb kimi bitkilərin yanında şəklinin çəkilməsini göstərmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş şəxs tərəfindən buna dair müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 12 may 2025-ci il tarixli, 16/450 nömrəli rəyində Xocalı rayonu, Təzəbinə kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilmiş 4 (ədəd) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkilərindən 2 (iki) ədədinə aqrotexniki qaydada qulluq olunmasının göstərilməsi isə özlüyündə Şəxs əməlində İXM-in 208-ci maddəsinin tərkibini yaratmır. Belə ki, həmin bitkilərə məhz Şəxs tərəfindən qulluq olunması, Şəxs bitkilərin aşkar olunduğu fərdi yaşayış evinin həyətindən götürülməsi və s. ilə bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən onları tamamlamaq mümkün olmadığından inzibati xətalar haqqında protokol və digər sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 2019-cu il 3 may tarixli Qərarına əsasən İXM-in 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xocalı rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 208-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar