Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu Meşəli İş № 3(070)-73/2025 30.09.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xocalı RPŞ-nin İTB-nin polis sahə rəisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Yevlax rayonunun Aran qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" MMC-də sürücü vəzifəsində işləyən, Yevlax rayonunun Aran qəsəbəsində qeydiyyatda olan və yaşayan, FİN: xxxxxxx Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Xocalı RPŞ-dən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xocalı RPŞ-nin İTB-nin polis sahə rəisi Nümayəndə tərəfindən Şəxs barəsində İXMin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 30 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı, ******* nömrəli, 30 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 2025-ci ilin iyul ayında Xocalı rayonunun Malıbəyli kəndi ərazisində narkotik vasitə olan marixuanadan istifadə etmiş və onun üzərindən 0,27 qram miqdarda qurudulmuş marixuana aşkar olunmuşdur. Nəticədə Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xocalı RPŞ-nin İTB-nin polis sahə rəisi Nümayəndə izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Xocalı rayonunun Malıbəyli kəndi ərazisində narkotik vasitə marixuanadan istifadə etmiş, həmçinin onun üzərindən 2,08 qram narkotik vasitə marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür. Daha sonra ekspertizanın müvafiq rəyinə əsasən müəyyən edilmişdir ki, Şəxs üzərindən aşkar edilmiş 2,08 qram maddənin 0,27 qram hissəsi narkotik vasitə marixuanadır. Şəxs narkotik vasitə marixuanadan istifadə etməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispanserinin 22 iyul 2025-ci il tarixli, 1153 nömrəli rəyi ilə öz təsdiqini tapmışdır. Belə ki, həmin rəyə əsasən müəyyən olunmuşdur ki, Şəxs sidiyində THC (marixuana) aşkar edilmişdir. Nəticədə 17 avqust 2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində İXM-in 206-cı maddəsinin tərkib əlamətləri olduğundan sonuncu barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Yekunda Şəxs əməlindən peşman olmasını, himayəsində 2 uşağın olmasını nəzərə alaraq barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, Şəxs inzibati qaydada tutulmamış, bugün, yəni xx.xx.2025-ci il tarixdə çağırışla Xocalı RPş-yə gəlmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Xocalı rayonunun ərazisindən narkotik vasitə marixuana tapmış və istifadə etmək üçün götürmüşdür. Daha sonra həmin narkotik vasitədən istifadə etmiş, həmçinin onun bir hissəsini üzərində saxlamışdır. Etdiyi əməldən çox peşmandır. Himayəsində xəstə anası, həmçinin 2 uşağı vardır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, o, inzibati qaydada tutulmamış, bugün, yəni xx.xx.2025-ci il tarixdə polisin çağırışı ilə gəlmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 məcburi narkolojitibbi yoxlama haqqında 22 iyul 2025-ci il tarixli, 1153 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannabinoidlərdən (marixuana) epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Həmçinin həmin rəydən görünür ki, Şəxs sidiyində narkotik vasitələrin birmomentli immunoxromotoqrofik test-xətt üsulu ilə müayinəsi zamanı THC (marixuana) aşkar edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 19 iyul 2025-ci il tarixli, 16/641 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Şəxs üzərindən aşkar edilmiş ümumi çəkisi 2,08 qram olan içərisində narkotik vasitə olması ehtimal edilən kütlə olan büküm” yazı və imzalar olan kağız paketindəki 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,27 qram olan bikti mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Aparılmış tədqiqatın dəyəri 30,4 (otuz manat qırx qəpik) manatdır; “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 avqust 2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmişdir; Xocalı RPŞ-nin xx.xx.2025-ci il tarixli, 3-13-81/2-8808/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 06 mart 2024-cü il tarixli, 3- 13/Ə148/2024 nömrəli əmrinə əsasən Xocalı RPŞ-nin bütün qüvvə və vasitələri daimi xidmət yerinə - Xocalı rayonuna dislokasiya edilmişdir. Hazırda Xocalı RPŞ-də müvəqqəti saxlama yerinin fəaliyyət göstərmədiyinin nəzərə alınması xahiş olunur; “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 atası Şəxsdur. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı ilə yanaşı işdə olan ekspert rəyi və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Hüquqi əsaslandırma: İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu maddədə “az miqdarda” dedikdə, narkotik vasitələrin və psixotrop maddələrin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir); 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının: 2-ci bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 959-İİQ nömrəli Qanununun 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir; 4-cü bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur; 5-ci bəndinə əsasən narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir; 6-cı bəndinə əsasən istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın “Narkotik vasitələr” adlı İ siyahısının 109.1-ci qrafasına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana xeyli miqdar hesab olunur. İş materiallarından göründüyü kimi Şəxs narkotik vasitə marixuana istehlak etmiş, həmçinin onun üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 0,27 qram təşkil etmişdir. Sözügedən hallar isə Şəxs İXM-in 206-cı maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün əsasdır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən törətdiyi inzibati xətanı etiraf edib əməlindən peşman olmasını, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını (əsas: iş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarış) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən edir. İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 məcburi narkoloji-tibbi yoxlama haqqında 22 iyul 2025-ci il tarixli, 1153 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, Xocalı RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanılan 0,25 qram qurudulmuş marixuana məhv edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 30,4 (otuz manat qırx qəpik) manat İXM-in 55.2-ci maddəsinin tələblərinə əsasən dövlət hesabına ödənilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 30,4 (otuz manat qırx qəpik) manat dövlət hesabına ödənilsin. Xocalı RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanılan 0,25 qram qurudulmuş marixuana məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(070)-73/2025
Xocalı Rayon Məhkəməsi Qərar — İş №3(070)-73/2025
30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver