Məhkəmə qərarları › İş №3(071)-1/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-1/2025

14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-1/2025 14.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X8 iclas katibliyi ilə, X1 onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X16 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbehvermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 xx.xx.2024-cü il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində DƏMX-nin Bakı şəhər idarəsinin əmək müfəttişi A.Cəfərova tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol əsasında həmin idarənin rəisi X16 tərəfindən qəbul edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarın ləğv edilməsini və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC-nin direktoru olmaqla, vəzifəli şəxs qismində DƏMX-nin Bakı şəhər idarəsinin 19 fevral 2024-cü il tarixli MN ******* nömrəli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.6-cı maddəsinə əsasən təqsirli bilinərək barəsində 1500 manat məbləğində cərimə təyin edilmiş və eyni qərarla inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. Qərarın məzmunundan görünür ki, onun tərəfindən işçi X9 ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra ƏM) tələbləri pozulmuşdur. Belə ki, əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “d” bəndinə əsasən xitam verildiyi qeyd edilsə də, faktiki olaraq işçinin əmək müqaviləsinə həmin məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Hesab edir ki, qərar İXM-nin tələbləri pozulmaqla və əsassız olaraq qəbul edildiyindən ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Əvvəla ona görə ki, barəsində aidiyyəti inzibati orqanda araşdırma aparılarkən o, ümumiyyətlə ölkə xaricində olmuş və həmin qərarın surəti ona rəsmi qaydada təqdim edilməmişdir. Göründüyü kimi, iş üzrə icraat aparılan zaman onun iştirakı təmin edilməmiş və bununla bağlı kifayət qədər tədbir görülməmişdir. O, barəsində qəbul edilmiş qərar barədə faktiki olaraq xx.xx.2024-cü il saat 14:57-də xəbərdar olmuşdur. “Asan Pay” elektron ödəniş sistemindən əldə edilmiş çıxarışlardan isə görünür ki, cərimə tənbeh tədbiri xx.xx.2024-cü il saat 15:57-də elektron sistemə yerləşdirilmiş, lakin qərar ona göndərilməmişdir. Halbuki, qərarın giriş hissəsində onun qəbul edildiyi tarix 19 fevral 2024-cü il göstərilməklə, nəticə hissəsində cərimə şərti tətbiq edilməklə törədilmiş hüquq pozuntusunun aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunmuşdur. Lakin qərar “AsanPay” elektron ödəniş sisteminə qəbul edildiyi tarixdən 6 ay 2 gün sonra yerləşdirilmişdir. Bu isə qərarın faktiki olaraq ona çatmadığını sübut edir. Digər tərəfdən hesab edir ki, onun tərəfindən törədilməsi iddia edilən xəta texniki yanlışlıq nəticəsində baş vermişdir. Belə ki, işçi X6 əmək müqaviləsinə faktiki olaraq ƏM-nin 70-ci maddəsinin “d” bəndinə əsasən xitam verilsə də, ƏMAS sisteminə daxil edilərkən həmin maddə texniki yanlışlıqla 68.2-ci hissəsinin “a” bəndi (tərəflərdən birinin təşəbbüsü) kimi daxil edilmişdir. Bununla bağlı qısa müddət ərzində səhv etdiyini anlamış və xx.xx.2024-cü il tarixdə DƏMX-nə müraciət etmişdir. O, həmçinin barəsində inzibati xəta haqqında protokol tərtib edilməmişdən öncə, yəni xx.xx.2024-cü il tarixdə aidiyyəti inzibati orqana müraciət etmiş və yanlışlığın aradan qaldırılması üçün ona köməklik göstərilməsini xahiş etmişdir. Lakin onun müraciətinə xx.xx.2024-cü il tarixli məktubla cavab göndərilərək müvafiq sənədlərin təqdim olunması tələb edilmişdir. Həmin tələbnamə ona xx.xx.2024-cü il tarixdə rəsmi qaydada çatdırılmışdır. O, dərhal cavab olaraq bildirilmişdir ki, işçi başqa işə keçdiyi üçün əmək kitabçası onda yoxdur. Belə ki, ƏM-nin 83.2-ci maddəsinin tələblərinə uyğun olaraq əmək kitabçası işçinin özünə onun işdən çıxdığı gün, yəni xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir. Bu səbəbdən əmək kitabçasını DƏMX-nə təqdim edə bilməmişdir. Göstərilənlərlə yanaşı ƏMAS sisteminə həmin əmr daxil edildikdən sonra işəgötürənin həmin əmrə sistemdə dəyişiklik etməsi imkanı faktiki olaraq mümkün deyildir. Buna görə də o, DƏMX müraciət edərək əmrin etibarsız sayılması və yeni əmrin sistemə daxil edilməsi üçün şərait yaradılmasını xahiş etmişdir. Lakin DƏMX ona qarşı qərəzli münasibət nümayiş etdirib köməklik göstərmək əvəzinə cərimə tətbiq etmişdir. Halbuki o, barəsində inzibati xəta haqqında protokol qəbul edilməmişdən öncə, yəni xx.xx.2024-cü il tarixdə müraciət etmiş və baş vermiş texniki səhvin aradan qaldırılması üçün əlindən gələni edəcəyini bildirmişdir. X13 Xidməti isə onun xx.xx.2024-cü il tarixli məktubuna cavab vermiş və cavab məktubu ona xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. Yəni o, qərar qəbul edildikdən sonra da nöqsanın aradan qaldırılması ilə bağlı müraciət etmişdir. Bələliklə, o, baş vermiş texniki xətanın aradan qaldırılması üçün əlindən gələni etsə də, inzibati orqan onu cərimələməklə sahibkarlıq fəaliyyətinə ziyan vurmuşdur. X4 şikayətinə ilkin olaraq Hacıqabul Rayon Məhkəməsində baxılmış və xx.xx.2024cü il tarixli, 3(071)-207/2024 saylı (Hakim Orxan Bayramov) qərarla şikayət təmin edilməyərək, DƏMX-nin Bakı şəhər İdarəsinin rəisi X16 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(071)-207/2024 saylı qərarından narazı qalan X7 xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermiş, şikayət işlə birlikdə baxılması üçün aidiyyəti üzrə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(106)-512/2024 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək həmin qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində inzibati xəta haqqında işə baxılarkən İXM-nin tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsində şikayətçinin nümayəndəsi qismində onun qardaşı X10 iştirak etmişdir. Bununla da, İXM-nin 65.1 və 65.1-1-ci maddələrinin tələbləri pozulmuşdur. Həmçinin qərarda qeyd edilmişdir ki, X7 tərəfindən baş vermiş pozuntunun aradan qaldırılması üçün müvafiq tədbirlərin görülüb-görülməməsi, həmin tədbirlərin necə nəticələnməsi, yaranmış problemin həll edilməsi üçün səlahiyyətli orqan tərəfindən şəraitin yaradılıb-yaradılmaması araşdırılmamışdır. Belə ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X7 tərəfindən elektron məhkəmə sistemi vasitəsilə apellyasiya instansiya məhkəməsinə daxil olmuş ərizədən görünür ki, sonuncu ƏMAS sistemində funksional olaraq hər hansı dəyişiklik etmək imkanı olmaması səbəbindən texniki səhv nəticəsində qeyd edilən maddəni dəyişə bilməmiş, düzəliş edilməsi üçün köməklik göstərilməsi barədə 6 dəfə səlahiyyətli orqana müraciət etmiş, ilk müraciəti xx.xx.2024-cü il tarixdə olmuş, halbuki həmin vaxt nə xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol, nə də xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilməmişdir. Bundan başqa X7 tərəfindən elektron məhkəmə sistemi vasitəsilə apellyasiya instansiya məhkəməsinə təqdim etdiyi bildirişin surətindən görünür ki, o, həqiqətən də, xx.xx.2024-cü il tarixdə DƏMX-nin Bakı şəhər idarəsinə ərizə ilə müraciət edərək X6 əmək müqaviləsinə xitam verilərkən texniki səhv nəticəsində yanlış seçilmiş maddənin ƏM-nin 70-ci maddəsinin “d” bəndinə dəyişilməsini xahiş etmişdir. Eyni zamanda təqdim edilmiş xəbərnamələrin surətindən görünür ki, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə ƏƏSMN yanında DƏMX-nə müraciətlər daxil olmuşdur. Beləliklə, birinci instansiya məhkəməsi yuxarıda göstərilənləri nəzərə almamış, işin bütün hallarını araşdırmadan səlahiyyətli orqanının qərarının dəyişdirilmədən saxlanılması nəticəsinə gəlmişdir. İnzibati iş təkrarən Şirvan Apellyasiya Məhkəməsindən Hacıqabul Rayon Məhkəməsinə daxil olduqdan sonra məhkəmənin hakimi və sədri Günel Əkbərlinin icraatına daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçi X5 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinə lazımi qaydada məlumat verilsə də, şikayətçi və qərarından şikayət verilmiş inzibati orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Belə ki, məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər X1 elektron məhkəmə informasiya sistemində yaradılmış kabinetinə yerləşdirilməklə yanaşı, ona sms bildirişlər göndərilmişdir. Lakin o, məhkəməyə elektron ərizə ilə müraciət edərək ölkə xaricində olduğundan iclasın onun iştirakı olmadan keçirilməsini və apellyasiya instansiya məhkəməsinin qərarında göstərilən hallar nəzərə alınmaqla şikayətinin təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə isə xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş və sübut təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Növbəti xx.xx.2024-cü il tarixli məhkəmə iclasında o, iştirak etməmiş, lakin elektron qaydada məhkəməyə sübut olaraq xidməti məruzə təqdim etmişdir. Beləliklə, məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə şikayətin dəlillərinə etiraz edərək bildirmişdir ki, "xxxx" MMC tərəfindən ƏƏSMN yanında DƏMX-nə texniki yanlışlığın aradan qaldırılması ilə bağlı müraciəti, yalnız işçinin şikayətindən sonra daxil olmuşdur. Belə ki, ilkin olaraq X9 xidmətə şikayət edərək onunla bağlanmış əmək müqaviləsinə düzgün xitam verilməməsini bildirmişdir. Bundan sonra müvafiq araşdırma aparılmış, münasibət bildirməsi üçün işəgötürən "xxxx" MMC-yə bildiriş göndərilmiş və nəticədən asılı olaraq qərar qəbul edilmişdir. Qərar şikayətçinin elektron portalına göndərilmiş, lakin göndərilmə tarixi barədə məlumatı və sübutu yoxdur. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı və DƏMX-nin Bakı şəhər İdarəsinin rəisi X16 tərəfindən X7 barəsində İXM-nin 192.6-cı maddəsi ilə qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş elektron əmək müqaviləsi bildirişindən görünür ki, elektron sistemdə X9 ilə bağlanılmış 3S67QW8000200 nömrəli əmək müqaviləsinə xitam verilməsi əsası kimi ƏM-nin 68.2-ci maddəsinin “a” bəndi qeyd edilmişdir. Həmçinin bildirişdən müəyyən edilir ki, X9 ilə xx.xx.2023-cü il tarixli müqavilə bağlanmaqla işə başlanma vaxtı həmin tarixdən müəyyən edilmişdir. X1 özünün ilkin olaraq şikayət ərizəsinə əlavə edilməklə məhkəməyə təqdim etdiyi eyni tarixli və eyni nömrəli, yəni xx.xx.2023-cü il tarixli 30112023 nömrəli olmaqla, lakin iki müxtəlif məzmuzlu ayrı-ayrı əmrlərdən görünür ki, "xxxx" MMC-nin direktoru X7 işəgötürən qismində ilkin olaraq imzaladığı əmrlə Cəmiyyətin ümumi bölməsində təmizlikçi və aşbaz vəzifəsində işləyən X9 ilə bağlanılmış 3S67QW8000200 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xx.xx.2023-cü il tarixdə xitam vermişdir. Qeyd edilən əmrin mətni isə gücləndirilmiş elektron imza ilə ƏMAS sisteminə yerləşdirilmişdir. Digər eyni tarixli və nömrəli əmrin mətnindən isə görünür ki, X9 ilə bağlanılmış eyni əmək müqaviləsinə AR ƏM-nin digər maddəsi ilə, yəni 70 maddəsinin “d” bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) xx.xx.2023-cü il tarixdən xitam vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə “Müraciət vərəqəsi”ndən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə səlahiyyətli inzibati orqana müraciət edərək "xxxx" MMC-də əmək hüquqlarının pozulması ilə bağlı şikayət edərək izahat yazmış və bank çıxarışı təqdim etmişdir. Müraciətə əlavə edilmiş xx.xx.2024-cü il tarixli izahatdan isə görünür ki, X9 xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-də xadimə-aşbaz vəzifəsində işlədiyini, xx.xx.2023cü il tarixdən isə heç bir səbəb olmadan işdən azad edildiyini və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ərizə vermədiyini bildirərək pozulmuş əmək hüquqlarının bərpa edilməsində köməklik göstərilməsini, işəgötürən X4 məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. O, həmçinin verilən suala cavab olaraq bildirmişdir ki, əmək haqqını “Kapital Bank”a məxsus bank kartı vasitəsilə almışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin direktoru kimi X7 tərəfindən ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər idarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, o, X6 şikayəti ilə bağlı etiraz edərək şikayətin mahiyyətini əvvəlcə anlamamışdır. Belə ki, o, səlahiyyətli orqanının 317-5/2-53472/2023 saylı sorğusuna əsasən cavab məktubunda qeyd etmişdir ki, “X9 "xxxx" MMC-də xadimə olaraq işə götürülmüş və qarşılıqlı imzalanmış əmək müqaviləsinin 2.2-ci bəndinə görə sınaq müddətində 3 gün əvvəlcədən xəbərdarlıq olunaraq işdən azad edilmişdir. Bütün əməliyyatlar ƏMAS sistemində gücləndirilmiş elektron imza ilə qeydə alınmışdır. Vətəndaşın nədən şikayət etdiyi aydın deyil. Hətta 3 gün işə gəlməməsinə baxmayaraq, əmək haqqından şirkətin jesti olaraq hər hansı tutulma olmamışdır. Normal şəkildə sağollaşaraq işdən ayrılmış. Ödənişi rəsmi olaraq işçilər üçün nəzərdə tutulan Kapital Bank kartına atıb. Bütün əməliyyatlar elektron dövlət sistemində elektron müşahidə kameralarında və elektron bankçılıqda mövcuddur.” İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin direktoru kimi X7 tərəfindən ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər idarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, o, X6 ƏMƏS sistemində müqaviləsinə xitam verilərkən texniki səhv nəticəsində maddənin yanlış seçilməsini bildirərək, maddənin sistemdə dəyişdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İşə əlavə edilmiş Azərpoçt məxaric qəbzlərindən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən ƏƏSMN yanında DƏMX-nə ünvanlanmış ilkin göndəriş (məktub) xx.xx.2024-cü il tarixdə müvafiq poçt müəssisəsinə müxtəlif saatlarda təqdim edilmişdir. Bununla yanaşı şikayətçi X7 məhkəməyə ünvanlanmış ərizələrində öz dəlilinin əsası kimi səlahiyyətli orqana ilkin müraciətinin xx.xx.2024-cü il tarixdə ünvanlandığını təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər İdarəsinin "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan isə müəyyən edilir ki, Cəmiyyətin xx.xx.2024-cü il tarixli müraciətində Xidmətdə baxılmış və müvafiq dəyişikliyin aparılmasının sıyahıda qeyd edilən zəruri sənədlərin təsdiq olunmuş surəti təqdim edilməklə müraciət edildiyi təqdirdə icrasının mümkünlüyü bildirilmişdir. Beləliklə, müəyyən edilir ki, X4 növbəti üçüncü müraciəti xx.xx.2024-cü il tarixdə təsadüf etmişdir. İş materiallardan müəyyən edilir ki, "xxxx" MMC-nin direktoru kimi X7 tərəfindən ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər idarəsinə xx.xx.2024-cü il tarixdə təkrar bildiriş ünvanlanaraq nöqsanın aradan qaldırılmasında köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan müəyyən edilir ki, vəzifəli şəxs qismində "xxxx" MMC-nin direktoru X7 barəsində İXM-nin 192.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Protokolda göstərilmişdir ki, müəssisə rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdə vətəndaş X2 müddətində özünü doğrultmadığı qeyd edilsə də, vətəndaşın əmək müqaviləsinə heç bir əsas olmadan qanunvericiliyin tələbləri pozularaq xx.xx.2023-cü il tarixdə ƏM-nin 70-ci maddəsinin “d” bəndinə əsasən xitam verilmişdir. Nəticədə həmin protokol əsasında başlanılmış inzibati xəta haqqında araşdırma zamanı X7 İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə təqsirli bilinərək ona 1500 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. Həmçinin qərarda törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunduğu və bu müddətdə hüquqpozma aradan qaldırılarsa inzibati cərimənin ödənilməməsi, əks təqdirdə (yəni göstərilən müddətdə hüquqpozma aradan qaldırılmadıqda) inzibati cərimənin ödənilməli olduğu qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı səlahiyyətli orqanın nümayəndəsi tərəfindən xx.xx.2025-ci il tarixdə elektron qaydada sübut olaraq təqdim edilmiş “xx.xx.2023-cü il tarixli 3-17-5/1-N-39964/2023 saylı müraciətə dair” xx.xx.2024-cü il tarixli “Xidməti Məruzə”dən görünür ki, X3nın "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə Abşeron DOST Mərkəzinə ünvanlandığı müraciətə ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər idarəsində baxılmışdır. Araşdırma zamanı xidmət tərəfindən "xxxx" MMC-nin direktoru X7 barəsində İXM-nin 192.6-cı maddəsinə əsasən xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş və xx.xx.2024-cü il tarixli məktubla Cəmiyyətin ünvan 5 ünvanına göndərilmişdir. Həmçinin qeyd edilmişdir ki, keçən müddət ərzində müəssisə tərəfindən törədilmiş xətanın aradan qaldırılması ilə bağlı Xidmətin Bakı şəhər İdarəsinə hər hansı məlumat daxil olmamışdır. Həmçinin AR ƏƏSMN-nin “Əmək və Məşğulluq” alt sisteminə baxış zamanı X6 əmək müqaviləsi bildirişinə dəyişiklik edilmədiyi və yeni bildirişin sistemə daxil olmadığı məlum olmuşdur. Qəbul edilmiş şərti cərimə üzrə məlumatların “AsanPay” ödəniş portalına daxil edilməsi məqsədəuyğun hesab edilmişdir. İş materiallarında olan “Asan Ödəniş” Sistemindən çıxarışdan müəyyən edilir ki, DƏMX-nin Bakı şəhər İdarəsinin rəisi X16 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar X5 məxsus elektron kabinetə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş bəzi sübutlara münasibətdə qeyd edir ki, şikayətçi tərəfindən hazırkı iş apellyasiya instansiyası məhkəməsinin icraatında olarkən sübut olaraq təqdim etdiyi xəbərnamələr məhkəmə tərəfindən ayrı-ayrılıqda tədqiq edildikdə, onların konkret olaraq hansı göndərişlərə aid olmasını müəyyən etmək mümkün olmamışdır. Şikayətçi özü isə məhkəmə iclasına gəlməmiş, eyni zamanda o, məhkəməyə ünvanladığı ərizələrində bu xüsusatı kifayət qədər əsaslandıra bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin xəbərnamələr sübut olaraq qəbul edilə bilməz. Həmçinin iş materiallarında olan şikayətçi X5 məxsus mobil telefona “Asan Pay” ödəniş sistemi tərəfindən göndərilmiş SMS-in mətnindən müəyyən edilir ki, X5 onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 1500 manat məbləğində cərimə olunması barədə bildiriş gəlmişdır. Lakin bildirişin mətnindən sms-in nə vaxt göndərilməsini, yəni ona nə vaxt (tarix) çatdırılmasını müəyyən etmək mümkün olmadı. Sms-in göndərildiyi mobil telefona isə baxış keçirilməsi şikayətçi məhkəmə iclasında iştirak etmədiyindən mümkün olmamışdır. Odur ki, məhkəmə qeyd olunan sms-dən çıxarışın mənbəyi məlum olmadığından mötəbər sübut olaraq qəbul etmir. İşin hallarına uyğun olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 69-cu maddəsinin 1-ci hissəsinə görə həmin maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Həmin maddənin 5-ci bəndinə görə isə Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. 53-cü maddəsinə əsasən sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. 2. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər. 3. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. 4. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. 68.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; https://e-qanun.az/framework/46943e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə- vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmçinin həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6-cı maddədə nəzərdə tutulmuş qanunçuluq prinsipinə görə inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 9-cu maddədə nəzərdə tutulmuş ədalətlilik prinsipinə görə inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 10-cu maddəyə görə dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. 12.1-ci maddədə inzibati xətanın anlayışı verilmişdirki, həmin anlayışa görə İXM-si ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 13-cü maddəyə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. 14-cü maddəyə görə isə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. 17-ci maddəyə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin Qeyd hissəsinə görə dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 3-cü fəsildə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar nəzərdə tutulmuşdur ki, həmin hallara zəruri müdafiə və son zərurət daxildir. 6-cı fəsildə inzibati məsuliyyətdən azad etmənin əsasları nəzərdə tutulmuşdur ki, həmin əsaslara müddətin keçməsi və zərərçəkmiş şəxslə barışıqla bağlıdır (38-39cu maddələr) 38.1-ci maddəyə görə isə əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.2-ci maddəyə görə 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır 31.2-ci maddəyə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.5-ci maddəyə görə inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. 42.1-ci maddəyə görə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati tənbehləri yalnız xidməti vəzifələrinin icrası zamanı tətbiq edə bilərlər. 42.2-ci maddəyə görə inzibati xətalar haqqında işlərə Məcəllənin 40.0.3-cü maddəsində nəzərdə tutulan orqanlar adından baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 99-cu maddəyə görə inzibati xəta haqqında iş üzrə icraata başlanılması üçün səbəblərə inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi (99.1.1); dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması (99.1.2) və fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar (99.1.3) daxildir. 99.2-ci maddəyə görə məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 99.3-cü maddəyə görə göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. 48-ci maddəyə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53-cü maddədə inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilmişdir. Belə ki, 53.1-ci maddəyə görə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. Həmçinin 53.2-ci maddəyə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəyə görə Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 116.1-ci maddəyə görə eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 116.2-ci maddəyə görə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. 116.3-cü maddəyə görə Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. 116.4-cü maddəyə görə inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. 128.1-ci maddəyə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəyə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. 129.1.3-cü maddəyə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilə bilər. 130.1-ci maddəyə görə Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 133.2.8-ci maddəyə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1-ci maddəyə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 135.1-ci maddəyə görə inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. 76.1-ci maddəyə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84-cü maddəyə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, hazırkı işin mübahisəsiz halı ondan ibarətdir ki, şikayətçi X7 "xxxx" MMCnin direktoru kimi cəmiyyətdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrini həyata keçirməklə vəzifəli şəxs statusundadır. O, eyni zamanda qeyd olunan Cəmiyyətdə işəgötürən olaraq işçilərin işə qəbulu, onlarla əmək müqaviləsinin bağlanması, müqaviləyə qanunla müəyyən edilmiş qaydada xitam verilməsi, müvafiq icra hakimiyyəti orqanın nəzarətində olan elektron sistemə əmək müqavilələri ilə bağlı dəyişikliklərə dair məlumatların yerləşdirilməsi və s əmək qanunverciliyi ilə nəzərdə tutulmuş vəzifələri yerinə yetirən məsul vəzifəli şəxsdir. X3 işəgötürən X7 tərəfindən "xxxx" MMC-yə xadiməçi-aşpaz kimi xx.xx.2023-cü il tarixdə işə qəbul edilmiş və onunla 3S67QW8000200 nömrəli əmək müqaviləsi bağlanmış, müqavilənin bağlanmasına dair bildiriş həmin tarixdə elektron sistemə yerləşdirilmişdir. Daha sonra işçi ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş və həmin tarixdə əmək müqaviləsinə xitam verilməsi əsası kimi ƏM-nin 68.2-ci maddəsinin “a” bəndi göstərilmişdir. Məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, X9 aidiyyəti üzrə səlahiyyətli orqana, yəni Azərbaycan Respublikası ƏƏSMN-nin qaynar xəttinə müraciət edərək onunla "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbi pozulmaqla xitam verilməsini bildirmiş və müraciətində hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, onlar tərəfindən müvafiq inzibati xəta haqqında iş üzrə icraat X9 tərəfindən daxil olmuş məlumat əsasında başlanmışdır. İş materiallarından isə müəyyən edilir ki, X6 müraciəti xx.xx.2024-cü il tarixdə elektron sistemə yerləşdirilmişdir. Bu hal birinci instansiya məhkəməsində aparılan ilkin araşdırma zamanı cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli “Müraciət vərəqəsinə” əsasən öz təsdiqini tapır. Bununla yanaşı səlahiyyətli orqanın nümayəndəsi tərəfindən xx.xx.2025-ci il tarixdə elektron məhkəmə informasiya sistemində yaradılmış kabinet vasitəsilə sübut olaraq təqdim etdiyi xx.xx.2023-cü il tarixli xidməti məruzədən isə müəyyən edilir ki, X6 xx.xx.2023-cü il tarixli 3-17-5/1-N-39964/2023 saylı müraciəti üzrə həmin xidməti məruzə tərtib edilmişdir. Bu hal isə, onu deməyə əsas verir ki, X6 əmək hüquqlarının pozulması ilə bağlı şikayəti xx.xx.2025-ci il tarixdən daha öncə, yəni xx.xx.2023-cü il tarixdə səlahiyyətli orqana daxil olmuşdur. Eyni zamanda X4 özünün şikayət ərizələrinin məzmunundan və məhkəməyə təqdim etdiyi sübutlardan müəyyən edilir ki, onun tərəfindən yol verilmiş nöqsanın aradan qaldırılması ilə bağlı səalhiyyətli inzibati orqana ilkin müraciəti xx.xx.2024-cü il tarixdə daxil olmuş, bundan öncə isə müraciəti olmamışdır. Hətta onun ilkin müraciətinin məzmunundan görünür ki, o, vətəndaşın şikayətinin mahiyyətini əvvəlcə anlamamışdır. Beləliklə, məhkəmə araşdırması ilə təsdiq edilir ki, "xxxx" MMC-nin direktoru X7 yalnız X6 ƏƏSMN-nə ünvanlanmış müraciətindən sonra hüquqpozuntusunu aşkar edərək həmin tarixdə inzibati orqana müraciət ünvanlamışdır. Həmçinin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, "xxxx" MMC-nin direktoru X7 işçi X9 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verərkən əmək qanunvericiliyinin tələblərini pozaraq müqaviləyə ƏM-nin 70-ci hissəsinin “d” bəndinə əsasən xitam verməli olduğu halda, özünün imzaladığı əmrdə və elektron sistemdə 68.2-ci maddənin “a” bəndi kimi qeyd etmişdir. Məhkəmə həmçinin X4 texniki yanlışlığa yol verməsinə dair şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, texniki yanlışlığa yol verilməsi, yəni ehtiyatsızlıqda hüquqpozuntusuna yol verilməsi inzibati xəta hadisəsini aradan qaldırmır. Dolayısı ilə, şikayətçi X7 xətanın törədilməsini etiraf edərək, xətanı ehtiyatsızlıq nəticəsində törətməsini qəbul edir. Onun əməlində isə inzibati məsuliyyətdən azad etmə halları, eləcə də qanunla müəyyən edilmiş qaydada başlanılmış inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsi üçün əsaslar məhkəmə araşdırması zamanı aşkar edilməmişdir. Eyni zamanda X7 barəsində cərimə onun təqsirli bilindiyi İXM-nin 192.6-cı maddəsinin sanksiyası həddində təyin edilmiş, tənbeh tədbirinin şərti tətbiq edilməsi ilə bağlı qanunvericiliyin tələbi pozulmamışdır. Dolayısı ilə şikayətçinin ehtiyatsız hərəkətləri nəticəsində müvafiq inzibati xəta xx.xx.2023-cü il tarixdə törədildikdən sonra onun mənfi nəticələrinin aradan qaldırılması ilə bağlı hərəkətləri onu məsuliyyətdən və vəzifələrindən azad etmir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, ƏƏSMN yanında DƏMX-nin Bakı şəhəri idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı qərar qanuni olmaqla ləğv edilməsi üçün əsas yoxdur. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X4 şikayəti əsassız olduğundan rədd edilməlidir. Məhkəmə, iş materiallarının və tərəflərin təqdim etdiyi sübutların təhlilinə əsasən müəyyən etmişdir ki, şikayətçi X7 onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməmişdən öncə, yəni xx.xx.2024-cü il tarixdən etibarən yol verilmiş hüquqpozuntusunun mənfi nəticələrinin aradan qaldırılması ilə bağlı səlahiyyətli orqana müxtəlif tarixlərdə dəfərlə müraciət etmiş, lakin onun müraciətləri nəticəsiz qalmışdır. Məhz onun bu təqdirəlayiq hərəkətləri nəzərə alınaraq barəsində təyin edilmiş cərimə tənbeh tədbiri şərti tətbiq edilməklə nöqsanların aradan qaldırılması ilə bağlı ona vaxt imkanı verilmişdir. İşin hallarından da görünür ki, X7 tərəfindən bununla bağlı zəruri hərəkətlər yerinə yetirilmiş, əmək müqaviləsinin mətni dəyişdirilmiş və yenidən sistemdə düzəliş edilməsi ilə bağlı səlahiyyətli orqana müraciət etmişdir. Belə ki, səlahiyyətli orqanın nəzarətində olan elektron sistemdə müvafiq dəyişikliyin edilməsi üçün şikayətçinin faktiki texniki imkanı olmadığından, ona bununla bağlı texniki dəstək məhz səlahiyyətli orqan tərəfindən göstərilməli idi. Şikayətçinin müvafiq inzibati tənbehvermə haqqında qərarın ona gec təqdim edilməsi və məcburi icraya yönəldilməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, qərarından şikayət verilmiş səlahiyyətli orqanının, o cümlədən şikayətçinin məhkəməyə təqdim etdiyi yuxarıda sadalanan sübutlardan müəyyən edilir ki, X3nın "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə Abşeron DOST Mərkəzinə ünvanlandığı müraciətə ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər idarəsində baxılmışdır. Araşdırma zamanı xidmət tərəfindən "xxxx" MMC-nin direktoru X7 barəsində İXM-nin 192.6-cı maddəsinə əsasən xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş və xx.xx.2024-cü il tarixli məktubla Cəmiyyətin ünvan 5 ünvanına göndərilmişdir. Lakin həmin qərarın şikayətçiyə rəsmi qaydada təqdim edilməsinə dair səlahiyyətli orqan məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Buna baxmayaraq səlahiyyətli orqan keçən müddət ərzində müəssisə tərəfindən törədilmiş xətanın aradan qaldırılması əsası ilə xx.xx.2024-cü il tarixli xidməti məruzəyə əsasən qəbul edilmiş şərti cərimə üzrə məlumatların “AsanPay” ödəniş portalına daxil edilməsini məqsədəuyğun hesab etmiş və qərar bundan sonra X5 məxsus elektron kabinetə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Göründüyü kimi, mahiyyət etibari ilə X4 şikayətinin əsas məğzi məhz cərimənin icraya yönəldilməsidir, yəni xx.xx.2024-cü il tarixli xidməti məruzədir, hansı ki, hazırda həmin inzibati akt məhkəmədə mübahisələndirilməmişdir, həmçinin hazırkı məhkəmənin aidiyyəti olmadığından bu hissədə hüquqi qiymət verilə bilməz. Odur ki, məhkəmə tərəfindən X5 izah edilməlidir ki, səlahiyyətli inzibati orqanın qeyd olunan hərəkətlərindən aidiyyəti yuxarı səlahiyyətli orqana və ya aidiyyəti məhkəməyə şikayət etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X4 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X16 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar