Məhkəmə qərarları › İş №3(071)-112/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-112/2025

23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-112/2025 23.04.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, X1 onun barəsində Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş 22 noyabr 2025-ci il tarixli EQ seriyalı 24731024 nömrəli qərardan verilmiş şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş 22 noyabr 2025-ci il tarixli EQ seriyalı 24731024 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində inzibati xətta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində Hacıqabul şəhəri, H.Həmidov küçəsində quraşdırılmış videonəzarət kamerası vasitəsilə idarə etdiyi “90HL674” dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı minik avtomobilinə yol hərəkətinin qayda pozuntusunu (İXM, 327.2) əks etdirən elektron qərar (EQ********) tərtib edilərək cərimə yazılmışdır. Qərarın rəsmi olaraq ona çatdırılması təmin olunmamış və o, cərimə yazılmasından xəbərsiz olmuş və nəticədə onun müdafiə hüququ pozulmuşdur. xx.xx.2025-ci il tarixdə Şirvan şəhəri ərazisində həmin avtomobili ilə hərəkətdə olarkən Şirvan ŞPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılaraq cərimə olunmağından xəbərdar olmuş və xx.xx.2025-ci il tarixdə qərarın surətini Şirvan şəhər Polis Şöbəsindən rəsmi olaraq şəxsən əldə etmişdir. “ASAN ödəniş” sisteminə daxil edilmiş cərimə barədə məlumatlarda inzibati xəta hadisəsinin elektron qərarı və video görüntüsü daxil edilməmişdir. Daxil edilmiş foto görüntülərə nəzər yetirdikdə inzibati xətanın müəyyən edildiyi tarixin xx.xx.2024-cü il, saat 16:23 göstərildiyi, lakin elektron qərarın isə xx.xx.2024-cü il, saat 21:56 tarixində (xətanın qeyd edildiyi vaxtdan 5 saat sonra) təsdiqləndiyi, görüntülərin və qərarın əssasız və qanunazidd olduğu aydın görünür. Barəsində qəbul edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən qərardan narazıdır və hesab edir ki, inzibati tənbeh vermə qərarı ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə DİN-nin BDYPİ-nə və şikayətçiyə lazımi qaydada məlumat verilsə də, qərar qəbul etmiş qurumun səlahiyyətli nümayəndəsi və şikayətçi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə DİN-nin BDYPİ-nin səlahiyyətli nümayəndəsinin və şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin polis polkovnikleytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 22 noyabr 2025-ci il tarixli EQ seriyalı 24731024 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı və işə əlavə edilmiş fotoşəkilləri məhkəmə iclasında tədqiq edərək məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı və DİN-nin BDYPİ-si tərəfindən qəbul edilmiş 22 noyabr 2025-ci il tarixli EQ seriyalı 24731024 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin məzmununa görə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin polis polkovnikleytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 22 noyabr 2025-ci il tarixli EQ seriyalı 24731024 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, sürücü Ə.Əsgərov həmin tarixdə, saat 21:56-da idarə etdiyi “Opel Astra” (minik) markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Hacıqabul şəhəri, H.Həmidov küçəsində “Giriş qadağandır” yol nişanının tələblərinin pozduğu üçün Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, işin mübahisəsiz halı ondan ibarətdir ki, “Opel Astra” (minik) markalı, **-HL- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 22 noyabr 2025-ci il tarixdə, saat 21:56-da X2 tərəfindən idarə edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, İXM-nin 135-ci maddəsinə əsasən - 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi müəyyən edilmişdir. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qəralardan biri qəbul edilir: 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəlləsinin 133.2.8. inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə tərəfindən Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş 22 noyabr 2025-ci il tarixli EQ seriyalı 24731024 nömrəli inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkillərdən müəyyən edilmişdir ki, X2 idarə etdiyi “90HL674” dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı minik avtomobili ilə aşkar surətdə “Giriş qadağandır” yol nişanının tələblərini pozmuşdur. Belə ki, o, idarə etdiyi nəqliyyat vasitəsini Hacıqabul şəhəri, H.Həmidov küçəsində yerləşən “Giriş qadağandır” yol nişanın tələbini pozmaqla düzünə hərəkət istiqamətində idarə etmiş, həmin yol nişanın girişi qadağan olunmuş ərazi kimi göstərdiyi hissəyə nəqliyyat vasitəsilə daxil olmuş, öz hərəkətini davam etdirmişdir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş 22 noyabr 2025-ci il tarixli EQ seriyalı 24731024 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsaslı olaraq tərtib edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 22 noyabr 2025-ci il tarixli EQ seriyalı 24731024 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni olmaqla xəta törətmiş şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbiri tətbiq edilmişdir, inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi, eləcə də qərarın ləğvi üçün əsaslar yoxdur. Eləcə də məhkəmə tərəfindən hazırki işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikası İXM-nin tələblərinin pozuntusu müəyyən edilmədi. Ona görə də şikayət əsassız olduğundan təmin edilməməli və barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 22 noyabr 2025-ci il tarixli EQ seriyalı 24731024 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar