Məhkəmə qərarları › İş №3(071)-102/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-102/2025

16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-102/2025 16.04.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Açıq Səhmdar Cəmiyyəti 2023-cü il üzrə 2024-cü ildə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirmədiyinə görə mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına yol vermişdir. Bununla da o, İXM-in 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və protokolu tərtib edən orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İXM-nin 462.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 04 mart 2025-ci il tarixli 3-23/2-1540/2025 nömrəli bildirişindən görünür ki, AZ2419, Hacıqabul rayonu, Navahı ünvanında fəaliyyət göstərən "xxxx" ASC (VÖEN-**********) ilə bağlı 2023cü il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə 2024-cü ildə təşkilatın rəsmi internet səhifəsində və ya mətbu orqanda dərc olunmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə 14 mart 2025-ci il tarixdə, saat 12-00-da Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsində baxılacağı, təşkilatın 2023-cü il üzrə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə təşkilatın rəsmi internet səhifəsində yerləşdirilməsinə və ya mətbu orqanda dərc etdirilməsinə dair sübutlar mövcud olduğu təqdirdə həmin sübutları Maliyyə Nazirliyinə təqdim edilməsi xahiş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2023-cü il üzrə 2024-cü ildə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda göstərilən müddətdə dərc etdirməmişdir. Göstərilmiş müddət ərzində Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən müəyyən edilmiş vaxtda maliyyə hesabatları təqdim edilmədiyindən, iş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə gəlmədiyindən və gəlməməsinin üzrlü səbəblərini bildirmədiyindən, barəsində inzibati xəta haqqında protokol onun iştirakı olmadan tərtib edilmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti 2023-cü il üzrə 2024-cü ildə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirməməsi Azərbaycan Respublikasının İXM-nin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlakvəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs Açıq Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İXM-nin 462-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 462-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Açıq Səhmdar Cəmiyyəti İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə təqsirli bilinərək, 1500 manat (min beş yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar