Məhkəmə qərarları › İş №3(071)-105/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-105/2025

04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-105/2025 04.04.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, tələbkar X2 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Qazı-Məmməd (Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Hacıqabul şəhəri, H.Həmidov küçəsi ev 4, mənzil 5-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-661/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən əvvəli 27 may 2024-cü il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 ödənilməlidir. Hazırda icra sənədi üzrə borc 1500 manat təşkil edir. Borclu Şəxs icra sənədi üzrə borcunu üzrsüz səbəbdən ödəmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında böyük icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək əlavə olaraq bildirdi ki, borcluya “icraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası haqqında bildiriş rəsmi qaydada təqdim edilmişdir. “Elektron icra sistemindən” əldə olunmuş borclunun şəxsi məlumatlarından çıxarışa əsasən hər hansı bir gəlir və əmlak aşkar edilməmişdir. Borclunun əmlakına yerində baxış keçirmək üçün evə baxış keçirilmiş və tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Hal hazırda icra sənədi üzrə 1500 manat borcu vardır. Borclu tələbkara olan borcunun ödənilməsindən boyun qaçırır. Bu səbəbdən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Odur ki, borclunun icra sənədinin icrasından qəsdən yayındığını nəzərə alaraq, onun barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, icra sənədində göstərilən borcunu inkar etmir. Ödənişləri vaxtında etməməsinin səbəbi stabil qazancının olmaması ilə əlaqədar olmuşdur. Növbəti aydan başlayaraq isə qalan yığılmış aliment borcunu hissə-hissə tələbkara ödəyəcəkdir. Bundan sonra da icra vərəqəsinin icrasını vaxtı-vaxtında icra edəcəkdir. O, borcunu ödəməkdən qəsdən yayınmır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş tələbkar X6 izahatında bildirdi ki, borclu Şəxs ona olan aliment borcunu ödəmir, icra sənədi üzrə 1500 manat borcu qalmaqdadır. Lakin, o, borclu Şəxs ilə razılığa gəlmişdir. Belə ki, Şəxs hər ay 200 manat məbləğində olmaqla aliment borcunu ödəyəcəyinə söz vermişdir. O, borclunun cəzalarındırılmasını istəmir. Aliment borcunun vaxtı-vaxtında ödənilməsini istəyir. Buna görə də, borclu Şəxs barəsində inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tələbkar X6 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən müəyyən edilir ki, o, borclu Şəxs ilə razılığa gəlmişdir. Belə ki, borclu Şəxs ona hər ay 200 manat məbləğində olmaqla ödəniş edəcəyinə dair vəd vermişdir. Buna görə də, borclu Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin 2(071)-661/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən əvvəli 27 may 2024-cü il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Şəxs icra sənədinin icraya yönəldiyi vaxtdan hal-hazıradək aliment borcundan maddi imkanının yol verdiyi həddə ödənişlər həyata keçirmişdir. Qalan borc məbləğinin isə hissə-hissə ödənilməsi ilə bağlı vəd vermişdir. Borclunun həqiqətən də icra sənədində göstərilən borcu tam şəkildə ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar