Məhkəmə qərarları › İş №3(071)-100/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-100/2023

29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-100/2023 29.03.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X21 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X8, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X5 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Hacıqabul şəhəri Həmidov küçəsi ev 67/8-də qeydiyyatda olan və yaşayan X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-MTT(004)-243/2022 saylı, xx.xx.2022-ci il tarixli və e- 2(004)-125/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment X2ndan tutularaq tələbkar X6 ödənilməlidir. Hazırda icra sənədi üzrə qalıq borc 2782 manat təşkil edir. X2 icra sənədi üzrə borcunu üzrsüz səbəbdən ödəmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında icra məmuru X11 inzibati xəta haqqında protokolu müdafiə edərək əlavə olaraq bildirdi ki, borclu çağırışlara gəlmədiyinə görə, onun barəsində axtarış qərarı qəbul edilmişdir. X17 xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə təqdim edilmişdir. xx.xx.2023cü il tarixdə borcluya “icraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası haqqında bildiriş rəsmi qaydada təqdim edilmişdir. Elektron icra sistemində borclunun şəxsi məlumatlarından çıxarışa əsasən hər hansı bir əmlak və gəlir aşkar edilməmişdir. Borclunun əmlakına yerində baxış keçirmək üçün ünvan 1 ünvanda yaşadığı evə baxış keçirilmiş və tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. İcra sənədi üzrə tələbkara 2782 manat aliment borcu qalmaqdadır. Borclu tələbkara olan borcunun ödənilməsindən boyun qaçırır. Bu səbəbdən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Odur ki, borclunun icra sənədinin icrasından qəsdən yayındığını nəzərə alaraq, onun barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan X10 izahatında bildirdi ki, o, Bakı şəhərində yaşayır, arada bir Hacıqabul rayonuna gəlir. O, müvəqqəti alimentin tutulması barədə icra sənədindən şifahi qaydada məlumatlı olmuş, lakin həmin icra sənədinə dair bugünədək ona rəsmi qaydada heç bir sənəd təqdim edilməmişdir. Buna baxmayaraq, o, tələbkara 2023-cü ilin fevral və mart ayları ərzində təxminən 400- 450 manat aliment ödənişi etmişdir. xx.xx.2023-cü il tarixdə Hacıqabul şəhərində yerləşən evlərinə gələn zaman polis əməkdaşları onu saxlayaraq, barəsində axtarış elan edildiyini bildirmiş və onu Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə gətirmişlər. İcra şöbəsində olarkən icra məmuru ona tələbin könüllü icrası barədə bildirişə və digər sənədlərə imza etdirmişdir. O, həmin vaxt icra məmuruna aliment borcundan müəyyən ödənişlər etdiyini bildirsə də, icra məmuru bunu nəzərə almadan, onun barəsində protokol tərtib etmişdir. O, hazırda da aliment borcundan 300 manat ödəyə bilər və söz verir ki, növbəti iki ay ərzində aliment borcunu tamamilə ödəyəcəkdir. Hazırki halda aliment borcunu tam şəkildə ödəyə bilmir. O, aliment borcunu ödəməkdən qəsdən yayınmır. Odur ki, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkar X4 istifadəsində olan mobil telefon nömrəsi ilə əlaqə saxlanılan zaman, tələbkar Bakı şəhərində olduğunu, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, X17nün 2023-cü ilin fevral ayında 100 manat, 150 manat və 170 manat olmaqla, üç dəfə ödəniş etdiyini, 2023-cü ilin mart ayında isə 145 manat ödəniş etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e- MTT(004)-243/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2022-ci il tarixdən hesablanmaqla, X3 xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X6 ödənilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)- 125/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment X2ndan tutularaq tələbkar X6 ödənilməlidir. Alimentin tutulma müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-MTT(004)-243/2022 saylı, xx.xx.2022-ci il tarixli və e-2(004)-125/2023 saylı, xx.xx.2023-cü il icra sənədlərini könüllü icra etməsi üçün X2na 10 gün müddətində vaxt verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlarından və icra işinə əlavə edilmiş sənədlərdən aydın olur ki, icra sənədlərinin icraya yönəldildiyi vaxtdan bugünədək icraata başlamaq haqqında qərarların surəti və tələbin könüllü icrası barədə bildirişlər borcluya rəsmi qaydada təqdim edilməmiş, borclu barəsində axtarış elan edildikdən sonra o, saxlanılıb xx.xx.2023-cü il tarixdə icra şöbəsinə təqdim edildikdən sonra həmin sənədlər borcluya rəsmi qaydada təqdim edilmişdir. Buna baxmayaraq, borclu müvəqqəti alimentin tutulması barədə icra sənədindən şifahi qaydada da olsa məlumatlı olduğundan, aliment borcunun ödənilməsinə laqeydlik göstərməmiş, maddi imkanın yol verdiyi həddə aliment borcunu ödəməyə çalışmışdır. Belə ki, tələbkarın bildirdiyinə görə o, 2023-cü ilin fevral ayında 100 manat, 150 manat və 170 manat olmaqla, üç dəfə ödəniş etmiş, 2023cü ilin mart ayında isə 145 manat aliment borcundan ödəniş etmişdir. Bundan əlavə borclu məhkəmə iclası zamanı da aliment borcunun 300 manat hissəsini icra məmuruna təqdim etmiş və icra məmuru barədə qəbz tərtib edərək məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, borclu aliment borcunu ödəməkdən qəsdən yayınmamış, sadəcə hazırki halda maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədlərində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda X5 əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, X5 əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X22

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar