Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-100/2024 20.05.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, X1 iştirakı ilə, X2 onun barəsində Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş 03 aprel 2024-cü il tarixli EQ seriyalı 20346371 nömrəli qərardan verilmiş şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş 03 aprel 2024-cü il tarixli EQ seriyalı 20346371 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində inzibati xətta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, qəbul edilmiş qərar əsasında şikayətçi Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən təqsirli bilinərək barəsində 80 manat cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Qəbul edilmiş qərarla razı deyildir, belə ki, aidiyyəti orqanının buna dair kifayət qədər mötəbər sübutu yoxdur. Belə ki, o, idarə etdiyi “Hyundai” markalı 77XH381 dövlət nömrə nişanlı avtomobil ilə həqiqətən də əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə manevrini etmişdir. Lakin o, hər hansı qayda pozmamışdır. Xətanın aşkar edilməsi ilə bağlı yüklənmiş elektron fotoşəkillərdə görünür ki, yol ayrıc xətti qırıq-qırıq xəttdir və o yolun sağ hərəkət hissəsindədir. Qalan digər şəkillərdə isə yalnız uzaqdan bir tünd rəngli avtomobilin hərəkəti sezilir, lakin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı görünmür. Bundan başqa avtomobilin dövlət nömrə nişanı görünən fotoşəkildə isə saat və tarix göstərilir qalan fotolarda isə bu yoxdur. Bu da həmin inzibati xətanın nə vaxt törəndiyini bilmək üçün kifayət deyildir. Həmçinin bu hal isə onu idarə edən şəxsin sürücülük hüququnun olmaması faktını təsdiq etmir. Bundan başqa avtomobilin dövlət nömrə nişanı görünməyən təqdim olunmuş fotoşəkillərdə tünd rəngli avtomobilin qırıq xətlərin bitdiyi yerdən sağdakı avtobusu ötmə əməliyyatını həyata keçirdiyi aydın görünür. Cərimə olunduğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyi ehtiva edir. Halbuki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddənin Vİİ hissəsinin 5-ci bəndinə əsasəni 1.11 xəttini qırıq xətt tərəfdən, habelə yalnız ötməni və ya yandan keçməni başa çatdırdıqdan sonra bütöv xətt tərəfdən kəsib keçməyə icazə verilir. Göründüyü kimi hətta belə olsa o, hərəkəti sona çatdırmalı idi və heç bir qayda pozuntusuna yol verməmişdir. Qərarları qəbul edən orqanın bunu təsdiq edəcək heç bir sübutu yoxdur. Barəsində qəbul edilən Azərbaycan Respublikası İnzibati Xəttalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən qərardan narazıdır və hesab edir ki, inzibati tənbeh vermə qərarı ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən, şikayətçi X3 izahatında ərizəsində göstərilən xüsusatları təsdiq edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallara əsasən əlavə olaraq qeyd etdi ki, portalda onun tərəfindən yaradılmış elektron kabinet vasitəsilə qərar barədə məlumatlı olmuş, qeyd olunan elektron portala xətanın aşkar edildiyi video deyil, yalnız fotoşəkillər yerləşdirilmişdir. Həmin fotoşəkillərdən isə onun həra xəta törətməsi görünmür, dolayısı ilə fotoşəkillər mötəbər sübut olaraq qəbul edilə bilməz. Göstərilənlər nəzərə alınaraq barəsində qəbul edilmiş elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə DİN-nin BDYPİ-nə lazımi qaydada məlumat verilsə də, qərar qəbul etmiş qurumun səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə DİN-nin BDYPİ-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin polis polkovnikleytenantı Elçin Xaiyev tərəfindən qəbul edilmiş 03 aprel 2024-cü il tarixli EQ20346371 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı və işə əlavə edilmiş fotoşəkilləri məhkəmə iclasında tədqiq edərək məhkəmə hesab edir ki, şikayət qismən təmin olunmalı və DİN-nin BDYPİ-si tərəfindən qəbul edilmiş 03 aprel 2024-cü il tarixli EQ20346371 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilərək əlavə araşdırılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin məzmununa görə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin polis polkovnikleytenantı Elçin Xasiyev tərəfindən qəbul edilmiş 03 aprel 2024-cü il tarixli EQ seriyalı 20346371 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, sürücü E.Ş.Əliyev həmin tarixdə, saat 09:29-da idarə etdiyi “Hyundai İ 30” (minik) markalı, **-XH- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Hacıqabul Şirvan yolunun 2-ci istiqamətində əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğu üçün Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 80 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə tərəfindən müəyyən olundu ki, E.Ş.Əliyev 03 aprel 2024-cü il tarixdə, saat 09:29 radələrində “Hyundai İ 30” (minik) markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitəsi ilə barəsində 03 aprel 2024-cü il tarixli EQ seriyalı 20346371 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Beləliklə, işin mübahisəsiz halı ondan ibarətdir ki, “Hyundai İ 30” (minik) markalı, **- XH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 03 aprel 2024-cü il tarixdə, saat 09:29-da X3 tərəfindən idarə edilmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya əsasən BDYPİ-dən tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Lakin şikayətçinin məhkəmə təqdim etdiyi elektron kabinetə yerləşdirilmiş fotoşəkillər tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayətçinin əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydasını pozması faktı həmin görüntülər əsasında sübuta yetmir. Belə ki, fotoşəkillərdə düz xət yol ayrıcını keçməklə əks istiqamətli hərəkət zolağına keçən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı və digər xüsusi əlamətləri görünmür. “Hyundai İ 30” (minik) markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinın qırıq-qırıq xətt olan yol ayrıcını keçməsi görünür. Şikayətçinin elektron kabinetə məhkəmə tərəfindən baxış keçirildikdə müəyyən edilir ki, xətanın videogörüntüsü səlahiyyətli orqan tərəfindən yüklənməmiş, yalnız şikəyətçinin məhkəməyə təqdim etdiyi fotoşəkillər yüklənmişdir. Belə olan halda fotoşəkillər əsasında xətanın mövcud olub-olmamasını müəyyən etmək mükün olmadığından, videogörüntü səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, mövcud sübutlar əasında iş üzrə obyektiv qərar qəbul edilməsi mümkün deyildir. Məhkəmə tərəfindən qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməklə əlavə sübutların təqdim edilməsi təklif edilməsinə baxmayaraq buna dair məhkəməyə hər hansı əlavə mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan nəqliyyat vasitəsinin əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydasını pozulmasını aydın videogörüntü olmadan, eləcə də hazırkı iş üzrə əlavə olaraq qərar qəbul etmiş orqan tərəfindən zəruri sübut təqdim edilmədən qanuni və obyektiv qərar qəbul edilməsi mümkün deyildir. Eyni zamanda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol və qərardan görünür ki, sübut olaraq xətanın hər hansı texniki vasitə ilə qeydə alınmasına istinad edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X2 əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmasına dair iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması səbəbiylə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla səlahiyyətli orqan tərəfindən gəldiyi nəticələr düzgün olmamış, yəni İXM-nin 135.1.1-ci maddəsinin tələbi pozulduğundan şikayət qismən təmin edilməli, X2 barəsində Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən qəbul edilmiş 03 aprel 2024-cü il tarixli EQ seriyalı 20346371 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilərək tam, hərtərəfli və obyektiv araşdırma aparılmasının təmin edilməsi və şəxsin əməlinə qanuni hüquqi qiymət verilməsi üçün yenidən DİN-nin BDYPİnə göndərilməlidir. Həmçinin həmin qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİnin Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş 80 (səksən) manat məbləğində inzibati cərimə və ona hesablanmış dəbbə pulu məbləği silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X2 şikayəti qismən təmin olunsun. X2 barəsində Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin polis polkovnikleytenantı Elçin Xasiyev tərəfindən qəbul edilmiş 03 aprel 2024-cü il tarixli EQ seriyalı 20346371 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün DİN-nin BDYPİ-yə göndərilsin. Qəbul edilmiş 03 aprel 2024-cü il tarixli EQ seriyalı 20346371 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə və ona hesablanmış dəbbə pulu məbləği silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim (Hacıqabul Rayon Məhkəməsi) vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(071)-100/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-100/2024
20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver