Məhkəmə qərarları › İş №3(071)-100/2022

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-100/2022

18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-100/2022 18.04.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, protokolu tərtib etmiş Hacıqabul RPŞ-nin DYPB-nin inspektoru polis mayoru X1 iştirakı ilə, xx.xx.1992-ci ildə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işsiz, Salyan şəhəri 20 Yanvar küçəsi ev 48-də qeydiyyatda olan və yaşayan -Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə Hacıqabul RPŞ-dən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 18.04.2022-ci il tarixdə saat 11:00 radələrində sürücülük hüququ olmadan etibarnamə idarə etdiyi “HYUNDAİ” markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Hacıqabul-Şirvan yolunun 2-ci km-də qarşısında eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz C240 minik” markalı ** GC *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vuraraq, inzibati xəta törətmişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Avtomaşınlara maddi ziyan dəymişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Hacıqabul RPŞ-nin DYPB-nin inspektoru polis mayoru X2 tərəfindən 18.04.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəmə iclasında İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etdi və izahatında göstərdi ki, Salyan rayon Məhkəməsinin 3(057)-74/2022 nömrəli qərarı ilə cərimələri vaxtında ödəmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşmışdır. O, 18.04.2022-ci il tarixdə saat 11:00 radələrində etibarnamə ilə idarə etdiyi “HYUNDAİ” markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən üzü Hacıqabul istiqamətində gedən “Mercedes Benz C240 minik” markalı ** GC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır, avtomaşınlara maddi ziyan dəymişdir. Əməlindən peşmandır. Bunları nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirdi ki, 18.04.2022-ci il tarixdə saat 11:00 radələrində idarə etdiyi “Mercedes Benz C240 minik” markalı ** GC *** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul-Şirvan yolunun 2-ci km-də üzü Hacıqabul rayonu istiqamətində hərəkətdə olarkən onun avtomobilini arxadan “HYUNDAİ” markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobil vurmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır, avtomaşınlara maddi ziyan dəymişdir. Dəymiş maddi zərəri ödənilməmişdir. Protokol tərtib etmiş Hacıqabul RPŞ-nin DYPB-nin inspektoru polis mayoru X2 oğlu məhkəmə iclasında izahat verərək, Şəxs barəsində tərtib etdiyi 18.04.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə etdi və qanuni tədbir görülməsini xahiş etdi. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması da inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 18.04.2022-ci il tarixli inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi etirafedici izahatı, zərər çəkmiş şəxsin izahatı və protokol tərtib etmiş şəxsin izahatı ilə tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati işlərə baxılması məhkəməyə aid olmadığına görə, Şəxs yalnız İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar